Məhkəmə qərarları › İş №2(107)-42/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-42/2021

18.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-42/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı və maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyaisya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Seriya RX № 1231390, Seriya RX № ******* və Seriya RX № ******* saylı çıxarışlara əsasən ona məxsus olan torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qax rayonu Qarabaldır kəndində yerləşən 1.5371 ha torpaq sahəsinin Cavabdeh1 istifadə etdiyi 0.50 ha hissəsindən, Cavabdeh2 istifadə etdiyi 0.98 ha hissəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsinin ölçülərək iddiaçıya verilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyaisya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, onlar iddiaçıya məxsus torpaq sahəsi zəbt etməmişlər. İddiaçının göstərdiyi torpaq sahəsi aqrar islahatla əlaqədar onlara verilmiş və 25 ildir ki onların istifadəsindədir. Bundan əlavə birinci instansiya məhkəməsi iş üzrə ekspertizanın keçirilməsinə nail olmamış, ekspert rəyi olmadan qərar qəbul etmişdir ki, bu da yolverilməzdir. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)- 428/2019 saylı qətnаməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq hüzürlə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini və məhkəmə iclasının başqa bir vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə iclasının başqa bir vaxta təxirə salınmasını zəruri edən hər hansı bir dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qətnaməsində Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-428/2019 saylı qərardadına əsasən iddia tələbinin “Seriya RX № 1231390, Seriya RX № ******* və Seriya RX № ******* saylı çıxarışlara əsasən ona məxsus olan torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi”nə dair hissəsi məhkəmənin aidiyyətində olmadığı üçün tələbin həmin hissəsində mülki iş üzrə icraata xitam verilmişdir kimi qeyd edilmişdir. Halbuki iş materiallarında belə bir qərardad mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnаməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. İddia tələbinin Seriya RX № 1231390, Seriya RX № ******* və Seriya RX № ******* saylı çıxarışlara əsasən iddiaçıya məxsus olan torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, torpaq sahəsinin ölçülərək onun istifadəsinə verilməsi hissəsi məhkəmə kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 13-cü mаddəsinin İ hissəsində göstərilir ki, Azərbаycаn Respublikаsındа mülkiyyət toxunulmаzdır və dövlət tərəfindən müdаfiə olunur. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 29-cu mаddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib olmаq, əmlаkdаn istifаdə etmək və onun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı olmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilrsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 84-cü mаddəsinə əsаsən torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri: qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə, torpağın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxxx 2003-cü il tarixli Plenumunun 6-cı maddəsində izah olunur ki, torpaq sahəsi üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətləri qismən əsaslıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş iş üzrə keçirilmiş Müstəqil Məhkəmə Ekspertizası MMC-nin xx xxxxxx 2020-ci il tarixli rəyindən məlum olur ki, Seriya RX № 1231390, Seriya RX № ******* və Seriya RX № ******* saylı çıxarışlara əsasən İddiaçı məxsus olan torpaq sahələri Cavabdeh2 məxsus Seriya RX № ******* saylı torpaq sahəsi ilə üst-üstə düşmür, lakin digər Cavabdeh1 məxsus JN-0066 saylı torpaq sahəsinin cənub hissəsində üst-üstə düşür. Həmçinin Seriya RX № ******* saylı çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinin şimal hissəsindən 0.1793 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahələri Autocad və ArcMap proqramları vasitəsilə tərtib edilən ortofotoplanda aydın şəkildə göstərilmişdir. Belə olduğu təqdirdə apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh1 Seriya RX № ******* saylı çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinin zəbt etdiyi 0.1793 ha hissəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 Seriya RX № ******* saylı çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinin zəbt etdiyi 0.1793 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pulun 150 manatı İddiaçı 150 manatı isə Cavabdeh1 tutularaq Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AllB******************** hesаbınа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar