Məhkəmə qərarları › İş №2(107)-422/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-422/2025

22.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-422/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və X8 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)-5/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi, tikililərin sökülməsi və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbi barədə iddia qaldıraraq JN-197F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Hacallı kəndində verilmiş 0,16 ha həyətyanı torpaq sahəsinin qarşı tərəfin qanunsuz sahibliyindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması, 100,0 manat dövlət rüsumu və 95,0 manat mütəxəssis-xidmət haqqı tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Hacallı kəndində yaşayır. Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarı ilə islahat nəticəsində onun və ailə üzvlərinin ümumi mülkiyyətinə Qəbələ rayonu, Hacallı kəndində verilmiş 0,16 ha həyətyanı torpaq sahəsi verilmiş və JN-197F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən plan əsasında ayrılıb təhkim edilmişdir. Həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin torpaqla birlikdə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ölçmə işləri aparılarkən ərazinin bir hisssəinin həmsərhədd torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh çəpəri daxilində olduğu müəyyən edilmiş və müvafiq qeydiyyatın aparılmasından imtina edilmişdir. Cavabdeh zəbt etdiyi ərazidən çıxması tələb olunmuş, lakin torpaq sahəsinin qaytarılmasından imtina edilmişdir. Ona görə də, JN-197F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Hacallı kəndində verilmiş 0,16 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması, 100,0 manat dövlət rüsumu və 95,0 manat mütəxəssis-xidmət haqqı tutularaq ona verilməsi haqqında iddia qaldırmışdır.

3. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o,, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Hacallı kəndində yaşayır. Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarı ilə islahat nəticəsində onun və ailə üzvlərinin istifadəsində olan Qəbələ rayonu, Hacallı kəndində verilmiş 0,14 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmiş və JN-337F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən plan əsasında ayrılıb təhkim edilmişdir. Torpaq sahəsi qırx ildən artıq müddətdə onun çəpəri daxilində olmuş və sərhədləri indiyədək dəyişilməmişdir. İddiaçı mülkiyyətinə olan JN-197F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,16 ha həyətyanı torpaq sahəsinin hər hansı bir hissəsi onun çəpəri daxilində yerləşmir. Ona görə də, iddia tələbi əsassızdır.

4. Qəbələ Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 28 yanvar 2025-ci il tarixli e- 2(025)-5/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus olan Qəbələ rayonunun Hacalı kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 197F saylı planda sərhədləri göstərilən 0,16 həyətyanı torpaq sahəsinin AR ƏM DK DƏKÜRX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21- 3-42/2- 2894/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli Planda ardıcıl olaraq 1;2;3;4 rəqəmləri ilə işarələnmiş 0,0020 ha ərazisinin Cavabdeh qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılması və istifadəsinə törədilən maneçiliyin aradan qaldırılması, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manatın Cavabdeh tutularaq Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayonu Hacalı kəndində yerləşən JN-197 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,16 ha həyətyanı torpaq sahəsinin ancaq 0,0020 ha ərazisi Cavabdeh istifadəsindədir və həmin ərazidə heç bir tikili yoxdur. Məhkəmə gəldiyi nəticəni açağıdakılarla əsaslandırmışdır;

6. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonunun Hacalı kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 197F saylı planda sərhədləri göstərilən 0,16 ha həyətyanı torpaq sahəsinin AR ƏM DK DƏKÜRX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2- 2894/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli Planda ardıcıl olaraq 1;2;3;4 rəqəmləri ilə işarələnmiş 0,0020 ha ərazisi Cavabdeh qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılmalı və istifadəsinə törədilən maneçilik aradan qaldırılmalıdır.

7. Məhkəmə hesab etmişdir ki, iş üzrə ödənilən tələb irəli sürülən tələbin çox kiçik (cüzi) bir hissəsini təşkil etdiyindən iş üzrə ödənilmiş 100,0 manat dövlət rüsumu və 95,0 manat mütəxəssisxidmət haqqı İddiaçı aid edilməli, ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə keçirilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.5, 157.2, 157.4, 213.6-cı maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Qəbələ Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları xeyli pozulmuşdur. Nəticədə əsassız, qanuni olmayan qətnamə qəbul edilmişdir

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə 30 ildən artır müddətdə qonşu ərazidə yaşayırlar. Bu müddət ərzində qonşu kimi əraziləri cavabdehlə hasarlanmış və torpaq sahələrini bu formada istifadə etmişlər. Həmin müddətdə torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etmişdir.

12. Lakin məhkəməyə ekspertin gəlib “mübahisəli” əraziyə özünün şəxsən baxması barədə vəsatət versə də, ekspert əraziyə baxmamış, yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssislərinin rəyinə istinad etmişdir. Nəticədə ekspert rəy verərkən öz vəzifəsinin tələblərini pozmuş, nəticədə əsassız və qanunsuz rəy vermişdir.

13. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının ondan tələb etdiyi torpaq sahəsinə 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız sahiblik etməyini nəzərə almamışdır. Bu günə qədər iddiaçı ondan hər hansı torpaq sahəsi tələb etməmiş, onun sözügedən torpaq sahəsinə idarəçiliyinə hər hansı irad bildirməmişdir. Buna səbəb isə iddiaçının da həmin torpaq sahəsinin onun mülkiyyəti olmasını bilməsi olmuşdur. Nəticədə Mülki Məcəllənin 178.6-cı maddəsinin tələbləri məhkəmə tərəfindən ciddi surətdə pozulmuşdur.

14. Lakin 40 ildir istifadəsində və sərəncamında olmuş torpaq sahəsini necə ola bilər ki, bu müddət ərzində qanunsuz istifadə edə bilər. Bu halları məhkəmə kifayət qədər aydınlaşdırmamış, yalnız mütəxəssis rəyinə istinad edərək qərar qəbul etmişdir. Halbuki mütəxəssis qarşısında və ekspert qarşısında düzgün olmayan suallar qoymuşdur. Belə ki, həmin suallar iddiaçının mənafeyinə xidmət etmişdir. Ölkə ərazisində, eyni zamanda Qəbələ rayonunda xəritə dəyişiklikləri olmuşdur. Lakin ekspert rəyində bununla bağlı suallara rast gəlinməmişdir.

15. Hesab edir ki, ekspert qarşısında aşağıda qeyd etdiyi suallar qoyulmalı idi. 2013cü ildə elektron kadastr məlumat bazasına həmin ərazi ilə bağlı dəyişiklik edilmişdirmi? 2. Edilmişdirsə bunun səbəbi nə olmuşdur? 3. Edilmişdirsə, elektron kadastr məlumat bazasının hansı variantı (əvvəlki, yoxsa hazırki) naturadakı vəziyyətinə uyğundur? Ekspert qarşısında bu suallar qoyulmadan rəy alınması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına səbəb olmuşdur.

16. İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edilən zaman məhkəməyə iddia tələbi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən ekspertiza keçirilərək guya onun iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməyi göstərilmişdir. Nəticədə məhkəmə birtərəfli araşdırma apararaq əsassız qətnamə qəbul etmişdir. Lakin məhkəmə tərəfindən sübut kimi qəbul edilən AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6034 saylı ekspert rəyinin əsaslı şübhədən kənar olması nəzərdən qaçılmışdır. Həmin sübutun qanunsuz əldə edilməsinə məhkəmə tərəfindən diqqət yetirilməmiş, məhkəmə tərəfindən yenidən ekspertiza təyin edərək və ekspertin yerində gəlib baxış keçirilməsi barədə vəsatəti rədd edilərək məhkəməyə etirazının əsası kimi müəyyən etdiyi hallara sübut təqdim etməyinə şərait yaratmamışdır. Məhkəmə iddia tələbinin əsaslı olmamasına sübut etməyinə dair təkrar ekspertiza keçirməmişdir. Əgər ekspertiza keçilərsə və ekspert qarşısında qoyduğu suallar cavabın tapardısa, o zaman məhkəmə iddia tələbinin əsassızlığına dair sübut təqdim edə bilərdi.

17. Məhkəmə sübutları birtərəfli araşdırmış, ekspertin gəlib yerində baxış keçirilməklə rəy verməsi barədə şifahi və yazılı vəsatətləri əsassız rəd edilmişdir. Əgər Ekspert mübahisəli əraziyə baxmadan yalnız mütəxəssis rəyinə istinad edərək rəy verirdisə o zaman ekspert rəyinin alınmasına nə ehtiyac var idi? Nəticədə məhkəmə qətnaməni yalnız iddiaçının maraqlarına xidmət edən sübutları toplamaqla kifayətlənmiş, ədalətli məhkəmə araşdırması aparmamışdır.

18. Məhkəmə tərəfindən ekspertiza keçirilməsi barədə qərardad qəbul edilib, mütəxəssis və ekspert rəyləri alınsa da, həmin rəylər mülki işin düzgün araşdırılması üçün kifayət olmamışdır. Belə ki, iddiaçı özüdə iddia ərizəsində etiraf etmişdir ki, “bu yaxınlarda reyestr idarəsinə müraciət edərkən guya onun ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməyi ona məlum olmuşdur”. Yuxarıda qeyd etdiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə 30 ildən artır müddətdə qonşu ərazidə yaşayırlar. Bu müddət ərzində qonşu kimi əraziləri cavabdehlə hasarlanmış və torpaq sahələrini bu formada istifadə etmişlər. Həmin müddətdə torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etmişdir. Məhkəmə bu halları kifayət qədər araşdırmamışdır. İddiaçı ilə 30 ildən artıq müddətdir ki, qonşuluqda yaşayırlar və bu günə qədər iddiaçı onlardan hər hansı torpaq iddiasında olmamışdır. Bu hal da onu göstərir ki, əvvəlki xəritə məlumatlarında iddiaçının tələb etdiyi torpaq sahəsinin onların mülkiyyətləri olması müəyyən olunmuşdur.

20. Məhkəmə ekspert rəyi verən məhkəmə ekspertiza mərkəzinin ekspertinin Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 13-cü maddəsinə nəzərdə tutulmuş ekspert vəzifəsinə əməl etməməsini araşdırmamışdır. Həmçinin o, məhkəmə zamanı ekspert rəyi ilə razı olmadığını və təkrar ekspertiza təyin edilməsini, ekspertin mübahisəli ərazidə şəxsən iştirakının təmin edilməsini tələb etmişdir. Yəni, o, ekspert rəyini və mütəxəssis rəyini sübut kimi hesab etmir. Çünki bu rəylər iddiaçının mənafeyinə xidmət etməkdədir. Həmçinin məhkəmə tərəfindən ekspert qarşısında qoyulan suallar mülki iş kifayət qədər və ədalətli araşdırılması üçün əsas deyildir. Bu səbəbdən AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6034 saylı ekspert rəyinin sübut kimi qəbul edilməsi ilə razılaşmır.

21. Qətnamədə göstərilmişdir ki, “Qəbələ rayonu Hacalı kəndində yerləşən JN-197 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,16 ha həyətyanı torpaq sahəsinin ancaq 0,0020 ha ərazisi Cavabdeh istifadəsindədir”. Bu işin halına uyğun deyildir. İddiaçının və onun mülkiyyətində olan torpaq sahələrinə dair islahat 1998-ci il tarixdə keçirilmişdir. Onlar isə islahatdan əvvəldə həmin torpaq sahələrində yaşamışlar. Bəs necə ola bilər ki, 40 ilə yaxın müddətdə iddiaçı həmin torpaq sahəsinə dair hər hansı tələb irəli sürməmişdir? Çünki iddiaçı özü də həmin torpaq sahəsini onların mülkiyyətləri olmasını bilmişdir. Əvvəlki xəritələr əsasında ekspertiza aparılarsa bu hal dəqiqliklə ortaya çıxar.

22. Odur ki, apellyasiya şikayətini təmin edərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.

28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. “X5rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin Cavabdeh Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-5/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilən hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması üçün əsas yoxdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı üzrə Torpağın mülkiyyətə verilməsinə dair JN 197F KOD 40604018 nömrəli şəhadətnaməyə əsasən Qəbələ rayonu Hacalı kəndində yerləşən 0.16 ha torpaq sahəsi İddiaçı, X11, X15, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı üzrə Torpağın mülkiyyətə verilməsinə dair JN-337F KOD 40604018 nömrəli şəhadətnaməyə əsasən Qəbələ rayonu Hacalı kəndində yerləşən 0.14 ha torpaq sahəsi X9, Cavabdeh, X3, X4 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələri bitişikdirlər. İddiaçı ümumibirgə mülkiyyətdə olan torpaq sahəsinin zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində olan torpaq sahəsinin 0,0020 ha hissəsi Cavabdeh istifadəsindədir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin əvvəlki xəritə məlumatlarında iddiaçının tələb etdiyi torpaq sahəsinin onların mülkiyyətləri olmasının müəyyən olunması, həmin torpaq sahəsinin onun mülkiyyəti olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, 0,0020 ha zəbt torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına dair məhkəməyə heç bir xəritə məlumatı təqdim edilməmişdir. Əksinə işdə olan Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı üzrə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 197F KOD 40604018 nömrəli şəhadətnamədən görünür ki, Qəbələ rayonu Hacalı kəndində yerləşən 0.16 ha torpaq sahəsi İddiaçı, X11, X15, X13 və X2 ümumi birgə mülkiyyətlərindədir.

39. Həmçinin iş materiallıarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/6034 nömrəli ekspert rəyindən görünür ki, JN-197F saylı 40604018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadatnaməyə” əsasən Qəbələ rayonu Hacalı kəndinə yerləşən İddiaçı, X11, X15, X13 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.16 ha torpaq sahəsinin 0.0020 ha hissəsi Cavabdeh istifadəsindədir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mütəxəssis qarşısında və ekspert qarşısında düzgün olmayan sualların qoyulması, həmin sualların iddiaçının mənafeyinə xidmət etməsi, ekspert rəyində ölkə ərazisində, eyni zamanda Qəbələ rayonunda xəritə dəyişiklikləri ilə bağlı suallara rast gəlinməməsi, məhkəmə tərəfindən sübut kimi qəbul edilən xx.xx.2024-cü il tarixli ekspert rəyinin əsaslı şübhədən kənar olmasının nəzərdən qaçırılması, həmin sübutun qanunsuz əldə edilməsi, əvvəlki xəritələr əsasında ekspertiza aparılması, ekspertin rəy verərkən öz vəzifəsinin tələblərini pozması, əsassız və qanunsuz rəy verməsi, məhkəmənin ekspertinin Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 13-cü maddəsinə nəzərdə tutulmuş ekspert vəzifəsinə əməl etməməsini araşdırmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. İş materiallarından ekspert qarşısında hər hansı bir yanlış sual qoyulması halı müəyyən edilməmiş, həmçinin Cavabdeh tərəfindən də ekspert qarşısında qoyulacaq suallar məhkəməyə təqdim edilməmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün ekspertə yalnız məhkəmə qərardadının nüsxəsi deyil, hər iki tərəfin mülkiyyətlərində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin də əlavə edildiyi mülki iş materialları təqdim edilməklə, ekspertiza tədqiqatı zamanı hüquqların dövlət qeydiyyatını həyata keçirən, müvafiq xəritə məlumatlarının da toplandığı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəylərinə də istinad edilməklə ekspertiza tədqiqatı zamanı iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin məhz 0.0020 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, məhkmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/6034 nömrəli ekspertiza rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

43. Həmçinin ekspert tərəfindən Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən onun üzərinə qoyulmuş vəzifələrin pozulması halı müəyyən edilməmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilərək ekspertin yerində gəlib baxış keçirməli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

45. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə obyektiv və hərtərəfli araşdırmasının aparılmasını təmin etmək məqsədi ilə məhkəmə tikinti texniki ekspertizası təyin etmiş, mübahisəyə dair mütəxəssisin də rəyi alınmışdır. Həmçinin iş materiallarından iş üzrə torpaq sahələrinə yerində baxış keçirilməsi, yenidən ekspertizanın təyin edilməsi zərurəti də müəyyən edilməmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ondan tələb etdiyi torpaq sahəsinə 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız sahiblik etməyinin nəzərə alınmaması, bu günə qədər iddiaçının ondan hər hansı torpaq sahəsi tələb etməməsi, onun sözügedən torpaq sahəsinə idarəçiliyinə hər hansı irad bildirməməsi, nəticədə Mülki Məcəllənin 178.6-cı maddəsinin tələblərinin məhkəmə tərəfindən pozulmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin özgə torpaq sahəsinin 0.0020 ha hissəsindən faktiki olaraq istifadə etməsi, iddiaçının uzun müddət sonra olsa belə öz mülkiyyətində olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək imkanını aradan qaldırmır.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsi özgəsinin mülkiyyətində olan torpaq sahəsinin deyil, şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyi təqdirdə onun mülkiyyətçi kimi qeydə alınmasını tələb etmək imkanlarını nəzərdə tutmuşdur.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia tələbi ilə bağlı hər hansı sübut təqdim etməməsi, məhkəməyə etirazının əsası kimi müəyyən etdiyi hallara sübut təqdim etməyinə şərait yaradılmaması, mütəxəssis və ekspert rəyləri alınsa da, həmin rəylərin mülki işin düzgün araşdırılması üçün kifayət olmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hər iki tərəfinin verdiyi sübutlar tədqiq edilmiş, sübutların tədqiqi məhkəmə qətnaməsində aydın şəkildə öz əksini tapmış, birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

49. Həmçinin iş materiallarından birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sübutlarını təqdim etməsinə şərait yaradılmaması halı müəyyən edilməmişdir.

50. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(025)-5/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar