Məhkəmə qərarları › İş №2(107)-458/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-458/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-458/2023 18.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri X2 və Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları ünvan 1ində yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli qərarı ilə X1(iddiaçının anasının) mülkiyyətinə verilmişdir(Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-048F, KOD ********). 2V-155 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının anasından miras qalmış, JN-048F, KOD:40312028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən ümümi sahəsi 0,05 ha olan torpaq sahəsinə iddiaçının tam hissədə pay hüququ tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 10/7889 nömrəli ekspert rəyinə əsasən JN-048F, KOD 40312028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsinin 63 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ölçü işlərinin aparılmasına icazə verilməsi, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, pozulmuş hüququn bərpası, zəbt edilmiş 0,11 ha ərazidən cavabdehin məcburi qaydada çıxarılması və orada qanunsuz tikilmiş tikililələrin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1ində yaşayır. X4 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. O, vərəsəliklə bağlı anasından miras qalmış əmlakı adına keçirmək üçün daşınmaz əmlakın dövlət reyestrinə müraciət etmişdir. Orada aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, anasına məxsus həyətyanı sahənin 0,011 ha hissəsi kəsirdir və qonşu-cavabdeh tərəfindən zəbt olunmuşdur. Reyestr xidməti bu əsası göstərərək ona çıxarış verməkdən imtina etmişdir. O, bununla bağlı qonşusu Cavabdeh müraciət etsə də, sonuncu onun dediklərinə heç bir əhəmiyyət verməmişdir. Cavabdehin tikdiyi dam anasına məxsus həyətyanı sahədə yerləşir. Qax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(024)-55/2023 nömrəli iş üzrə qəbul etdiyi 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Qarayev) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən JN-048F, KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi üzərində ölçü işlərinin aparılmasına edilən maneələrin aradan qaldırılması, Cavabdeh JN-048F, KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 63 kv.m hissəsindən məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun isə cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus 0,05 ha torpaq sahəsinin 63 kv.m hissəsini naturada istifadə edir və nəticədə iddiaçının mülkiyyət hüququnu pozur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.2, 157.4, 164.1, 165.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə torpaq sahəsinin ilkin plan çizgi sənədlərini, iddiaçının qeyd etdiyi zəbt torpaq sahəsində tikilinin nə vaxt və kim tərəfindən tikildiyi nəzərə alınmamış, iddiaçıya torpaq sahəsinin verildiyi tarixlə ilkin sənədlərdə qeyd olunan tarixlərə nəzər salmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi Şahin Şahmuradov izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun nənəsi(cavabdehin anası) Zöhrə Şahmuradovaya məxsus olmuşdur. İddiaçının qanunsuz tikili kimi istinad etdiyi dam 1960-cı ildən mövcuddur. Torpaq sahəsi iddiaçının anasına daha sonra, yəni Aqrar İslahat komissiyasının qərarı ilə 1997-ci ildə verilib. Halbuki, 1960-cı ildə nənəsinə məxsus dam mübahisəli torpaq sahəsində tikilmişdir. İddiaçının anasının adına verilən şəhadətnamə qanunsuz verilib və onlar bu şəhadətnaməni inzibati məhkəmədə mübahisələndirisələr də, tələbləri təmin edilməmişdir. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı iddia tələbinin əsaslarına uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir hissəsinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdehin apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməsi ilə bağlı hissəsi mübahisələndirilir. Ona görə də, Məhkəmə birinci instansiyası məhkəməsinin aktın yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə13.Mülkiyyət 13.3.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə29.Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə111.Özbaşına tutulmuş (zəb tedilmiş) torpaqların qaytarılması 111.1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının göstərdiyi faktiki hallar nəzərə alındıqda, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilməlidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Qax rayonu Çinarli kəndində yerləşən 0,05 ha torpaq sahəsi iddiaçının anasının mülkiyyətində olmuş, həmin torpaq sahəsinə iddiaçının vərəsə kimi tam hissədə payı isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsəsən müəyyən edilmişdir. Qeyd olunan hallar və həmin torpaq sahəsinin 63 kv.m hissəsinin cavabdehin istifadəsində olması işin mübahisəsiz hallarıdır. Cavabdeh tərəfindən mübahisələndirilən hal bundan ibarətdir ki, iddiaçının anasının adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN-048F, KOD ********) düzgün tərtib edilməmiş, mübahisə predmeti olan 63 kv.m torpaq sahəsi 1960-cı ildən onun anası Zöhrə Şahmuradovaya məxsus olmuş və həmin torpaq sahəsi qanunsuz olaraq iddiaçının anasının adına rəsmilləşdirilmişdir. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi bu halla bağlı Məhkəmə bildirir ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh (hazırki iş üzrə cavabdeh) İddiaçı (hazırki iş üzrə iddiaçı) anasının adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN-048F, KOD ********) qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir. Həmin iş Azərbaycan Respublikası Ali Məhkəməsiinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh sözügedən iddiası mümkün sayılmamışdır. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı anasına torpaq sahəsi Qax rayon Aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarına əsasən ayrılmışdır və həmin qərar hazırda qüvvədədir, qərar hər hansı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Göstərilənlərə əsasən müəyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və heç bir sübuta söykənmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadəsinə maneçilik yaradılmışdır. Bu maneənin aradan qadırılması üçün isə cavabdeh zəbt etdiyi sahədən çıxarılmalıdır. İddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma barədə irəli sürdüyü tələb, Rayon Məhkəməsinin bu tələbin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəliləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar