Məhkəmə qərarları › İş №2(107)-404/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-404/2023

29.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-404/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5rşı işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, Əmək Məcəlləsi 68.2(b); 79) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5rşı işə bərpa tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(075)-198/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı 01 dekabr 2015-ci il tarixdən Balakən MRX üzrə Roçəhməd KTM-də feldşer vəzifəsinə təyin edilmişdir. 03 fevral 2022-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. 16 iyun 2022-ci il tarixdən Şəki RMX PHŞ-nin Cərrahiyə şöbəsinin əməliyyatxana bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. 16 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanılan əmək müqaviləinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn İddiaçı işdən azad olunması barədə verdiyi 16 sentyabr 2022-ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 27 iyul 2015-ci il tarixdə X8 "feldşer" ixtisası üzrə bitirmişdir. 01 dekabr 2015-ci il tarixdən Balakən MRX üzrə Roçəhməd KTMdə feldşer vəzifəsinə təyin edilmişdir. İşlədiyi illər ərzində daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. Ailə vəziyyəti ilə əlaqədar Şəki şəhərinə köçməli olmuşdur. Yaşayış yerini dəyişdiyi üçün iş yerinin də Şəki MRX-yə dəyişdirilməsi ilə bağlı böyük cəhdlər etsə də, bunun mümkün olmayacağı bildirilmişdir. Bu səbəbdən 03 fevral 2022-ci il tarixdə işdən məcburi çıxmalı olmuşdur. Daha sonra 18 mart 2022-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə işə qəbul olunmaq üçün müraciət etmiş, müraciəti aidiyyəti üzrə vakant vəzifə olduğu və məqsədə uyğun hesab edildiyi təqdirdə işlə təmin olunması üçün Şəki RMX-yə yönəldilmişdir. İşlə təmin olunması üçün Sertifikasiya şəhadətnaməsi tələb edildiyi üçün 10 iyun 2022-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona respublika ərazisində feldşer ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün 13 iyun 2027-ci il tarixədək icazə verilmişdir. 16 iyun 2022ci il tarixdən Şəki RMX PHŞ-nin Cərrahiyə şöbəsinin əməliyyatxana bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi dövrdə heç bir nöqsana yol verməmişdir. Lakin Şəki RMX-da rəhbərlik dəyişildikdən sonra işçilərin kütləvi işdən çıxarılması halları baş vermişdir. 16 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanılan əmək müqaviləinə xitam verilmişdir. Sözügedən əmrlə razılaşmadığım üçün müvafiq instansiyalara çoxsaylı şikayətlər ünvanlamışdır. Eyni zamanda məsələni məhkəmə qaydasında mübahisələndirəcəyi üçün Səki 1 saylı Mediasiya Təşkilatında da müraciət etmişədirm. Lakin mediasiya mərhələsində razılıq əldə edilmədiyi üçün prosesə xitam verilməsi barədə arayış verilmişdir. Həmçinin başlıca nəzərə alınmalı nüans ondan ibarətdir ki, o, hamilə olduğu halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hansı ki, bütün qanunvericilik aktları ilə yanaşı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində hamilə qadınlara geniş güzəştlər və imtiyazlar nəzərdə tutulur. Ona görə də hesab edir ki, Cavabdehn 16 sentyabr 2022-ci il tarixli 1686 saylı əmri qanunsuz hesab edilməklə ləğv edilməli və ona məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə işə bərpa olunmalıdır.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini, Cavabdehn İddiaçı işdən azad olunması barədə verdiyi xx.xx.2022-ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı işdən azad olunan vaxt hamilə olmuşdur. Əmək Məcəlləsinin 79 və 240-cı maddələri isə hamilə qadınla əməq müqaviləsinə xitam edilməsini qadağan edir. Bundan başqa iddiaçı 5 ildən çox Balakən rayonunda işləməsi nəzərə alınmamış, işlədiyi dövrdə barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Hesab edir ki, iddiaçı ilə ümumiyyətlə müddətsiz əmək müqaviləsi bağlanmalı idi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə 3 aylıq müddətli əmək müqaviləsi bağlanaraq Cavabdehn Cərrahiyyə şöbəsinə tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. Qeyd edilən müddət bitdikdən sonra isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Yəni müqavilə tərəflərinin razılıqları olmadığından əmək müqaviləsinin müddəti uzadılmayıb. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdehn İddiaçı işdən azad olunması barədə verdiyi xx.xx.2022ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 17 iyun 2022-ci il tarixdən 3 aylıq müddətə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. 17 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin əsassız olduğunu bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Göründüyü kimi, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 16 sentyabr 2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 17 sentyabr 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

9. Əmək Məcəlləsinin 79-cu maddəsi hamilə qadınların həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edir. Eyni zamanda Məcəllənin 240-cı maddəsinə əsasən işçinin hamilə olması səbəbindən əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X9 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır.

10. Şəki Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(075)-198/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5rşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 16 sentyabr 2022-ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 68, 73, 83, 240 və 300-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli, 985 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 17 iyun 2022-ci il tarixdən 3 aylıq müddətli əmək müqaviləsi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.

13. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2022-ci il tarixli, 1686 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə 17 sentyabr 2022-ci il tarixdən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir

14. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17 iyun 2022-ci il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, 17 sentyabr 2022-ci il tarixədə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən vəzifəsindən azad edilmişdir.

15. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 04 noyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı və «Şəki Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmişlər. «Şəki Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

16. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

17. Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi və yaxud əmək müqaviləsinə xitam verilməsi nəticə etibarı ilə işçinin işdən çıxarılması ilə nəticələnir. Əgər 70-cu maddə ilə qaunvericilik hamilə qadının işdən çıxarılmasını qadağan edirsə, 68-ci maddənin “b” bəndi ilə hamilə qadınla bağlanmış əmək müqaviləsinə xitam verilməsini necə mümkün hesab edə bilər?

19. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin bağlanması imkanını nəzərdə tutur. Bununla bərabər, qanunvericilikdə işə qəbul zamanı işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq hüququndan sui-istifadəsinin qarşısını almağa yönəlmiş qadağa da nəzərdə tutulur. Qeyd edilən normanın tələbinə görə əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Məhkəmə bu maddənin məzmununa nəzər yetirməmiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

20. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası işin hallarının tam və hərtərəfli araşdırılması idi. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı Balakən RMX-da xx.xx.2015-ci il tarixdən 03 fevral 2022-ci il tarixə qədər fasiləsiz işləmişdir. Yaşayış yerini dəyişməsilə bağlı məcbur həmin işdən çıxmalı olmuşdur. Həmçinin başlıca nəzərə alınmalı nüans ondan ibarətdir ki, iddiaçı hamilə olduğu halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hansı ki, bütün qanunvericilik aktlarımızla yanaşı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində hamilə qadınlara geniş güzəştlər və imtiyazlar nəzərdə tutulur. Misal olaraq həmin Məcəllənin 52,66, 79, 240-cı maddələrini göstərmək olar.

21. Ona görə də, Şəki Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(075)- 198/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 45.4-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 240-cı maddəsinə əsasən hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər 300.1-ci maddəsinə əsasən əgər işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Apellyator Şəki Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(075)- 198/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

30. Belə ki, iddia tələbi işə bərpa barədədir. İddiaçı tələbinin faktiki əsası kimi o hamilə olduğu halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da, Əmək Məcəlləsinin tələblərinin pozulmasına istinad etmişdir. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunmasıdır. Bu məqsədlə də, Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən hamilə qadınların ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. Halbuki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz müddətinin bitməsi səbəbindən Əmək Məcəlləsinin 68 b maddəsi ilə xitam verilmişdir. Qanunvericilik isə hamilə qadınların həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsini qadağan etmişdir. Göründüyü kimi, müqaviləyə işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş imperativ normalara istinad edilməklə xitam verilmişdir.

31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində Əmək Məcəlləsinin 45.4ci maddəsinə istinad etməklə Balakən RMX-da xx.xx.2015-ci il tarixdən 03 fevral 2022-ci il tarixə qədər – 5 ildən artıq müddətə fasiləsiz işlədiyi barədə iddiaçının dəlilinə qiymət verərək bu dəlili əsaslı hesab etmir. Belə ki, bu qətnamənin 1-ci bəndində göstərilmiş işin hallarından göründüyü kimi, iddiaçı 03 fevral 2022-ci il tarixdə öz ərizəsi ilə Balakən RMXda tutduğu vəzifə üzrə işdən çıxmışdır. 16 iyun 2022-ci il tarixdən Şəki RMX-da tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İşin materiallarından görünür ki, həmin əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. 16 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanılan əmək müqaviləinə xitam verilmişdir. İddiaçı qeyd olunan əmək müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. İddiaçı məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(075)-198/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(075)-198/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar