Məhkəmə qərarları › İş №2(107)-45/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-45/2021

31.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-45/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnаməsi ilə İddiaçı Cavabdeh qarşı kompensasiya tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 36000 (otuz altı min) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)- 2356/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2356/2019 nömrəli qətnaməsindən Cavabdeh (vəkili X22) tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-308/2020 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)- 2356/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İşin halları İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 50.000 manat miqdarında kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 1995-ci ildə X12 istifadəsində olan 0.10 hektar torpaq sahəsini 1050 ABŞ dollarına ondan satın almışdır. O, aldığı 0.10 hektar torpaq sahəsinin dəyəri olan 1050 ABŞ dolları məbləğini qonşuları Kənan, Hikmət, Solmaz, Bəhrəm, Mahir və Dilşadın şahidliyi və iştirakı ilə Mətləbə ödəmişdir. Lakin həmin vaxt torpağın sənədləri hazır olmadığı üçün alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. O, aldığı torpaq sahəsini abadlaşdıraraq orada meyvə ağacları əkib ətrafını hasarlamış, yaşayış evi inşa etmiş və ailəsi ilə birlikdə həmin yaşayış evinə köçmüşdür. Mətləb Baxışov vəfat etdikdən sonra 2017-ci ilin iyun ayında Mətləbin həyat yoldaşı, hazırkı iş üzrə Cavabdeh Əmirxan adlı şəxslə birlikdə yoldaşının iş yerinə gələrək ondan aldığı torpaq sahəsini sənədləşdirmək üçün 100 manat pul almışdır. Sonradan ona məlum olmuşdur ki, Validə 0.10 hektar torpaq sahəsini və həmin torpaq sahəsində inşa etdiyi yaşayış evini öz adına rəsmiləşdirmişdir. O, torpaq sahəsinin Validənin adına sənədləşdirildiyini bildikdən sonra həmin torpaq sahəsini öz adına sənədləşdirmək üçün Validə ilə birlikdə notariat kontoruna getmiş, lakin lazım olan sənədlərin hamısı olmadığından həmin gün torpaq sahəsini sənədləşdirmək mümkün olmamışdır. Bundan bir müddət sonra Validə torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün əlavə olaraq 7000 manat məbləğində pul istəmişdir. O, mübahisəli torpaq sahəsini abadlaşdırmasına, orada meyvə ağacları əkməsinə və ətrafını hasarlayaraq özü üçün yaşayış evi inşa etməsinə ümumilikdə 50.000 manat məbləğində vəsait sərf etmişdir. O, Validədən mübahisəli torpaq sahəsini onun adına sənədləşdirməyi və ya çəkdiyi xərclərin əvəzi olaraq 50.000 manat məbləğində kompensasiya ödəməyi tələb etsə də, sonuncu torpaq sahəsini onun adına sənədləşdirməkdən və ya həmin məbləği ona ödəməkdən imtina etmişdir. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, Cavabdeh 50.000 manat məbləğində kompensasiyanın alınaraq ona ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Mətləb Baxışovun həyat yoldaşıdır. Mübahisəli torpaq sahəsi Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 56 saylı qərarı ilə xx xxxxxx 2005-ci il tarixli JN – 239F (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında ərinin və onun mülkiyyətinə verilmişdir. Əri mübahisəli torpaq sahəsini və orada yerləşən yarımtikili sahəni iddiaçıya satmamış, həmin sahəni içərisindəki yarımtikili yaşayış evi ilə birlikdə sonuncuya kirayəyə vermişdir. Əri həbsxanaya düşdükdən sonra o, bir müddət qaynının yanında qalmışdır. İddiaçı ərinə məxsus yaşayış evində kirayəçi kimi yaşadığından o, həmin evdə yaşaya bilməmişdir. Əri həbsxanadan çıxdıqdan sonra xəstə olduğundan qardaşının evində yaşamış və o da əri ilə birlikdə qalaraq sonuncuya qulluq etmişdir. O, ərindən evlərinə nə vaxt köçəcəkləri ilə bağlı soruşduqda sonuncu evin onun adında olduğunu və istənilən vaxt gedib yaşaya biləcəyini ona bildirmişdir. O, ərinə məxsus torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən ona mülkiyyət hüququnu təsdiq edən Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Əri vəfat etdikdən sonra yaşamaq üçün mülkiyyətində olan fərdi yaşayış evinə getsə də, iddiaçı onu həmin əraziyə buraxmamışdır. O, iddiaçıdan aldığı 100 manat məbləğində pulu mübahisəli torpaq sahəsini sonuncunun adına rəsmiləşdirmək məqsədi ilə deyil, kirayə haqqı olaraq almışdır. O, iddia tələbini əsassız hesab etmiş və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, o, Ələmdarı qonşu kimi tanımışdır. 1995-ci ildə Mətləb onun yanında Ələmdarı çağırıb istifadəsində olan torpaq sahəsini içərisindəki yarımtikili ilə birlikdə satdığını bildirmişdir. O, Ələmdarın mübahisəli əraziyə görə Mətləbə 1050 ABŞ dolları məbləğində pul verməsini görmüşdür. Mübahisəli ərazi çayın kənarında yerləşir və həmin ərazi əvvələr kəndin dəyirmanı kimi fəaliyyət göstərmişdir. Ərazidəki ev Ələmdar tərəfindən tikilmiş, həyətdəki ağaclar da onun tərəfindən əkilmişdir. Ələmdar 20 ildən artıqdır ki, mübahisəli ərazidə inşa etdiyi evdə ailəsi ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, o, Ələmdarla qonşudur. Validə yoldaşı Mətləblə birlikdə Ələmdarın yanına gələrək pul lazım olduğunu bildirmişlər. O, Ələmdarın mübahisəli əraziyə görə onun, yoldaşının və qaynanasının yanında Mətləbə 1050 ABŞ dolları məbləğində pul verməsini görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X26 ifadə verərək göstərmişdir ki, Mətləb onun qardaşıdır. Mətləb həbsə düşməmişdən əvvəl on beş il, həbsdən çıxdıqdan sonra isə xəstə vəziyyətdə iki il ailəsi ilə birlikdə onunla yaşamışdır. O, Mətləbin öz torpaq sahəsini Ələmdara satdığını bilmişdir. Mətləb həbsdən qayıtdıqdan sonra xəstə vəziyyətdə onun evində olarkən o, Ələmdarın torpağın alqı-satqısı ilə bağlı sənədləşdirmənin aparılmasının tələb edildiyini Mətləbə bildirmiş, sonuncu satdığı torpağı Ələmdarın adına sənədləşdirəcəyini ona demişdir. Mətləb vəfat etdiyindən torpaq sahəsini Ələmdarın adına sənədləşdirə bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, o, Ələmdarın qapı qonşusudur. Mübahisəli ərazi əvvəllər Mətləbə məxsus olsa da, sonradan Ələmdar həmin ərazinin dəyərini ödəməklə Mətləbdən satın almışdır. Tərəflər arasında olan mübahisəli ərazi əvvəllər kəndin dəyirmanı olmuş və daha sonra ətrafı metal torla çəpərlənmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək göstərmişdir ki, o, Ələmdarla qonşudur. O, 1993-cü ildə hərbi xidmətə getmiş və 1997-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra mübahisəli ərazidə Ələmdarın özünə ev tikdiyini görmüşdür. O, kənddə mübahisəli ərazinin Mətləbdən Ələmdarın satın aldığını və həmin ərazidə sonuncunun özü üçün yaşayış evi tikdiyini eşitmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 İddiaçı iddia tələbinin məzmununa uyğun ifadə verərək göstərmişdir ki, o, İddiaçı arvadıdır. 1995-ci ildə əri Mətləbdən sonuncunun istifadəsində olan 0.10 hektar torpaq sahəsini 1050 ABŞ dollarına satın alaraq orada yaşayış evi inşa etmiş və ailəsi ilə birlikdə həmin yaşayış evinə köçmüşdür. Əri mübahisəli torpaq sahəsini Mətləbdən satın alarkən torpağın sənədləri hazır olmadığı üçün alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. 2017-ci ilin iyun ayında Mətləbin arvadı Cavabdeh Əmirxan adlı şəxslə birlikdə onun iş yerinə gələrək birlikdə işlədiyi, Güleyşə Niftalıyeva, Gülər Yusifova və digər şəxslərin yanında ondan ərinin aldığı torpaq sahəsini və həmin torpaq sahəsində inşa etdiyi yaşayış evini sənədləşdirmək üçün 100 manat pul almışdır. O, sonradan öyrənmişdir ki, Cavabdeh ondan 100 manat pul aldıqdan sonra mübahisəli torpaq sahəsini və evi öz adına rəsmiləşdirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, Ələmdarı qonşu kimi tanıyır. O, Ələmdarın arvadı Rəsmiyyə ilə birlikdə bazarda işləyir. O, Validənin Əmirxan adlı şəxslə bazara Rəsmiyyənin iş yerinə gəldiyini və onun yanında Rəsmiyyədən evi Ələmdarın adına sənədləşdirmək üçün 100 manat məbləğində pul aldığını görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 da şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Qətnamə həm də ədalətsiz olmaqla birtərəfli mövqeyi müdafiə etmişdir. Belə ki, 2000-ci ilə kimi torpaq sahələri vətəndaşların qanuni istifadəsinə pulsuz verilmişdir. İddiaçının pulsuz torpaq sahəsi əldə etmək imkanı olduğu halda nə üçün pulla həyətyanı torpaq sahəsi almalı olması anlaşılan deyildir. Əslində tərəflər şifahi kirayə müqaviləsi bağlamışlar. İddiaçı yaşadığı müddət ərzində öz istəyi ilə təmir-tikinti işləri aparmışdır. Buna görə iddiaçı kompensasiya tələb etməkdə haqlı deyildir. Göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 02 may 2019-cu il tаrixli, 2(037)-252/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X7 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X28 qızı apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsi dəyişdirilməli və iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş xx xxxx 2013-cü il tarixli AZE ******** nömrəli İsmayıllı RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən və xx xxxxxx 2018-ci il tarixli 2666 nömrəli İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı İsmayıllı şəhərində (keçmiş Mican kəndi) qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2005-ci il tarixli JN – 239F (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən, hazırkı iddianın predmetinə aid olan 0.10 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 66 nömrəli qərarı ilə X13 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədinin surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən 0.10 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 41.1 kv.m olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxx 2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh və X6 adlarına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli “xxxx” ASCnin 2 nömrəli Regional Sukanal İdarəsinin İsmayıllı abonent işləri sahəsi tərəfindən verilimiş arayışdan görünür ki, İsmayıllı şəhəri (keçmiş Mican kəndi) ev 274 ünvanında yaşayan İddiaçı xx xxxxxx 2018-ci il tarixə 2 nömrəli Sukanal İdarəsinin İsmayıllı abonent işləri sahəsinə sudan istifadə xidmətlərinə görə borcu yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli 96/706 nömrəli X18 Təchizatı və Satışı İdarəsinin İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən verilmiş arayışdan görünür ki, İsmayıllı şəhər (keçmiş Mican kəndi) sakini İddiaçı X5 xx xxx 2008-ci il tarixdən hal-hazıradək abonent kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli MM-96 nömrəli “Azəriqaz” X20 X30 İdarəsi tərəfindən verilimiş arayışdan görünür ki, İsmayıllı rayonu Mican kəndi ərazisində yaşayan X3 xx xxxxxxx 2005-ci il tarixdən İsmayıllı Xidmət Sahəsində abonent kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2018-ci il tarixli 437 nömrəli İsmayıllı bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, İsmayıllı şəhəri (keçmiş Mican kəndi) ərazisində qeydiyyatda olan Cavabdeh İsmayıllı bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsi satılmamışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli L-P-Y-22/19 nömrəli “xxxx” MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı şəhəri (keçmiş Mican kəndi) ərazisində yerləşən, Cavabdeh mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırkı bazar qiyməti 36.000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, İddiaçı mübahisəli torpaq sahəsini satın almaq niyyəti ilə həmin torpağın tərəflər arasında razılaşdırılmış dəyərinə uyğun olaraq 1050 ABŞ dolları məbləğini Mətləb Baxışov və arvadı Cavabdeh vermişdir. Mətləb Baxışov və arvadı Cavabdeh mübahisəli torpaq sahəsini İddiaçı satmaq adı altında sonuncudan 1050 ABŞ dolları məbləğini alaraq həmin torpaq sahəsini İddiaçı vermişlər. İddiaçı mübahisəli torpaq sahəsini abadlaşdırmış, meyvə ağacları əkmiş və fərdi yaşayış evi inşa edərək ailə üzvləri ilə birlikdə orada yaşayır. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin yaşayış evi ilə birlikdə hazırkı bazar qiymətləri ilə dəyəri təxminən 36000 manat təşkil edir. Mətləb Baxışov və arvadı Cavabdeh mübahisəli torpaq sahəsini İddiaçı satmaq niyyəti ilə verdikdən sonra alqı-satqı müqaviləsi bağlamaqdan yayınmaqla torpaq sahəsini sonuncunun adına rəsmiləşdirməkdən boyun qaçırmışlar. Mətləb Baxışovun vəfatından sonra Cavabdeh 2016-cı ildə mübahisəli torpaq sahəsini orada inşa edilmiş fərdi yaşayış evi ilə birlikdə öz mülkiyyətinə keçirmiş və həmin daşınmaz əmlakı İddiaçı geri tələb etməyə başlamışdır. Beləliklə də Cavabdeh İddiaçı hesabına əmlak əldə etmiş əsassız varlanan şəxsdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi əmlakın dəyərini kompensasiya şəklində iddiaçıya ödəməlidir. Ona görə də məhkəmə Cavabdeh 36000 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı ödənilməsini qət etmişdir. Əvvəlki apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və Cavabdeh apellyasiya şikayətini təmin edilmədən, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Qeyd edildiyi kimi, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2356/2019 nömrəli qətnaməsindən Cavabdeh (vəkili X22) tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-308/2020 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2356/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-308/2020 nömrəli qərarına əsasən, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin Cavabdeh və 3-cü şəxs Nüşabə Baxışovanın ümumi birgə mülkiyyətinə hansı əsasla keçməsini aydınlaşdırmalı, bundan asılı olaraq mübahisəli hüquq münasibətinə hansı maddi hüquq normalarının tətbiq edilməli olunmasını müəyyənləşdirməlidir... Bundan başqa, işə baxan məhkəmə mütəxəssis rəyini əsas götürməklə mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin hazırkı bazar dəyərini cavabdehdən tutarkən də səhvə yol vermişdir. Belə ki, iddiaçı öz tələbində mübahisəli torpaq sahəsinə görə mərhum Mətləb Baxışova cəmi 1050 ABŞ dolları verdiyini, evin tikintisinə və həyətin abadlaşdırılmasına görə isə 50000 manat xərc çəkdiyini göstərmişdir. Halbuki, iddiaçı evin həqiqətən də onun tərəfindən inşa olunduğunu sübuta yetirdiyi halda evin bazar dəyərini deyil, Mülki Məcəllənin 157-ci maddəsi ilə müəyyən olunmuş qaydada həmin tikintiyə, tikinti materiallarına və başqa işlərə çəkdiyi xərcləri məhkəmə qaydasında tələb edə bilər. Ona görə də işə yenidən baxılarkən evin bazar dəyəri deyil, tikintiyə, tikinti materiallarına və başqa işlərə çəkilən xərclərin miqdarı müəyyən edilməli, lazım gələrsə müvafiq ekspertiza təyin edilməsi məsələsi müzakirə olunmalıdır... Bundan başqa, iş materiallarından göründüyü kimi, İsmayıllı rayonunun Mican kəndində yerləşən mübahisəli 0,10 ha torpaq sahəsi mərhum X12 mülkiyyətində olmuş və onun xx.xx.2005-ci il tarixdə vəfatından sonra həm 0,10 ha torpaq sahəsi, həm də həmin torpaq sahəsi üzərində inşa edilmiş 41,1 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi üzərində Cavabdeh və üçüncü şəxs X6 ümumi birgə mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olduğu halda Cavabdeh mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin yeganə mülkiyyətçisi deyil, həmin daşınmaz əmlaklar üzərində onunla yanaşı 3-cü şəxs Nüşabə Baxışovanın da mülkiyyət hüququ var və onların ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu baxımdan da iddiaçının tələbinə cavab verməli olan şəxslərin dairəsi müəyyənləşdirilməlidir. İşdə olan JN-239F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən məlum olur ki, mübahisəli 0,10 ha torpaq sahəsi təkcə Mətləb Baxışovun mülkiyyətinə verilmişdir. Ona görə də həmin torpaq sahəsi, həmçinin üzərindəki tikinti (yaşayış evi) X27 Baxışovanın (ər-arvadın) ümumi (birgə) mülkiyyətinə aid olmamışdır. Mətləb Baxışov vəfat edəndən sonra onun mülkiyyəti sayılan mübahisəli 0,10 ha torpaq sahəsi (və orada inşa edilmiş fərdi yaşayış evi) miras əmlak kimi vərəsəlik qaydasında arvadı Cavabdeh və qızı Nüşabə Baxışovanın ümumi-birgə mülkiyyətlərinə keçmişdir. Onların ümumi-birgə mülkiyyət hüquqları xx xxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apellyasiya baxışında Cavabdeh mübahisəli əmlakın onun və qızı Nüşabə Baxışovanın ümumi-birgə mülkiyyətlərinə mərhum əri Mətləb Baxışovdan miras kimi keçdiyini bildirmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 503-cü maddəsinə əsasən, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 509-cu maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. İstinad edilən normaların tətbiqi baxımından məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmetinə aid mərhum Mətləb Baxışovdan miras qalmış əmlak vərəsələr (Cavabdeh və 3-cü şəxs Nüşabə Baxışova) arasında bölünmədiyindən İddiaçı həmin əmlakın mülkiyyətçilərinin həm hər birinə (birgə borclular qismində), həm də onlardan birinə qarşı tələb irəli sürmək hüququ olmuşdur. Ona görə də İddiaçı ümumi-birgə mülkiyyətdə olan əmlakla bağlı tələbi həmin əmlakın mülkiyyətçilərindən birinə (Cavabdeh) qarşı irəli sürməsi qanuna müvafiqdir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin... Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin hallarından göründüyü kimi, İddiaçı mübahisəli torpaq sahəsini satın almaq niyyəti ilə 1995-ci ildə həmin torpağın faktiki sahibi olan Mətləb Baxışova 1050 ABŞ dolları pul vermiş, Mətləb Baxışov da torpaq sahəsini İddiaçı vermişdir. Həmin vaxt torpağın sənədləri hazır olmadığı üçün alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. Mətləb Baxışov sözügedən torpağa mülkiyyət hüququna dair şəhadətnamə alandan sonra onu İddiaçı adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Mətləb Baxışova etibar edən İddiaçı mübahisəli torpaq sahəsini abadlaşdırmış, meyvə ağacları əkmiş və fərdi yaşayış evi inşa edərək ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Mətləb Baxışovun adına JN-239F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə xx.xx.2005-ci il tarixdə hazırlanmış, o isə xx.xx.2005-ci ildə vəfat etmişdir. Bundan sonra mərhum Mətləb Baxışovun həyat yoldaşı Cavabdeh sözügedən torpaq sahəsini İddiaçı adına sənədləşdirməkdən boyun qaçırmış, 2016-cı ildə isə həmin torpaq sahəsini orada inşa edilmiş fərdi yaşayış evi ilə birlikdə mülkiyyət hüququ ilə öz adına sənədləşdirmiş və İddiaçı torpaq sahəsini geri qaytarmağı tələb etməyə başlamışdır. Halbuki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, həyətyanı sahənin abadlaşdırılması və orada 60 ədədə yaxın müxtəlif ağacların əkilib-becərilməsi, bütün bu işlərə xeyli xərc çəkilməsi işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarıdır. Cavabdeh mərhum ərinin mülkiyyəti olan torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən İddiaçı məxsus əmlaka, yəni fərdi yaşayış evinə və həyətyanı sahədəki ağaclara da yiyələnmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi ilə bağlı mərhum əri Mətləb Baxışov tərəfindən verilmiş vədə əməl etməməklə, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əmlak əldə edən (əsassız varlanan) şəxsdir. Mülki Məcəllənin 1092-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Digər tərəfdən, Mülki Məcəllənin 157.2 və 157.7-ci maddələrinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər... Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd edildiyi kimi, iddiaçı 20 ildən artıq müddətdə mübahisəli torpağı özünə məxsus hesab edib, bu torpağın ona satıldığına və gələcəkdə mülkiyyətinə keçəcəyinə inanaraq, həmin torpağa qanuni mülkiyyətçisinin etirazı olmadan vicdanlı surətdə sahiblik və oradan mülahizəsinə görə istifadə etmiş, sözügedən torpaq sahəsində ailəsi üçün fərdi yaşayış evi tikmiş, həyətyanı sahəni abadlaşdırmış və orada müxtəlif ağaclar əkib-becərmiş, bütün bu işlərə xeyli xərc çəkmişdir. İddiaçı mübahisəli torpaq sahəsini qanunsuz, özbaşına və mülkiyyətçisinin iradəsi ziddinə zəbt etmədiyindən onun həmin torpaq sahəsinə 20 ildən artıq müddətdə sahibliyi və oradan istifadəsi vicdanlı olmuşdur. Hazırda inşa edilmiş evi və əkilib-becərilmiş ağacları mübahisəli torpaq sahəsindən ayırıb aparmaq mümkün deyildir. Ona görə də iddiaçı vicdanlı sahib olaraq mübahisəli torpaq sahəsindəki özünə məxsus əmlaklara çəkdiyi məsrəflərin əvəzinin mülkiyyətçi (cavabdeh) tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının göstərişlərinə müvafiq olaraq İddiaçı çəkdiyi xərclərin müəyyən edilməsi üçün apellyasiya baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı ilə kompleks məhkəmə-tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 7/345-9/1924 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən, hazırda həyətyanı sahədə olan 59 ağacın orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2830,0 manat müəyyən olunur. Ağacların yaşı 20 ildən 5 ilədək arasında dəyişir. Həmin 59 ağaca 1 il üçün edilmiş qulluğun dəyəri əkilməsi ilə birlikdə təxminən 566,40 manat təşkil etmişdir; ağaclara yaşları nəzərə alınmaqla əkildikləri vaxtdan indiyədək ümumilikdə 7738,40 manat xərc çəkilməsi müəyyən olunur. Beləliklə, həyətyanı sahədə olan 59 ağacın hazırkı dəyəri və onlara illər üzrə çəkilmiş xərclərin cəmi birlikdə 10.568,40 manat məbləğində təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/1237 nömrəli məhkəmə-tikinti-texniki ekspertizası üzrə ekspert rəyinə əsasən, İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən, xx.xx.2016-cı il tarixli RX ******* nömrəli Çıxarışa əsasən Cavabdeh və X6 ümumi mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə çəkilmiş xərclərin ümumi dəyəri təqribən 10.035,0 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində inşa edilmiş evə və əkilib-becərilmiş ağaclara cəmi 20.603,40 manat (iyirmi min altı yüz üç manat qırx qəpik) məbləğində xərc çəkilmişdir. Mülki Məcəllənin 157.2 və 157.7-ci maddələrinin müddəalarına uyğun olaraq həmin məbləğdə pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçının kompensasiya tələbi ilə razılaşmayan cavabdeh apellyasiya şikayətində mərhum əri Mətləb Baxışov ilə iddiaçı arasında şifahi kirayə müqaviləsinin bağlandığını, iddiaçının mübahisəli torpaq sahəsində olan yarımtikilini kirayəyə götürüb tikintisini tamamlayaraq orada ailəsi ilə yaşadığını iddia etmiş, iddiaçının öz təşəbbüsü ilə həyətyanı sahədə əkib becərdiyi ağacların və gördüyü başqa işlərin dəyərini ödəməyə borclu olmadığını bildirmiş, ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına və həqiqətə uyğun gəlmir. Belə ki, iddiaçının yarımtikilini kirayəyə götürməsi inandırıcı görünmür. İddiaçının başqasına məxsus yarımtikilini kirayəyə götürüb tikintisini başa çatdırmasının, başqasının torpaq sahəsində 60-a yaxın müxtəlif ağaclar əkib becərməsinin, bütün bunları “öz təşəbbüsü” ilə və öz vəsaiti hesabına nəyə görə etməsinin məntiqli və ağlabatan izahını tapmaq mümkün deyildir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız kimi qiymətləndirir. İşin faktiki halları ilə müəyyən olunan budur ki, iddiaçı 20 ildən artıq müddətdə mübahisəli torpağı özünə məxsus hesab edib, bu torpağın ona satıldığına və gələcəkdə mülkiyyətinə keçəcəyinə inanaraq, həmin torpağa qanuni mülkiyyətçisinin etirazı olmadan sahiblik və oradan mülahizəsinə görə istifadə etmiş, sözügedən torpaq sahəsində ailəsi üçün fərdi yaşayış evi tikmiş, həyətyanı sahəni abadlaşdırmış və orada müxtəlif ağaclar əkib-becərmişdir. Ona görə də cavabdehin iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin və oradakı yarımtikilinin kirayəyə götürülməsi barədə mülahizələri əsassızdır. Eyni zamanda, məhkəmə kollegiyası ekspertiza rəylərinə əsasən kompensasiya məbləğinin azalması baxımından cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməli olmasını qeyd edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsi dəyişdirilərək (azaldılaraq) İddiaçı Cavabdeh qarşı kompensasiya tələbi 20.603,40 manat (iyirmi min altı yüz üç manat qırx qəpik) məbləğində təmin olunmalıdır. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin MPM-nin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya icraatı zamanı aparılmış məhkəmə ekspertizalarının dəyərini təşkil edən cəmi 200 (iki yüz) manat pul vəsaiti iddiaçı və cavabdehin hər birindən 100 (bir yüz) manat olmaqla tutulub Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(037)-252/2019 nömrəli qətnaməsi dəyişdirilsin. Həmin qətnamə ilə Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş kompensasiyanın miqdarı dəyişdirilərək 20.603,40 manat (iyirmi min altı yüz üç manat qırx qəpik) məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış məhkəmə ekspertizalarının dəyərini təşkil edən cəmi 200 (iki yüz) manat pul vəsaitinin 100 (bir yüz) manatı İddiaçı, qalan 100 (bir yüz) manatı isə Cavabdeh tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar