Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-433/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi İddiаçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(016)-630/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xx xxxxxxx 2019-cu il tаrixli, 2(016)-630/2019 saylı qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə elan edilməsi, mirasın yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi tələbinə dаir iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiаçı İddiaçı Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə elan edilməsi, mirasın yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, oğlu X4 xx xxxxxx 1992-ci ildə Ağsu rayonu, Yenilik kənd sakini Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Lakin onların xasiyyətləri uyğun olmadığından oğlu ilə keçmiş gəlini 1993-cü ilin aprel ayında faktiki ayrılmış, 1993-cü ilin oktyabr ayında oğlu boşanma ilə bağlı məhkəməyə müraciət etmişdir. Bir dəfə məhkəməyə də çağırılmış, lakin cavabdeh gəlmədiyindən iş təxirə salınmışdır. Lakin ölkə torpaqları ermənilər tərəfindən işğal olunduğundan oğlu könüllülər sırasında İsmayıllı rayon Hərbi Komissarlığı tərəfindən döyüş bölgəsinə hərbi xidmətə göndərilmişdir. 1993-cü ilin dekabr ayının 30-da oğlu döyüşlərin birində şəhid olmuşdur. Oğlunun cənazəsi kəndlərinə gətirilərək dəfn olunmuş, 40 gün hüzr mərasimi keçirilmiş, lakin cavabdeh və onun yaxınları bir dəfə də olsun dəfn və hüzr mərasimlərində iştirak etməmişlər. Ümumiyyətlə cavabdehlə həm mərhum oğlunun, həm də onların əlaqələri 1993-cü ilin aprel ayının axırlarından tamamilə kəsilmişdir. Cavabdeh isə oğlundan faktiki ayrıldıqdan qısa müddət sonra Göyçay rayon Qaraməryəm kənd sakini olan X7 ilə faktiki ər-arvad münasibətinə girərək evlənmişdir. Cavabdeh onunla 3-4 il yaşadıqdan sonra ayrılmışdır. Bundan sonra Göyçay rayon Potu kənd sakini olan Yunus İsmayıl oğlu Ömərov ilə faktiki evlənmiş və hal-hazırda da Yunusla ər-arvad kimi yaşayırlar. Oğlunun şəhidliyindən ötən 26 il ərzində cavabdeh oğlunun məzarını görməmiş, ziyarət etməmiş, mirasla maraqlanmamışdır. Prezidentin fərmanı ilə şəhid ailələrinə birdəfəlik 11000 manat kompensasiya veriləcəyi ilə bağlı məlumatdan sonra əri ilə faktiki vəziyyətdə Bakı şəhərində kirayədə (və yaxud da özlərinə məxsus yaşayış sahəsində) yaşayan cavabdeh formal olaraq oğlu ilə arasında qalan nikahdan sui-istifadə edərək nikah şəhadətnaməsini DSMF-nin İsmayıllı rayon şöbəsinə təqdim edərək şəhid oğluna verilən aylıq və birdəfəlik kompensasiyaya ortaq olmuş, 2019-cu ilin fevral ayından şəhid ailəsinə verilən aylıq 300 manat məbləğində kompensasiyanın 150 manatını almışdır. Bununla da cavabdeh miras qoyan oğlunun son iradə ifadəsinə zidd olaraq mirası ələ keçirməyə çalışır və ələ də keçirmişdir. Qanun üzrə vərəsə kimi mirası faktiki olaraq yalnız özü qəbul etdiyindən, cavabdeh oğlunun sağlığında onunla bağlı əlaqələri, o cümlədən faktiki ayrılaraq ərarvadlıq münasibətləri tamamilə kəsilmiş, cavabdeh özünə məxsus cehiz və digər əmlakını yığışdırıb getmiş və bir daha geri qayıtmamış, 26 il müddətində ər evi, ərinin əlil olan anası və ərinin məzarı ilə maraqlanmamış, bununla da vərəsəlik hüquqlarını itirmişdir. Ona görə də miras bütünlüklə ona çatmaqla bütün miras əmlak da ona məxsusdur. Cavabdeh ləyaqətsiz vərəsə elan edilməli, mirasdan əldə etdiklərini geri qaytarmalıdır. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137ci, 1139-cu, 1142-ci maddəsinə istinad edərək cavabdehin xx xxxxxx 1993-cü ildə şəhid olmuş X3 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi, onun qanun üzrə vərəsəliyinin ləğv edilməsi və mirasla bağlı qanunsuz olaraq aldıqlarının geri qaytarılması, X1 qalan mirasın yalnız yeganə vərəsəsi olan anası kimi tərəfindən qəbul olunmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdeh bir il onların evində gəlin olmuşdur. Sonra oğlu ilə münasibətləri pozulduğundan 1993-cü ildə ata evinə qayıtmışdır. Oğlu boşanma ərizəsi ilə məhkəməyə müraciət etsə də boşanma prosesi başa çatmamışdır. Cavabdeh oğluna münasibətdə də yaxşı olmamışdır. Bu səbəbdən münasibətləri pozulmuş, rəsmi boşanma olmamışdır. Oğlu ölkənin suverenliyi uğrunda müharibəyə gedib və orada şəhid olmuşdur. Cavabdeh oğlu şəhid olanda bir dəfə də olsun onun dəfn və hüzr mərasimlərində iştirak etməmişdir. Nəinki cavabdeh, onun heç bir qohumu həmin mərasimlərə gələrək başsağlığı verməmişlər. Oğlundan sonra iki dəfə ailə qurmuşdur. Hazırda oğlunun kompensasiyasına göz dikib. Cavabdehin oğlunun vərəsəsi olmasını istəmir. Ona görə də tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum X4 əri olmuşdur. Onunla xx xxxxxx 1992-ci ildə ailə qurmuşdur. Nikahları İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyində qeydə alınmışdır. Birlikdə yaşadıqları müddət uşaqları olmamışdır. Həmin illər iddiaçı onların ailə münasibətlərinə çox müdaxilə etmiş, bir yerdə yaşamaqlarına mane olmuşdur. Bir il iki ay orada yaşamışdır. Mərhumla münasibətləri mehriban olmuşdur. X10 döyüşlərində könüllü iştirak etmək üçün getmiş, döyüşlərdə şəhid olmuşdur. Ərinin şəhid olması ilə bağlı pulu iddiaçı almışdır. Lakin ərinin şəhidliyi ilə bağlı verilən kompensasiyanı o da tələb edir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyasiya şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu olmuşdur. İddiaçı biirinci instansiya instansia məhkəməsinin qətnaməsinin ədalətsiz, qanunsuz olduğunu bildirərək göstərmişdir ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, səhv nəticəyə gəlmişdir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(016)-630/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayəti təmin edilməsini və Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(016)-630/2019 saylı qətnaməsi ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(016)-630/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(016)- 630/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 1968-ci ildə anadan olmaqla atası X8, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 06 nömrəli arayışla müəyyən edilir ki, X5 ilə Cavabdeh arasında nikah xx xxxxxx 1992-ci ildə İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyində 14 nömrəli akt qeydi üzrə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X4 xx xxxxxx 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olmuş, bu barədə ölüm haqqında akt qeydi kitabında 1994-cü ilin yanvar ayının 12-də, 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən verilən xx xxxxxx 2019-cu il tarixli, 170 saylı arayışla müəyyən edilir ki, Əzizə Səməd qızı (Əmirova) Eyvazovanın mərhum əri X4 xx.xx.1993-cü ildə hərbi xidmətə göndərilmiş, xx.xx.1993-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialı tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 552 saylı məktubla Dövlət Arxivi Şamaxı filialında saxlanılan İsmayıllı rayon Məhkəməsinin sənədlərinə baxış keçirilmiş X6 nikahının ləğvi ilə bağlı heç bir məlumat aşkar olunmadığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Qalagah inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xx xxxxx 2019-cu il tarixli, 177 saylı arayışla müəyyən edilir ki, X4 1993-cü ilin dekabr ayında Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş, 1993-cü ilin oktyabr ayında səfərbərliklə bağlı hərbi xidmətə göndərilərkən rəsmi nikahda olduğu arvadı X9 ilə faktiki ayrılmış və sonuncu valideynlərinin yaşadığı Ağsu rayonuna getmiş və bir daha ər evinə qayıtmamış, şəhid Babayar Əmirovun dəfnində və dəfnindən sonra da orada iştirak etməmiş, mərhumun 40 mərasimindən sonra bütün əmlakını yığıb aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci abzasında göstərilmişdir ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 1-ci maddəsinin 2-ci abzasına əsasən, ər-arvad, valideyn, ... şəhid ailəsinin üzvləri hesab edilir. Həmin Qanunun qeyd olunan tələbləri baxımından hazırkı iş üzrə tərəflər şəhid ailəsinin üzvləri hesab olunurlar. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinin birinci abzasına əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 531-ci maddəsinə əsasən miras qoyanın, onun vərəsələrindən hər hansı birinin əleyhinə, yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə qanunsuz hərəkət etməklə özlərinin vərəsəliyə çağırılmasına imkan yaradan vətəndaşlar, bu hallar məhkəmə qaydasında təsdiq edilərsə, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə olmaq hüququna malik deyildirlər. Valideynlik hüququndan məhrum edilən və vərəsəlik açılan zaman bu hüququ bərpa edilməyən valideynlər uşaqları öldükdən sonra, habelə miras qoyan şəxsi qanuna əsasən saxlamalı olan valideynlər və yetkinlik yaşına çatmış uşaqlar, miras qoyan şəxsi saxlamaq üzrə öz vəzifələrini yerinə yetirməkdən qəsdən boyun qaçırma halı məhkəmə qaydasında təsdiq edilərsə, qanun üzrə vərəsə ola bilməzlər. Bu maddənin birinci hissəsinin qaydaları vəsiyyət üzrə tapşırıq vermək hüququna da (bu Məcəllənin 541-ci maddəsi) tətbiq edilir. Hazırda iddiaçı cavabdehin mərhum Babayar Əmirovun vərəsələrindən hər hansı birinin əleyhinə, yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə qanunsuz hərəkət etməklə özünün vərəsəliyə çağırılmasına imkan yaratması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Cavabdehin ləyaqətsiz vərəsə sayılmasına səbəb olan hallar (hərəkət) məhkəmə kollegiyası tərəfindən təsdiq olunmamışdır. İsmayıllı rayon Qalagah inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xx xxxxx 2019-cu il tarixli, 177 saylı arayışla isə X2 yalnız səfərbərliklə bağlı hərbi xidmətə göndərilərkən rəsmi nikahda olduğu cavabdeh ilə faktiki ayrıldığı təsdiq edilmiş, cavabdehin həmin vaxtadək ərindən ayrılması halı təsdiq edilməmişdir. Cavabdehin mərhum X2 ölümündən sonra iki dəfə ailə qurması halı təsdiq edilməmişdir. Ümumiyyətlə, cavabdehin mərhum X2 ölümündən sonra iki dəfə ailə qurması, mərhumun dəfn və hüzn mərasimlərində iştirak etməməsi, həmçinin mərhumun sağlığında onların ər-arvadlıq münasibərlərinin pozulması qanunvericiliyin tələbinə əsasən onun ləyaqətsiz vərəsə sayılması üçün əsas sayılmır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə cavabdeh də vərəsəlik hüquqlarından tam yararlana bilər. Ona görədə iddianın mirasın yalnız iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunmasına dair hissəsi də əsassızdır. Beləliklə, apelyasiya qaydasında işə baxılarkən məhkəmə kollegiyası tərəfindən iddiaçıya apelyasiya şikayətinin dəlillərinə dair sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq, iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş və apelyasiya şikayətinin dəlilləri iş mterialları ilə təsdiqini tapmamışdır. Apelyasiya şikayətlərinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı”işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(016)-630/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(016)-630/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-433/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-433/2020
11.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver