Məhkəmə qərarları › İş №2(107)-405/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-405/2020

04.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-405/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi, X1 nümayəndəsi Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı, 3-cü şəxslər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı «mənzildən çıxarılmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyaraq, kirayəçi (icarədarı) və onun ailə üzvlərinin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)- 38/2019 nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı (bundan sonra mətndə iddiaçı), 3-cü şəxslər Cavabdeh1, Əbdürrəhimov Anar Fazil oğlu Cavabdeh3 (bundan sonra mətndə cavabdeh) qarşı «mənzildən çıxarılmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyaraq, kirayəçi (icarədarı) və onun ailə üzvlərinin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Ağdaş şəhər, X28 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulmasını, X6 və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-38/2019 nömrəli qətnaməsi ilə İddiaçı, 3-cü şəxslər Cavabdeh1, Əbdürrəhimov Anar Fazil oğlunun Cavabdeh3 qarşı «mənzildən çıxarılmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyaraq, kirayəçi (icarədarı) və onun ailə üzvlərinin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 İdarəsinin xx xxxxxx 1984-cü il 12 №-li Orderinə əsasən Ağdaş şəhər, X28 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) onun və onun ailə üzvləri kimi, Cavabdeh1, Cavabdeh2, X7 istifadəsinə verilmişdir. xx xxxxxx 1998-ci ildə o, və Ağdaş mənzil istismar kontoru arasında yaşayış evinin kirayəsi barədə müqavilə bağlanmışdır. 2002-ci ildə öz hüquqi savadsızlığından üzərində əmlak hüququnun olmadığından xəbərsiz olaraq, digər ailə üzvləri ilə birgə istifadəsində olan mənzilin bu iddia üzrə cavabdeh olan Cavabdeh3 satılması barədə razılıq ərizəsi imzalanmış və sonra mənzilin satılması məsələsi müzakirə olunanda mənzil sahibinin o yox, Ağdaş Təsərrüfatlar arası tikinti idarəsinin olduğunu, onun və ailə üzvlərinin həmin mənzildə yalnız təşkilatın fəhləsi kimi yaşayış hüquqlarının olmasını bilmişdir. Belə olduqda onlar cavabdehlə (onun mərhum əri İnqilab Qurbanovun iştirakı ilə belə razılığa gəlmişlər ki, mənzili 3 il müddətinə kirayə kimi cavabdehin istifadəsinə verir və ondan aldıqları pulu isə kirayə haqqı sayılmışdır. Bundan da bir müddət sonra cavabdeh və onun sabiq əri İnqilab Qurbanovun təkidi ilə onlar kirayə haqqında razılığı Bakı şəhəri 12 saylı notariat konturunda təsdiqlənmişdir. 3 ildən sonra isə cavabdehin xahişini nəzərə alaraq o ailə üzvlərini razılığı ilə ona ödənişsiz müvəqqəti sakin qismində mənzildə qalıb yaşamağa icazə vermiş və bunun üçün ona bir otaq ayrılmışdır. Ötən 2016-cı ilin sentyabr ayında onlar Ağdaş şəhər, Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evdəki mənzillərin (faktiki X28 küçəsi 2 saylı bina ) özəlləşdirilməsinə icazə verildiyi xəbərini alaraq bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X23 rayon şöbəsinə müraciət etmiş və onda iddiaçının mübahisəli mənzilin alqı-satqısına dair 2002-ci ildəki razılaşmanın etibarlı əqd hesab edilməsi barədə Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi və məhkəmənin xx xxxxx 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsini bilmişlər. Cavabdeh tərəfindən “Əqdin etibarlı sayılmasına dair” iddia tələbi onun həyat yoldaşı və bu iddia üzrə 3-cü şəxs olan X4 qarşı qaldırdığından onun ərizəsi əsasında məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qərardad ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilərək 2(014)-350/2016 saylı mülki iş üzrə iddia icraatı başlanmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə 2(014)-03/2017saylı mülki iş üzrə iddiaçı Cavabdeh3t Alı qızının “Əqdin etibarlı sayılmasına dair” iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Qətnaməsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-03/2017 saylı mülki iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişilmədən qalmışdır. Onun rəsmi icarədarı olduğu mənzilə heç bir mülkiyyət hüququ olmamasına baxmayaraq cavabdeh mübahisə predmeti olan mənzildən çıxmaq istəmir, mənzilin giriş qapısının kilidini dəyişərək onu və onun ailə üzvlərini və mənzilin özəlləşdirilməsi məsələsi üzrə texniki inventarlaşdırma bürosunun əməkdaşlarını oraya buraxmır və öz qanunsuz hərəkətləri onların mənzil hüquqlarını məhdudlaşdırır. Şəki İnzibati-İqtisad Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə iddia tələbi kirayə müqaviləsinin bağlanması öhdəliyinin Ağdaş rayon Mənzil Təsərrüfatı İstismar Təmir Müəssissəsinin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisad Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X6 adına verilmiş 12 saylı xx xxxxxx 1984-cü il tarixli mənzil orderinin ləğv edilməsi vəzifəsinin Ağdaş rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan X10 həmin qərardan apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisad Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(107)-389/2019 nömrəli qərardadı ilə Şəki-İnzibati İqtisad Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(84)-696/2018 nömrəli qərarı ləğv edilərək Cavabdeh3t Alı qızının Ağdaş rayon İcra Hakimiyyətinə qarşı “Ağdaş şəhəri, X.R.Ulutürk küçəsi ev 2, mənzil 12-yə dair X6 adına verilmiş 12 saylı xx xxxxxx 1984-cü il tarixli mənzil orderinin ləğv edilməsi vəzifəsinin cavabdeh Ağdaş rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan sonra iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılmağa təyin edilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək həm öz adından, həm də iddiaçının nümayəndəsi kimi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində vavabdeh Cavabdeh3 məhkəmə iclasında iddianı rədd edərək izah etmişdir ki, o, xx xxxxxx 2002-ci ildə Ağdaş şəhər Y.Nəbiyev küçəsi dalan 4 ev 12 saylı evdə yaşayan X3 2 otaqlı evi razılaşma yolu ilə və dəyərini ödəməklə almışdır. 2002-ci ildən bu günə qədər həmin evdə yaşayır. Lakin indiyə qədər bu mənzil onun adına keçirilməyib. Əbdürrəhmanov Fazil və bütün ailə üzvləri yazılı izahat veriblər ki, gələcəkdə evin geri qaytarılması haqqında heç bir iddiaları olmayacaq. Verdikləri izahatların hamısını Ağdaş rayon məhkəməsinə təqdim etmişdir. Lakin 2 ildən artıqdır ki, bu ailə verdikləri izahata baxmayaraq indi izahatlarından imtina edirlər. Ağdaş rayon Məhkəməsi 2 ildən artıqdır ki, düzgün qərar çıxartmır. Onun 60 yaşı var. Odur ki, ədalət naminə köməklik göstərilməsini xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi təmamilə qanunsuz və əsassızdır, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, iş üçün zəruri olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə qeyri - möhtəbər, aidiyyatı olmayan sübutlarla qətnaməni əsaslandırmış, səhv nəticəyə gələrək qətnamə qəbul etmişdir. Məhkəmə qüvvədə olan məhkəmə qərarlarına əhəmiyyət verməmiş, onun hüquqlarını pozmuşdur. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi mübahisəli evin iddiaçıya məxsus olmasını, həmçinin həmin mənzilin alqı-satqısı ilə bağlı tərəflər arasında müqavilənin rəsmiləşdirilmədiyinə və cavabdehin beh olaraq ödədiyini qeyd etdiyi 1600 ABŞ dolları əslində kirayə haqqı olaraq ödənilmiş və cavabdeh uzun müddət həmin mənzildə yaşamışdır. Hazırda isə cavabdehlərin maneçiliyi nəticəsində evlərindən istifadə edə bilmirlər. Ona görə də apelyasiya şikayətlərinin təmin dilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, 2002-ci ildən həmin evdə yaşadığını, iddiaçıya evin qiymətini tam ödədiyini, lakin ev orderli ev olduğundan sonradan onun adına sənədləşdirilməsindən iddiaçının imtina etdiyi, hazırkı vaxta kimi həmin evə təmir işləri üçün xeyli məbləğdə vəsait qoyduğunu bildirdi və apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yerli Zəhmətkeş deputatlar sovetlərinin dövlət kooperativ və ictimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqda müqavilədən görünür ki, xx xxxxxx 1998-ci ildə X11 ilə nümunəvi müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 1984-cü il tarixli orderdən görünür ki, X11 4 nəfər ailə üzvü ilə mənzil sahəsi tutmaq hüququ vardır. Qüvvədə olan məhkəmə qətnamələri ilə xx xxxxxx 1984-cü il tarixli orderin Ağdaş XDS İcraiyyə Komitəsinin xx xxxx 1983-cü il tarixli, 8 nömrəli qərarı ilə verilməsi təsdiqini tapır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mənzil Təsərrüfatı İstehsalat X21 tərəfindən xx xxxxxx 2018-ci il tarixli 197 saylı arayışdan görünür ki, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2016-cı il tarixli 66 saylı sərəncamı ilə Ağdaş şəhər əvvəlki adı Qırmızı Oktyabr, indiki adı X28 küçəsi ev 2, mənzil 5, Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir müəssisəsinin balansına verilmişdir. Həmin binada olan 5 saylı mənzil X6 adınadır, hazırda həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh3 həmin ünvanda qeydiyyatda deyil. 2016-və 2017-ci illərdə mənzil kirayə haqqını Cavabdeh3 ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş, xx xxxx 2017-ci il tarixli 2(107)-1189/2017 saylı qətnamənin surətindən məlum olur ki, X8 əri X10 ilə birlikdə digər 3 nəfər uşaqlarının razılığı ilə orderə əsasən özlərinə məxsus olub, Ağdaş Şəhəri, Y.Nəbiyev küçəsi dalan 4, ev 4,-də yerləşən 2 otaqdan ibarət 12 saylı mənzili 2002-ci ilin avqust ayının 2-də qarşılıqlı razılaşma əsasında 1600 ABŞ dollarına iddiaçı X13 onun əri X12 faktiki olaraq satmışdır. Göstərilən tarixdən faktiki olaraq mərhum əri ilə birlikdə həmin mənzildə yaşamışdır və əri İnqilab Qurbanov həmin mənzildə ölmüşdür. İddiaçı tərəfindən mübahisəli mənzilin alqı-satqı ilə əlaqədar üzərinə düşən öhdəliklərini tam icra etməsinə baxmayaraq, mənzil daşınmaz əmlakın dövlət reyestrndə X6 və ya digər ailə üzvlərinin adına qeydə alınmadığından alqı-satqını rəsmiləşdirmək, mümkün olmamışdır. Mübahisəli mənzilin cavabdehlərin adına hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə tərəflər arasında qarşılıqlı razılaşma yolu ilə bağlanmış əqdi həmin əqd qanuna zidd şəkildə bağlandığından etibarlı hesab edilə bilməz. İş materiallarında olan üçüncü şəxs Fazil Əbdürəhimov tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-504/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-992/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının tələbi isə inzibati orqana qarşı yönəldiyi üçün və mənzillə bağlı olduğu üçün, iddiaçının iddia edilən mənzillə hüquqi münasibəti müəyyən edilmiş olmalı idi. Halbuki, hazırki iddia ilə müraciət etmək üçün iddiaçın subyektiv hüququ o halda yaranmış olardı ki, əgər məhkəməyə müraciət etməzdən əvvəl onun mübahisəli mənzildən istifadə hüququ öz təsdiqini tapmış olsaydı. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati məhkəmə icraatı çərçivəsində bu məsələlərə baxılması və qiymətləndirilməsi mümkün hesab edilə bilməz, çünki iddiaçı faktiki olaraq bu icraat daxilində onun digər fiziki şəxslə mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin müəyyən olunmasından çıxış edərək iddia qaldırmışdır. Halbuki, inzibati məhkəmə icraatında belə münasibətlər araşdırma predmetini təşkil etmir. İnzibati məhkəmə icraatında yalnız publik hüquqdan irəli gələn fiziki şəxsin inzibati orqanla olan münasibətləri zamanı yaranan mübahisələr həll edilməlidir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(107)-389/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(84)-696/2018nömrəli qərarı ləğv edilərək iddiaçı Cavabdeh3 cavabdeh Ağdaş Rayon İcra Hakimiyyətinə qarşı Ağdaş şəhəri, X.R.Ulutürk küçəsi, ev 2, mənzil 12-yə X6 adına verilmiş 12 saylı xx xxxxxx 1984-cü il tarixli orderin ləğv edilməsi vəzifəsinin cavabdeh Ağdaş Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dаir iddiası mümkün sayılmamışdır. Həmin qərardadda qeyd edilir ki, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı çərçivəsində mülki hüquq münasibətlərinə aid məsələ üzrə - icarədar ilə onun mənzilə köçürülmüş şəxslə bağlı münasibətlərə qiymət verilməklə nəticə əldə olunmuşdur. Halbuki, hazırki iddia ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ, onun məhkəməyə müraciət etməzdən əvvəl mübahisəli mənzildən istifadə hüququ öz təsdiqini tapdıqda yaranmış olardı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin yuxarıda qeyd edilən mənzil orderi əsasında iddiaçının və onun orderdə qeyd edilən ailə üzvlərinin tutmaq hüququ vardır. Bu hallar yuxarıda sadalanan qüvvədə olan məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. İddiaçının uzun müddət həmin mənzildə yaşamaması, cavabdehin uzun müddət həmin mənzildə qeydiyyata düşmədən yaşaması ilə bağlı irəli sürülən dəlillərə münasibətdə qeyd edilməlidir ki, nə qədər ki, dövlət mənzil fonduna aid mənzil mülkiyyətçi tərəfindən iddiaçıdan geri alınmamışdır, iddiaçıya mənzilin məxsusluğunun qanuni əsasları mövcuddur, buna əks dəlillər əsassızdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflər arasında hüquqi münasibətin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanılması halalrı müəyyən edilmişdir. 89-cu maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir. Mənzil Məcəlləsi nəzərdə tutur ki, Azərbaycan vətəndaşları icarə müqaviləsinin şərtləri ilə dövlət və ya digər ictimai orqanların mülkiyyətində olan mənzillərdən istifadə hüququnu əldə etmək hüququna malikdirlər (10 və 28-ci maddələr). Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaları nəzərdən keçirib müəyyən edir ki, iş üzrə cavabdeh mübahisəli mənzilin icarədarı olan iddiaçının ailə üzvü hesab edilmir. Lakin tərəflər arasında 2003-cü il tarixdə baş tutmuş razılıq əsasında Cavabdeh3 mübahisəli mənzildə məskunlaşmış və hazırkı vaxta kimi həmin mənzildə yaşamasına baxmayaraq onunla kirayə müqaviləsi bağlanmamış və sonuncunun adına hər hansı bir sənədləşmə aparılmamışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 3-cü maddəsinə əsasən mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanır, mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuzdur, vəs. 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Belə ki, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericilik sistemi aşağıdakı prinsip və normaları müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni istifadəsində olmasını təsdiq edən sənədlər mövcuddur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X25 Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) xx xxxxxxxx 2007-ci il tarixli Qərarında qeyd edir ki:

39. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. 40. Bu işdə Məhkəmə qeyd edir ki, xx xxxx 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi.

41. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır.

42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, xx xxxxxx 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаslı оlduğundаn qətnаmənin ləğv edilməsi iddiа tələbinin təmin edilməsi üçün əsаslar vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli mənzilə olan hazırda qüvvədə olan sahiblik və istifadə hüquqlarının olmasını və onun həmin mənzili mülkiyyətinə keçirmək barədə qanuni əsaslrının olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı iddiadır. Bu səbəbdən də apelyasiya şikayətinin dəlilləri də əsaslıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Məhkəmə kollegiyası cavabdehə izah üçün bildirir ki, faktiki olaraq baş tutmayan alqı-satqı üçün ödədiyi vəsaiti, həmçinin mənzilin təmirinə xərclədiyi vəsaiti mənzilin sahibindən tələb etməsi ilə bağlı aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-38/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh3 Ağdaş şəhər, X28 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulsun, X6 və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar