Məhkəmə qərarları › İş №2(107)-475/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-475/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-475/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-908/2020 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxxx 2020-ci il tarixli 2(033)-908/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək İddiaçı Zaqatala şəhəri Azərbaycan prospekti 87 nömrəli evin 1 nömrəli mənzilinə əşyaları ilə birlikdə köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh X6 (bundan sonra cavabdeh və ya Nüşabə Ələsgərli) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, qeydiyyatda olduğu Zaqatala şəhəri Azərbaycan pr 87 saylı ünvanda yerləşən mənzilə əşyaları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1966-cı il tarixdən Zaqatala şəhəri Azərbaycan pr ev 87-də yaşayır. Vəfat etmiş oğlu X3 arvadı olan cavabdeh 1993-cü il tarixdə qeydiyyatda olduğu ünvana, yəni həmin evə gəlin gəlmişdir. Hazırda həmin evdə övladları ilə yaşayır. Cavabdeh evdən istifadə etməsinə və yaşamasına maneçilik törədir. Hazırda o, kommunal şəraiti olmayan kafe kimi fəaliyyət göstərən qeydiyyatda olduğu ünvanın aşağısında yerləşən 1 göz otaqda yaşayır. Cavabdeh və övladları qeydiyyatda olduğu mənzilə köçməsində və yaşayış üçün zəruri əşyalarının evə yerləşdirilməsinə icazə vermirlər. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişlər. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-908/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Nüşabə Ələsgərli apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-908/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində İddiaçı həmin mənzilin hansı otağına köçürülməsi barədə qeyd olunmayıb. Qayınanası İddiaçı Həbibulla qızı 26 ildir həmin ünvanda yaşamır. Çünki onların nikahları pozulduğundan o, iddia ərizəsində qeyd olunan kafedə yaşamışdır və yaşamaqda davam edir. Lakin qayınatası X5 rəhmətə gedən vaxta kimi-xx.xx.2020-ci il tarixinədək onlarla yaşamışdır. Qayınanasının nikahı pozulduğundan, 1995-ci ildən həmin ünvanda yaşamdığından o bu ünvanda yaşamaq hüququnu itirmişdir. O, mübahisə predmeti olan evə gəlin köçən zaman digər ailə üzvləri onun köçməyi zamanı başqa qeyd-şərt göstərməmiş, evin mülkiyyətçisinin oğlu ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş və onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Nüşabə Ələsgərli izahatında apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli 2(033)-908/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram göndərərək hal-hazırda Bakı şəhərində müalicə aldığı üçün məhkəmə iclasının fevral ayının sonuna təyin edilməsni xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2019-cu il tarixli 143 saylı sərəncamından görünür ki, İddiaçı Zaqatala şəhəri Azərbaycan pr. 87 nömrəli evin 1 nömrəli mənzilinin yaşayış sahəsinə həmin mənzildə yaşayan ailə üzvlərinin razılığı ilə sosial kirayə müqaviləsi üzrə kirayəçi hesab edilmişdir. xx xxxx 2020-ci il tarixli 457 saylı arayışdan görünür ki, Zaqatala şəhəri Azərbaycan pr. 87 nömrəli evin 1 nömrəli mənzilində İddiaçı, X5 və X7 qeydiyyatdadır. X5 və X7 tərəfindən Notariat Ofisinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizələrdən görünür ki, Zaqatala şəhəri Azərbaycan pr. 87 nömrəli evin 1 nömrəli mənzilini İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli xx xxxxxx 1993-cü il tarixli müqaviləsindən görünür ki, Zaqatala şəhəri Azərbaycan pr. 87 nömrəli evin 1 nömrəli mənzilində 3 otaqlı 51,4 kv.m. yaşayış sahəsi İddiaçı müddətsiz istifadəsinə verilmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında çıxarışdan görünür ki, İddiaçı ilə X5 nikahlarını xx xxxxxx 1966-cı ildə rəsmiləşdirmişlər, nikahları xx xxxxxx 1985-ci ildə pozulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, “Göründüyü kimi iddiaçı mübahisəli evdən istifadə hüququna malik olmuşdur. Çünki, iddiaçının istifadə hüququ hələ mübahisəli evə köçdüyü vaxtdan yaranmış və bu münasibət bu günkü günə kimi davam etmişdir. Göstərilənlər isə məhkəməyə iddiaçının öz tələbində haqlı olması qənaətinə gəlməyə imkan verir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı cavabdehin qayınanasıdır. Hazırda mübahisəli mənzildə cavabdeh Nüşabə Ələsgərli uşaqları ilə birlikdə yaşayır. Mübahisəli mənzil xx xxxxxx 1993-cü il tarixli müqaviləyə əsasən iddiaçının müddətsiz istifadəsinə verilmişdir. Hazırda iddiaçı kommunal şəraiti olmayan kafe kimi fəaliyyət göstərən 1 göz otaqda yaşayır və oun başqa yaşamaq üçün yeri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci il sentyabrın 1-ə kimi yarandığından yaranmış hüquq münasibətini xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Мənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2 və 27.3-cü maddələrinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, İddiaçı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2019-cu il tarixli 143 saylı sərəncamı ilə Zaqatala şəhəri Azərbaycan prospekti 87 nömrəli evin 1 nömrəli mənzilinin yaşayış sahəsinə həmin mənzildə yaşayan ailə üzvlərinin razılığı ilə sosial kirayə müqaviləsi üzrə kirayəçi hesab edilmiş və o həmin mənzildə qeydiyyatdadır. İddiaçının qeydiyyatda olduğu və daimi yaşadığı ünvan sözügedən ev olduğundan o, həmin evdə yaşamaq hüququ əldə etmişdir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdiyi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X12 Məhkəməsi “X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X12 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X12 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-908/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X8 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-908/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar