Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-42/2022 16.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6 və qeyrilərinə qarşı “cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, mülkiyyətin toxunulmazlığı, ekspertiza məsələləri,) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh X3 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tаrixli 2(039)-1280/2020 saylı qətnaməsindən cavabdehlər X8, Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər X6 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən zəbt edilmiş, onun istifadəsində olan Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən 46,04 ha torpaq sahəsindən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 20 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X7 ilə Yevlax rayon Aran Bələdiyyəsinin 27.02.2006-cı il tarixli 28 nömrəli qərarı əsasında bağlanmış 02.03.2006-cı il tarixli 08 nömrəli icarə müqaviləsi əsasında Yevlax rayon Bələdiyyəsinin mülkiyyətində olan 38 nömrəli çevrədən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 200 ha torpaq sahəsi ayrılaraq mərhum ərinin istifadəsinə verilmişdir. Mərhum ərinin adına Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9398 saylı KOD 90100016 olan Şəhadətnamə verilmişdir. Yevlax rayon Aran Bələdiyyəsinin ərazisində 200 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksinə dair müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən icra edilərək, Yevlax rayon Aran Bələdiyyəsinin ərazisində 200 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksi binaları mərhum əri X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ona hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14.03.2014-cı il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarış və tikilinin Texniki Pasportu verilmişdir. Qeyd olunan torpaq sahəsinin 46,04 ha hissəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tаrixli, 2(039)-1280/2020 saylı qətnaməsi ilə (hakim G.Cavadova) iddianın qismən təmin edilməsi, cavabdehlər X8, Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlunun İddiaçı istifadəsində olan Yevlax rayonu Aran qəsəbədində yerləşən 200 ha torpaq sahəsinin 12,14 hektar hissəsindən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun müştərək qaydada cavabdehlər X2, Cavabdeh2 Cümşüd oğlundan və Cavabdeh3 Cümşüd oğlundan İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat məbləğində pulun İddiaçı, 503 manat pulun müştərək qaydada cavabdehlər X2, Cavabdeh2 Cümşüd oğlundan və Cavabdeh3 Cümşüd oğlundan alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: ********** Hesab AZ 23AİİB********************) köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin 12,14 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə mütəxəssisin, iddiaçının və cavabdehin iştirakı ilə baxış keçirilərək cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Həmin koordinatlar Yevlax rayonu “Aran” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirildikdə, iddiaçının 16.03.2006-ci il tarixli, KOD 90100016 saylı, JN seriyalı 9398 №-li torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən istifadəsinə verilmiş, 3 hissədən ibarət olan 200 ha torpaq sahəsinin 60,52 hektar hissəsinin 12,14 hektarının cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Beləliklə qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin 12,14 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 158.2, 158.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar Laçın rayonundan məcburi köçkündürlər və 1992-ci ildə torpaqlarından didərgin düşdükdən sonra Yevlax rayonunun Aran qəsəbəsinə məxsus Bozdağ adlanan sudan, qazdan, elektrik işığından məhrum bir şəraitsiz yerdə məskunlaşaraq ailələri ilə indiyə kimi orada yaşayırlar. Həmin torpaq Aran qəsəbə sakini Çingiz adlı şəxsə məxsus idi və ona pul verib torpağı almışlar. Lakin səriştəsizlik üzündən vaxtında sənədləşdirmə aparmamışlar. Heyvanları olduğundan onları saxlamaq xatirinə çox çətin vəziyyətə qatlaşaraq orada dözüb qalmışlar. Həm özləri, həm də heyvanları üçün müəyyən şərait yaratmışlar. Orada olan torpaq sahəsini də lazım olduqda otlaq sahəsi və əkib-becərmək üçün istifadə etmişlər. Öhdələrində olan iri və xırda buynuzlu heyvanları 55 nəfərə məxsusdur. Onların içində gözdən 1-ci qrup əlil olan qohumları, heyvan saxlamağa imkanı olmayan tanışları, 1-ci Qarabağ müharibəsində şəhid olmuş şəxsin, 2-ci Qarabağ müharibəsinin iştirakçılarının da heyvanları vardır ki, onlara etibar ediblər və onlar da heyvanları saxlayırlar. Həmin yerdə məskunlaşandan təxminən 10 il sonra İddiaçı oğlu, onların torpaq qonşuları X10 və qeyriləri heç bir hüququ olmadan onların məskunlaşdıqları torpaq sahəsinin bir hissəsini ələ keçirmək üçün müxtəlif vasitələrə əl atmağa, onlara təzyiq etməyə başladılar. Tələb edirdilər ki, onlar oradan çıxıb getsinlər. Özlərinin 200 hektardan çox torpaq sahələri vardır və gözləri doymur, həmin torpaqla kifayətlənmir, qonşuluqda olan sahələri də ələ keçirmək istəyirlər. Hətta 2014-cü ilin may ayında onların saxladıqları özlərinə, 1-ci qrup əlillərə və başqalarına məxsus 70 baş xırda buynuzlu, 4 baş iri buynuzlu heyvan, 6 baş çoban iti zəhərlənərək ölmüşdür. Baytar həkimlərinin səyinə baxmayaraq, ölümün qarşısını almaq mümkün olmamışdır. Heyvanları Azərgil zəhərləmişlər. Lakin şikayətlərinə baxan olmamışdır. İddiaçı tərəf həmişə onlarla ziddiyyətdə olmuş və qərəzli olaraq məskunlaşdıqları torpağı əllərindən almaq üçün hər bir vasitədən istifadə edirlər. Heyvanlarına sudan istifadə etməyə, otlaq sahəsindən istifadə etməyə imkan vermədilər. Nəticədə yemsizlikdən xeyli sayda iri və xırda buynuzlu heyvanları acından qırıldılar. Bunların hamısının fotoşəkilləri çəkilmişdir və təqdim edə bilərlər. Torpaqda məskunlaşmaqla onlar heç bir qanunsuzluq etməmişlər. Dövlətin qanunları əsasında məskunlaşmışlar və 28 ildən çoxdur ki, yaşayırlar. Yevlax Rayon Məhkəməsinin qətnaməsində göstərilir ki, onlar cavabdehlər İddiaçı istifadəsində olan 200 hektar torpaq sahəsinin 12,14 ha hissəsini qanunsuz istifadə edirlər və həmin sahədən çıxarılmalıdırlar. Məhkəmənin bu qənaəti əsassızdır. Belə ki, cavabdehlərdən Cümşüd Binnətəliyevin müraciəti əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyinin əməkdaşları torpaq sahəsinə yerində baxmaqla araşdırma aparmışlar və bununla əlaqədar həmin agentliyin 12.10.2020-ci il tarixli **********32 saylı məktubu vardır. Həmin məktubda göstərilir: Müraciətinizdə qeyd edilən məsələ ilə bağlı araşdırma aparılan zaman, məcburi köçkün kimi məskunlaşdığınız Bozdağ adlanan ərazidən istifadənizdə olan 12,0 hektar torpaq sahəsinin 7,0 hektarının təyinatı dəyişdirilərək "xxxx" MMC-nin istifadəsinə verilmiş, 5,0 hektarının isə bələdiyyə mülkiyyətinə aid boş torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi qonşuluqda yerləşən və bələdiyyə tərəfindən vətəndaş X4 icarə müqaviləsi əsasında 15 illik icarəyə verilmiş 200 ha örüş torpaq sahəsinin sərhədindən kənarda yerləşir. Əsas məsələ budur. Torpaq üzrə ən yüksək orqan olan Agentliyin rəsmi verdiyi rəy bundan ibarətdir. Məhkəmənin dəvət etdiyi mütəxəssis hansı əsaslara görə və hansı məqsədlə düzgün olmayan rəy verməsi məlum deyildir. Göründüyü kimi iddiaçı tərəf özünə məxsus olmayan 12,14 ha torpaq sahəsini də qanunsuz olaraq özününkiləşdirmək istəmişdir. Onlar məhkəmə iclaslarında iştirak etməmiş, heç bir izahat verməmişlər, onların fikri soruşulmamışdır. Məhkəmənin olması barədə xəbərləri olmayıb. Hətta qətnamədən cavabdeh kimi onların xəbəri olmayıb və surətini yalnız 29 yanvar 2021-ci il tarixdə almışlar. Qətnamədə qeyd edilir ki, onlara lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmişlər. Qeyd edir ki, onlar Aran qəsəbəsindən kənarda, Bozdağ adlanan yerdə yaşayırlar. Ola bilsin ki, məhkəmə məktub göndərib, lakin məktublar onlara çatmayıb. Məhkəmə qətnaməsi də məhkəmə tərəfindən rəsmi qaydada göndərilsə də onlara yalnız 29 yanvar 2021-ci ildə verilmişdir. Bildirir ki, mülki işə onların iştirakı olmadan baxılması onların Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndində təsbit olmuş hüquqlarını kobud şəkildə pozmuşdur. Bu maddənin tələbinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verildiyi halda, işə onların iştirakı olmadan baxılmış, onların bu maddədə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə onların iştirakı olmadan işə baxıb qərar çıxararkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77-77.1-ci maddəsində təsbit olunmuş hüquqlarını da məhdudlaşdırmışdır. Bu maddənin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə onların iştirak etməməyini sübut etmək hüquqlarını pozmuşdur. Bu onu göstərir ki, məhkəmə qətnamə qət edərkən sübutları düzgün qiymətləndirməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1, 9.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulmaqla qətnamə qət edilmişdir. Yevlax Rayon Məhkəməsi isə göstərdiyi bu xüsusatları nəzərə almamış, tam əsassız və qanunsuz qətnamə çıxarmışdır. Hətta Məhkəmə onların məcburi köçkün olmaqlarını, 28 il müddətində qeyd edilən torpaq sahəsində məskunlaşaraq oranı qoruyub saxladığını, dəfələrlə yardımlar etdiklərini də nəzərə almamışdır. Beləliklə, qeyd edilənlər bir daha onu sübut edir ki, məhkəmə qətnamə qət edərkən həm maddi, həm də prossesual hüquq normalarının tələbini pozmuşdur. Ona görə də məlum qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli iddia rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(039)- 1280/2020 saylı qətnaməsini ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X8 izahat verərək apellyasiya şikayətinin təmin edilməsi və iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tаrixli, 2(039)-1280/2020 saylı qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və digər cavabdehlər Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(039)-1280/2020 saylı qətnaməsini ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin Yevlax rayonu Aran qəsəbədində yerləşən 200 ha torpaq sahəsinin 12,14 hektar hissəsindən çıxarılmasını təmin etməkdə səhvə yol vermişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(039)-1280/2020 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iş materiallarında olan JN:9398 KOD 90100016 saylı “torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnaməyə əsasən Yevlax rayon Aran Bələdiyyəsinin 27.02.2006-cı il tarixli 28 nömrəli qərarı ilə Yevlax rayon Aran Bələdiyəsinin mülkiyyətində olan 200 ha torpaq sahəsi 15 il müddətinə heyvandalığı inkişafı məqsədi ilə X1 istifadəsinə verilmişdir. Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 iyun 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 628696 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 01.05.2013-cü ildə vəfat etmişdir. 25.04.2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 01.05.2013-cü ildə vəfat etmiş X1 arvadı İddiaçı mirasda payı mirasın 100%-dən (tam) ibarətdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin 12 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin cavabdehlərin İddiaçı istifadəsində olan 200 hektar torpaq sahəsinin 12,14 ha hissəsindən qanunsuz istifadə etməsi və həmin sahədən çıxarılmalı olduqları ilə bağlı qənaəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Ona görə də hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən rəyin verilməsi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti”nə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə mütəxəssisin, iddiaçının və cavabdehin iştirakı ilə baxış keçirilərək cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Həmin koordinatlar Yevlax rayonu “Aran” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirildikdə, iddiaçının 16.03.2006-ci il tarixli, KOD 90100016 saylı, JN seriyalı 9398 №-li torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən istifadəsinə verilmiş, 3 hissədən ibarət olan 200 hektar torpaq sahəsinin 60,52 hektar hissəsinin 12,14 hektarının cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul etməmiş və mülki işin daha obyektiv araşdırılması üçün eksperiza təyin edilmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 08 aprel 2022-ci il tarixli, 10/1983 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən, Yevlax rayonu "Aran" təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsində mövcud olan, iddiaçının adına tərtib edilmiş JN 9398 (kod ********) saylı "Torpaqdan müvəqqəti istifadə hüququna" dair 16.03.2006-cı il tarixli şəhadətnaməyə əsasən icarəsinə verilmiş İİİ hissəli 200.0 ha torpaq sahəsinin, 9398 A nömrəli çevrəsində göstərilmiş 60,52 ha torpaq sahəsinin 12.0 ha hissəsinin naturada cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdehlər bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehlər apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və rəy cavabdehlərin mübahisəli torpaq sahəsinin 12 ha hissəsindən çıxarılması ilə bağlı dəlillərini təsdiq edir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehlərin hər hansı bir hüququnu təsdiq edən sənəd iş materiallarında aşkar edilməmişdir. Belə ki, cavabdehlər həm apellyasiya şikayətində həm də məhkəmə iclasında verdikləri izahatlarında mübahisəli torpağa dair sənədlərinin olmadığını etiraf etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla Yevlax rayonu, Araz qəsəbəsində yerləşən 803.5 kv.m daşınmaz əmlak 15.08.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olduğu halda kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququ qorunmalıdır. Həmçinin apellyatorlar apellyasiya şikayətinin dəlillərində bildirmişlər ki, onlar məhkəmə iclaslarında iştirak etməmiş, heç bir izahat verməmişlər, onların fikri soruşulmamışdır. Məhkəmənin olması barədə xəbərləri olmayıb. Hətta qətnamədən cavabdeh kimi onların xəbəri olmayıb və surətini yalnız 29 yanvar 2021-ci il tarixdə almışlar. Kollegiya yuxarıda qeyd edilmiş dəlillə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, cavavdehlərə məhkəmə iclasları barədə bildirişlər göndərilmişdir. İş materiallarında olan teleqram (səh. 68) və ərizələrdən (səh.75) də görünür ki, onların məhkəmə iclasları barədə məlumatları olmuşdur. Ona görə də kollegiya hesab edir ki, cavabdehlərin bu dəlili əsassızdır və formal mülahizələrə əsaslanır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə kollegiya hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(039)- 1280/2020 saylı qətnaməsi dəyişdirilməli, cavabdehlər iddiaçıya məxsus Yevlax rayonu Aran qəsəbəsində yerləşən 200 ha torpaq sahəsinin 12,0 hektar hissəsindən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər X8, Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tаrixli, 2(039)-1280/2020 saylı qətnaməsi dəyişdirilsin. Cavabdehlər X8, Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlu iddiaçıya məxsus İddiaçı istifadəsində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 200 ha torpaq sahəsinin 12,0 hektar hissəsindən çıxarılsınlar. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manatın cavabdehlərdən müştərək qaydada tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X9, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-42/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-42/2022
16.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver