Məhkəmə qərarları › İş №2(107)-418/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-418/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-418/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1441/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin azaldılmasına dair ərizə təqdim edərək, 1600 (min altı yüz) manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxxx 2020-ci il tarixli, 2(075)- 1441/2020 qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 1600 (min altı yüz) manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Şəki rayonu, Bideyiz kəndində yaşayır. Göstərmişdir ki, həyat yoldaşı ilə birlikdə tez-tez bazar ərazisinə kənd təsərrüfatı malları gətirərək cavabdehin mağazasının önündə satmaqla məşğul olmuşdur. Belə ki, cavabdehin Şəki bazarı ərazisində mağazası olmuş və orada televizor satmış, həmçinin onlara gətirdiyi malları satmaq üçün mağazasının önündə onlara şərait yaratmışdır. Beləliklə də onunla Cavabdeh arasında səmimi münasibət yaranmış və cavabdeh onun etibarını qazanmışdır. 2014-cü ildə Cavabdeh onlardan bankdan kredit götürməsini, həmin pulu ona borc kimi verməsini xahiş etmiş, krediti isə vaxtı vaxtında ödəyəcəyini bildirmişdir. O da Cavabdeh etibar etdiyindən iki ayrı-ayrı bankdan – “xxxx” ASC-dən və “xxxx”ASC-dən kredit götrürərək ümumilikdə cavabdehə 6500 manat məbləğində borc pul vermişdir. Əvvəllər cavabdeh kredit borcunu onun əvəzindən vaxtıvaxtında ödəmiş, lakin bir müddət sonra ödəniş etməyi dayandırmışdır. Hesablamalarına görə hazırda cavabdehin ona 1600 manat məbləğində borcu qalmışdır. Buna görə də 1600 (min altı yüz) manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı, həyat yoldaşı ilə birlikdə tez-tez bazar ərazisinə kənd təsərrüfatı malları gətirərək onun mağazasının önündə satmaqla məşğul olmuşdur. Onun təzə bazar ərazisində elektronika malları mağazası olmuş və həmin mağazanın önündə iddiaçıya və onun həyat yoldaşına kənd təsərrüfatı malları satmaq üçün şərait yaratmışdır. 2014-cü ildə ona pul lazım olmuş və iddiaçıdan xahiş etmişdir ki, bankdan kredit götürərək ona versin. O da öz növbəmdə həmin kreditləri hər ay qrafikə uyğun ödəyəcəkmiş. Beləliklə İddiaçı “xxxx” ASC-dən 2000 manat və “xxxx” ASC-dən isə 1700 manat kredit götürərək ona, cəmi 3700 manat məbləğində borc pul vermişdir. Aralarında olan razılşmaya əsasən o, həmin 3700 manat borc pulu hər ay ödəməyə başlamışdır. 2015-ci ilədək ödənişlərlə bağlı hər hansı problemi olmamışdır. Lakin 2015-ci ildə ölkədə baş verən devalvasiya ilə əlaqədar maddi vəziyyəti pisləşmiş və kredit ödənişlərinin həyata keçirilməsində çətinliklər yaranmışdır. Ancaq sonradan bütün borcunu tam şəkildə ödəmiş və həmin vaxtdan bəri aralarında heç bir narazılıq yaranmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı həqiqətən də Banklardan kredit götürərək ona 3700 manat məbləğində borc vermiş, o da hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. O bu barədə qəbzlərə də imza etmişdir. Lakin o iddiaçıya olan borcunu tam olaraq ödəyib qurtarmış, hazırda heç bir borcu qalmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, həyat yoldaşı ilə birlikdə tez-tez bazar ərazisinə kənd təsərrüfatı malları gətirərək cavabdehin mağazasının önündə satmaqla məşğul olmuş, buradan da cavabdehlə səmimi münasibət yaranmışdır. 2014-cü ildə Cavabdeh onlardan bankdan kredit götürməsini, həmin pulu ona borc kimi verməsini xahiş etmiş, krediti isə vaxtı-vaxtında ödəyəcəyini bildirmişdir. O da Cavabdeh etibar etdiyindən iki ayrı-ayrı bankdan – “xxxx” ASC-dən və “xxxx”ASC-dən kredit götrürərək ümumilikdə cavabdehə 6500 manat məbləğində borc pul vermişdir. Əvvəllər cavabdeh kredit borcunu onun əvəzindən vaxtı-vaxtında ödəmiş, lakin bir müddət sonra ödəniş etməyi dayandırmışdır. Hesablamalarına görə hazırda cavabdehin ona 1600 manat məbləğində borcu qalmışdır. Apellyasiya şikayətini qəbul etmir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh öz xətti ilə qəbz yazıb iddiaçıya verməklə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arsında mübahisələndirlən pul məbləği ilə bağlı əlyazma qəbzlər var. İkinci, cavabdeh iddiaçıdan 3700 manat məbləğində borc pul aldığını etiraf etməklə borcunu tam olaraq iddiaçıya qaytadığını bildirsə də, kollegiya tərəfindən dəfələrlə təkilf olunmasına baxmayaraq buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı iddia tələbində cavabdehdən 6500 manat pulun ödənilməsini tələb etsə də, hesablamalar apardıqdan sonra cavabdehin ona 1600 manat borcunun olduğunu bildirmişdir. Üçüncü, cavabdeh qəbzə imza etdiyini bildirməklə yanaşı, heç bir borcunun qalmadığını bilirsə də qeyd olunan “qəbz” ilə iddia olunan məbləğdə pul verilmədiyi halda, həmin iltizamdakı şərtlərlə razılaşaraq imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız cavabdeh tərəfindən imzalanmış iltizamdakı pulun qaytarılması tələbidir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış qəbz əslində mahiyyət etibarı ilə də iddiaçıdan borc pul alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəf də, özü tərəfindən imzalanmış qəbzin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Buna görə də, qarşı tərəfdən hər hansı bir məbləğdə pul alınmadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1441/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar