Məhkəmə qərarları › İş №2(107)-469/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-469/2022

15.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-469/2022 15.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin Mingəçevir Sukanalı İdarəsinə qarşı “işəgötürənin 02 iyun 2021-ci il tarixli, 66-K saylı əmrinin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair (Açar sözlər: əmək münasibətləri və işə bərpa) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 və cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin Mingəçevir Sukanalı İdarəsinin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin Mingəçevir Sukanalı İdarəsinə qarşı “işəgötürənin 02 iyun 2021-ci il tarixli, 66-K saylı əmrinin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-cı il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin Mingəçevir Sukanalı İdarəsi və Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 1.İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş;

2. Əmək kitabçasının sürətindən görünür ki, 6 avqust 1954-cü il təvəllüdlü İddiaçı 05 mart 1979-cu il tarixdən 02.06.2021-ci il tarixədək Mingəçevir Sukanal idarəsində çalışmışdır. 3.61 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı su kəmərlərinin, nasos stansiyalarının istismarı və qəza-bərpa sahəsinə mühəndis vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə təyin edilmişdir. 4.30.08.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı “Mingəçevir Sukanal” İdarəsinin 02 sentyabr 2019-cu ildən Rəhbərlik yanında aparatın 10- cu dərəcə əməyin ödənilməsi dərəcəsi ilə əməyin təşkili üzrə mühəndis vəzifəsinə təyin edilməsini xahiş etmişdir. 5.Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019cu il tarixli 27-k №-li “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrindən görünür ki, İddiaçı- Rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işə götürənlə əmək müqaviləsi bağlandığına görə 30.08.2019-cu il tarixdən ləğv edilməsi və 07.01.2019-cu il tarixdən 30.08.2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 19 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. 6.Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin 465 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı 02 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019-cu il tarixinədək 3 (üç) ay müddətinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinə 10-cu dərəcə ilə əməyin təşkili üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 7.Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin 02 sentyabr 2019-cu il tarixli 311-k №-li “əmək müqaviləsinin bağlanması haqqında” əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən 02.09.2019-cu il tarixdən 10-cu dərəcə ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Rəhbərlik yanında aparatına əməyin təşkili üzrə mühəndis vəzifəsinə təyin edilməsi əmr edilmişdir. 8.Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin 02 iyun 2021-ci il tarixli 66-k №-li “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, İddiaçı- Rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Repsublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq 02.06.2021-ci il tarixdən xitam verilməsi və 02.09.2020-ci il tarixdən – 02.06.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 23 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. 9.Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşkilatının 04 №-li 02 avqust 2021-ci il tarixli Arayışından görünür ki, İddiaçı fevral 2007-ci ildən YAP-nın üzvüdür, (p/v403090). 2010-cu ildə 42 saylı (Su kanal idarəsinin) ərazi ilk partiya təşkilatının sədridir. Eyni zamanda İddiaçı YAP Mingəçevir şəhər təşkilatının X2 sədr müavinidir. İddiaçı partiya fəaliyyətində özünü ciddi, işgüzar prinsipial bir partiya üzvü kimi göstərmişdir. .

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 66-K saylı 02 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsilli mütəxəssisdir. Azərbaycan Neft və Kimya İnstutunu mühəndis elektrik ixtisası üzrə bitirmişdir. 1978-ci ilin sentyabr ayında əmək fəaliyyətinə başlamışdır. Ayrı-ayrı iş sahələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bundan əvvəlki son iş sahəsi olan Mingəçevir kanalizasiya təsərrüfatı idarəsi ləğv edildikdən sonra 07 yanvar 2002-ci il tarixdən cavabdeh təşkilatda kanalizasiya təsərrüfatının rəhbəri vəzifəsinə işə qəbul olunmuş, 2009-cu ilin may ayında texniki şöbəyə, 2011-ci ilin iyun ayında isə su kəmərlərinin, nasos stansiyalarının istismarı və qəza-bərpa sahəsinə mühəndis vəzifələrinə keçirilməklə, işdən azad edilənədək fasiləsiz olaraq eyni iş sahəsində çalışmışdır. Həmin iş sahələrinin hamısı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən daimi xarakterli olmuşdur və o həmin iş və vəzifələrdə müddətsiz müddətsiz əmək müqaviləsinə əsasən işləmişdir. Lakin 2019-cu ilin sentyabr ayında bütün müəssisə çalışanlarına, o cümlədən ona gözlənilmədən işəgötürən tərəfdən təklif olundu ki, işdən çıxma ərizələri yazsınlar, sonra müddətli müqavilə əsasında yenidən işə qəbul olunacaqlar. Əks təqdirdə, təklif olunan şərti yerinə yetirməyənlər birdəfəlik işdən azad olunacaqlar. 17 ildən artıq müddətdə işlədiyi və yeganə qazanc və gəlir mənbəyi olan işini itirməmək xatirinə işəgötürənlə razılaşmaq məcburiyyətində qalmışdır. Beləliklə, 02.09.2019-cu il tarixli, 311-K saylı əmrə əsasən, onunla işəgötürən arasında 465 saylı 3 (üç) ay müddətinə əmək müqaviləsi imzalandı və o həmin tarixdən 10-cu dərəcə ilə "xxxx" ASC-nin “X3” MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin rəhbərlik yanında aparatına əməyin təşkili üzrə mühəndis vəzifəsində fəaliyyətini davam etdirmişdir. Qeyd edir ki, onunla yalnız bir dəfə 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış, bundan sonra aralarında heç bir yazılı razılaşma və ya əmək müqaviləsinə dəyişiklik olunmamışdır. Tamamilə qanunsuz və əsassız hesab etdiyi işəgötürənin 66-K saylı, 02 iyun 2021-ci il tarixli əmrinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddəsinin birinci bəndinə əsasən xitam verilmişdir. Əvvəla o, cavabdeh təşkilatda 2002-ci ildən fasiləsiz və etirazsız olaraq müxtəlif vəzifələrdə, 2011-ci ildən isə mühəndis olaraq 20 ilə yaxın müddət ərzində işləmişdir. İşlədiyi müddət ərzində barəsində işiylə bağlı heç bir intizam, inzibati və ya digər tənbeh tədbiri görülməmişdir. Öhdəsində heç bir yerdə işləməyən həyat yoldaşı və digər ailə üzvləri vardır. Yeni Azərbaycan Partiyasının yarandığı gündən onun fəallarından biri olmuş, hazırda YAP-nın 42 saylı Ərazi dairəsinin sədridir. Nümunəvi xidmətə görə İH Başçısının Fəxri Fərmanı ilə təltif olunmuşdur. Onunla cavabdeh təşkilat arasında yalnız bir dəfə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən işin birinci 3 (üç) ayı sınaq müddəti hesab edilmişdir. Belə çıxır ki, onunla sınaq müddətinə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin, o cümlədən işçinin (yəni onun) sonrakı taleyi açıq qalmışdır. Maraqlıdır ki, 2002-ci ildən cavabdeh təşkilatda rəhbər vəzifələrdə uzun müddət çalışdıqdan sonra 2019-cu ilin sentyabr ayında onunla yalnız sınaq müddəti ərzində müddətli əmək müqaviləsi bağlamışdır. O, qeyd edilən əsaslarla sınaqdan çıxmış hesab olunur və onunla bağlanmış 3 aylıq müddətli əmək müqaviləsi əhəmiyyətini itirmişdir. Bu cəhətdən o, cavabdeh təşkilatda faktiki olaraq 2 (iki) ilə yaxın müddətsiz işləmişdir. O, yaşayış təminatı kimi konstitusion xarakterli əmək hüququnun bərpası üçün, ailə üzvlərinin yeganə dolaşıq və qazanc mənbəyindən tamamilə məhrum edilməsi naminə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

12. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 05 avqust 2021-cı il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası "xxxx" ASCnin X3 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 66-K saylı 02 iyun 2021-ci il tarixli əmri ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsinə bərpa olunması, İddiaçı 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin onun ailə üzvlərinə silah çıxarması, üzərinə maşın sürməsi, vəzifəli şəxslərə rüşvət verməsi səbəbindən müraciət etdiyi hər yerdə süründürməçiliklə və laqeydliklə qarşılaşmasını əsas gətirərək, ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, qeyd olunan halların baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının, əldən çıxmış faydanın tutulması barədə tələbi təmin edilə bilməz

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 14, 43, 45, 47, 78, 80, 292-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətli əmək müqaviləsində tərəflər müqavilə bağlayarkən əmək münsibətlərinin müddətli xarakter daşıdığını əvvəlcədən bildiyindən əlavə olaraq hər hansı xəbərdarlığın edilməsi nəzərdə tutulmur. Müqavilə müddəti bitdikdən sonra bir həftəlik müddət ərzində də əmək müqaviləsinə (73 maddə) bəndinə əsasən xitam verilə bilər. Əmək qanunvericiliyini nəzərə alaraq hesab edirlər ki, İddiaçı öz razılığı ilə işəgötürənlə müddətli əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin surətini alması barədə əmək müqaviləsində qeydiyyat aparmışdır. Yəni onun əmək müqaviləsinin müddətli bağlanmasından məlumatı olmuşdur və müddətli əmək müqaviləsi bağlamağa iddiaçını heç kim məcbur etməmişdir. Müddətli əmək müqaviləsi bağladıqdan sonra əmək münasibətlərini davam etdirdiyindən buna işçinin heç bir narazılığı olmamışdır. İşçinin hər hansı hüququnun pozulduğu hazırda iddia edilə bilməz. Hazırkı əmrdən isə narazı olan işçiyə bildirilir ki, müddətli əmək müqaviləsində müddətin qurtarması ilə bağlı verilmiş əmr əmək qanunvericiliyinə əməl olunmaqla icra edilmişdir. Belə ki, qanunla nəzərdə tutulmuş müddətdə işçiyə xəbərdarlıq olunmuş və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun iddiaçıya çatdırılmışdır. İşçinin iradəsi əleyhinə işəgötürən tərəfindən heç bir qanunsuz addım atılmamışdır. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Lakin hakim bu halları araşdırmamışdır. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(051)- 1423/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin Mingəçevir Sukanalı İdarəsinin nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əvvəla cavabdeh hüquqi şəxs olmadığından iddia tələbi ona qarşı verilə bilməz. Çünki cavabdeh iddiaya cavab verməli olan orqan deyil. İkincisi, həmin idarədə struktur dəyişikliyi baş verən vaxt iddiaçı özü müstəqil qaydada əvvəlki müqaviləyə xitam verilməsini, sonradan isə yeni müqavilə ilə işə götürülməsini xahiş etmişdir. İddiaçı həmin idarədə orta vəzifə tutan şəxs olmaqla, yazmış olduğu ərizənin mahiyyətini yaxşı başa düşürdü. Hesab edir ki, birinci insatnsiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməyib. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, qətnamənin ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı uzun illərdir ki, fasiləsiz olaraq həmin təşkilatda müxtəlif vəzifələrdə çalışıb. İdarədə baş verən struktur dəyişikliyi ilə bağlı iddiaçıdan ərizə alınması yolverilməzdir. Bundan əlavə əgər iddiaçı işdən çıxma barədə ərizə verirdisə, nəyə görə sonradan həmin idarədə işləmək üçün müraciət edirdi, gedib başqa təşkilatda işləyərdi. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam və obyektiv araşdırma aparıb. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən;

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar: Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutu ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək bildirir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas olsa da, iddianın təmin edilməsi üçün əsaslı deyildir Maddə 51. Sınaq müddəti Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Əmək Məcəlləsinin 68-ci (əmək müqaviləsinə xitam verilməsinin əsasları) maddəsinə əsasən;

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22.Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-cı il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

23. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-cı il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətini iddiaçının işdən çıxma barədə yazmış olduğu ərizənin öz iradə ifadəsi ilə yazıldığını əsaslandırmağa çalışmaqla, əsaslandırdığı xüsusatların sübut kimi qəbul edilməli olduğu göstərmişdir.

26. İşin mübahisə olunmayan hallarından göründüyü kimi iddiaçı işdən azad edilənədək 20 ilə yaxın müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə işləmiş, həmin müddətin hamısını fasiləsiz olaraq mühəndis kimi çalışmışdır. 27.30.08.2019-ci il tarixli əmrlə iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə) işdən azad edilmiş və bundan bir neçə gün sonra, yəni 02 sentyabr 2019-cu il tarixli əmrlə 3 ay sınaq müddəti müəyyən etməklə 3 ay müddətə eyni vəzifəyə işə qəbul edilmişdir.

28. Tərəflər arasındakı əmək münasibəti davam etdirilmiş, sonradan həmin müddətin sonunda isə iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arsındakı münasibətə düzgün hüquqi qiymət verməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin iddiaçının öz ərizəsi ilə işdən azad edilərək eyni gündə 3 ay sınaq müddəti ilə 1 illik müddətə yenidən işə qəbul edildiyi 17.09.2018-ci il tarixdə qüvvədə olmuş redaksiyası əmək müqaviləsinin müddətsiz və ya müddətli bağlanmasını mümkün hesab edir. Maddənin 4-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə). 31.Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. 32.Məhkəmə tərəfindən hazırkı mübahisə üzrə həmin maddədə sadalanan “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan halların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd olunan maddənin “f” bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir. 33.Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. 34.Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

35. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında belə bir ifadə qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.

37. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə 20 ilə yaxın müddət ərzində fasiləsiz olaraq eyni müəssisədə işləmiş, həmin müddətin təxminən 10 ilini sonuncu vəzifədə çalışmış işçinin öz ərizəsi ilə işdən azad edilərək onunla, 2 gündən sonra 3 ay sınaq müddəti müəyyən edilməklə müqavilənin bağlanması əmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. 38.Həmçinin belə şəxslə bağlanan əmək müqaviləsində sınaq müddətinin müəyyən edilməsi də Əmək Məcəlləsinin 51-ci maddəsinin təyinatına (ruhuna) da uyğun gəlmir.

39. Həmin maddənin məzmunundan göründüyü kimi sınaq müddətinin müəyyən edilməsində məqsəd işə yeni qəbul edilmiş, yaxud vəzifəyə yeni təyin olunmuş işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaqdan ibarətdir. Əgər işəgötürən artıq müəssiədə daimi işləyən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün onunla əmək müqaviləsinin ləğv olunmasını arzu edirsə, bu halda işçi ilə əmək münasibətlərinə Əmək Məcəllənin 73-cü maddəsinə deyil, digər maddəsinə əsasən xitam verilməlidir

40. Kollegiya sonda apellyasiya şikayətinin digər dəlilinə, yəni cavabdeh orqanın hüquqi şəxs olmamasına münasibət bildirərək qeyd edir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 41.Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə görə işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 42.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X3 MMC-nin Mingəçevir Sukanalı İdarəsinin nümayəndəsi və Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 05 avqust 2021-cı il tarixli, 2(051)-1423/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar