Məhkəmə qərarları › İş №2(107)-45/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-45/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-45/2023 03.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi, hüquqdan sui-istifadə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(033)-370/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçılar İddiaçı1 və Sulxayev X8 rayonu Mosul kəndində yaşayırlar. Zaqatala rayonu Mosul kəndində aparılan torpaq islahatı nəticəsində onlara - İddiaçı1 və İddiaçı2 Zaqatala rayon Aqrar İslahat komissiyasının 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə 0.47 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.47 ha torpaq sahəsinə JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və verilmişdir. Həmin torpaq sahəsinin 0.15 ha hisəssində X10 2008-ci ildən başlayaraq 1 mərtəbəli, 3 otaqdan ibarət 120 kv/metr ümumi sahəsi, 100 kv/metr yaşayış sahəsi olan tikili inşa etmiş və hal-hazırda faktiki olaraq həmin evdə (tikilidə) ailəsi ilə birlikdə yaşayır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Mosul kəndində yerləşən JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 0.47 ha torpaq sahəsindən cavabdeh X6 çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməklə cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 130 kvm ölçüdə tikilinin onun özünün hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və Sulxayev X8 rayonu Mosul kəndində yaşayırlar. Zaqatala rayonu Mosul kəndində aparılan torpaq islahatı nəticəsində onlara - İddiaçı1 və İddiaçı2 Zaqatala rayon Aqrar İslahat komissiyasının 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə 0.47 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.47 ha torpaq sahəsinə JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və verilmişdir. Kənddə yaşamadıqlarından istifadə edən cavabdeh X1 Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onlara verilmiş 0.47 ha yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsini özbaşına tutmuş və onların razılığı və icazəsi olmadan orada qanunsuz 130 kvm ölçüdə tikili inşa etmişdir. Həmin torpaq sahəsini boşaltması və qanunsuz inşa etdiyi tikilini sökməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh öz qanunsuz əməllərini davam etdirməklə onların mülkiyyət hüquqlarını pozmaqda davam edir. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlara şifahi qaydada müraciət etmişlər. Lakin mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də, iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar.

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə təqdim edərək, Zaqatala rayonu Mosul kəndində yerləşən JN 09İF KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 0.47 ha torpaq sahəsinin 0.15 ha hissəsindən cavabdeh X6 çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməklə cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 130 kvm ölçüdə tikilinin onun özünün hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçılar məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıların mülkiyyətinə torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli qərarı ilə verilmişdir. 2008-2011-ci illər ərzində cavabdeh tərəfindən həmin torpaq sahəsində ev tikilmişdir. Uzun müddət ərzində iddiaçıların hansı səbəbdən həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddia qaldırmaması barədə onun hər hansı məlumatı yoxdur. Eyni zamanda iddiaçılar ilə cavabdehlərin razılaşma əsasında torpaq sahələrinin dəyişdirilməsi barədə də iddiaçı ona hər hansı məlumat verməmişdir. Onun bu barədə də məlumatı yoxdur.

7. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Zaqatala rayonu Mosul kəndində yaşayır və torpaq islahatı zamanı ona və iddiaçılara həmin kəndin ərazisində torpaq sahələri verilmişdir. 2008-ci ildə iddiaçılarla aralarında olan razılığa əsasən o iddiaçılara mülkiyyətində olan 24 sot torpaq sahəsində yerləşən fındıq bağını vermiş, iddiaçılar isə ona öz paylarına düşən torpaq sahəsinin 14 sot hissəsini vermişlər. Torpaq sahələrini dəyişdikdən sonra iddiaçıya dəfələrlə notariusa müraciət edərək dəyişikliyi rəsmiləşdirməyi təklif etmiş, lakin onlar heç bir narahatçılığa əsas olmadığını bildirərək onu arxayın salmışlar. 2008-ci ildə həmin torpaq sahəsi üzərində altıaçıq tipli tikili inşa etmiş və iddiaçılarla dəyişdiyi torpaq sahəsi üzərində 2008-ci ildən başlayaraq 2011-ci ildə tamamlamaqla özünə yaşayış evi tikmiş, iddiaçıların bu barədə məlumatları olmuş, evin tikilməsinə etirazları olmamışdır. Lakin hazırda iddiaçılar onun həmin evdən çıxmasını tələb edir. İddiaçılarla qohum və həmkəndlidirlər, hər zaman xoş münasibətdə olmuşlar, həmin evi inşa etdiyi barədə onların məlumatı olmuş, hətta tikilmiş evə qonaq qismində də gəlmişlər. Torpaq sahəsi üzərində tikilmiş evi 11 il ərzində tam tikmiş və onun bu əməyi boşa getməsin deyə iddiaçıların ondan pul istədiyini bilərək həmin torpaq sahəsinin yenidən haqqını ödəməklə iddiaçılardan almağa çalışmışdır. Lakin iddiaçılar torpaq sahəsinin qarşılığında ondan 14000 manat pul tələb etmişlər, bu isə torpaq sahəsinin dəyərindən qat-qat artıq məbləğdir. İddiaçılar hazırda ondan bağını geri götürməyi və dəyişilmiş torpaq sahəsini geri qaytarmağını tələb edirlər. İddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir.

8. Məhkəmə baxışı iclasında ştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 cavabdehin verdiyi izahata oxşar məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Mosul kəndində yerləşən 0,47 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 saylı qərarına əsasən X5 və İddiaçı2 Əlyar oğlunun mülkiyyətinə verilmiş və bu barədə JN 091F saylı KOD 40200048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. JN 091F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş cizgidə X10 2008-ci ildən başlayaraq 1 mərtəbəli, 3 otaqdan ibarət 120 kv/metr ümumi sahəsi, 100 kv/metr yaşayış sahəsi olan tikili inşa etmiş və hal-hazırda faktiki olaraq həmin evdə (tikilidə) ailəsi ilə birlikdə yaşayır. İddiaçılar X5 və İddiaçı2 Əlyar oğlu Cavabdeh İlyas oğlunun Zaqatala rayonu Mosul kəndində yerləşən JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onların mülkiyyətinə verilmiş 0.47 ha torpaq sahəsinin 0.15 ha hissəsindən çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməklə cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 130 kv.m ölçüdə tikilinin onun özünün hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbində qeyd edilən torpaq sahəsi ilə ona məxsus olmuş 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağının 2008-ci ildə iddiaçılarla əldə edilmiş razılığa əsasən dəyişdirildiyini, 2008-ci ildə iddia tələbində qeyd edilən torpaq sahəsi üzərində altıaçıq inşa etdiyini və 2008-ci ildən başlayaraq 14 il ərzində həmin torpaq sahəsi üzərində ev inşa etdiyini və bu barədə iddiaçıların məlumatı olmasına baxmayaraq torpaq sahəsi ilə bağlı ona qarşı hər hansı iddialarının olmadığını bildirmişdir. O, iddiaçılara iddia tələbinin predmeti olan torpaq sahəsinin dəyərini yenidən ödəməklə həmin sahənin onun mülkiyyətinə verilməsi üçün iddiaçılarla razılığa gələ bilmədiyini qeyd etmişdir.

10. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı razılıq əldə edilmiş, razılıq nəticəsində cavabdeh özünə məxsus 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağını iddiaçılara vermiş və iddiaçıya məxsus 0,47 ha torpaq sahəsinin 0,15 ha hissəsində ev (tikili) tikmişdir. Ona görə ki, bunun əksini sübut edəcək hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, iddiaçıların özləri məhkəməyə gəlməmiş, nümayəndəsi isə tərəflərin torpaq sahəsinin dəyişdirilməsi ilə bağlı razılıqlarının olub-olmaması barədə məlumatı olmadığını bildirmişdir.

11. Eyni zamanda iddiaçı, cavabdehin həmin torpaq sahəsini boşaltması və qanunsuz inşa etdiyi tikilini sökməsi ilə bağlı dəfələrlə müxtəlif orqanlara şifahi qaydada müraciət etməsini ərizəsində qeyd etsə də, bunu sübut edəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə hesab edir ki, həm cavabdehin ona məxsus 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağından 2008-ci ildən hazıradək məhrum edilməsi, həm də onun tərəfindən iddiaçılara məxsus 0,47 ha torpaq sahəsinin 0,15 ha hissəsi üzərində inşa edilmiş ümumi sahəsi 120 kv.m. olan evdən (tikilidən) məhrum olması və həmin tikilinin sökülməsi Mülki Məcəllənin 560.1, 560.2 və 158-ci maddələrinə ziddir

13. Məhkəmənin qənaətinə görə iddia təmin ediləcəyi halda Cavabdeh özünə məxsus 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağının 2008-ci ildən hazıradək iddiaçılar tərəfindən istifadə edilərək bəhər götürülməsinin onun üçün heç bir müsbət nəticəsi olmur. Yəni həm torpaq sahəsindən (gəlirlərindən) məhrum olmuş olur, həm də tərəflərin razılığı ilə 0,15 ha torpaq sahəsi üzərində tikilmiş evin sökülməsi ilə ona külli miqdarda zərər vurulur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz.

14. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

15. Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(033)-370/2022 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 16, 152, 157, 158 və 560-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

17. İş materiallarına əlavə edilmiş JN-091F KOD 40200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Zaqatala rayon Aqrar İslahat 23 may 1996cı il tarixli 32 saylı qərarı ilə Zaqatala rayonu Mosul kəndində yerləşən 0,47 ha torpaq sahəsi X5 və İddiaçı2 Əlyar oğlunun mülkiyyətinə verilmişdir.

18. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Mosul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 475 nömrəli arayışdan görünür ki, həqiqətən Mosul kənd sakini X10 qanunsuz olaraq 2011-ci il tarixdə 130 kv/metr sahədən ibarət Mosul kənd sakini X4 məxsus JN -091 saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamədə göstərilmiş həyatyanı sahəsində ev inşa etmişdir.

19. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Mosul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 87 nömrəli arayışdan görünür ki, Zaqatala RİHB-nın Mosul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 09 nömrəli təsərrüfatbaşı kitabın 799 səhifəsində X6 doğma əmisi olan İddiaçı1 adına olan JN 091 saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş cizgidə 2012-ci ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı, 120 kv/metr ümumi sahəsi, 100 kv/metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi özü inşa etmişdir, hal-hazırda faktiki olaraq həmin evdə ailəsi ilə birlikdə yaşayır və 0.47 ha həyətyanı torpaq sahəsi vardır.

20. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçılar İddiaçı1 və Sulxayev X8 rayonu Mosul kəndində yaşayırlar. Zaqatala rayonu Mosul kəndində aparılan torpaq islahatı nəticəsində onlara - İddiaçı1 və İddiaçı2 Zaqatala rayon Aqrar İslahat komissiyasının 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə 0.47 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.47 ha torpaq sahəsinə JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və verilmişdir. Kənddə yaşamadıqlarından istifadə edən cavabdeh X1 Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onlara verilmiş 0.47 hayaşayış məntəqələri kateqoriyalı torpaq sahəsini özbaşına tutmuş və onların razılığı və icazəsi olmadan orada qanunsuz 130 kvm ölçüdə tikili inşa etmişdir. Həmin torpaq sahəsini boşaltması və qanunsuz inşa etdiyi tikilini sökməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh öz qanunsuz əməllərini davam etdirməklə onların mülkiyyət hüquqlarını pozmaqda davam edir. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlara şifahi qaydada müraciət etmişlər. Lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Birinci instansiya məhkəməsi işə baxarkən sübutları düzgün qiymətləndirməmiş, iddia tələbinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, iddia tələbinə münasibətdə iddianı tam rədd edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iddia tələbinə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün seçməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam rədd etməklə məhkəmə qanunsuz və əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir.

22. Qeyd edilməlidir ki, iddiaçılar tərəfindən iddia tələbini sübut etmək üçün JN-091F KOD 40200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Zaqatala rayonu Mosul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 475 nömrəli arayış təqdim edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı etiraf etmiş, iddiaçılara məxsus olan torpaq sahəsinin 0.15 ha hissəsi istifadə edərək 2011-ci ildə həmin torpaq sahəsinin içərisində ev inşa etmiş, hazırda ailəsi ilə birlikdə orada inşa edilmiş evdə yaşayır. İddiaçı tərəflə torpaq sahəsindən çıxarılmaması və evin sökülməməsi ilə bağlı danışıqlar aparsa da, razılığa gələ bilməmişlər. Eyni zamanda cavabdeh 2011-ci ildə iddiaçılarla həmin torpaq sahəsini 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə dəyişdiklərini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla bağlı, cavabdehə suallar verilsə də, cavabdeh hər hansı yazılı razılaşma olmadığını, şifahi şəkildə razılaşdıqlarını bildirmişlər. Həmin hal isə iddiaçı tərəfindən rədd edilmişdir.

23. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(033)-370/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(033)-370/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

27. İddiaçılar İddiaçı1 və İddiaçı2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(033)- 370/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

33. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırki iş üzrə iddiaçının hazırki iddianı irəli sürməkdə subyektiv hüququnun olubolmaması məsələsinin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tаrixli, 2(107)-1076/2022 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmiş və ekspert rəyi аlınаnаdək işin icrааtı dаyаndırılmışdır. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 6 mart 2023-cü il tarixli 10/524 nömrəli rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İddiaçılar İddiaçı1 və İddiaçı2 Zaqatala rayonu Mosul kəndində yerləşən JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara məxsus 0.47 ha torpaq sahəsində tikildiyi iddia etdiyi Zaqatala rayonu Mosul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021- ci il tarixdə verilmiş 475 nömrəli arayışa əsasən Mosul kənd sakini X10 tərəfindən 2011-ci ildə tikilmiş 130 kv.metr sahədən ibarət fərdi yaşayış evi X7 və İddiaçı2 Əlyar oğlunun adına verilmiş JN-091F KOD 40200048 saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə göstərilən 0.47 ha torpaq sahəsinin sənəd üzrə cizgiləri daxilində yerləşir. İddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş JN-091F KOD 40200048 saylı Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamədə göstərilən 0.47 ha torpaq sahəsinin cizgiləri daxilində cavabdeh llyasov Şaban İlyas oğlu tərəfindən tikilmiş 130 kv.m sahədən ibarət fərdi yaşayış evinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. X7 və İddiaçı2 Əlyar oğlunun adına verilmiş JN-091F KOD 40200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.47 ha torpaq sahəsinin cizgiləri sənəd üzrə, həmçinin faktiki istifadə edildiyi vəziyyətdə llyasov İlyas Zübeyr oğluna və ailə üzvlərinə verilmiş JN-0497 KOD 40200048 saylı Dövlət Aktında göstərilmiş 2.24 ha torpaq sahəsinin hər-hansı bir cizgiləri ilə üst-üstə düşmür. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə hazırki iş üzrə iddiaçılara məxsus olması və iddiaçıların həmin torpaq sahəsinə olan hüquqları mütəxəssis və ekspert rəyləri ilə təsdiq edilmişdir.

34. Buna baxmayaraq, işin hallarından görünür ki, hazırki iş üzrə cavabdeh mübahisəli torpaq sahəsində evi 2008-2011-ci illər ərzində tikmişdir. Keçən uzun müddət ərzində iddiaçıların hansı səbəbdən həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddia qaldırmaması barədə suallara iddiaçıların nümayəndəsi və vəkili cavab verə bilməmiş, iddiaçıların özləri isə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxış iclasılarında məhkəməyə gəlməmişlər. Eyni zamanda iddiaçılar iddia ərizəsində cavabdehin həmin torpaq sahəsini boşaltması və qanunsuz inşa etdiyi tikilini sökməsi ilə bağlı dəfələrlə müxtəlif orqanlara şifahi qaydada müraciət etmələrini qeyd etsələr də, bunu sübut edəcək hər hansı sübut və ya dəlillər məhkəmələrə təqdim edilməmişdir. Habelə, iddiaçıların sakini olduqları kənddə onlara məxsus sahəni uzun illər ərzində başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı), torpağa görə vergilərin kim tərəfindən ödənilməsi, (əgər varsa) dövlət tərəfindən verilən ödənclərin kim tərəfindən alınması məsələlərinin qiymətləndirilməsi iddiaçıların cavabdehin onlara məxsus torpaq sahəsindən istifadə etdiyi və orada tikili inşa etdiyindən məlumatlı olduqlarını deməyə əsas verir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıların cavabdehin onlara məsus torpaq sahəsindən istifadə etdiyindən və həmin torpaq sahəsinin 0.15 ha hissəsində özünə ev tikdiyindən məlumatlı olmuş və keçən illər ərzində buna etiraz etməmişlər. Cavabdehin iddiaçılarla arasında gerçəkləşdiyini qeyd etdiyi razılaşma ilə bağlı iddialarının, cavabdeh tərəfindən sübut edilə bilməməklə birlikdə, iddiaçılar tərəfindən də təkzib edilə bilməməsi və bu qətnamənin hazırki – 34-cü bəndinin birinci və ikinci abzaslarında qeyd olunan hallar həmin razılaşmanın gerçəkdə baş verdiyi ilə bağlı əsaslı şübhələrə gətirib çıxarır.

35. Həmin razılaşmanın cavabdehin iddia etdiyi və ya başqa məzmunda gerçək olması və ya olmamasından asılı olmayaraq, hazırki işin görünən və aydın olan halları iddiaçıların cavabdehin onlara məsus torpaq sahəsində etdiyi hərəkətlərdən (tikili inş edilməsi və digər üsullarla istifadə) xəbərdar olmalarını və etiraz etmədiklərini göstərir.

36. Bu hallar Cavabdeh qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir.

37. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin cavabdehin istifadəsində olduğundan mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyi halda, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi qanunvericiliyin hüquqdan sui-istifadə ilə bağlı normalarına istinad etməklə hazırki iddianı rədd etməkdə haqlı olmuşdur. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(033)-370/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(033)-370/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 50 manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34C TRE********************; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar