Məhkəmə qərarları › İş №2(107)-397/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-397/2023

16.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-397/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə (Açar sözlər: İşdən kənar edilmə, əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X1 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-62/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) X1 İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən kənarlaşdırılması ilə bağlı X1 İdarəsinin rəisini müvəqqəti əvəz edən Həsrət Şabilinin 20 oktyabr 2022-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsillidir, təxminən 40 ilə yaxındır ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində fəaliyyət göstərmişdir. Əvvəlcə Mərkəzdə qarmon ixtisası üzrə müəllim, daha sonra isə direktor müavini vəzifəsində işləmişdir. O, Mərkəzdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən cəzalandırma intizam məsuliyyətinə cəlb olunmamış, əksinə bacarıq və qabiliyyətinə uyğun olaraq vəzifədə yüksəlmişdir. Daim kollektivin hörmət və ehtiramını qazanmışdır. 20 oktyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, X1 İdarəsinin rəisini müvəqqəti əvəz edən Həsrət Şabilinin 20 oktyabr 2022-ci il tarixli 8 nömrəli əmrinə əsasən o, işdən kənar edilmişdir. Səbəb kimi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndi göstərilmişdir. Hesab edir ki, barəsində olan cinayət işi direktor müavini vəzifəsinin icrası ilə əlaqədardır. Cavabdeh təşkilatın onu müəllim işindən kənarlaşdırılması isə 40 illik müəllimlik fəaliyyətinə qarşı haqsızlıqdır. Ona görə də X1 İdarəsinin 20 oktyabr 2022-ci il tarixli 98 nömrəli əmrini qanunsuz və ədalətsiz hesab edir, əmrin ləğv edilməsini və onun əvvəlki iş yerinə bərpa olunmasını tələb edir. Qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh X1 İdarəsinin nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirdi və etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

5. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-62/2023 saylı (İ.Hüseynov) qətnaməsi ilə, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 24 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qeyd edilən maddələrlə ona ittiham elan olunmuşdur. Hazırda cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı mərhələsindədir. Ona görə də iddiaçı cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən 20 oktyabr 2022-ci il tarixdən müvəqqəti olaraq işdən (müəllim vəsifəsi) kənar edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən kənar edilməsinə səbəb sonuncunun Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndiriləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddələrlə ittiham elan edilməsi olmuşdur. İddiaçı işə bərpa olunmasını tələb etsə də, o, işdən azad olunmamış, müvəqqəti olaraq işdən kənar edilmişdir.

8. Məhkəmə cavabdehin iddiaya inzibati məhkəmədə baxılmalı olması ilə bağlı etiraz ərizəsində qeyd etdiyi xüsusatlara münasibətdə qeyd etmişdir ki, İddiaçı X1 İdarəsinə qarşı “işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməsi” barədə iddiası mübahisəyə baxılması ümumi məhkəməyə aid olmasına görə mümkün sayılmamış, həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2-1(107)- 323/2022 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2-1(116)-1899/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən kənar edilməsi müvəqqəti xarakter daşımaqla, qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddia tələbi rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə, 62-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarına, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, barəsində olan cinayət işi direktor müavini vəzifəsinin icrası ilə əlaqədar olduğundan cavabdeh təşkilatın onu müəllim işindən kənarlaşdırılması 42 illik müəllimlik fəaliyyətinə qarşı haqsızlıqdır. Ona görə də X1 İdarəsinin 20 oktyabr 2022-ci il tarixli 98 nömrəli əmrini qanunsuz və ədalətsiz hesab edərək əmrin ləğv edilməklə əvvəlki müəllimlik işinə bərpa olunmağını tələb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Qanunvericiliyin tələbinə uyğun olaraq bildirir ki, yuxarıda qeyd olunanlar onun Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində direktor müavini vəzifəsində işləməyi ilə bağlı idi və o həmin vəzifədən müvəqqəti kənar edilmişdir – ona görə də müvəqqəti olaraq buna etiraz etmir. Amma həmin iş yerində müəllim işləməyinin bu proseslərin heç birisinə aidiyyəti yoxdur. Odur ki, onun müəllim kimi də işdən kənar edilməyi haqsızlıq və ədalətsizlikdir. X1 İdarəsi belə qeyri-qanuni hərəkətlə sözügedən Təhsil Mərkəzində nə əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almır, nə də digər işçilərin mənafeyini qorumur. Qaldıki, digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi qətnamədə düzgün şərh edilməmişdir. Belə ki, işçinin cinayət tərkibli əməlləri və ya inzibati xətaları törətməsinin təsdiqlənməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilir. Odur ki, bu maddədə müvafiq səlahiyyətli orqanın qərarı dedikdə məhkəmənin hökmü və ya qərarı nəzərdə tutulur. Amma məhkəmənin bu əsasda o barədə belə hökmü və ya qərarı yoxdur. Hansısa bir cinayətin və ya inzibati xətanın törədilməsinin prokurorluq orqanları tərəfindən təsdiqlənməsi və bu əsasda işçinin cəzalandırılması məhkəmə hökmünü lazımsız edir. Bir daha vurğulayır: Necə olur ki, məhkəmənin onun barədə qanuni qüvvəyə minmiş hökmü və ya qərarı yoxdur, amma cinayət tərkibli hadisənin və ya inzibati xətanın təsdiqlənməsindən söhbət gedir? Yuxarıda qeyd etdiklərinə əsasən İsmayıllı Rayon Məhkəməsi tərəfindən qət edilmiş qətnamədə işin bütün faktiki halları tam aydınlaşdırılmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Bununla yanaşı qətnamədə iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan tətbiq olunan qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilmədiyindən səhv qətnamə çıxarılmasına səbəb olmuşdur. Odur ki, Apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsininin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarmaqla X1 İdarəsinin rəisi əvəzi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli 98 nömrəli əmrini ləğv etməklə işə-bərpa tələbinə dair iddia ərizəsinin təmin edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh X1 İdarəsi apellyasiya şikayətinə etirazında İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-62/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-62/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında barəsində olan cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə araşdırmasının davam etdiyini, həmin iş üzrə yekun məhkəmə qərarının qəbul edilmədiyini göstərmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh X1 İdarəsinin digər nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçının işdən kənar edilməsi barədə xx.xx.2022-ci il tarixli 27 nömrəli və 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmrlərin eyni əsasa istinad edilməklə verildiyini göstərmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin;

12-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işəgötürən işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. 62-ci maddəsinin 2-ci hissəsinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. 316-cı maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallarda fərdi və kollektiv əmək mübahisələri, məhkəməyə müraciət etməkdən çəkinmək və yaranmış mübahisənin könüllü olaraq aradan qaldırılması məqsədi ilə tərəflərin özlərinin müəyyən etdikləri qaydada da həll edilə bilər. Lakin hər bir tərəfin məhkəməyə müraciət etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarı.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

19. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 2(037)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

22. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 2(037)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi qaydada tam rədd etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı X1 İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsində işləmiş, Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində ibtidai araşdırmanın aparılması nəzərə alınaraq, X1 İdarəsinin 29 aprel 2022-ci il tarixli, 27 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndi rəhbər tutularaq məhkəmə qərarı verilənədək direktor müavini işindən kənar edilmiş, lakin İddiaçı həmin müəssidə müəllim kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək işə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi nəzərə alınaraq, X1 İdarəsinin 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmri ilə X1 İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində müəllim vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi rəhbər tutularaq 20 oktyabr 2022-ci il tarixdən müvəqqəti olaraq müəllim işindən də kənar edilmişdir.

26. Birinci instansiya məhkəməsi İddiaçı işdən kənarlaşdırılmasına dair 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmrin ləğv edilməsinə dair hissədə iddia tələbinin rədd edilməsini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən kənar edilməsinə səbəb sonuncunun Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndiriləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddələrlə ittiham elan edilməsi olmuş, İddiaçı X1 İdarəsinə qarşı “işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməsi” barədə iddiası mübahisəyə baxılması ümumi məhkəməyə aid olmasına görə mümkün sayılmamış, həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2-1(107)- 323/2022 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1899/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının işdən kənar edilməsi müvəqqəti xarakter daşımaqla, qanunvericiliyin tələblərinə uyğun olduğundan iddia tələbi rədd edilməlidir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının işdən kənar edilməsinə dair 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmrin qanunvericiliyin tələblərinə uyğun verilməsinə dair mövqeyi ilə razılaşmır və 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmrin qanunsuz olmasına, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin faktiki hallarının tam aydınlaşdırılmamasına, əmrin ləğv edilməsinə dair hissədə iddia tələbi rədd edilərkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına dair iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, şikayətə etirazın dəlillərini isə əsaslı hesab etməyərək qeyd edir ki, birinci instasiya məhkəməsi əmrin ləğvi hissəsində iddianı təmin etməməklə maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir.

28. Belə ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.

29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli qərarına əsasən maddənin məzmunundan da anlaşıldığı kimi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıyır və işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini ehtiva edir. Qanunverici işəgötürənə bu səlahiyyəti aşağıdakı məqsədlərə nail olmaq üçün vermişdir: - mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq; - baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq; - əmək intizamını təmin etmək. Göründüyü kimi, işçinin işdən kənar edilməsi intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır. Məqsədi işçinin əmək funksiyalarının yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır.

30. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin c) bəndinin və Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli qərarının tələblərindən göründüyü kimi işçinin işdən kənar edilməsi kimi bir tədbir işçinin bilavasitə iş yerində ona istinad edilən əməli (inzibati xətaları və ya cinayət tərkibi olan ictimai təhlükəli əməli) törətdiyi halda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini nəzərdə tutur.

31. Kollegiya hesab edir ki, məhz həmin halların olması işçi İddiaçı işdən kənarlaşdırılmasına dair X1 İdarəsinin 29 aprel 2022-ci il tarixli, 27 nömrəli əmrinin verilməsi ilə nəticələnmişdir. Lakin 29 aprel 2022-ci il tarixli, 27 nömrəli əmr verilərkən iddiaçının müəllim işindən də kənar edilməsi zərurəti müəyyən edilmədiyindən o, müəllimlik fəaliyyətini davam etdirmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 iyun 2022-ci il tarixli qərardan və 30 iyun 2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktından göründüyü kimi İddiaçı müəllimlik fəaliyyəti ilə bağlı deyil, məhz 1 noyabr 2013-cü il tarixli 93 nömrəli əmrlə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilməklə 29 aprel 2022- ci il tarixədək həmin vəzifədə işləyərkən ona istinad edilən əməllərə görə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə ittiham elan edilmişdir. İddiaçı qarşı irəli sürülmüş ittihamların onun müəllimlik fəaliyyəti ilə bağlılığı müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh təşkilatın nümayəndəsi də izahatında iddiaçının 2 dəfə işdən kənar edilməsinin əsaslarının eyni olduğunu göstərmişdir.

33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qarşı irəli sürülmüş ittihamlar onun müəllimlik fəaliyyəti ilə deyil, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini kimi işlədiyi dövrdəki fəaliyyəti ilə bağlı olduğundan, bununla əlaqədar olaraq 29 aprel 2022-ci il tarixli, 27 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndi rəhbər tutularaq məhkəmə qərarı verilənədək direktor müavini işindən kənarlaşdırıldığından, direktor müavini kimi işdən kənar edilməyə dair eyni əsasa istinad edilməklə iddiaçının müəllim işindən də kənar edilməsinə dair yeni bir əmrin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinin tələbinə uyğun deyildir.

34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli qərarına əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanaraq sənədləşdirilməli, işəgötürənin bu barədə qərarının zəruriliyi əsaslandırılmalı və əsaslandırma ümumi xarakter daşımamalıdır. Belə ki, bu tədbir işçi barəsində əmək haqqı ödənişinin dayandırılması, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum etmə kimi əlverişsiz nəticələrə səbəb olduğundan, yalnız ictimai (müəssisə və cəmiyyət üçün zərərli və təhlükəli nəticələrin qarşısını almaq) və şəxsi (işçilərin həyat və sağlamlığını qorumaq) mənafelərin müdafiəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda tətbiq edilə bilər. Eləcə də, işçinin işdən kənarlaşdırılmasının zəruriliyi aradan qalxdıqda işəgötürən işçinin işdən kənarlaşdırılması barədə qərarını ləğv etməlidir. İşçi bu tədbirin tətbiqi zərurəti aradan qalxdıqda məsələnin qəti həllinə qədər özünün əmək funksiyalarının yerinə yetirilməsinə qaytarılmağı tələb etməkdə haqlıdır.

35. Göründüyü kimi eyni bir əmələ görə iddiaçının işdən kənar edilməsinə dair qüvvədə olan qərarın mövcudluğu müəyyən edildiyi, yeni bir əsasın mövcudluğu müəyyən edilmədiyi halda, birinci instansiya məhkəməsi iddianı 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmrin ləğv edilməsinə dair hissədə rədd etməkdə səhvə yol vermişdir.

36. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin işə-bərpaya dair iddia tələbinin təmin edilməsinə dair dəlilini əsaslı hesab etməyərək, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla, qeyd edir ki, cavabdeh təşkilat iddiaçını işdən müvəqqəti kənar etsə də onu işdən azad etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində işə bərpanın qanunsuz və əsassız işdən çıxarılma, yaxud başqa işə keçirilmə hallarında tətbiqi imkanı nəzərdə tutulmuşdur. İşdən kənarlaşdırılma halında isə əmrin ləğvi özü-özlüyündə əmək fəaliyyətinin davam etdirilməli olmasını ehtiva edir.

37. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin işə bərpa hissəsinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş işə bəpa hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi üçün əsas deyildir.

38. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-62/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi” tələbinə dair hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia əmrin ləğv edilməsi hissəsində təmin edilməli, X1 İdarəsinin İddiaçı işdən kənarlaşdırılması ilə bağlı 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmri ləğv edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-62/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-62/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi” tələbinə dair hissəsində ləğv edilsin, həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası əmrin ləğv edilməsi hissəsində təmin edilsin. X1 İdarəsinin İddiaçı işdən kənarlaşdırılması ilə bağlı 20 oktyabr 2022-ci il tarixli, 98 nömrəli əmri ləğv edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-62/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar