Məhkəmə qərarları › İş №2(107)-411/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-411/2020

22.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-411/2020 22.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, cavabdeh, eyni zamanda digər cavabdeh X5 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı “evdən çıxarılma və həmin evə köçürülmə, çıxarışın ləğvi və bələdiyyənin qərarının etibarsız hesab olunması tələblərinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)- 1449/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Quliyev) İddiaçı cavabdehlər X8 və Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı evdən çıxarılma və həmin evə köçürülmə, çıxarışın ləğvi tələblərinə dair iddiasının təmin edilməməsi, Göyçay rayonu Potu Bələdiyyəsi tərəfindən X5 adına verilmiş qərarın etibarsız hesab edilməsinə və saxta sənədlərin hazırlanmasında iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunmasına dair tələblər üzrə isə icraata məhkəmənin eyni tarixli qərardadları ilə xitam verilməsinin nəzərə alınması, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsiqət edilmişdir. İşin halları İddiaçı cavabdehlər X8 və Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı Göyçay rayonu Potu Bələdiyyəsi tərəfindən X5 adına verilmiş qərarın etibarsız hesab edilməsi, saxta sənədlərin hazırlanmasında iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunması, çıxarışın ləğv edilməsi, Göyçay rayonu Kürd kəndində yerləşən 3 otaqlı evdən X8 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması, onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlər X8 və Cavabdeh2, ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı həmin Bələdiyyə tərəfindən X5 adına verilmiş qərarın etibarsız hesab edilməsinə və saxta sənədlərin hazırlanmasında iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunmasına dair tələblər üzrə icraata məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadları ilə xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 101 saylı alqı-satqı müqaviləsi əsasında bələdiyyənin mülkiyyətində olan, Kürd kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ona satılmışdır. Həmin torpaq sahəsi üzərində üç otaqlı fərdi yaşayış evi tikilmişdir. Həmin evin inşasına Cavabdeh2 tərəfindən də vəsait sərf olunmuşdur. Ev hazır olduqdan sonra o, iki övladı və Cavabdeh2 orada yaşamışlar. 2015-ci ildə böyük övladının toy mərasimi də bu ünvanda keçirilmişdir. Bundan sonra Cavabdeh2 ilə onun münasibətləri gərginləşmiş və bu səbəbdən də ona məxsus evdən çıxmaq məcburiyyətində qalmışdır. Evi tərk etməsinin səbəbi Cavabdeh2 ilə övladlarının münasibətlərinin korlanması olmuşdur. Onlar evdən çıxdıqdan sonra Cavabdeh2 saxta sənəd hazırlamış, guya bu torpaq sahəsinin bələdiyyə tərəfindən həyat yoldaşı X2 və sonradan özəlləşdirilməsi barədə rəsmi sənədlər əldə etmişdir. Halbuki, həyat yoldaşının Çernobıl qəzasının əlili olması, işlədiyi Göyçay rayon Əyricilik Fabrikinin nəzdində olan uşaq bağçasında müəllimə işləyərkən rəsmi qaydada ev növbəsində durması və sair hallar əsas götürülərək Göyçay Rayon İcra Hakimiyyətinin tapşırığı əsasında mübahisəli torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ona ayrılması Göyçay rayonu Potu Bələdiyyəsinə tapşırılmışdır. Ona görə də iddiası təmin olunmaqla Göyçay rayonu Potu Bələdiyyəsi tərəfindən X5 adına verilmiş qərarın etibarsız hesab edilməsi, saxta sənədlərin hazırlanmasında iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunması, çıxarışın ləğv edilməsi, Göyçay rayonu Kürd kəndində yerləşən 3 otaqlı evdən X8 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması, onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh, eyni zamanda digər cavabdeh X5 nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçının qeyd edilən tələblər barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, əsassızdır və heç bir sübutla təsdiq olunmur. Ona görə də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayonu Potu Bələdiyyəsinə birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu qurumların nümayəndələri heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə həmin qurumların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)-1449/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)- 1449/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, eyni zamanda digər cavabdeh X5 nümayəndəsi Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)-1449/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı, həmçinin cavabdehlər X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin və Göyçay rayonu Potu Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İddiaçı eyni məzmunlu teleqramla məhkəmə kollegiyasına təkrar müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işin baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyi barədə teleqramına əsasən işin baxılmasının artıq bir dəfə təxirə salınmasını, iddiaçının növbəti dəfə də eyni məzmunlu teleqramla müraciət etməsini, lakin hər iki halda məhkəməyə xəstəliyi və sağlamlıq durumu barədə tibbi sənəd təqdim etməməsini (göndərməməsini) nəzərə alaraq onun məhkəmə iclaslarına gəlməməsinin səbəblərini üzrsüz hesab edir. Belə halda məhkəmə işə şəxsin iştirakı olmadan baxmağa haqlıdır. Ona görə də məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə iddiaçının, habelə cavabdeh R.Zülfüqarovanın, cavabdeh qurumların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)-1449/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bank qəbzinə əsasən iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Göyçay rayonu Potu Bələdiyyəsinin sədr əvəzi Z.İbrahimovun xx.xx.2019-cu il tarixli arayışına əsasən, Göyçay rayonu Kürd kəndində İddiaçı alqı-satqı müqaviləsinə əsasən (xx.xx.2007-ci il tarixli, 101 saylı müqavilə) 0,10 ha həyatyanı məqsədilə torpaq sahəsi ayrılmış və hazırda onun adına 0,10 ha torpaq sahəsi vardır. İyun 2011-ci il tarixdə bələdiyyə binası yandığı üçün həmin müqavilə sənədləri də başqa sənədlərlə birlikdə yanaraq məhv olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* saylı çıxarışa əsasən Kürd kəndi ərazisində X6 0,12 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səhvi nəticəsində sözügedən torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Hazırda həmin torpaq sahəsində tikilmiş evdə Cavabdeh2 yaşayır,əvvəllər isə Cavabdeh2 İddiaçı ilə birlikdə qeyri-rəsmi yaşamışlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Göyçay rayonu Kürd kəndində 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X5 adına xx.xx.2019-cu ildə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa əsasən Göyçay rayonu Kürd kəndində 0,12 ha torpaq sahəsi X5 adına xx.xx.2018-ci ildə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Göyçay rayonu Potu Bələdiyyəsinin sədri Etibar Babayevin məktubuna əsasən, 2011-ci ilin iyun ayında Potu Bələdiyyəsinin inzibati binası yandığı üçün bələdiyyəyə məxsus sənədlər həmin yanğın zamanı məhv olmuşdur. Bu səbəbdən də İddiaçı xx.xx.2007-ci il tarixli, 101 saylı müqavilə ilə 0,10 ha həyatyanı torpaq sahəsinin ayrılması ilə bağlı məlumat vermək mümkün deyildir. Göyçay rayonu Potu Bələdiyyəsinin sədr əvəzi Z.İbrahimovun xx.xx.2019-cu il tarixli arayışı İddiaçı verdiyi məlumatlar əsasında tərtib edilmişdir. Nəzərə alınması xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuşAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, X5 adına Göyçay rayonu Kürd kəndində 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-3400/2019 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından İddiaçı cavabdehlər X8 və Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı iddiasının saxta sənədlərin hazırlanmasında iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunması tələbinə dair hissəsi üzrə icraata xitam verilməsi barədə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-1449/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-3400/2019 nömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, mübаhisə üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə kimi DƏDRX-nin 16 saylı X13 tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019cu il tarixli **********30-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən X5 adına qeydə alınmış Göyçay rayonu Kürd kəndi ərazisində yerləşən mübahisəli 0,12 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin hər hansı şəkildə özgəninkiləşdirilməsi cavabdehlər X8 və Cavabdeh2 qadağan edilmiş, qərardadın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Apelyasiya baxışı zamanı sorğuya cavab olaraq göndərilmiş DƏDRX-nin 16 saylı X11 xx.xx.2020-ci il tarixli **********31 nömrəli məktubundan görünür ki, X5 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0.0337 ha hissəsi Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-855 saylı alqı-satqı müqaviləsinə əsasən X1. Sözügedən alqısatqı müqaviləsi əsasında Xamiz Rəcəbovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apelyasiya baxışı zamanı təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(046)-2157/2016 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı 0,10 hektar torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair ərizəsi ilə bağlı olan mülki iş baxılmamış saxlanılmışdır. Apelyasiya baxışı zamanı təqdim edilmiş Göyçay rayonu Potu kənd X4 xx.xx.2019cu il tarixli 618 nömrəli arayışından görünür ki, Göyçay rayonu Kürd kəndində yaşayan X6 məxsus olan evdə qeydiyyatda heç kim yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər X8 və Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı evdən çıxarılma və həmin evə köçürülmə, çıxarışın ləğvi tələblərinə dair iddiası əsassızdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Konstitusiyanın 13 və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. «M.Bağırovun şikayəti üzrə ...» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iclaslarında iddiaçı RuhəngizHəsənova Göyçay rayonu Kürd kəndində 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqlarının olması və cavabdehlər Radə Zülfüqarova və Cavabdeh2 tərəfindən həmin hüquqların pozulması (mənimsənilməsi) barədə hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin surətləri isə qanunvericiliyin tələbinə görə yazılı sübut kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddiaçının təqdim etdiyi Göyçay rayonu Potu Bələdiyyəsinin sədr əvəzi Z.İbrahimovun xx.xx.2019-cu il tarixli arayışına münasibətdə məhkəmə qeyd edir ki, Göyçay rayonu Potu Bələdiyyəsinin sədri Etibar Babayevin məhkəmənin sorğusuna cavab məktubunda İddiaçı xx.xx.2007-ci il tarixli, 101 saylı müqavilə ilə 0,10 ha həyatyanı torpaq sahəsinin ayrılması ilə bağlı məlumat verilməsinin qeyri-mümkünlüyü, Göyçay rayonu Potu Bələdiyyəsinin sədr əvəzi Z.İbrahimovun xx.xx.2019-cu il tarixli arayışının İddiaçı verdiyi məlumatlar əsasında tərtib olunması göstərilmişdir. Bundan əlavə, Göyçay rayonu Potu Bələdiyyəsinin sədr əvəzi Z.İbrahimovun xx.xx.2019-cu il tarixli arayışında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* saylı çıxarışa əsasən Kürd kəndi ərazisində X6 ayrılmış 0,12 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səhvi nəticəsində İddiaçı verilmiş 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşməsinin” göstərilməsi qanunsuz və əsassız, həm də həmin vəzifəli şəxsin səlahiyyətindən kənardır. Bələdiyyə sədrinin DƏDRX tərəfindən verilmiş çıxarışın düzgünlüyünü yoxlamaq və ya buna qiymət vermək səlahiyyəti yoxdur. Ona görə də birinci instansiya məhkəməsi Göyçay rayonu Potu Bələdiyyəsinin sədr əvəzi Z.İbrahimovun xx.xx.2019-cu il tarixli arayışını mötəbər sübut kimi qəbul etməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı məhkəməyə daşınmaz əmlakın dövlət reyestrində cavabdeh X5 adına qeydə alınmış Göyçay rayonu Kürd kəndində 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrinin məzmununun düzgün olmadığını təsdiqləyən sübutlar təqdim edə bilməmişdir. Buna görə də həmin əmlak barəsində reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumsiyası qüvvədədir. Göründüyü kimi, Göyçay rayonu Kürd kəndində 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində cavabdeh X5 adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyasına təqdim olunmuş və əslləri DƏDRX-nin 16 saylı X12 saxlanılan sənədlərdən həmçinin görünür ki, Göyçay rayonu Kürd kəndində 0,12 ha torpaq sahəsi cavabdeh X6 Göyçay rayonu Potu Bələdiyyəsi tərəfindən xx xxxxxx 2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair akt”a əsasən satılmış, həmin torpaq sahəsinin yerləşmə yeri və konfiqurasiyası Potu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda əksini tapmışdır. Sözügedən torpaq sahəsi üçün X5 adına xx.xx.2018-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak obyekti kimi X5 adına xx.xx.2019-cu ildə qeydə alınmışdır. Beləliklə, işdə olan sübutlardan görünür ki, elektron kadastr məlumatlarında və daşınmaz əmlakın dövlət reyestri sənədlərində mübahisəli torpaq sahəsi (və orada yerləşən fərdi yaşayış evi) cavabdeh X5 mülkiyyəti kimi qeydə alınmışdır və həmin torpaq sahəsinə İddiaçı heç bir aidiyyatı yoxdur. Bundan başqa, İddiaçı xx.xx.2016-cı ildə Göyçay Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək xx xxxx 2007-ci ildə Göyçay rayonu Potu Bələdiyyəsindən 0,10 ha torpaq sahəsi aldığını, bunu təsdiq edən sənədləri itirdiyini, sənədlərin surətlərini Potu Bələdiyyəsindən əldə etsə də, lakin bələdiyyənin yerləşdiyi inzibati binada baş verən yanğın nəticəsində bütün sənədlər yanaraq məhv olduğu üçün torpaq sahəsini almasına dair sənədlərin əsllərini əldə edə bilmədiyini göstərmiş, həmin torpaq sahəsinə onun mülkiyyət hüququ üzrə sahiblik, istifadə etmək və sərəncam vermək faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə müraciət etdiyindən məhkəmə onun ərizəsinin baxılmamış saxlanması haqqında qərardad qəbul etmişdir. Bəhs edilən ərizədəki bəzi məqamlar İddiaçı qeyri-səmimiliyinə dəlalət edir. Belə ki, İddiaçı həmin ərizədə, bir tərəfdən, aldığı 0,10 ha torpaq sahəsinin sənədlərini itirdiyini və Potu Bələdiyyəsindən sənədlərin surətlərini əldə etdiyini, digər tərəfdən isə, bələdiyyənin yerləşdiyi inzibati binada baş verən yanğın nəticəsində bütün sənədlər yanaraq məhv olduğu üçün torpaq sahəsini almasına dair sənədlərin əsllərini əldə edə bilmədiyini göstərmişdir. Buradan, əgər sənədlər yanmışsa, onların surətlərinin necə (hansı sənədlərdən) çıxarıldığı başa düşülmür; belə vəziyyətdə sənədlərin surətləri yalnız saxtalaşdırıla bilər... Hazırkı iş üzrə apelyasiya şikayətində isə İddiaçı torpaq sənədlərinin Cavabdeh2 tərəfindən onun atası evindən oğurlandığını göstərmiş və bununla məhkəməyə eyni xüsusat barəsində fərqli və ziddiyyətli məlumatlar təqdim etmişdir. Bu hal İddiaçı hazırkı iddiasının Cavabdeh2 münasibətdə qərəzli xarakter daşımasına şübhə yaradır. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı cavabdeh R.Zülfüqarovanın mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı irəli sürdüyü iddia tamamilə əsassızdır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)-1449/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(046)-1449/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar