Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-426/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı1 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “cavabdehin məcburi qaydada evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(024)-406/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onlara məxsus olan Qax rayonu Qındırğa kəndində yerləşən ümumi sahəsi 50 kv.m olan evdən və evin yerləşdiyi 0.2298 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) xx xxxxxxx 2020-ci il tarixli, 2(024)- 406/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus olan Qax rayonu Qındırğa kəndində yerləşən ümumi sahəsi 50 kv.m olan evdən və evin yerləşdiyi 0.2298 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verimiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Qax rayonu Qındırğa kəndində yerləşən ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evi mərhum anası X2, həyətyanı torpaq sahəsi isə anası X2, mərhum arvadı X7 və mərhum qardaşı X1 adına rəsmiləşdirilmişdir. Qax rayon Notariat Ofisi tərəfindən verilmiş 2V-81 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnməyə əsasən yuxarıda qeyd edilən, mərhum anasının mülkiyyəti və ondan miras qalmış olan evdə və torpaq sahəsində onun payı ½ hissə olmaqla müəyyən edilmişdir. Qax rayon Notariat Ofisi tərəfindən verilmiş 2V-82 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnaməyə əsasən yuxarıda qeyd edilən Çıxarış əsasında mərhum arvadı X7 mülkiyyəti olan və ondan miras qalmış ümumi sahəsi 0.2298 ha torpaq sahəsində onun tam olaraq miras payı müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 12 saylı Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən mərhum qardaşı X1 mülkiyyəti olan və ondan miras qalmış ümumi sahəsi 0.2298 ha torpaq sahəsində onun miras payı və mərhum anasının mülkiyyətində olmuş və miras qalmış yuxarıda qeyd edilən Çıxarışa əsasən ümumi sahəsi 50 kv.m olan evdən ½ hissə isə qardaşının arvadı İddiaçı3 və yetkinlik yaşına çatmış oğlu İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq onun bir-neçə il birgə nikahdan kənar yaşadığı qadın Cavabdeh hazırda onlara məxsus evdən çıxmaqdan imtina edir və qanunsuz olaraq evdə yaşamaqda davam edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh Qax rayonu Qındırğa kəndində yerləşən ümumi sahəsi 50 kv.m olan evdən və evin yerləşdiyi 0.2298 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı1lə faktiki olaraq xx xxxxxx 2011-ci ildə evlənmişdir. Həmin vaxtı cavabdehlə nikaha daxil olmamışdır. Lakin iddiaçıların yaşadığı evə cehiz gətirmişdir. O, vaxtdan hazırkı vaxtadək iddiaçılar onu ailə üzvü kimi qəbul etmiş və faktiki olaraq İddiaçı1lə ər-arvad münasibətlərində yaşamışlar və yaşamaqda davam edirlər. Hazırda cavabdeh heç bir əsas olmadan onu həmin evdə yaşamaq ququndan məhrum edir. Hesab edir ki, onun həmin evdə yaşamaq hüququ vardır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o neçə illərdir ki, İddiaçı1lə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. Mübahisəli ev əvvəl iddiaçıların anasının adına olsa da, sonradan iddiaçıların adına keçmişdir. O, neçə ildir ki, həmin evdə yaşamışdır. Lakin son vaxtlar iddiaçılar onu həmin evdən çıxarmaq istəyir. Əgər iddiaçı tərəf ona təzminat ödəyərsə, o da evdən çıxmağa razı olar. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o cavabdehlə bir müddət qeyri-rəsmi nikah münasibətində yaşasa da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Cavabdeh həyətdə nə qədər toyuq-cücə var idisə hamısını sataraq özü üçün xərcləyib. Ev hazırda onların paylı mülkiyyətindədir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Qax rayon Notariat Ofisi tərəfindən verilmiş 2V-81 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamədən görünür ki, mərhum Əliyeva Zərxanım İslam qızının vərəsəsi İddiaçı1dur və onun payı mərhum Z.Əliyevadan miras qalmış **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysetrindən Çıxarışa əsasən Qax rayonu Qındırğa kəndində yerləşən ümumi sahəsi 50 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.2298 ha torpaq sahəsindən mərhumun payına düşən hissədən ibarətdir. Qax rayon Notariat Ofisi tərəfindən verilmiş 2V-82 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum X7 vərəsəsi İddiaçı1dur və onun payı mərhum Əfruz Əliyevadan miras qalmış **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysetrindən Çıxarışa əsasən Qax rayonu Qındırğa kəndində 0.2298 ha torpaq sahəsindən mərhumun payına düşən hissədən ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X16 verdiyi Reyestr nömrəsi **********59-10301 olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan və eyni reyestr nömrəli, inventar nömrəsi 3 olan, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Qax rayonu Qındırğa kəndində yerləşən ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi, evin yerləşdiyi 0.2298 ha torpaq sahəsinin 5/8 hissəsi İddiaçı1, həmin fərdi yaşayış evinin ½ hissəsi, evin yerləşdiyi 0.2298 ha torpaq sahəsinin 1/8 hissəsi X2, 0.2298 ha torpaq sahəsinin 2/8 hissəsi X1 ümumibirgə mülkiyyətindədir və mülkiyyətə verilməsinə əsas Qax rayon DNK-nun xx.xx.2020-ci il tarixli, 2V-82 və 2V-81 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr olmuşdur. Qax RİHB-nın Zəyəm kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 355 saylı arayışından görünür ki, İddiaçı1 Qax rayonu Qındırğa kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Qax RİHB-nın Zəyəm kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 357 saylı arayışından görünür ki, X3 öldüyü günədək, yəni xx xxxxxxx 2009-cu ilədək Qax rayonu Qındırğa kəndində yaşamışdır və həmin ünvanda hazırda arvadı İddiaçı3 Məhəmməd qızı, oğulları İddiaçı2, X5, X6 və qardaşı İddiaçı1 qeydiyyatdadır. Seriya AZE № 17753804 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Şəki rayonu Baqqal kəndində qeydiyyatdadır. Qax RİHB-nın Zəyəm kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 499 saylı arayışından görünür ki, X3 öldüyü günədək, yəni xx xxxxxxx 2009-cu ilədək Qax rayonu Qındırğa kəndində yaşamışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ N 390423 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Qax rayonu VVADQ şöbəsinin verdiyi AZ-İ № 165400 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə Əliyeva (Yasıbəyova) Əsli Mahmud qızının nikahları xx xxxxxxxx 2005-ci ildə qeyd edilmişdir. Qax rayonu VVADQ şöbəsinin verdiyi AZ-İ № 660753 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx.xx.2020-ci ildə doğulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən şəxslərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(024)-406/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclası zamanı tərəflərin izahatlarından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X16 verdiyi Reyestr nömrəsi **********59-10301 olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qındırğa kəndində yerləşən ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi, evin yerləşdiyi 0.2298 ha torpaq sahəsinin 5/8 hissəsi İddiaçı1, həmin fərdi yaşayış evinin ½ hissəsi, evin yerləşdiyi 0.2298 ha torpaq sahəsinin 1/8 hissəsi iddiaçının mərhum anası X2, 0.2298 ha torpaq sahəsinin 2/8 hissəsi isə mərhum qardaşı X1 ümumibirgə mülkiyyətindədir. X3 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İddiaçı3 Məmmədxan Əliyevin arvadı, İddiaçı2 isə oğludur. Onlar da iddia tələbində göstərilən torpaq sahəsində mübahisəli evdə yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər. İddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 155.5, 157.2-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddia təmin olunmalı və cavabdehə məxsus əşyalar iddiaçının evindən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin maddənin 5-ci hissənində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi dəlillərdən biri ondan ibarətdir ki, o İddiaçı1lə qeyri-rəsmi ailə quraraq uzun müddət həmin evdə yaşamasını, beləliklə də ailə üzvü kimi qəbul edilməsini bildirir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin İddiaçı1lə qeyr-rəsmi münasibətdə olaraq mübahisəli evdə yaşaması, onun ailə üzvü kimi qəbul edilməsi anlamına gəlməməlidir. İkincisi, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən fərdi yaşayış evi və torpaq sahəsi hazırda iddiaçı tərəfin mülkiyyətindədir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan evə və torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Kollegiya hesab edir ki, iddiaçılar tam mülkiyyət hüququna məxsus olan şəxslər kimi cavabdeh qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətinə malik şəxslərdir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə də razılaşmır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(024)-406/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-426/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-426/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver