Məhkəmə qərarları › İş №2(107)-472/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-472/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-472/2024 16.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli fakt, qohumluq faktı, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə2, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli 2(075)-2116/2023 saylı qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum 10 avqust 1995-ci il tarixində vəfat etmiş, 21 may 1985-ci il təvəllüdlü əlil qızı X8, doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə, himayəsində və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi və qeyd edilən müddətin onun sığorta stajına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək, mərhum 10 avqust 1995-ci il tarixində vəfat etmiş, 21 may 1985-ci il təvəllüdlü əlil qızı X8, doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə, himayəsində və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 12 may 1984-cü il tarixində Nümayəndə2 ilə rəsmi nikaha girərək, ünvan 1 ünvanına köçmüş və bu nikahdan 21 may 1985-ci il tarixdə, onların X11 adlı övladları doğulmuşdur. X4 doğuşdan, “serebral iflic” xəstəliyi ilə doğulmuş, cəmi 10 il yaşamış və 10 avqust 1995-ci il tarixində, “ürək-damar çatışmazlığı” diaqnozu ilə vəfat etmişdir. Mərhumə qızı, X11 dəfələrlə və uzunmüddətli, Şəki RMX-nin uyğun şöbələrində müalicələr almış, Şəki şəhəri, Qışlaq Poliklinikasının Baş həkimi, Zərəfşan xanımın və həkim Şəlalə xanımın nəzarəti altında müalicə və müayinələrini, vəfat etdiyi günə qədər davam etdirmiş, həm də onun mərhumə qızına quluq etməyi ilə, daimi himayəsində yaşamışdır. Doğuşdan vəfatına qədər, xəstə və əlil qızına qulluq etmə müddətinin (10 il, 2 ay, 5 gün), sığorta stajına əlavə edilməsi ilə, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X6 etdiyi müraciətə, DSMF-nin, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən, - “övladınız X8 əlilliyinin müəyyən edilməsi barədə, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarışı, övladınızı 8 yaşadək tərbiyə etməniz barədə yerli İcra Hakimiyyəti Başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışını və ümumi sığorta stajınızı təsdiq edən zəruri sənədləri (əmək kitabçası, əyani təhsil haqqında diplom) və ya notariat qaydada təsdiq olunmuş surətlərini təqdim etməklə, təkrar müraciətiniz əsasında güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququnuza müvafiq qaydada yenidən baxılacaqdır” - şəklində imtina cavabı verilmişdir. X3 xəstəlik tarixçəsi və onun əlilliyi ilə bağlı arxiv sənədlərini əldə etmək üçün, TƏBİB-in Şəki RMX PHŞ-nə etdiyi rəsmi müraciətə, həmin qurumdan; - “mövcud qanunvericiliyə görə, Şəki RMX PHŞ-nin fəaliyyəti nəticəsində yaranmış köhnə illər, o cümlədən 1995-ci ilə aid tibbi sənədlər, elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanma müddəti 25 il olduğuna görə, arxiv qaydası ilə ləğv edilmişdir” - şəklində cavab verilmişdir. Beləliklə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı, daima onun himayəsində və qulluğu ilə yaşamış, mərhumə qızı, X1 etdiyi xidmət dövrünün sosial sığorta stajına əlavə edilməsi üçün, onun xəstəlik tarixçəsi və əlilliyi ilə bağlı arxiv sənədlərinin əldə edilməsinin artıq mümkün olmamasından, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli 2(075)-2116/2023 saylı qətnaməsi ilə (hakim E.Vəliyev) Ərizəçi mərhum 10 avqust 1995-ci il tarixində vəfat etmiş, 21 may 1985-ci il təvəllüdlü əlil qızı X8, doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə, himayəsində və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Ərizəçi qızı X9 21 may 1985-ci il tarixdən 10 avqust 1995-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi qızı X11 ilə birlikdə yaşamalarını və X2 iflic xəstəliyindən əziyyət çəkdiyini bildirsələr də, Yaqut Soltanovanın “Serebral İflic” xəstəsi olması və ya digər hər hansı bir xəstəlikdən əziyyət çəkməsi iş materialları ilə təsdiq olunmamaqla bərabər ərizəçinin ona qulluq etməsi də, öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, X8 10 avqust 1995-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından da, məlum olur ki, Ərizəçi qızı X9 21 may 1985-ci il tarixdən 10 avqust 1995-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi qızı X11 ilə birlikdə yaşamalarını və X5 iflic xəstəliyindən əziyyət çəkdiyini bildirsələr də, Yaqut Soltanovanın “Serebral İflic” xəstəsi olması və ya digər hər hansı bir xəstəlikdən əziyyət çəkməsi iş materialları ilə təsdiq olunmamaqla bərabər ərizəçinin ona qulluq etməsi də öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi Şəki şəhər “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışa tənqidi yanaşaraq qeyd etmişdir ki, X8 anadan gəlmə “Serebral İflic” xəstəsi olması və onun yaşadığı müddət ərzində daim anası Ərizəçi himayəsi və nəzarəti altında olması qeyd edilsə də, məhkəməyə bunun necə müəyyən edildiyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir. Beləliklə birinci instansiya məhkəməsi X8 21 may 1985-ci il tarixdən 10 avqust 1995-ci ilədək eyni ünvanda yaşamış qızı Ərizəçi baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 217.4, 305.1.1, 307.2.11, 308-ci maddələri, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 4.1, 2 və 3-cü bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, iş üzrə o, öz mülki hüquqlarının bərpa edilməsi naminə, xx.xx.1995-ci il tarixində vəfat etmiş, xx.xx.1985-ci il təvəllüdlü, əlil qızı X8, doğuşdan vəfatınadək “serebral iflic” xəstəliyi ilə himayəsində və onun qulluğu ilə yaşaması faktının təsdiq edilməsi barədə ərizə ilə müraciət etmiş, ancaq məhkəmə ərizəçinin haqlı tələbini təmin etməmişdir. Valideyn olaraq o, doğuşdan əlil doğulmuş övladına vicdanla, əlindən gələn bütün qayğısını göstərmiş və onun müalicəsi üçün mümkün olan hər şeyi etmiş, birinci instansiya məhkəməsi isə bu faktı nəzərə almamışdır. Şahid qismində izahat vermiş şəxslərin izahatları, məhkəmə tərəfindən tənqidlə qarşılanmış və onların düzgün izahatlarına ciddi yanaşılmamışdır. O, iş üçün lazım olan sənədləri ala bilməməsinin səbəblərinə dair, məhkəməyə sənəd təqdim etmiş və həqiqətən lazımı sənədləri təqdim edə bilməməsinin səbəblərini izahatında qeyd etmişdir. Bu səbəbdən Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli 2(075)-2116/2023 saylı qətnaməsinin ləğv edilməsi, ərizəsinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Ərizəçi apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd edilən əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-2116/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 176 nömrəli arayışa əsasən ərizəçi yataq xəstəsi olmuş qızına xx.xx.1985-ci il tarixdən vəfat etdiyi xx.xx.1995-ci il tarixədək qulluq etmişdir. Lakin iş materiallarından görünür ki, ərizəçinin tələbi yataq xəstəsi olmuş qızına xx.xx.1985-ci il tarixdən vəfat etdiyi xx.xx.1995-ci il tarixədək qulluq etdiyi dövrün hüquqi əhəmiyyətli fakt kimi tanınmasıdır. Göründüyü kimi, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi təsdiq etmək istədiyi dövrlərlə bağlı sənədləri mövcuddur və qanunvericilik normalarının tələblərinə əsasən xəstəyə qulluq etmə hüquqi əhəmiyyətli fakt kimi tanınması mümkün deyildir. Lakin iş materiallarına nəzər yetirdikdə görünür ki, ərizəçinin mərhum qızı X8 orqanizm funksiyalarının 81-100 faiz pozulmasına və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun (əlilliyinin) müəyyən edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı və ya hər hansı bir sənəd mövcud deyildir. Eyni zamanda məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da məlum olur ki, Ərizəçi qızı Y.Soltanovaya 21 may 1985-ci il tarixdən 10 avqust 1995-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi qızı Y.Soltanova ilə birlikdə yaşamalarını və Y.Soltanovanın serebral iflic xəstəliyindən əziyyət çəkdiyini bildirsələr də, Y.Soltanovanın “Serebral İflic" xəstəsi olması və ya digər hər hansı bir xəstəlikdən əziyyət çəkməsi iş materialları ilə təsdiq olunmamaqla bərabər ərizəçinin ona qulluq etməsi də öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Həmçinin məhkəmə Şəki şəhər “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışa tənqidi yanaşaraq qeyd etmişdir ki, Y.Soltanovanın anadan gəlmə “Serebral iflic” xəstəsi olması və onun yaşadığı müddət ərzində daim anası Ərizəçi himayəsi və nəzarəti altında olması qeyd edilsə də, məhkəməyə bunun necə müəyyən edildiyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq ərizəçinin ərizəsini təmin etməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, həm Qanunun, həm də Ali Məhkəmənin Plenumunun sözügedən Qərarına, eyni zamanda məhkəmə tərəfindən işin müəyyən edilən hallarına əsasən ərizəçinin hüquqi fakt qismində müəyyən etmək istədiyi tələbi əsassızdır və Ərizəçi qızı Y.Soltanovaya qulluq etməsinin məhkəmə qaydasında baxılması yolverilməzdir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075) 2116/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(075)- 2116/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(075)-2116/2023 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: Həmin qərarın 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarı: Həmin qərarın 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;

X13 Azərbaycan Respublikasının Qanununun;

21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “X13” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 07.2.30-cü maddəsinə əsasən məhkəmələr doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair məsələlərə baxa bilərlər. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayəti təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(075)-2116/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli 2(075)-2116/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli 2(075)-2116/2023 saylı qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ərizəçi qızı X9 21 may 1985ci il tarixdən 10 avqust 1995-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi qızı X11 ilə birlikdə yaşamalarını və X5 iflic xəstəliyindən əziyyət çəkdiyini bildirsələr də, Yaqut Soltanovanın “Serebral İflic” xəstəsi olması və ya digər hər hansı bir xəstəlikdən əziyyət çəkməsi iş materialları ilə təsdiq olunmamaqla bərabər ərizəçinin ona qulluq etməsi də, öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasli deyildir və sadəcə formal mülahizələrdən ibarətdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, valideyn olaraq o, doğuşdan əlil doğulmuş övladına vicdanla, əlindən gələn bütün qayğısını göstərmiş və onun müalicəsi üçün, mümkün olan hər şeyi etmiş, birinci instansiya məhkəməsi isə bu faktı nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının, hazırki mülki iş üzrə isə ərizəçinin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına nəzər yetirdikdə görünür ki, ərizəçinin mərhum qızı X8 orqanizm funksiyalarının 81-100 faiz pozulmasına və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun (əlilliyinin) müəyyən edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı və ya hər hansı bir sənəd mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından da məlum olur ki, Ərizəçi qızı Y.Soltanovaya 21 may 1985-ci il tarixdən 10 avqust 1995-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi qızı Y.Soltanova ilə birlikdə yaşamalarını və Y.Soltanovanın serebral iflic xəstəliyindən əziyyət çəkdiyini bildirsələr də, Y.Soltanovanın “Serebral İflic" xəstəsi olması və ya digər hər hansı bir xəstəlikdən əziyyət çəkməsi iş materialları ilə təsdiq olunmamaqla bərabər ərizəçinin ona qulluq etməsi də öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq Şəki şəhər “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışa tənqidi yanaşaraq qeyd etmişdir ki, Y.Soltanovanın anadan gəlmə “Serebral iflic” xəstəsi olması və onun yaşadığı müddət ərzində daim anası Ərizəçi himayəsi və nəzarəti altında olması qeyd edilsə də, məhkəməyə bunun necə müəyyən edildiyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq ərizəçinin ərizəsini təmin etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, şəxsin xəstə olması barədə arayış vermək Şəki şəhər “Qışlaq” məhəllə nümayəndəliyinin səlahiyyətində olan məsələ deyildir. Çünki şəxsin xəstə olmasını təsdiq etmək müvafiq həkim komissiyasının əsaslandırılmış rəyi ilə müəyyən etmək mümkündür. Belə bir rəy isə iş materiallarında mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, ərizəçi ərizəsinin təmin edilməsinə dair hər hansı bir sübütu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, şahid qismində izahat vermiş şəxslərin izahatları, məhkəmə tərəfindən tənqidlə qarşılanmış və onların düzgün izahatlarına ciddi yanaşılmamışdır. Kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Kollegiya qeyd edir ki, şahid ifadələri iddianı təmin etmək üçün yetərli deyil, Məhkəmə yalnız iddiaçının izahatına və şahid ifadəsinə əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz, çünki iddiaçının və onun məhkəmə gətirdiyi şahidlər iddiaçının tanışları olmaqla işin nəticəsində maraqlıdırlar. Bundan başqa kollegiya qeyd edir ki, yazılı sübutlarla təsdiq edilməli olan hal (məsələn həkim komissiyasının rəyi) şahid ifadəsi ilə təsdiq edilmiş hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli 2(075)-2116/2023 saylı qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli 2(075)-2116/2023 saylı qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar