Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-396/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və maraqlı şəxs Qəbələ rayonu Yemişanli Bələdiyyəsinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-91/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı Cavabdeh və maraqlı şəxs Qəbələ rayonu Yemişanlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə aldığı 0.229302 ha zəbt olunmuş torpaq sahəsinin boşaldılması, mütəxəssislərin əraziyə daxil olub texniki inventarlaşdırma işlərinin aparılmasına törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-91/2020 nömrəli (hakim E.İsayev) qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxx 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişanli kəndində İddiaçı məxsus 0,229302 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılması və mütəxəssislərin əraziyə daxil olub texniki inventarlaşdırma işlərinin aparılmasına törədilən maneələrə son qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdə Qəbələ rayonu Tikanlı kənd sakini X2 Daşınmaz Əmlakın (torpaq sahəsinin) alqı-satqı müqaviləsi əsasında 0,229302 ha torpaq sahəsini almışdır. Alqı-satqı müqaviləsi xx.xx.2011-ci il tarixdə Qəbələ rayon Dövlət Notariat Kontorunda təsdiqlənmişdir. Alqı-satqının predmeti olan torpaq sahəsi torpaq satıcısı X4 Qəbələ rayon AİKnin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş, Həmin torpaq sahəsi JN-265 saylı kodu 40615048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə adına rəsmiləşdirilmişdir. Həmin dövlət aktı qeydiyyat kitabında 8415 nömrə ilə qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsindən bir müddət sonra xx.xx.2011-ci il tarixdə alqı-satqı qaydasında əldə etdiyi 0,2293 ha torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 9 saylı X10 rəsmi qaydada müraciət etmişdir. Ərizəsinə xx.xx.2019-cu il tarixdə cavab verilmiş, məktubda göstərilmişdir ki, torpaq sahəsi başqa vətəndaş tərəfindən istifadə olunur və torpaq sahəsi mübahisəlidir. Sonradan ona məlum olmuşdur ki, 0,2293 ha torpaq sahəsi Qəbələ rayonu Yemişənli kənd sakini Cavabdeh tərəfindən zəbt olunmuşdur və kənarları kol hasarla bağlanılmış və əraziyə daxil olması və torpaqdan istifadə olunması mümkünsüz olmuşdur. Dəfələrlə cavabdehə ərazinin boşaldılması və istifadəyə imkan verilməsi, maneələrdən əl çəkməsi xahişi və tələbi ilə müraciət olunsa da nəticəsi olmamışdır. Cavabdeh torpaq üzərində hüquqları həyata keçirilməsinə, torpağın dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsinə maneəçilik törədir. Onun törətdiyi maneələr səbəbindən mütəxəssislər tərəfindən ərazidə texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Ona görə də maneələr son qoyulması, torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iş materiallarına və çıxarılmış məhkəmə qətnaməsinə əsasən belə bir qənaətə gəlir ki, məhkəmə qətnamə qəbul edərkən sübutlara obyektiv qiymət verməmiş, iddiaçının dediklərini ehkam kimi qəbul edərək qətnamə qəbul etmişdir. Bununla da məhkəmə qanun və məhkəmə qarşısında bərabərlik və çəkişmə prinsipinin tələblərini pozmuşdur. Ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipi məhkəmədən tələb edir ki, işdə iştirak edən şəxslərə istinad etdikləri halları və faktları mötəbər sübutlarla əsaslandırmalı olduqlarını izah etsin, qəbul etdiyi hər bir məhkəmə aktında (o cümlədən məhkəmə qətnaməsində) yalnız öz təsdiqini tapmış faktlara istinad etsin və həmin faktlardan məntiqi olaraq doğan nəticəyə gəlsin. İddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsi kol hasarla çəpərlənimşdir. Ekspert rəyində isə zəbt olunmuş torpaq sahəsinin ətrafı metal çəpərlə hasara alınması tikilinin olmaması göstərilir. Bu ziddiyyətdən də məlum olur ki, iddianın predmetində göstərilən torpaq sahəsi ilə ekspertin rəyində göstərdiyi torpa sahələri başqa-başqa ərazilərdə yerləşir. O isə həm etiraz ərizəsində və həm də məhkəmədə göstərmişdir ki, iddiaçıya bir baş inək satıb torpağın pulunu vermiş həmin ərazidə ev inşa etdirmişdir. Onu qeyd edir ki, torpaq sahəsi yerində yoxlanılmamış, sadəcə olaraq kameral yoxlama aparılmışdır. Əgər torpaq sahəsi yerində yoxlanılsaydı bəlkə də ekspertin rəyi başqa cür ola bilərdi. Bunu nəzərə alaraq o məhkəmədən əlavə ekspertiza keçirilməsini istəmişdir. Lakin əlavə ekspertiza keçirilmədi. Məhkəmə isə ekspertin bu rəyinə əsasən qətnamə qəbul etdi. Ona görə də məhkəmənin qətnaməsindən narazıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil. Çünki bu iş üzrə ekspertlər tərəfindən düzgün rəy verilməyib. Ekspertlər yerində baxış keçirməyiblər. Ona görə də birinci instansiya məhkəməsiniun qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş edir. (cavabdeh məhkəmə kollegiyasına sənəd surəti təqdim etdi. Həmin sənədin mətnində JN-210A nömrəli (cavabdehə məxsus) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmaması qeydi edilmişdir). Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh neçə illərdir ki, ona məxsus olan torpaq sahəsini zəbt etməklə onun mülkiyyət hüququnu pozur. O, bir mülkiyyətçi kimi özünə məxsus olan əmlakdan istifadə edə bilmir. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Qəbələ rayonu Yemişanli Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)- 91/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-265 saylı, kod 40615048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon X5 xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Qəbələ rayonu Yemişanlı kəndində X3 mülkiyyətinə 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. xx xxxx 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu Yemişanlı kəndində mülkiyyətində olan 0,229302 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. JN-210A saylı, kod 40615048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon X5 xx xxxxxx 1999-cu il tarixli, 20 saylı qərarına əsasən Qəbələ rayonu Yemişanlı kəndində Cavabdeh mülkiyyətinə 0,10 ha həyətyanı sahə təyinatlı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx xxxx 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişənli kəndində İddiaçı mülkiyyətinə verilmiş 0,229302 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Zəbt edilmişdirsə həmin torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 347 saylı ekspert rəyindən görünür ki, GPS aləti vasitəsilə mübahisəli ərazidə göstərilən koordinatlar əsasında kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə və Kompleks Yerquruluşu xəritəsinə əsasən müəyyən edildi ki, İddiaçı mülkiyyətinə verilmiş 0.229302 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən metal çəpər daxilində faktiki istifadə etdiyi torpaq sahəsi daxilində yerləşir və həmin ərazidə heç bir tikili mövcud deyil. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, mübahisəsi gedən torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin cavabdeh həmin torpağı özününkü zənn edərək istifadə edir. Lakin cavabdehin təqdim etdiyi sənəddən də müəyyən edilir ki, JN-210A nömrəli (cavabdehə məxsus) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəmər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyi onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-91/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-396/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-396/2021
02.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver