Məhkəmə qərarları › İş №2(107)-404/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-404/2025

17.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-404/2025 17.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması tələbi) X1 (sədrlik edən və məruzəçi), X7 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)- 97/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ona məxsus olan torpaq sahəsindən çıxarılmasını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində və Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 50 sot hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Yevlax rayonu, Nəmərli kəndində 5.2862 ha torpaq sahəsi vardır. Torpaq sahəsinin bir hissəsi cavabdeh zəbt etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh torpaqdan çıxmaqdan imtina edir.

4. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, İddiaçı məxsus olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 0.28 ha hissəsindən Cavabdeh çıxarılması, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin tutularaq X3; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 121.1, 124.1, 217.4 və 88-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 mart 2015-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 5.2862 hektar torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Yevlax şəhəri bölməsinin 04 oktyabr 2022-ci il tarixli 594 saylı arayışından məlum olur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Yevlax rayonu, Köyük kəndində məskunlaşmışdır. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli 3-21-3-35/2-1408/2023 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu, Nəmərli kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.28 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 11 fevral 2015-ci il tarixli çıxarışdan məlum olur ki, Cavabdeh, X2, Quluzadə Nuranə ilqar qızının və X4 Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 3.0207 hektar torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 10/3589 saylı ekspert rəyindən görünür ki, Yevlax rayonu, Nəmərli kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.28 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə etdiyi müəyyən edilmişdir.

7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-129/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsi dəyişdirilmiş, Cavabdeh İddiaçı məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 31.63 kv.m hissəsindən çıxarılması, Qətnamənin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-129/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2(102)-253/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(107)- 129/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, mütəxəssis rəyinə və ekspert rəyinə istinad etmişdir. Hər iki rəy, birmənalı olaraq üst-üstə düşür. Əslində, iş üzrə verilmiş ekspert rəyi mütəxəssis rəyinin təkrarıdır. Belə olan halda, ekspert rəyi formal xarakter daşıyır. Həm mütəxəssis rəyi və ekspert rəyi, iddiaçı tərəfin sifarişi ilə tərtib edilmişdir. Ekspertin mövqeyinə görə, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması səbəbindən, sırf mütəxəssis rəyinə istinad edilmişdir. Bu isə mötəbər sübut edilə bilməz. İş üzrə təkrar ekspertiza keçirilməsi zəruridir. Məhkəmə mübahisə ilə bağlı heç bir araşdırma aparmadan iş materiallarında olan rəylərə istinad etməklə, qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. O, iddiaçı tərəfə məxsus torpaq sahəsini zəbt etməmişdir. İşin nəticəsinə dair qəbul edilmiş qətnamə işin hallarına uyğun deyildir .Həqiqəti əks etdirmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

18. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

19. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı: Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

25. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2(102)-253/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(107)-129/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2(102)-253/2024 nömrəli qərarında göstərilmişdir ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. İddiaçının mülkiyyətində 5,2862 ha torpaq sahəsi var və o, həmin torpaq sahəsinin 0,50 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edir. Birinci instansiya məhkəməsi iş üzrə alınan ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin 0,28 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunmasını müəyyən edərək iddianı həmin hissədə təmin etmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsi üzrə yenidən ekspertiza təyin olunmuş və ekspert rəyinin nəticə hissəsində cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin ölçüsünün 31,69 kv.m. olması göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi ekspert rəyinin nəticə hissəsinə əsaslanmaqla cavabdeh tərəfindən zəbt olunmuş sahənin 31,69 kv.m. olması və onun məhz həmin hissədən çıxarılmalı olmasını qət etmişdir. Apellyasiya instansiya məhkəməsi əvvəlki instansiya məhkəməsində alınmış ekspert rəyi ilə apellyasiya icraatı zamanı alınmış ekspert rəyi arasında kifayət qədər ziddiyyətlərin olmasını nəzərə alaraq müvafiq prosessual hərəkətlərin yerinə yetirməli olduğu halda belə prossesual hərətəkləri yerinə yetirməmiş və nəticədə isə faktiki olaraq ziddiyyətli nəticəyə gəlmişdir. Halbuki, belə ziddiyyətin olması iddiaçı tərəfindən vəsatət verilərək məhkəmənin diqqətinə çatdırılmış, lakin məhkəmə vəsatəti prosessual qanunvericiliyin tələbi baxımından qiymətləndirməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin əlavəsi olan yerqurluşu planından görünür ki, iddiaçının mülkiyyətində 5,02862 ha torpaq sahəsi olsa da faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü 5,0 ha ibarətdir. Cavabdeh tərəfin mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 3.0207 ha olsa da, faktiki sahəsi 3,34 ha olmuşdur. Belə olan halda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin qətnamənin nəticə hissəsində göstərilən ölçüdən daha artıq, iddiaçının torpaq sahəsinin isə müəyyən olunmuş ölçüdən daha az olması, rəyin nəticə hissəsində göstərilən ölçülər ilə yerqurluşu planında olan ölçülər arasında uyğunsuzluqlarla bağlı müvafiq dəyərləndirmə aparılmadığı aşkar olaraq görünür. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

27. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

28. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

31. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

32. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 10/3589 saylı ekspert rəyindən görünür ki, Yevlax rayonu, Nəmərli kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.28 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə etdiyi müəyyən edilmişdir.

33. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4704 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə İddiaçı mülkiyyətinə **********32 Reyestr nömrəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən 5.266.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. 2-ci saul üzrə Koordinatlar müəyyən edildikdən sonra **********32 Reyestr nömrəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 3-cü sual üzrə Cavabdeh mülkiyyətinə **********26 Reyestr nömrə:-: olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 3.0207 ha kənd təsərrüsa.ı təyinatı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. 4-cü sual üzrə Koordinatlar müəyyən edildikdən sonra **********26 Reyestr nömrəsi 1 Daşınmaz Əmlakın Döviət Reyestrindən çıxarışa əsasən verilmiş 3.0207 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 5-ci sual üzrə İddiaçı mülkiyyətində olan Reyestr nömrəm **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi, Cavabdeh mülkiyyətində olan Reyestr nömrəsi **********26 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 3.0207 ha kənd təsərrüfath təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. 6-cı sual üzrə iddiaçıya məxsus Reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 31.63 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdehlər tərəfindən istifadə ediiən 31.69 kv.m torpaq sahəsi hansı hissədən olması mütəxəssis rəyinə əlavə yerquluşu planında ətraflı göstərilmişdir.

34. Ekspert rəyləri arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 2(107)-404/2025 saylı qərardadı ilə hаzırkı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin başqa ekspertlərinə həvalə edilməsi qərara alınmışdır.

35. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 iyun 2025-ci il tarixli, 10/3434 nömrəli rəyində tədqiqatın nəticəsindən görünür ki, 23 mart 2025-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətinə verilən 5.2862 ha torpaq sahəsinin 3169 kv.m (0,3169 ha) hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir.

36. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, şikayətin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsasdır.

37. Belə ki, həmin rəylə müəyyən edilir ki, iddiaçıya məxsus Reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5.2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 3169 kv.m (0,3169 ha) hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir.

38. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

39. Baxılan işdə iddianın qismən təmin olunması üçün yuxarıda qeyd edilən normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan suiistifadə ilə əlaqədar deyildir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

40. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)- 97/2023 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh İddiaçı məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 3169 kv.m (0,3169 ha) hissəsindən çıxarılmalıdırlar. Qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(039)-97/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 3169 kv.m (0,3169 ha) hissəsindən çıxarılsın. Qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin 40 manatı İddiaçı və 60 manatı Cavabdeh tutularaq X3; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar