Məhkəmə qərarları › İş №2(107)-473/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-473/2025

17.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-473/2025 17.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsi-yaşayış sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evdən çıxarılma, istifadə hüququ) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsi-yaşayış sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(039)-65/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onların xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanından-yaşayış sahəsindən (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən) cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar doğma bacılardır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi İddiaçı2, 1/3 hissəsi isə İddiaçı1 xüsusi mülkiyyətindədir. Qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən təsbit edilmişdir. Onların hər ikisinin ümumi paylı mülkiyyətinə daxil olan ünvan 2 ünvanında cavabdehlər qanunsuz və əsassız olaraq yaşayırlar. Belə ki, Cavabdeh1 iddiaçıların doğma qardaşıdır və onun həmin ünvanda yaşamaq, istifadə hüququ yoxdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(116)-2833/2023 saylı qərarına əsasən Cavabdeh1 və qeyrilərinin (hazırkı mülki iş üzrə tərəf olmayan şəxslər) ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Yevlax Rayon Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd edilən qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. Digər cavabdeh X6, Cavabdeh1 həyat yoldaşıdır. Cavabdeh X3 da eynilə Cavabdeh1 kimi ünvan 2 ünvanında yaşamaq, istifadə hüququ yoxdur. Habelə, həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda belə deyildir. Hər iki cavabdeh onların ümumi paylı mülkiyyətinə daxil olan yaşayış sahəsində ünvan 2 ünvanında qanunsuz və əsassız olaraq yaşayırlar. Habelə, yaşayış sahəsini könüllü tərk etmələri barədə tələblərini də rədd edirlər. Hətta onlara məxsus mülkiyyətləri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini məhf etmək istəyirlər. Cavabdehlərin onların xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanında qanunsuz və əsassız yaşamaları mülkiyyətçi olaraq onların istifadə, sahiblik və sərəncam vermək hüquqları pozur. Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1990-cı ildə Cavabdeh2 ilə evlənmiş və 1992-ci ildə nikahlarını rəsmiləşdirmişlər. 1991-ci ildə işləmək üçün arvadı ilə birgə Rusiya Federasiyasının Omsk şəhərinə getmişlər. Orada bir ildən artıq müddətə yaşadıqdan sonra yenidən yəni, 1993-cü ildə atasının yaşadığı hazırki mübahisəli evə qaytmışlar. Sonra qaynatası yəni Cavabdeh2 atası ilə bostan əkmişlər, bir müddət keçdikdən sonra yəni, 1993-cü ildə tək Rusiya Federasiyasının Volqaqrad şəhərinə getmiş, daha sonra xəbər eləmiş aravadı Natəvan oğlu Zauru da götrüb yanına gəlmiş, digər uşağı Ceyran isə qaynanasının yanında qalmışdır. Bir ilə yaxın orada qaldıqdan sonra yəni, 1995-ci ilin qışında atasının evinə qaytmışlar. Yenidən eyni qayda ilə bostan əkmişlər, 1996-cı ilin yayının ortalarında artıq arvadı ilə münasibətləri pozulduğundan tək Volqaqrada qaytmış, bu zaman isə Natəvan öz atası evində qalmışdır. 2001-ci ilin dekabr ayının axırlarında atasının rəhmətə getməsi barədə xəbər gəldikdən sonra, Yevlax şəhərinə atasının evinə gəlmiş və bu zaman yasda Natəvanı gördükdə, onun bu evə niyə gəldiyini soruşmuş və Natəvan cavabında onu bacısı Ofelyanın yasa gətirdiyini söyləmişdir. Həmin vaxtadək o evdə ata və anası tək yaşamışlar. 2001-ci ilin dekabr ayının sonlarında atasının vəfatından sonra isə Nətəvan iki uşağı və anası ilə birlikdə orada yaşamışlar. O, da təkrar olaraq Volqrada qayınlarının yanına qayıtmış, oradan isə Moskvaya getmiş 2022-ci ilədək orada tək yaşamış, 20 il ərzində bir dəfə yalnız 2017-ci ildə anasının yas mərasimində Azərbaycana qayıtmış, həmin vaxt 2 ay hazırki mübahisəli evdə yaşamış, sonra yenidən Moskva şəhərinə qayıtmışdır. 2022-ci ildə atası evinə qayıtmış, həmin vaxt evdə Natəvan tək yaşamış, gələn gündən tez-tez Natəvanla dava-dalaşları olmuşdur. Son iki ildə Natəvan gündüz gedib gecə evə gəlirdi. Natəvanın evdə bir neçə əşyası vardır. 2024-cü ilin sentyabr ayından isə Natəvan atası evinə gedib və orada yaşayır. Evin açarını deyişib bir nüsxəsini Natəvana vermişdir, daha sonra mübahisələri olduğundan açarı bir daha dəyişmişdir. O, özü iddianı qəbul edir və evdən çıxır.Məhkəmədən qanuni qətnamə qəbul edilməsini xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1991-ci ilin avqust ayında mübahisəli evə gəlin gəlimiş, həmin ilin oktyabr ayında Rusiyaya Omsk şəhərinə gedərək orada 8-9 ay yaşadıqdan sonra geri qayıtmış və həmin mübahisəli evdə yaşamışlar. Bu zaman artıq qızları Ceyran anadan olmuşdu. Bir neçə ay sonra Rusiyanın Volqaqrad şəhərinə getmişlər 1993-cü ildə bir il üç ay orada yaşadıqdan sonra yenə mübahisəli evə qayıtmış, bir neçə il qaldıqdan sonra yenidən Volqaqrad şəhərinə getmişlər. Üç dörd ay yaşadıqdan sonra yenidən mübahisəli evə qayıtmış və o, vaxtdan bəri həmin evdə yaşayır. Həmin mübahisəli evdə hazırda ona məxsus şfaner, stol, stul, sandıq, gəvə, qab-qacaq, paltar yuyan maşın və çarpayı vardır. Həmçinin son bir aydır qızının xəstə olması ilə əlaqədar həmin evdə qalmadığını bildirmiş və məhkəmədən iddianın təmin edilməsinin xahiş etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin (hakim Kamil Əliyev) 14 yanvar 2025-ci il tarixli, 2(039)- 65/2025 nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş, ünvan 5 ünvanında yerləşən İddiaçı1 və İddiaçı2 məxsus fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 X10 arasında 24 iyun 1992-ci il tarixdə nikah bağlanmışdır. Ailə qurduqdan sonra birgə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində fasilələrlə bir müddət yaşayaraq Rusiya Federasiyasının müxtəlif şəhərlərinə köçmüşlər. 2001-ci ilin dekabr ayından X10 övladları ilə birgə mübahisəli evin o zamankı mülkiyyətçisi hazırki mülki iş üzrə iddiaçıların və onların mərhum analarının şihafi razılığı ilə həmin evdə yaşamışlar. 2024-cü ilin sentyabr ayından X10 həmin evdə yaşamır. X1 əmlakları olan bir neçə əşyası həmin evdə qalmışdır. Cavabdeh1 X10 arasında olan həmin nikahın pozulması ilə bağlı Cavabdeh1 iddiasına hazırda Yevlax Rayon Məhkəməsinin icraatında baxılır. xx.xx.2017-ci il tarixdən həmin evin mülkiyyətçisi iddiaçılardır. Habelə cavabdehlərdən Cavabdeh1 məhkəmə icraatı zamanı iddianı qəbul etdiyini bildirmiş və həmçinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2833/2023 saylı qərarına əsasən Cavabdeh1 və qeyrilərinin (hazırkı mülki iş üzrə tərəf olmayan şəxslər) ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Yevlax Rayon Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd edilən qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsi-yaşayış sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab etmişdir ki, cavabdehlərin hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mülki hüquq normalarına əsasən mülkiyyətçilər ilə cavabdehlərdən Natavan Mehtiyeva arasında notarial qaydada təsdiq edilmiş müqavilə olmadığından, həmçinin belə bir hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, digər cavabdeh isə uzun illər 20 ildən artıq həmin evdə yaşamadığından və iddia tələbini qəbul etdiyindən mübahisələndirilən fərdi yaşayış evindən cavabdehlərin hər ikisinin istifadə hüququ yoxdur. Ona görə də iddia təmin edilməlidir.

9. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 sentyabr 2001-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müvafiq müddəaları tətbiq olunmalıdır.

10. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 152.1, 146.2, 152.1, 228.1, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. O, bu günə kimi bu evdə yaşayır. O, iddianı qəbul etməmişdir. Bildirmişdir ki, 1990-cı ilin avqust ayında həmin evə gəlin köçmüşdür. Ara-sıra Rusiyaya Omsk şəhərinə hazırki cavabdehlə birlikdə getmişdir. Burada hazırda yaşadıqları evdə qızı Ceyran dünyaya gəlmişdir. Sonra Volqaqrad şəhərinə getmişlər. Qısa müddətlərlə orada yaşayıb yenə yaşadıqları evə qayıtmışdır. Bütün əşyaları bu günə kimi mübahisəli evdədir. Çünki bir ay öncə iddiaçı və cavabdeh evin kilitini dəyişdiyindən o, evinə daxil ola bilməmişdir. Bu barədə məhkəmənin axırıncı proseslərində məhkəmə hakiminə bildirmişdir. O, bu evdə qaynanasının, qaynatasının yas mərasimlərini vermişdir. Uşaqları bu evdə doğulmaqla məktəbə getmişdir. Hazırdada son bir aya qədər bu evdə yaşamışlar. O, 1990-cı ildən digər Cavabdeh1 ilə ailə qurmuşdur. Onların ümumi birgə nigahdan bu evdə uşaqları dünyaya gəlmişdir.

13. O, istifadə hüququnu 1990-cı ildən artıq əldə etmişdir. Onu ilkin mülkiyyətçilər qeyri-şərtsiz mebel əşyaları ilə birlikdə özlərinə aid olan evə yerləşdirməklə onun istifadə hüququnu artıq təmin etmişdirlər. Hazırki Mülki Məcəllə qüvvəyə minməmişdən əvvəl o, istifadə hüququnu əldə etmişdir. Yevlax rayon Məhkəməsinin qətnaməsi çıxandan bir ay əvvəl yaşadığı evin açarları dəyişdirildiyindən evə daxil ola bilməmişdir. Bu faktı süni olaraq cavabdeh qismində cəlb etdikləri, onun keçmiş həyat yoldaşı, guya cavabdeh hesab edilən hazırki Cavabdeh1 da təsdiq etmişdir. Onun ilk iclasda ifadəsi var. Bu ifadə video görüntü ilə qeydə alınıb. O ifadəsində bildirir ki, 1990-cı ildə Cavabdeh2 ilə yəni onunla evlənmiş və 1992-ci ildə nigahlarını rəsmiləşdirmişlər. 1991-ci ildə işləmək üçün arvadı ilə birgə Rusiya Federasiyasının Omsk şəhərinə getmişlər. Orada bir ildən artıq müddtdə yaşadıqdan sonra yenidən, yəni 1993-cü ildə atasının yaşadığı hazırki mübahisəli evə qayıtmışlar. Sonra qaynatası yəni Cavabdeh2 atası ilə bostan əkmişlər, bir müddət keçdikdən sonra yəni, 1993-cü ildə tək Rusiya Federasiyasının Volqaqrad şəhərinə getmiş, daha sonra xəbər eləmiş arvadı Natəvan oğlu Zauru da götürüb yanına gəlmiş, digər uşağı Ceyran isə qaynanasının yanında qalmışdır. Bir ilə yaxın orada qaldıqdan sonra yəni, 1995-ci ilin qışında atasının evinə qayıtmışlar. Yenidən eyni qayda ilə bostan əkmişlər. Cavabdeh eynən bildirir ki, hər dəfə gələndə evin qapısını o, açmışdır. Sonuncu dəfədə 2022-ci ildədə Rusiyadan evinə qayıdarkən yenə qapını onun açdığını bildirmişdir. Son bir ayadək evdə yaşadığını təsdiq etmişdir.

14. Onun fasiləli olaraq yəni, ara-sıra Rusiya Federasiyasına gedib-gəlmələri olmuş, hər birində də ən azı bir ay, ən çoxu isə altı ay fasilələri olmuşdur. O, istifadə hüququnu bu evə gəlin köçdüyü gündən yəni, 1990-cı ildən əldə etmişdir. Yevlax rayon Məhkəməsinin qətnaməsi çıxdığı gündən bir ay əvvəl hazırki iddiaçılar onun keçmiş əri, onların isə qardaşı olan süni cavabdeh qismində adı sadalanan Cavabdeh1 məcbur edərək evin kilidini dəyişdirməklə onu evə buraxmamışlar. Süni cavabdeh kimi adı sadalanan Cavabdeh1 özüdə qeyd edir ki, (bu qeyd video görüntü ilə qeydə alınıb) onun hal-hazırki müddətdə də ona aid cer-cehiz əşyaları mübahisəli evdədir. Hətta onun o evə nə gətirmidirsə, cavabdeh özü alınmış ifadəsində tamlığı ilə əks etdirib. İş üçün önəmliliyini nəzərə alaraq Cavabdeh1 video görüntü ilə qeydə alınmış video görüntüsünə (iki dəfə ifadəsi alınıb) diqqət yetirilməsini və hazırki iddiaya ciddi təsirinin olmasını, hətta qətnamənin belə müqəddaratını həll edəcəyini nəzərə almaqla onun ifadələrinin (video görüntülü) nəzərə alınmasını və dinlənilməsini xahiş edir.

15. Məhkəmə onun prosessual hüquqlarını pozmuşdur. Belə ki, onun təqdim etdiyi sübutlara önəm verilməmiş, nəticə etibarı ilə onun mövqeyi heç bir halda nəzərə alınmamışdır. Bununlada prosessual hüquq normaları ona münasibətdə məhkəmə ona qarşı qərəzli olmuşdur. Belə ki, məhkəmə onun 1990-cı ildən bəri yaşadığını nəzərə almamış, bütövlükdə onun hüquqları pozulmuşdur. O, məhkəmə proseslərinin hər birində iştirak etmişdir. Mövqeyini ortaya qoymuşdur. Məhkəmə onun sübutlarına heç bir halda önəm və qiymət verməmişdir.

16. O, 1990-cı ildən burada yaşadığı halda ünvan 7 ünvan və fərdi yaşayış evin işdəki hissəsi İddiaçı2 və 1/3 hissəsi İddiaçı1 xüsusi mülkiyyətinə xx.xx.2017-ci il tarixində ******* nömrəli çıxarışla qeydə alınmışdır. İşdə inzibati məhkəmənin digər cavabdehin mübahisəli evdən qeydiyyatdan çıxarılması yenə süni hazırlanmış cavabdehin ərizəsi əsasında bu fakt formalaşmışdır. Halbuki şəxs özü ərizə verib qeydiyyatdan çıxmalı normal qaydada icra edə bilərdi. Yoxsa bu faktdan məhkəmənin sübut kimi istifadə etməsini başa düşə bilmir. İddiaçıların video görüntü ilə çəkilmiş ifadələrinə diqqət yetirilməsini xahiş edir. Bu faktda iş üçün önəmlidir. Çünki süni hazırlanmış cavabdeh iddiaçılarla həmrəy olsada doğru faktları bilməyərəkdən məhkəmənin nəzərinə çatdıraraq iddiaçıların hər ikisinin yalan mülahizələrini bilməyərəkdən üzə çıxarmışdır. Məhkəmə bu halları və faktları düzgün qiymətləndirə bilməmişdir. Hər iki iddiaçı 2000-ci ildən sonra onun yaşadığını qeyd etdiyi halda, süni hazırlanan cavabdeh isə hətta 2022-ci ildə isə qayıdan zaman evin qapısının onun açdığını, hətta son bir ayadək onun tərəfindən qapının kilidini dəyişdirərək onu evə buraxmadığını qeyd edir. Məhkəmə bu halları şəxsin ifadəsinə münasibətdə qeyd etməmişdir. Qeyd olunan fakt isə video çəkilişli məhkəmə iclasında tamlığı ilə təsdiqini tapır.

17. Məhkəmə işin faktiki hallarını əslində tam və hərtərəfli qaydada araşdırsa da, yekun məhkəmə qətnaməsini doğru olaraq qəbul etməmişdir. 1-ci o, 1990-cı ildən mübahisəli evdə həmin evə gəlin köçməklə burada yaşayır. 2-ci onun mübahisəli evdə yaşamaqla bərabər övladlarını bu evdə dünyaya gətirmişdir. 3-cü onun bütün cer-cehiz əşyaları bu günə kimi mübahisəli evdədir. 4-cü Yevlax rayon Məhkəməsinin qətnaməsi çıxan gündən bir ay öncə iş məhkəmədə getdiyi ərəfədə digər cavabdeh onun keçmiş əri, iddiaçıların isə qardaşı olan hazırki cavabdeh evin kilidini dəyişərək onu 35 il yaşadığı fərdi yaşayış evinə buraxmır. 5-ci o, bu evə 1990-cı ildə gəlin gələrək hazırki iddiaçıların mülkiyyətində olan bu mübahisəli evə ilkin mülkiyyətçilərin yəni onların valideynlərinin razılığı ilə köçmüşdür. 6-cı 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəlləyə və Mənzil Məcəlləsinə görə mülkiyyətçilərin razılığı ilə mübahisəli evə gələrək, əşyaları yığaraq yaşamağı heç bir qeyri-şərtsiz onun mübahisələndirilən evdə istifadə hüququnu tanıyır. 7-ci o, 1990-cı il tarixindən son iki ayadək yaşadığından bu evə əvvəlki mülkiyyətçilərin razılığı ilə köçdüyündən onun mənzilə istifadə hüququ onların razılığı əsasında formalaşdığından notariat qaydada razılığa zərurət yaranmadığından o, istifadə hüququnu həmin evdən əldə etmişdir. 8-ci iddiaçılar 2017-ci ildə həmin mənzilə mülkiyyət hüququ əldə ediblər. Onlara qədər onun mübahisəli mənzil üzərində istifadə hüququ qanunla təsbit edilmişdir.

18. Məhkəmə onun, habelə iddiaçılarla həmrəy olan iddiaçıların qardaşı, onun keçmiş əri hazırda nigah pozulmuş şəxsin yəni, cavabdehin iş üçün əhəmiyyət kəsb edən mövqeylərinə, fikir və mülahizələrinə önəm vermədən 35 il mübahisəli evdə yaşamış onu necə istifadə hüququma xitam verib çıxara bilərdi. Budurmu məhkəmə ədaləti.

19. Məhkəmə qətnamə qəbul edərkən obyektiv olmadı. Məhkəmə qətnamədə onun və əşyalarının evdən çıxarılmasını qeyd edir. Özü ilə bağlı mövqeyini o, bildirmişdir. Ancaq əşyaları ilə bağlı isə onu qeyd etmək istəyir ki, məhkəmə onun hansı əşyalarının çıxarılmasını qeyd edir ki, bu ona məlum deyil. İcraçı ona aid olan hansı əşyaları yaşadığı evdən çıxaracaq? Məhkəmə bu hissədə də ədalətli olmamışdır.

20. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-65/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam həcimdə təmin olunmasına dair yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-65/2025 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılma tələbinə dair iddialarının ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-65/2025 nömrəli qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılma tələbinə dair iddialarının Cavabdeh2 aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-65/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməşlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

27. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

28. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

34. Cavabdeh2 apellyasiya şikayətinin yekununda Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-65/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam həcimdə təmin olunmasına dair yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etsə də məhkəmə kollegiyasının iclasında dəqiqləşdirildikdə o, apellyasiya şikayətindəki iddianın təmin edilməsi fikrinin texniki yanlışlıqla qeyd edildiyini göstərmiş, əslində niyyətinin iddianın təmin edilməməsinə yönəldiyini göstərmişdir.

35. Kollegiya qeyd edir ki, Cavabdeh2 Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-65/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın ona qarşı təmin edilmiş hissəsində mübahisələndirmişdir. Həmçinin şikayətin yekununda qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.

36. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)- 65/2025 nömrəli qətnaməsinin əsaslılığını iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 qarşı təmin edilən hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

38. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1990-cı ildə qeyri rəsmi ailə qurmuşlar, nikahlarını isə 24 iyun 1992-ci il tarixdə rəsmi qaydada qeyd etdirmişlər. Cavabdeh2 Cavabdeh1 ilə ailə qurub, Cavabdeh1, həmçinin iddiaçıların mərhum ataları X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh2 Cavabdeh1 ilə ailə qurduqdan sonra 2000-ci ilədək bir neçə dəfə Rusiya Federasiyasına gedib-gəlmişlər. 05 mart 1993-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən X16 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini qızı İbrahimova (Xəlilbəyova) Reyhan Hidayət qızına bağışlamışdır. X11 2001-ci ilin dekabr ayında, onun arvadı X7 isə 15 dekabr 2016-cı il tarixdə vəfat etmələrindən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi İddiaçı2, 1/3 hissəsi isə İddiaçı1 mülkiyyətlərinə rəsmiləşdirilmişdir. 1990-cı ildə Cavabdeh1 ilə ailə qurub, mübahisəli evə gəlib yaşamasından sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini daimi əsaslarla tərk etməsi halı müəyyən edilməmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

41. Belə ki, məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi onun istifadə hüququnu 1990-cı ildən, hazırki Mülki Məcəllə qüvvəyə minməmişdən əvvəl əldə etməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 ilə ailə qurub, mülkiyyətçinin razılığı ilə ailə üzvü qismində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçməsi işin mübahisəsiz halıdır.

42. Birinci instansiya məhkəməsi iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində gəldiyi nəticəni mülkiyyətçi ilə cavabdeh Natavan Mehtiyeva arasında notarial qaydada təsdiq edilmiş müqavilənin olmaması, belə bir hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əsaslandırmışdır.

43. Kollegiya qeyd edir ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ən geci Cavabdeh1 ilə nikaha daxil olduğu 1992-ci ildə köçməsi öz təsdiqini tapdığı halda, Cavabdeh2 həmin evi 1996-cı ildən 2001-ci ilin dekabr ayınadək olan müddət ərzində tərk etməsinə dair fikir iddiaçılarla eyni mövqedə olan Cavabdeh1, həmçinin Cavabdeh2 2001ci ilin dekabr ayınadək olan müddət ərzində mübahisəli evdə yaşamamasına dair mövqe birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş iddiaçıların bacısı X8 aid olsa da, birinci instansiya məhkəməsi iddiaçıların özlərinin iddia ərizələrində, iddiaçı tərəfin birinci instansiya məhkəməsinin iclaslarında verdiyi izahatında buna dair aydın bir fikir ifadə etməmələrini, iddiaçı tərəfin Cavabdeh2 mübahisəli evi 2001-ci ilin dekabr ayınadək olan müddət ərzində daimi əsaslarla tərk etməsini təsdiq edə biləcək hər hansı bir sübut təqdim etməməsini nəzərə almamışdır.

44. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

46. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

47. Birinci instansiya məhkəməsinin iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində sübut qismində istinad etdiyi Cavabdeh1 izahatı və X5 ifadəsi onların iddiaçılarla qohumluq münasibətlərində olmaları, baxılan məsələ üzrə neytrallıq təşkil etməmələri nəzərə alınaraq iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.

48. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozmasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə mübahisəli hüquq münasibətinin 01 sentyabr 2001-ci ildən sonra yaranması nəticəsinə gələrək, ona aid hissədə iddianı təmin etməkdə haqlı olmamış, həmin hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, Cavabdeh2 aid hissədə qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamış, eyni zamanda Cavabdeh2 aid hissədə iddianı təmin etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələblərini diqqətə almamışdır.

49. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

50. Hazırki mülki iş üzrə Cavabdeh2 aid hissədə hüquq münasibətləri 2001-ci ildən əvvəl yarandığından, ona aid hissədə tərəflər arasında yaranmış mübahisə Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğul həll edilməlidir.

51. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

52. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

53. İş materialları ilə Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yaranması müəyyən edildiyi halda, Cavabdeh2 istifadə hüququnun aradan qalxmasına əsas ola biləcək, yəni 2021-ci ilin dekabr ayınadək olan müddətdə həmin fərdi yaşayış evindən daimi əsaslarla çıxıb getməsi halı sübuta yetirilməmişdir.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 video görüntü ilə qeydə alınmış ifadələrinin dinlənilməsi, iddiaçıların video görüntü ilə çəkilmiş ifadələrinə diqqət yetirilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən bütünlükdə iş materialları öyrənilmiş, lakin video görüntü ilə qeydə alınmış ifadələrin, izahatların dinlənilməsi zərurəti müəyyən edilməmişdir.

55. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-65/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh2 qarşı təmin edilmiş ünvan 5 ünvanında yerləşən İddiaçı1 və İddiaçı2 məxsus fərdi yaşayış evindən Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi onların xüsusi mülkiyyətlərinə daxil olan ünvan 1 ünvanından-yaşayış sahəsindən (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən) Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması hissəsində rədd edilməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-65/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh2 qarşı təmin edilmiş ünvan 5 ünvanında yerləşən İddiaçı1 və İddiaçı2 məxsus fərdi yaşayış evindən Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi onların xüsusi mülkiyyətlərinə daxil olan ünvan 1 ünvanından-yaşayış sahəsindən (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən) Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması hissəsində rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar