Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-410/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, iddiaçı Göygöl Rayon Quşqara Bələdiyyəsinin vəkili X2, hüquq və vəzifələrinə toxunan 3cü şəxs Maraqlı şəxs, onun və Cavabdeh2 vəkili (həmçinin nümayəndəsi) X11, hüquqlarına toxunan şəxs kimi işə cəlb edilmiş 3-cü şəxslər X1 nümayəndəsi X3, X4 nümayəndəsi X8 iştirakı ilə İddiaçı Göygöl Rayon Quşqara Bələdiyyəsinin (sədr X17) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “torpağın mülkiyyət hüququna dair Dövlət aktının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsindən iş üzrə hüquq və vəzifələrinə toxunan 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı (sədr X17) Cavabdeh2 və 3-cü şəxs Göygöl rayon Torpaq şöbəsinə qarşı məhkəməyə müraciət edərək “Torpağın Mülkiyyət Hüququna dair, JN-0497, Kod 50806018 nömrəli Dövlət Aktına əsasən Cavabdeh2 mülkiyyətində olan 1,31 ha torpaq sahəsinin 0.51 ha hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi” və Cavabdeh2 mülkiyyətində Göygöl rayonunun Quşqara Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54”a” nömrəli qərarına əsasən alqı-satqı yolu ilə satılmış 0.80 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin icraatında Göygöl rayon Quşqara Bələdiyyəsinin Cavabdeh1 qarşı JN- 0491 nömrəli Dövlət Aktının qismən etibarsız hesab edilməsi tələbi üzrə mülki iş olduğundan, həmin işlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən 2(066)-358/2010 nömrə altında birləşdirilmişdir. Göygöl Rayon Məhkəməsinin (sabiq hаkim E.Həsənova) xx xxxxxxx 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, cavabdehlər Cavabdeh1 adına verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN-0491 Dövlət Aktı 0.72 ha torpaq sahəsi üzrə, Cavabdeh2 adına verilmiş Torpağa Mülkiyyət Hüququna dair xx.xx.2006-cı il tarixli JN-0497 nömrəli Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan 3-cü şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti (Cavabdeh2 münasibətdə) verilmişdir. Göygöl Rayon Məhkəməsində apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmış və apellyasiya şikayəti şikayət vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən şikayət mümkün hesab edilməyərək geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin xx xxxx 2018-ci il qərardadından Maraqlı şəxs tərəfindən şikayət verilmiş, xx xxxx 2018-ci il tarixli qərardadı ilə şikayət əsassız olduğundan rədd edilmiş, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərardadı ilə Apellyasiya şikayəti mümkün hesab edilmiş, iş icraata qəbul edilmişdir. Mülki iş üzrə iddiaçı Göygöl rayon Quşqara Bələdiyyəsinin vəkili X6 ərizə ilə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin bütün hakimlərinə etiraz edərək, işin baxılması üçün başqa apellyasiya instansiyaməhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə etiraz təmin edilmiş və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, (Cavabdeh2 münasibətdə) Göygöl rayonunun Quşqara Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54”a” saylı qərarına əsasən Gəncə şəhər sakini Cavabdeh2 bələdiyyənin torpaq fondundan 0.80 ha torpaq sahəsini, alqı-satqı yolu ilə ayrılıb sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün ona satılmasına dair qərar qəbul edilmişdir. Göygöl rayonunun Quşqara Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.80 ha torpaq sahəsi Cavabdeh2 197.6 manata satılmışdır. Göygöl rayon Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən 0.80 ha torpaq sahəsi naturada ölçülərək cavabdehə təhvil verilmişdir. Torpağa mülkiyyət hüququna dair Kod 50806018, JN-0497 nömrəli Dövlət Aktında texniki səhvə yol verilərək 0.80 ha əvəzinə, 1.31 ha torpaq sahəsinin cavabdehin mülkiyyətində olması göstərilmişdir. Halbuki cavabdehə ilkin sənədlər əsasında 0.80 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. Artıq torpaq sahəsinə yiyənlənmiş Cavabdeh2 bu barədə rayon torpaq şöbəsinə, eləcə də Quşqara Bələdiyyəsinə heç bir məlumat verməmiş, nəticədə 0.51 ha torpaq sahəsinə qanunsuz olaraq sahiblik etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən mübahisələndirilən qətnaməni qəbul edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi artıq Gəncə şəhəri Nizami rayonun İnzibatı ərazisinə aid edilmişdir (iş mat. İİ cild səh.107. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-1531/2015 nömrəli qətnaməsi). Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qətnaməsi ədalətsiz, qanunsuz və birtərəfli qəbul olunmuş qətnamədir və onların hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan əlavə işə baxılarkən məhkəmə aidiyyəti də pozulmuşdur. Belə ki, hazırki mübahisəyə ümumi məhkəmədə deyil, aidiyyəti üzrə İnzibati Məhkəmədə baxılmalı idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyator (hüquq və vəzifələrinə toxunan 3-cü şəxs ) Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirməklə 0.20 ha torpaq sahəsi almasına, həmin torpaq sahəsi ilə bağlı adına hüquq müəyyənedici sənəd (çıxarış) verilməsinə baxmayaraq, iş üzrə 3-cü şəxslər həmin torpaq sahəsini zəbt edərək özlərinə ev tikmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, həmin qətnamə onların xəbəri olmadan qəbul olunmuşdur. Hesab edir ki, həmin tələbə Göygöl Rayon Məhkəməsində deyil, İnzibati Məhkəmədə baxılmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyator Maraqlı şəxs və Cavabdeh2 vəkili (həmçinin nümayəndəsi) X18 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Birincisi ona görə ki, həmin vaxt işə baxılarkən cavabdeh cəzaçəkmə müəssisəsində olduğundan məhkəmə iclasında iştirak edə bilməmişdir. İkincisi, Maraqlı şəxs vicdanlı alıcıdır və əlində qanuni hüquq müəyyənedici sənəd var. Bundan əlavə işin mahiyyətindən göründüyü kimi mübahisəli torpaq sahəsi bələdiyyə qərarı əsasında cavabdehə verilmişdir. Ona görə də hazırki mübahisənin predmeti ümumi məhkəmələrə deyil, İnzibati Məhkəmələrə aiddir. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Əvvala ona görə ki, Maraqlı şəxs almış olduğu torpaq sahəsinə dair cavabdehin adına olmuş Dövlət Aktı qismən etibarsız hesab edilmişdir. Maraqlı şəxs həmin torpağı bundan sonra almışdır. İkincisi, həmin mübahisəyə baxılan zaman İnzibati Məhkəmələr yaradılmamışdır. Hesab edir ki, bu qədər müddət keçəndən sonra sonuncunun apellyasiya şikayəti verməsi özü-özlüyündə düzgün deyil. Odur ki, apellyasiya şikayətinin təmin olunmayaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən hüquqlarına toxunan şəxs kimi işə cəlb edilmiş 3-cü şəxs X1 nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsi onlara qanuni əsaslarla, yəni İcra Hakimiyyətinin Sərəncamı əsasında verilmiş, bundan sonra da yaşamaq üçün ev tikmişlər. Lakin Maraqlı şəxs hər dəfə müxtəlif bəhanələrlə onları məhkəməyə verir. Halbuki, onların ev tikdirdiyi torpaq sahəsinin Maraqlı şəxs heç bir aidiyyəti yoxdur. Ali Məhkəmənin müvafiq qərarına əsasən həmin torpaq sahəsi 0.80 ha torpaq sahəsinin hüdudları daxilindədir. Hesab edir ki, Maraqlı şəxs bu qədər müddət keçəndən sonra mövcud məhkəmə qətnaməsini mübahisələndirməyə hüququ yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən hüquqlarına toxunan şəxs kimi işə cəlb edilmiş 3-cü şəxs X4 nümayəndəsi X13 da apellyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında iştirak edən şəxslərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş : Cavabdeh2 adına verilmiş “Torpağa Mülkiyyət Hüququna dair, JN-0497, Kod 50806018 nömrəli Dövlət Aktından görünür ki, həmin “AKT”da torpaq sahəsi 1.31 ha qeyd edilmişdir. 3-cü şəxs Göygöl rayon Torpaq şöbəsinin nümayəndəsi DT və XK-in Göygöl rayon şöbəsinin böyük mühəndisi X5 birinci instansiya məhkəməsinin vermiş olduğu yazılı izahatının (mülki iş səh. 18) məzmunundan aydın olur ki, Göygöl rayonunun Quşqara Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54”a” nömrəli qərarına əsasən Gəncə şəhər sakini Cavabdeh2 tikinti və abadlıq işləri ilə əlaqədar 0.80 ha torpaq sahəsi satılmış, bunun əsasında JN 0497 nömrəli Dövlət Aktı verilmişdir. Həmin Dövlət AKT-ı tərtib olunarkən bələdiyyənin qərarında 0.80 ha torpaq sahəsi göstərilməsinə baxmayaraq texniki səhv olaraq səhvən 1.31 ha göstərilmişdir. Əslində isə şöbədə saxlanılan xəritə materiallarında bələdiyyənin qərarında olduğu kimi 0.80 ha. göstərilmişdir. Odur ki, Göygöl rayonunun Quşqara Bələdiyyəsinin iddia ərizəsini əsaslı hesab edir, iddianın təmin olunmasına etiraz etmirlər. Məhkəmə kollegiiclasında araşdırılmış alqı-satqı sənədlərindən müəyyən edilir ki, Göygöl rayonunun Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 54 ”a” nömrəli qərarı ilə Cavabdeh2 0.20 hektarında tikinti və abadlıq, 0.60 ha hissəsində isə kənd təsərrüfatının istehsalı üçün ümumilikdə 0.80 ha torpaq sahəsi satılmışdır. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli “AKT”, ona əlavə edilmiş texniki cizgi planı, xx.xx.2005-ci il tarixli, 869 nömrəli Rəyin, rəyə əlavə edilmiş 12447 nömrəli arayışın təsdiq olunmuş surətlərindən görünür ki, Göygöl rayonunun Quşqara Bələdiyyəsinin Cavabdeh2 satmış olduğu torpaq sahəsinin ölçüsü 0.80 ha təşkil edir (i/m səh.20-28). Mülki işin 95-ci səhifəsindəki xx xxxxxx 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 nümayəndəsi X9 Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeyddiyat Haqqında DƏDR-in verdiyi **********28 reyestr nömrəli, ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa, Əmlak Məsələləri Komitəsi yanında DƏDRX X22 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1803 nömrəli arayışa əsasən Göygöl rayon Quşqara kəndində yerləşən 0.209686 ha torpaq sahəsini Maraqlı şəxs mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeyddiyat Haqqında DƏDR-in verdiyi ******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2013-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Göygöl rayon Quşqara kəndində yerləşən 0.209686 ha torpaq sahəsi Maraqlı şəxs mülkiyyətindədir. Apellyasiya icraatı zamanı Maraqlı şəxs vəkili tərəfindən təqdim edilmiş; Xanlar rayon Quşqara Bələdiyyə sədrinin xx xxxxxx 2005-ci il tarixli 54a nömrəli qərarından görünür ki, Xanlar rayonu, Quşqara Bələdiyyəsinin 1.31 hektar kənd təsərrüfatına yararsız torpaq sahəsinin Cavabdeh2 satılması qərara alınmışdır. xx xxxxxx 2007-ci il taixli aktdan görünür ki, Xanlar rayonu, Quşqara Bələdiyyəsinin 1.31 hektar kənd təsərrüfatına yararsız torpaq sahəsinin ayrılıb Cavabdeh2 tikinti və abadlıq işlərinin görülməsi üçün torpaq sahəsinin pulsuz verilməsi məqsədə uyğun hesab edilmişdir. xx xxxxx 2006-cı il tarixli aktdan görünür ki, Quşqara Bələdiyyə ərazisində yerləşən 1.31 hektar torpaq sahəsinin satılması barədə xx xxxxxx 2005-ci il tarixli qərar qəbul edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 məxsus olan Dövlət Aktına münasibətdə mübahisələndirildiyindən araşadırma da yalnız ona münasibətdə aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Konstitusiya Məhkəməsi Plenumu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2014cü il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki; Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 5.1-ci bəndində qeyd edilmişdir ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 16.1 və 16.2-ci bəndlərinə görə inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. İnzibati məhkəməyə verilmiş iddia ərizəsindəki tələblərdən birinə inzibati məhkəmə icraatı, digərinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iddianın mülki tələbə dair hissəsi mümkün sayılmamalı, iddiaçıya mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Kollegiya iddiaçı tərəfin vəkilinin və 3-cü şəxslərin apellyasiaya şikayətinin dəlilləri ilə razılaşmamasına rəğmən qeyd etməyi vacib hesab edərək bildirir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfin mübahisələndirdiyi Cavabdeh2 adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair, JN-0497, Kod 50806018 nömrəli Dövlət Aktı, müvafiq bələdiyyənin, daha dəqiqi Göygöl rayonunun Quşqara Bələdiyyəsinin (keçmiş Xanlar rayonunun) xx.xx.2005-ci il tarixli, 54 ”a” nömrəli qərarı əsasında verilmişdir. Göründüyü kimi hazırki mübhaisənin predmeti hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (İPM-in 2.2.3-cü mad.). Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(066)- 358/2010 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh2 adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair, xx.xx.2006-cı il tarixli, JN-0497, Kod 50806018 nömrəli Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Kollegiya sonda qeyd edir ki, tərəflərə, o cümlədən hüquqlarına toxunan şəxslərə hazırki mübahisənin həlli ilə bağlı ilk növbədə Cavabdeh2 adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair, JN-0497, Kod 50806018 nömrəli Dövlət Aktında qeyd edilən səhvin düzəldilməsi ilə bağlı həmin sənədləri verən orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciətləri müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hüquq və vəzifələrinə toxunan 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh2 adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair, xx.xx.2006-cı il tarixli, JN-0497, Kod 50806018 nömrəli Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin və Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verilsin. Tərəflərə (o cümlədən hüquqlarına toxunan şəxslərə) hazırki mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək, müraciətləri həmin orqan tərəfindən həll olunmadığı (hərəkət və ya hərəkətsizliyi) təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət hüququ izah olunsun. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-410/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-410/2021
02.02.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver