Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-448/2023 12.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(051)-62/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ilə İddiaçı məxsus ünvan 4 yerləşən fərdi yaşayış evi şifahi razılıq əsasında əvəzləşdirilmişdir. 2017-ci ildən tərəflər evləri rəsmi qaydada dəyişmək istəsələr də, bu mümkün olmamışdır. Hal-hazırda da iddiaçı həmin bina evində yaşayır. Sonradan məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 tərəfindən 2013-cü il tarixdə 10000 manat, 2015-ci il tarixdə 15000 manat və 2022-ci il tarixdə 23700 manat əvəzində girov qoyulmuşdur. İddiaçı evin dəyişdirilməsindən imtina etmək qərarına gəlmişdir və ona məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qayıtmaq istəyir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ilə özünə məxsus ünvan 4 yerləşən fərdi yaşayış evini dəyişiblər. Halhazırda da həmin bina evində yaşayır. Köçdükdən bir müddət sonra Mingəçevir şəhər Asan Xidmət Mərkəzinə müraciət etdikdə ona məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 tərəfindən 2013-cü il tarixdə 10000 manat, 2015-ci il tarixdə 15000 manat və 2022-ci il tarixdə 23700 manat əvəzində girov qoyulmuşdur. Bu məsələdən xəbər tutandan sonra iddiaçı evin dəyişdirilməsindən imtina etmək qərarına gəlmişdir. 2017-ci il tarixdən tərəflər evi rəsmi qaydada dəyişmək istəsələr də bu girova görə mümkün olmamışdır və hələ də mümkün deyildir. Odur ki, iddiaçı ona məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qayıtmaq istəyir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, iddianı qəbul etmədiyini bildirmişdir. Mingəçevir şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)- 1729/2022 saylı qərardadı ilə qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina olunmuşdur. Bundan sonra həmin qərardaddan şikayət verilmiş, ancaq Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)- 1401/2022 saylı qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)-1729/2022 saylı qərardadı qüvvədə qalmışdır.
5. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, müdafiə etdiyi şəxsin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ tanınaraq, dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdehlər təmsil etdiyi şəxslə heç bir qohumluq əlaqəsinə malik olmadıqları halda, ona məxsus evdən istifadə edirlər. Halbuki, cavabdehlərlə təmsil etdiyi şəxs arasında heç bir yazılı razılaşma olmamışdır. Onlar yalnız şifahi razılıq əsasında və iddiaçını aldadaraq ona məxsus evi zəbt etmişlər. Hesab edir ki, hazırda həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında təmsil etdiyi şəxsə məxsus olduğundan cavabdehlərin sahibliyi qanunsuzdur. Ona görə də onlar mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və iddiaçının mülkiyyət hüququnu həyata keçirməyə şərait yaradılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.
6. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, qarşılıqlı iddia ərizəsində də göstərdiyi kimi evə 100000 manatdan çox xərc çəkib. İddiaçı ilə razılığa gəliblər və iddiaçı da bunu özü təsdiq edir. Ancaq hazırki vəziyyətdə evdən çıxarılması ilə bağlı iddia qaldırması tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.
7. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı iddianı qəbul etmədi, həmçinin Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi.
8. Cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının tam şəkildə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlərin isə həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdehlər hazırda da iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etməklə bərabər, sahiblik edirlər.
10. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdehlər arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüquqları qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaranmamışdır.
11. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşlar
12. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir.
13. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır.
14. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görədə cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüquqları yaranmışdır.
15. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır.
16. Mingəçevir Şəhər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(051)-62/2023 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, X3 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
18. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********57– 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
19. İşdə olan Seriya MA ******* seriya nömrəli, **********41–05301-093011 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2012–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
20. İşdə olan xx.xx.2022-ci il tarixli **********93 saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 2012-ci il, 2013-cü il və 2019-cu il tarixlərdə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir.
21. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı tərəfindən göstərilmiş sözlərdən də göründüyü kimi tərəflər arasında dəyişmə müqaviləsi olmuş və onlar evləri dəyişmişlər. Sözü gedən evləri dəyişdikləri zaman İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanı təmirsiz və sənədsiz olmuş, Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən mənzil isə tam təmirli olmuşdur. Bu göstərdiyi halları İddiaçı özü də bilir və bununla əlaqədar bəzi sübutlar təqdim edilmişdir. Sözügedən evləri dəyişdikdən indiyə kimi cəmi 100.000 (yüz min) manatdan çox xərc çəkilmişdir. Bunu təsdiq edən sənədlərinin bir hissəsi təqdim edilmişdir. Məhkəmə tərəfindən onlar tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi vaxtında verilməməsi səbəbindən geri qaytarılmışdır. Lakin onu da qeyd etmək lazımdır ki, təmir xərcləri ilə bağlı iddia ayrıca qaldırılmışdır. Hazırda da məhkəmənin icraatındadır. Bu səbəbdən də hesab edir ki, hər iki qətnamə birlikdə icra edilməlidir. Belə ki, İddiaçı hazırda Cavabdeh1 mülkiyyətində olan mənzildə yaşayır və əlavə olaraq Cavabdeh1 100.000 manatdan daha çox xərc çəkib təmir etdirdiyi mülkiyyətində olan evdən onu çıxarmaq istəyir. Belə olan halda ədalətlilik və vicdanlılıq prinsipləri pozulur. Çünki Cavabdeh1 ailə üzvləri ilə birlikdə çöldə qalmaq məcburiyyətində olacaqdır. Ona görə də, bütün icra sənədləri birlikdə icra olunmalıdır.
23. Lakin hazırki vəziyyətdə Cavabdeh1 evi tikdirib-təmir etməsinə və həmin evdə yaşamasına baxmayaraq onun hüquqları tapdalanmaqdadır. Bununla da, cavabdehin istifadə hüququ və evə köçürülməsilə bağlı hüquqları əsassız olaraq təmin olunmamışdır.
24. İşin qeyd edilən faktiki halları ilə yanaşı, hüquqi tərəfləri də, iddiaçının qanunsuz əməlləri nəticəsində ona qarşı maddi ziyanın vurulmasını sübuta yetirir. Belə ki, ona dəymiş maddi zərərin əsaslı olmasına və ödənilməsinə dair də qanunvericilikdə kifayət qədər normalar mövcuddur. İddiaçının tələbi ilə onun hüquqları tapdalanır və o, ailə üzvləri ilə çöldə qalmış sayılır.
25. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(051)- 62/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(051)-62/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
28. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh1 vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək başqa məhkəmə iclasında iştirak etdiyinə görə hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu iş üzrə məhkəmə iclasında iştirak etmək istədiyini və məhkəmə iclasında onda olan müəyyən sübutları təqdim edəcəyini göstərərək məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. O, ərizəsində göstərdiklərini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
32. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(051)- 62/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
34. İddianı əsaslı sayan birinci instansiya məhkəməsi tələbin qanuni əsası kimi Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinad etmişdir. Həmin normalara əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normalar əsasında iddianın təmin edilməsi üçün iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması (cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi) və cavabdehin sahibliyinin (maneçiliyin) qanunsuz olması müəyyən edilməlidir. Hazırki işdə bu qətnamənin 1-ci bəndində göstərilənlər cavabdeh tərəfindən də təsdiqlənməklə işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Hazırki işdə mülkiyyət hüqunun məhdudlaşdırılmasının qanuni halları müəyyən edilmir.
35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 22 və 24-cü bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin özü də göstərir ki, maddi ziyan tələbinə dair iddia ayrıca iddia icraatı qaydasında məhkəməyə verilmişdir və hal-hazırda məhkəmənin icraatındadır. Lakin həmin iş üzrə işə baxılması və iddianın təmin və ya rədd edilməsi hazırki iş üzrə yuxarıda göstərilən səbəblərdən iddianın təmin edilməsinin haqlı olduğu halını dəyişdirmir. Hər iki qətmənin birlikdə icra olunması məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələyə hazırki iş üzrə baxılaraq qərar verilə bilməz.
36. Belə ki, Bu qətnamənin 30-cu bəndində göstərilmiş hüquq normalarının tələblərindən görünür ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 23-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə cavabdehin istifadə hüququ və evə köçürülməsi ilə bağlı heç bir iddia tələbi mövcud deyildir. Bu qətnamənin 37-ci bnədində göstərilənlərə əsasən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmamışdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(051)-62/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(051)-62/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev