Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-459/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehlər X6 və Cavabdeh2, onun vəkili Xanlarov Ramil Mikayıl oğlunun iştirakı ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1278/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.2006-ci il təvəllüdlü Behbudov Məhəmməd Eşqin oğlu və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birlikdə Yevlax rayonu Salahlı kəndindəki cavabdehlərin 0.2349 hektar ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsindəki evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1278/2020 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı uşaqları- xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birlikdə Yevlax rayonu Salahlı kəndində cavabdehlər X2 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0,2349 hektar həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər X6 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx xxxxxxx 2005-ci il tarixdə el adəti ilə toy edərək faktiki ailə qurmuş və toy mərasimindən sonra Cavabdeh2 anası Cavabdeh1a ilə birgə yaşadığı Yevlax rayonu Salahlı kəndindəki 0,2349 ha həyətyanı torpaq sahəsində olan köhnə, yerdən olan, kürsüsüz 3 otaqlı evə gəlin köçmüşdür. Cehiz əşyaları da toydan 1 həftə əvvəl həmin evə yığılmışdır. Aralarında olan faktiki nikah xx xxx 2006-ci il tarixdə Yevlax rayonu Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşmişdir. Gəlin köçdüyü köhnə kürsüsüz evdə yaşadığı müddətdə birgə nikahdan xx.xx.2006-ci il təvəllüdlü Behbudov Məhəmməd Eşqin oğlu və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Yaşadığı ev çox köhnə, şəraitsiz, yerdən, yəni kürsüsüz olduğuna görə həyətində köhnə ev qalmaqla yeni bir kürsülü ev tikmək qərarına gəlmişlər və evin tikintisi üçün 2007-ci ildən hissə-hissə tikinti materialları almağa və həyətdə saxlamağa başlamışlar. Evin tikinti materiallarının alınmasına atası İsmayıl maliyyə-pul cəhətdən yaxından köməklik göstərmiş, eləcə də həmin materialların alınmasında şəxsən iştirak etmişdir. Təxminən 2011-ci ilin yayında yeni evin tikintisinə başlanılmış və 2014-cü ilin əvvəllərində tikdikləri yeni, rahat, kürsülü 3 otaqlı evə köçmüşlər. Evin yerləşdiyi 0.2349 hektar həyətyanı torpaq sahəsi keçmiş qaynanası- Cavabdeh1anın, keçmiş həyat yoldaşı-Cavabdeh2 və qaynatası mərhum Məhəmməd Behbudovun ümumi birgə mülkiyyətindədir və onların həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 45 nömrəli reyestr kitabının 47 №-li vərəqində qeydiyyata alınmışdır. Keçmiş əri Cavabdeh2la və qaynanası Cavabdeh1a ilə yeni tikdikləri evdə 5 il yaşadıqdan sonra Cavabdeh2la ər-arvad münasibətləri pozulmağa başlamış və 2019-cu ilin yanvar ayında aralarında olan ziddiyyətlər, eləcə də qaynanası Cavabdeh1a ilə münasibətlər kəskinləşmiş və onlar ər-arvad kimi faktiki olaraq ayrılmışlar. Onlar faktiki ər-arvad münasibətlərində olmasalar da, faktiki olaraq yeni tikdikləri mübahisəli evdə yaşamışlar. Lakin bir müddət sonra onların bir evdə normal yaşamaqlarının mümkün olmaması səbəbindən sakitçilik yaranması üçün o, uşaqları ilə müvəqqəti olaraq müəyyən müddət Mingəçevir şəhərində ata evinə gedib yaşamağa məcbur olmuşdur. Bir müddət sonra isə o, Salahlı kəndindəki evinə qayıtmış, lakin qaynanası Cavabdeh1a onu evə buraxmamışdır, nəticədə dava-dalaş, gərginlik, sözsöhbət olmaması üçün yenə bir müddət qayıdıb Mingəçevir şəhərində kirayə ev tutub yaşamağa başlamışdır. Cavabdeh ilə ailə münasibətlərini bərpa etmək mümkün olmadığına görə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, Məhəmməd və Ayhan adlı övladlarının onun yanında qalması qət edilmişdir. Artıq kirayədə yaşamaqda çətinlik çəkdiyinə görə köçüb Yevlax rayonu Salahlı kəndindəki evində yaşamaq qərarına gəlmişdir, lakin cavabdehlər onların köçüb yaşamaqlarına imkan vermirlər. Onun cehiz əşyaları, habelə birgə nikah dövründə aldıqları əşyalar da həmin evdədir. 0,2349 hektar həyətyanı torpaq sahəsi birgə mülkiyyətdə olsa da, həmin torpaq sahəsində tikdiyi evə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alınmamış, yeni ev üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. İlk növbədə köçüb yaşamaq istədiyi evdə 2014-cü ildən 2019-cu ilin iyul ayınadək yaşamış və evin yerləşdiyi torpaq sahəsi keçmiş əri, uşaqlarının atası Cavabdeh2 ümumi birgə mülkiyyətindədir, onun həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ isə onların birgə nikahda olduğu müddətdə- xx.xx.2015-ci il tarixdə yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər X6 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə o, xx.xx.2005-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Onların bu nikahı xx.xx.2006-cı ildə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Salahlı kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirilmişdir. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X5 doğulmuşlar. Bu münasibət 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətdir. Onların mülkiyyətlərində olan torpaq sahəsi və mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçının onlara məxsus torpaq sahəsində yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə onların aralarında heç bir razılaşma yoxdur. Ona görə də Yevlax Rayon Məhkəməsinin bu qətnaməsi tamamilə qanunsuzdur və bu qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçın həmin evə köçməsinə razı deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun keçmiş arvadıdır. Birgə nikahdan iki uşağı var. İddiaçı hazırda uşaqlarla birlikdə bacısına məxsus evdə yaşayır. Bundan əlavə Yevlax rayonunda tikintisi tam başa çatdırılmamış evi də iddiaçıya verməyə hazırdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Xanlarov Ramil Mikayıl oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. Mübahisəli evin sənədi olmasa da, iddiaçının da həmin evə köçməsinə ixtiyarı yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev birgə nikah dövründə tikilmişdir. Evin inşasına atası da xeyli köməklik göstərmişdir. Hazırda iki uşağı ilə çöldə qalmışdır. Məcbur olub bacısına məxsus olan bir otaqlı evə sığınmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1278/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı Cavabdeh2 ilə 2005-ci ildən faktiki ailə münasibətlərinə daxil olmuş, xx xxx 2006-cı ildə nikahlarını rəsmiləşdirmiş, xx.xx.2006- cu ildə oğlanları Məhəmməd, xx.xx.2011-ci ildə isə oğlanları Ayhan anadan olmuş, 2014- cü ildən mübahisəli evə köçərək orada yaşamağa başlamış, 2019-cu ildən iddiaçı həmin evdə yaşamır, cavabdehlər onun evdə yaşamasına etiraz edir, Yevlax Rayon Məhkəməsinin 2(039)- 1814/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaqların analarının yanında qalması qərara alınmışdır. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı 2005-ci ildən 2019-cu ilə qədər cavabdehlərlə birlikdə ailə kimi yaşamış və onlarla birgə təsərrüfat aparmışdır. Belə ki, iddiaçı 2005-ci ildə ailə quraraq mübahisəli evin yerləşdiyi torpaq sahəsində mövcud olan digər yaşayış evinə gəlin köçmüş, 2014-cü ildə isə həmin torpaq sahəsində yeni tikilmiş mübahisəli evə köçərək orda yaşamağa başlamışdır. Birinci instansiya məhkəməsi xx xxxxxxx 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisəni həll etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Qeyd olunan müddəaların mənası baxımından kollegiya hesab edir ki, iddiaçı ilə Cavabdeh2 uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi Yevlax rayonu Salahlı kəndindəki cavabdehlərin 0.2349 hektar ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsindəki yaşayış evində yaşadığından, özünün və himayəsində olan azyaşlı uşaqların oraya köçürülmələrini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İddia üzrə cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə ilkin iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Kollegiya onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddia üzrə cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Kollegiya həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının və onun uşaqlarının evə köçürülməsi barədə qətnamənin qəbul olunması mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu baxımdan kollegiya, iddiaçının tələbini əsaslı hesab edərək, onun uşaqları ilə birlikdə evə köçürülməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər X6 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1278/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-459/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-459/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver