Məhkəmə qərarları › İş №2(107)-422/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-422/2023

05.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-422/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçılar - İddiaçı1 və İddiaçı2, Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2, Mütəxəssis - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquluşu üzrə mühəndisi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin onlara təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(033)-6/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********06 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsusdur. AA seriyalı 602872 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********45 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,5156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2 Sədəddin oğlu, X6, X9, X5 məxsusdur. AA seriyalı 589901 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir.

3. X17 Kitabında xx.xx.2009 tarixli 1284 nömrəsi ilə uçota alınmış A129496 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, plan və ölçü sənədi X7 məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 4140,98 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barədə tərtib edilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydiyyata alınmış 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsi Cavabdeh1 və qalan 0.0657 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən ayrıayrılıqda istifadə edilən torpaq sahələrinin konkret ölçüləri, sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 10/6510 nömrəli rəyindən görünür ki, məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydiyyata alınmış 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsi Cavabdeh1 və qalan 0.0657 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən ayrı-ayrılıqda istifadə edilən torpaq sahələrinin konkret ölçüləri, sərhədləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-38/2022 saylı iş üzrə 0.26 ha mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi, torpaq-kadastr baza melumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə dair xərclərin smetasından görünür ki, smeta xərci 95 manat təşkil edir.

7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Bəhmətli kəndində yerləşən, ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.2624 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.

8. İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək torpaq kadastr baza məlumatlarının verilməsinə dair hesablanmış 95 manat arayış üçün xərc və 1 manat komissiya xərcinin də cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətində Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021 tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarış da verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunur və mülkiyyət hüquqları cavabdehlər tərəfindən qanunsuz olaraq pozulur. Dəfələrlə cavabdehdən həmin torpaq sahələsindən çıxmasını tələb etsələr də, müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmır. Könüllü olaraq torpaqdan çıxmadıqlarına görə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd etdiyi faktı ərizəyə əlavə etdiyi sənədlər bir daha təsdiq edir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil1 çıxış edərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ona məxsus torpaq sahəsi ilə digər cavabdeh və iddiaçılara məxsus torpaq sahələri qonşu ərazilərdə yerləşir. Həmin ərazidə torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı problemlər olduğundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmiş və həmin torpaq sahələrində ölçü işləri aparılmışdır. Ölçü işlərinin nəticəsi olaraq bildirilmişdir ki, torpağa dair sənədlərdə 7 metr sürüşmə olmuşdur. İddia tələbi ilə razı deyil və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 verdiyi izahata uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 11 yanvar 2023-cü il tarixli, 2(033)-6/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən reyestr nömrəsi **********06 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 aprel 2021-ci il tarixli çıxarışda göstərilən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,07 ha hissəsindən Cavabdeh1 Ramiz oğlu, 0,0657 ha hissəsindən Cavabdeh2 çıxarılmaları, həmin torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməsi, İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməsi, 96 (doxsan altı) manat mütəxəssis xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ramiz oğlundan müştərək qaydada alınaraq İddiaçı1 ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ramiz oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Cavabdeh1 Ramiz oğlu torpaq sahəsinin 0,07 ha hissəsini, Cavabdeh2 torpaq sahəsinin 0,0657 ha hissəsini zəbt etmişdir. Cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh1 Ramiz oğlu iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,07 ha hissəsindən, Cavabdeh2 isə iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,0657 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməlidir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.2, 152.5, 157.2,157.4-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 89, 107, 115.0.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

18. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

19. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 vermiş olduğu apellyasiya şikayətində göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsini zəbt etməsi ümumiyyətlə mümkünsüzdür. Çünki, Cavabdeh2 ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsi arasında iş üzrə digər Cavabdeh1 mərhum atası X4 məxsus 4140,98 m2 sahəyə malik torpaq sahəsi vardır. Yəni, Cavabdeh2, iş üzrə digər Cavabdeh1 mərhum atası X4 məxsus 4140,98 m2 sahəyə malik torpaq sahəsini aşaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsini zəbt etməsi mümkünsüzdür. Ancaq işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 10/6510 nömrəli rəyindən belə başa düşülür ki, sanki Cavabdeh2 iddiaçılarla qonşu olan Cavabdeh1 aşaraq iddiaçılara məxsus 0,0657 ha torpaq sahəsini zəbt etmişdir. Bununla yanaşı, iş üzrə digər Cavabdeh1 da iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsini zəbt etməsi mümkünsüzdür. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş A seriyalı 129496 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən də göründüyü kimi, iş üzrə digər Cavabdeh1 istifadə etdiyi torpaq sahəsi atasına Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş və hazırda cavabdehə miras qalmış torpaq sahəsidir. İşin bu halını 1:2000 miqyasda tərtib edilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerqruluşu planı ilə, apellyasiya şikayətinə əlavə edilmiş A seriyalı 129496 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin sonunda qeyd olunan 1:2000 miqyasda torpaq sahəsinin planı ilə müqayisəli şəkildə tədqiqat aparmaql müəyyən etmək mümkündür. Yuxarıda qeyd olunan iki sənəd arasında müqayisəli tədqiqat aparılacağı təqdirdə açıq aşkar müəyyən olunur ki, Cavabdeh1 istifadə etdiyi torpaq sahəsi atasına Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş və hazırda cavabdehə miras qalmış torpaq sahəsidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia etdikləri torpaq sahəsi kolluq ərazidir və oradan heç kim istifadə etmir. Zaqatala Rayon Məhkəməsi iş üzrə həqiqətə nail olmaq məqsədi ilə torpaq sahəsinə yerində baxış keçirməli, mütəxəssisi şahid qismində dindirməli, A seriyalı 129496 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan ölçüləri də nəzər almaqla təkrar ekspertiza təyin etməli idi. Qeyd olunanlarar əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhəkəməsin 11 yanvar 2023-cü il tarixli, 2(033)-6/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(033)-6/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdilər.

22. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(033)-6/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

23. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində iştirak edən 18 saylı Zaqatala Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquluşu üzrə mühəndisi X2 hazırkı mülki iş üzrə verdiyi mütəxəssis rəyini müdafiə etdiyini bildirdi.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(033)-6/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

25. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən ərizə ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsində olan məhkəmə proseslərində iştirakının zəruri olması səbəbi ilə hazırkı işdə iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə kollegiyası iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

28. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

29. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

33. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

38. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

39. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

40. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

41. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

42. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

49. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

50. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(033)-6/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

56. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

57. Apellyasiya şikayətinin başlıca dəlili təkrarməhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlıdır.

58. Apellyasiya baxışının əvvəlki iclasında cavabdehlər və onların nümayəndəsi və vəkili hər biri ayrı-ayrılıqda təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişlər.

59. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 02 may 2023-cü il tarixli, 2(107)-422/2023 saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

60. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6898 nömrəli məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyində qeyd olunur ki; - Cavabdeh2 Sədədin oğlunun faktiki istifadə etdiyi 0.41 ha torpaq sahəsi xx.xx.2021ci il tarixində 36210Q1311 qeydiyyat nömrəsi ilə qeydə alınmış, reystr nömrəsi **********45 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və AA şeriyalı 589901 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2 Sədədin oğlu, X6, X9, X10, X5 məxsus 0.5156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilindədir. - Cavabdeh1 faktiki istifadəsində olan 0.44 ha torpaq sahəsi X20 kitabında xx.xx.2009 tarixli 1284 nömrəsi ilə uçota alınmış A129496 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən X7 məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 4140.98 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə qalan qalan 0.03 ha hissəsi ilə digər mülkiyyətçilərin sənədlərində göstərilən torpaq sahələrinin cizgiləri daxilinə düşür. - İddaçıların faktiki istifadəsində olan 0.1248 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrində xx.xx.2021-ci il tarixində ********** nömrə ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydiyyata alınmış 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrində xx.xx.2021-ci il tarixində ********** nömrə ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydiyyata alınmış 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0715 ha hissəsinin naturada Cavabdeh1 istifadə edir və qalan 0.0657 ha torpaq sahəsindən naturada cavabdeh və iddaçı istifadə etmədiklərini bildirmişlər.

61. 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6898 nömrəli ekspert rəyində iddiaçılara məxsus 0.2624 ha torpaq sahəsinin 0.0657 ha torpaq sahəsindən naturada cavabdeh və iddaçı istifadə etmədikləri göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında dindirilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisi X2 bildirmişdir ki, vermiş olduqları mütəxəsis rəyini müdafiə edir. Mübahisəli əraziyə baxış zamanı həm İddiaçı1, həm də Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin 0.0657 ha hissəsindən istifadə etmədiklərini bildirdikləri üçün vermiş olduqları mütəxəssis rəyində torpağın 0.0657 ha hissəsindən iddiaçı və Cavabdeh2 istifadə etmədiklərini göstərmişlər.

62. Lakin məhkəmə kollegiyasının iclasında Cavabdeh2 iddiaçılara məxsus torpağın 0.0657 ha hissəsindən özünün istifadə etdiyini etiraf etmişdir.

63. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, reyestr nömrəsi **********06 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3nun adına daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçılar iddia ərizəsi ilə müraciət edərək ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirmiş və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onlara təhvil verilməsini xahiş etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 10/6510 nömrəli və 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6898 nömrəli ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydiyyata alınmış 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,07 ha hissəsi Cavabdeh1 Ramiz oğlu, 0,0657 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir.

64. Göründüyü kimi, iddiaçılar Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Cavabdeh1 Ramiz oğlu torpaq sahəsinin 0,07 ha hissəsini, Cavabdeh2 torpaq sahəsinin 0,0657 ha hissəsini zəbt etmişdir. Cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh1 Ramiz oğlu iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,07 ha hissəsindən, Cavabdeh2 isə iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,0657 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməlidir.

65. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ramiz oğlunun hazırda həmin torpaq sahəsinə heç bir hüquqları yoxdur.

66. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur.

67. Məhkəmə kollegiyası iş üzrə alınmış mütəxəssis və ekspert mötəbər sübut növü kimi qəbul edir.

68. Çünki iş üzrə alınmış 05 dekabr 2022-ci il tarixli, 10/6510 nömrəli və 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6898 nömrəli ekspert rəyləri cüzi kənarlaşma ilə üst-üstə düşür. (0,07ha və 0,0715 ha)

69. İş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

70. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

71. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

72. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

73. “X8rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

74. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza keçirilməməsi barədə dəlilini əsassız sayır.

75. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

76. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsininin bir hissəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

78. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçılara məxsus 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsini Cavabdeh1 və qalan 0.0657 ha hissəsini isə Cavabdeh2 qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə iddiaçıların mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşlar.

79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

80. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

81. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

82. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

83. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

84. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

85. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(033)-6/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

86. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(033)-6/2023 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar