Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-43/2022 14.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-685/2020 saylı 24 noyabr 2020-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən 03 mart 2020-ci il tarixdə,**********45 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Ağdaş rayonunun Şəkili kənd ərazisində onun mülkiyyətində olan 2,7824 hektar torpaq sahəsinin özbaşına tutduğu torpaq sahəsinin sol tərəfinin yuxarı hissəsindən eninə 40 metr olmaqla üçbucaq formada cəmi 1 hektar hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 03/03/2020-ci il tarixdə, **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən onun adına Ağdaş rayonu Şəkili kəndində 2.7824 hektar pay torpaq sahəsi verilmişdir. Onun mülkiyyətinə verilmiş həmin torpaq sahəsi Cavabdeh mülkiyyətində olan pay torpaq sahəsi ilə sərhəddə yerləşir. Cavabdeh onun mülkiyyətinə verilmiş torpaq sahəsinin sol tərəfinin yuxarı hissəsindən eni 40 metr olmaqla cəmi 1 hektar hissəsini üçbucaq formada özbaşına zəbt edərək özü istifadə edir. Cavabdehə dəfələrlə xüsusi mülkiyyətində olan 2.7824 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin özbaşına zəbt edərək istifadə etdiyi hissəsindən könüllü çıxmasını xahiş və tələb etsə də cavabdeh, könüllü olaraq həmin ərazidən çıxmaq istəmir. Bütün bu faktlar müraciəti əsasında həmin yerə baxış keçirərək ölçü işləri aparmış DƏKÜRX-nin 17 saylı Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi tərəfindən də təsdiq olunmuşdur. Mövcud mübahisə üzrə rəy verilmiş və rəydə onun torpaq sahəsinin 1,87 ha hissəsi cavabdeh tərəfindən zəbt edildiyi bildirilsə də əslində onun zəbt edilmiş torpaq sahəsinin ölçüsü 1 hektardır. Belə ki, elektron xəritədə sürüşmə olduğu üçün rəydə belə qeyd edilmişdir. Cavabdeh onun mülkiyyətinə verilmiş həmin torpaq sahəsini özbaşına tutaraqistifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o, mülkiyyətçi kimi, həmin torpaq üzərində hüquqlarını istəyincə sərbəst həyata keçirə bilmir. Odur ki, iddia tələbindən kənara çıxılmadan iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)-685/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Ağdaş rayonu, Şəkili kəndində yerləşən 2,7824 hektar torpaq sahəsinin istifadə etdiyi 1 hektar hissəsindən çıxarılması, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 77,04 manatın Cavabdeh tutularaq aşağıdakı hesaba köçürülməsi: Kapital Bankın 1 saylı Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift: AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N: AZ23AİİB******************** qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdaş rayonu Şəkili kəndində yerləşən 2,7824 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin plan və ölçüsünə əsasən Ağdaş rayonu Şəkili kəndində yerləşən 2,7824 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Ağdaş rayonu, Şəkili kənd ərazisində yerləşən İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********42 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 2,78 ha torpaq sahəsinin 1,87 ha hissəsi Cavabdeh faktik istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab etmişdir ki, iddiaçıya məxsus Ağdaş rayonu Şəkili kəndində yerləşən 2,78 ha torpaq sahəsinin 1,87 ha hissəsi cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi 1 ha hissəsindən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 77,04 manat cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi, Torpaq Məcəlləsinin 80, 88, 111.1, 111.2, 111.3, 124.2, 217.2, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 23.07.2011-ci il tarixdə AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən 11 sentyabr 2000-ci il tarixdə verilmiş J № 190 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Ağdaş rayonu X3 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 2.26 hektar torpaq sahəsinini X4, X5 və X2 almışdır. 13.08.2011-ci il tarixdə isə AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən 09 sentyabr 2000-ci il tarixdə verilmiş J № 189 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 2.43 ha torpa sahəsini X1 almışdır. Onun torpaq sahələri ilə iddiaçının torpaq sahəsi sərhəddir. Lakin, o, sözügedən torpaq sahəsini zəbt etməmişdir. Ağdaş Rayon Məhkəməsinin 2-(014)-685/2020 saylı, 24.11.2020ci il tarixli qətnaməsi ilə razı deyil, məhkəmə qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan tam aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir, ona görə də qətnamə ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Ağdaş Rayon Məhkəməsinin 2(014)-685/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(014)-685/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-685/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apelyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(014)-685/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdaş rayonu Şəkili kəndində yerləşən 2,7824 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Onun mülkiyyətinə verilmiş həmin torpaq sahəsi Cavabdeh mülkiyyətində olan pay torpaq sahəsi ilə sərhəddə yerləşir. Cavabdeh onun mülkiyyətinə verilmiş torpaq sahəsinin sol tərəfinin yuxarı hissəsindən eni 40 metr olmaqla cəmi 1 hektar hissəsini üçbucaq formada özbaşına zəbt edərək özü istifadə edir. Cavabdehə dəfələrlə xüsusi mülkiyyətində olan 2.7824 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin özbaşına zəbt edərək istifadə etdiyi hissəsindən könüllü çıxmasını xahiş və tələb etsə də cavabdeh, könüllü olaraq həmin ərazidən çıxmaq istəmir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, onun torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə sərhəddir. Lakin o, sözügedən torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, formal mülahizələri əsaslanır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilmiş, rəyin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanına Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. İş materiallarında olan mütəxəssis rəyinə əsasən Ağdaş rayonu, Şəkili kənd ərazisində yerləşən İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********42 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 2,78 ha torpaq sahəsinin 1,87 ha hissəsi Cavabdeh faktik istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09.07.2021-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin iddiaçı və cavabdeh ekspertiza keçirilməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş məbləğ ödəmədiklərindən ekspert rəy verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı məhkəmə kollegiyasına ərizə də təqdim edərək ekspertiza xərcini ödəməkdən imtina etmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd (istifadə etdiyi torpaq sahəsinə aid müqavilə, şəhadətnamə, çıxarış) və s təqdim edə bilməmiş, həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsindən imtina etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də kollegiya işdə olan mütəxəssis rəyinə əsasən iddianı təmin edilən hesab edir. Belə ki, rəydən görünür ki, Ağdaş rayonu, Şəkili kənd ərazisində yerləşən İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********42 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 2,78 ha torpaq sahəsinin 1,87 ha hissəsi Cavabdeh faktik istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Yəni apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-685/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(014)-685/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-43/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-43/2022
14.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver