Məhkəmə qərarları › İş №2(107)-421/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-421/2022

22.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-421/2022 22.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(019)-1090/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Kortala kəndində yerləşən, JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 161C və 161 N planşet nömrələrində göstərilən 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən cavabdeh X1 çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması,ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddiasının rədd edilməsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə İddiaçı, X11, X12, X5 və X13 Balakən rayonu Kortala kəndindən verilmiş 1.74 ha torpaq sahəsinin ona və anasına satılmasına dair 08 noyabr 2002-ci il tarixli alqı-satqı əqdinin-müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 16 dekabr 2021-ci il tarixli, 2(019)- 1090/2021 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı, X7, X8, X2 və X9 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməsi, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, Cavabdeh İddiaçı qarşı “İddiaçı iddiasının rədd edilməsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə İddiaçı, X11, X12, X5 və X13 Balakən rayonu Kortala kəndindən verilmiş 1.74 ha torpaq sahəsinin ona və anasına satılmasına dair 08 noyabr 2002-ci il tarixli alqı-satqı əqdinin-müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. İşin halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Kortala kəndində yaşayır. Balakən rayonu Kortala kəndində aparılan torpaq islahatı nəticəsində ona və ailə üzvləri olan X11, X12, X6 və X13 Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.74 ha torpaq sahəsinə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmış və verilmişdir. Həmin torpaq sahələri üç ayrı planşet nömrələrində hazırlanmışdır. JN 161 planşet nömrəsində olan 0.11 ha torpaq sahəsi başqa ərazidə, 161C və 161N planşet nömrələrində olan 1.63 ha torpaq sahəsi isə cavabdehin yaşadığı torpaq sahəsinə bitişik ərazidən verilmişdir. Xeyli müddətdir ki, ailə vəziyyəti ilə bağlı Bakı şəhərində yaşayır. Buna görə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 161C və 161N planşet nömrələrində göstərilən 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini Cavabdeh istifadə etmək məqsədi ilə vermişdir. Hazırda isə həmin torpaq sahəsinə ehtiyacı var. Torpaq sahəsinin onların istifadəsinə qaytrılması ilə bağlı Cavabdeh dəfələrlə şifahi müraciətlər etmişdir. Cavabdeh isə 1.63 ha kənd təsərrüfatlı torpaq sahəsindən çıxmaq istəmir. 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin onların mülkiyyətinə qaytarılması barədə cavabdehə müraciət etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişlər. Lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qarşılqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o və Gondolova - X10 08 noyabr 2002-ci il tarixdə ilk İddiaçı ilə yazılı sadə müqavilə bağlayaraq ona və ailə üzvlərinə məxsus 0,25 ha həyətyanı sahəsini bir obyekt kimi istifadəyə yararsız 1 otaqdan ibarət 35 kv/m sahəsi olan yaşayış evini və JN161 KOD 40106018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və onun ailə üzvülərinə məxsus 1,74 ha torpaq sahəsini o da daxil olmaqla 7 nəfər kənd sakininin iştirakı ilə ona 10.000.000 manat (bir milyon manat) həmin dövrün pulunu verib bu torpaq sahəsini alqı satqı ilə almışlar. 19 ildir ki həmin torpağı kübrə peyin verməklə münbitləşdirərək istifadə edirlər. Notariat Kontoruna alqı satqı ilə bağlı gedərkən elə bilmişdir ki, bu torpaq sahəsinin də alqı satqısı həmin alqısatqı müqaviləsində qeyd olunub . Ancaq indi bilir ki, bu torpağın alqı- satqısı müqaviləyə qeyd olunmayıb. Bu torpaq sahəsi ölçülərək ona ilk iddiaçı tərəfindən təhvil verilibdir. Akt satıcı və alıcı tərəfindən imzalanmışdır. Hazırda ilk iddiaçı aktın notariat qaydasında təsdiq olunmamasından istifadə edərək torpaq sahəsini geri almaq istəyir. O, vicdanlı alıcı kimi öz üzərinə düşən vəzifələrini icra etmişdir .Əks tərəf isə yazılı əqdə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra edərək öhdəliyə tam əməl etməmişdir. Torpaq və evi ona satsa da torpaq sahəsinin alqı- satqısı müqaviləsi üzrə icradan yayınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı və onun ailə üzvlərinə məxsus Balakən rayonu, Kortala kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini, həyətyanı torpaq sahəsində tikilmiş köhnə tikilini və həmin həyətyanı torpaq sahəsinə bitişik kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 08 noyabr 2002-ci il tarixdə almışlar. Həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış, lakin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı- satqı müqaviləsi şifahi formada bağlanmışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 ildir ki, onun istifadəsindədir. Məhkəmə iddiaçının iddia tələbini təmin edərkən mübahisələndirilən torpaq sahəsinə dair gediş-gəliş yolunun olmaması, həmin torpaq sahəsinə 20 ildən artıq qulluq etdiyi, torpaq sahəsinin üzərində yerləşən ağaclara əşya hüququnun olmasını nəzərə almamışdır. Məhkəmə araşdırmaları nəticəsində işdə olan sübutlar əsasında və şahidlərin vermiş olduqları izahatlarla müəyyən olunur ki, aralarında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi ilə bağlı münasibətlər yaranmış, 20 ildən artıqdır ki, mübahisələndirilən torpaq sahəsi onun və ailəsinin istifadəsində olmuş, həmin torpaq sahəsində fındıq, qoz, şabalıd və digər ağaclar əkilmiş, torpaq sahəsinə onlar tərəfindən qulluq olunmuşdur. Lakin məhkəmə tərəflər arasında mövcud olan faktiki halları nəzərə almamış, qarşılıqlı iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 2(019)-1090/2021 saylı 16.12.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması, İddiaçı iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti işi süni şəkildə yubatmaq məqsədi daşıyır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, mübahisəsi gedən torpaq sahəsi iddiaçı və onun ailə üzvləri olan 3-cü şəxslərə məxsusdur. İddiaçı həmin torpağı qanuni əsaslarla əldə edib, mülkiyyət hüququ qazanmasına baxmayaraq, cabvabdeh tərəf öz qanunsuz əməllərindən əl çəkmir. Ona görə də birinci instnasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh ( və ya onun nümayəndəsi, vəkili), həmçinin iş üzrə cəlb olunmuş 3-cü şəxslər (Telman, Elman, Elnarə və Əhməd Yusifovlar) məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(019)-1090/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlər; JN-161 KOD 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə İddiaçı, X11, X12, X6 və X13 Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 hektar torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X17 13 aprel 1985-ci ildə, X14 21 mart 1987-ci ildə, və X18 isə 29 yanvar 1990-cı ildə anadan olmuşlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 170676 nömrəli, 08 noyabr 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh anası X10 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 08 noyabr 2002-ci il tarixli müqaviləni bağlamış və özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X3 10000000 (on milyon) manata satmışdır. Müqavilə reyestrdə 4-Ə-88 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.06.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Kortala kəndində 0.1099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X7, X8, X2 və X9 ümumibirgə mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş; Şahid3 göstərmişdir ki, İddiaçı özlərinə və ailə üzvülərinə məxsus həyətyanı torpaq sahəsini, orada olan evi və pay torpaq sahəsini 2002-ci ildə Cavabdehgilə satmışdır. İndiyə kimi də həmin torpaq sahələrindən Cavabdeh istifadə edir. O, həmin alqı-satqı zamanı iştirak etməmişdir, lakin bunu eşitmişdir. Sevda torpaq sahəsini geri tələb etməkdə haqlı deyildir. X4 göstərmişdir ki, Sevda anasının dayısı qızıdır,İsrafil kəndçisidir. İddiaçı təxminən 2002-ci ildə özünə və ailə üzvülərinə məxsus həyətyanı torpaq sahəsini, orada olan köhnə evi İsrafilin atasına satmışdır. Həmin vaxt Sevda pay torpaq sahəsini də İsrafilin atasına satmışdır. İndiyə kimi də həmin torpaq sahələrindən İsrafil Göndolov istifadə edir. O, həmin alqı-satqı zamanı pulun verilməsində iştirak etməmişdir, lakin o bunu eşitmişdir. Sevda pay torpaq sahəsini geri tələb etməyə başlayandan sonra, 7-8 ay bundan əvvəl İsrafil torpağı almalarına dair akt yazıb gətirmiş, o da həmin akta imza etmişdir. Həmin vaxt aktın tarixinə fikir verməmiş, nə yazıldığını oxumamışdır. Bu aktdan əvvəl o, torpaq sahəsinin alqısatqısı ilə bağlı heç bir sənədə imza etməmişdir. Şahid1 göstərmişdir ki, İddiaçı və Cavabdeh tanıyır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. İddiaçı təxminən 2002-ci ildə özünə və ailə üzvülərinə məxsus həyətyanı torpaq sahəsini, orada olan köhnə evi İsrafilin atasına satmışdır. Həmin vaxt Sevda pay torpaq sahəsini də İsrafilin atasına satmışdır. İndiyə kimi də həmin torpaq sahələrindən Cavabdeh istifadə edir. O, həmin alqı-satqı zamanı iştirak etməmişdir, lakin o bunu eşitmişdir. Sevda pay torpaq sahəsini geri tələb etməyə başlayandan sonra, İsrafil torpağı almalarına dair akt yazıb gətirmiş, o da həmin akta imza etmişdir. Həmin vaxt aktın tarixinə fikir verməmiş, nə yazıldığını oxumamışdır. Bu aktdan əvvəl o, torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir sənədə imza etməmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Balakən rayonu Kortala kəndində yaşamışdır. Onun həmin kənddə 25000 kv/m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evi olmuşdur. Həmçinin Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə İddiaçı və ailə üzvləri- X7, X8, X2 və X9 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.74 ha torpaq sahəsinə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanıb verilmişdir. Həmin torpaq sahəsinin 1.63 ha hissəsi Cavabdeh yaşadığı torpaq sahəsinə bitişik ərazidən verilmişdir. İddiaçı Cavabdeh anası X10 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 08 noyabr 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35 kv/m olan fərdi yaşayış evini X3 10000000 (on milyon) manata satmışdır. İddiaçı Bakı şəhərində yaşadığından sözügedən 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini də müvəqqəti olaraq Cavabdeh istifadəsinə vermişdir. Hazırda iddiaçı özünün və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsini Cavabdeh geri tələb edir. Sonuncu isə həmin torpaq sahəsini də aldığını bildirərək torpaq sahəsindən iddiaçının istifadəsinə imkan vermir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, torpağın ona məxsus olmasını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə iş üzrə təqdim olunmuş sənədlərdən görünür ki, mübahisəsi gedən torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Göründüyü kimi mübahisələndirilən torpaq sahəsi mülkiyyət hüququ ilə ilk iddiaçıya məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilk iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəlmiş olduğu mövqe ilə də razılaşır və özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş sənədlər, o cümlədən iş materiallarının 43-cü səhifəsindəki AKT mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır…. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin etibarlı hesab olunması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi əqdin etibarlı hesab olunması üçün əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(019)-1090/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar