Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-476/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, maraqlarına toxunan üçüncü şəxs X3 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1937/2018 saylı qərardadından maraqlarına toxunan üçüncü şəxs X9 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu keçmiş Xətai adına Kolxozun xx.xx.1993-cü il tarixli qərarı ilə Göyçay rayonu Cəyirli kəndi ərazisindən ayrılmış və yerquruluşu planından çıxarışda göstərilən cizgilər daxilində 0.06 ha həyətyanı torpaq sahəsi üzərində onun sahiblik və ondan istifadə etmək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(046)-1937/2018 nömrəli qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilmiş, Göyçay rayonu keçmiş Xətai adına Kolxozun xx.xx.1993-cü il tarixli qərarı ilə Göyçay rayonu Cəyirli kəndi ərazisindən ayrılmış və yerquruluşu planından çıxarışda göstərilən cizgilər daxilində 0.06 ha həyətyanı torpaq sahəsi üzərində Ərizəçi sahiblik və ondan istifadə etmək faktının müəyyən edilməsi qət edilmişdir. Göyçay rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(046)-1937/2018 nömrəli qətnaməsindən hüquqlarına toxunan şəxs kimi X9 tərəfindən apelyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1937/2018 saylı qərardadı ilə Göyçay rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(046)-1937/2018 nömrəli qətnaməsindən X9 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Maraqlarına toxunan üçüncü şəxs X9 həmin qərardaddan şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1937/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan üçüncü şəxs X9 şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1937/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, X9 mübahisələndirdiyi qətnamədən apelyasiya şikayətinin verməsinə əsas kimi Ərizəçi sahiblik və istifadə hüququ tanınmış 0.06 ha həyətyanı torpaq sahəsinin onun və qardaşı Çingiz Nəsirovun istifadəsində olduğunu, eləcə də həmin torpaq sahəsi onların adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-046A saylı (kod 40808048) şəhadətnamədə göstərilən 0.22 ha torpaq sahəsi ilə həmsərhəd ərazidə yerləşən və 854BB nömrə ilə işarələnmiş torpaq sahəsi olduğunu, sözügedən torpaq sahəsi üzərində Ərizəçi sahiblik və istifadə hüququnun qanunsuz tanındığını, qətnamə onun hüquqlarına toxunduğunu göstərmişdir. X9 tərəfindən məhkəməyə təqdim edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1456/2018 nömrəli qanuni qüvvəsini almış Qərarından görünür ki, iddiaçılar X9, X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X5, Ərizəçi) “torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 046 F nömrəli (kod 40808048) şəhadətnamədə 854 BB nömrəsi ilə işarələnmiş 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adlarına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli Qərarı ilə iddiaçılar X3 və X2 iddiası təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin sözügedən Qərarında iddia tələbinin təmin edilməməsinə əsas kimi göstərilmişdir ki, Göyçay rayon X4 xx xxxx 1992-ci il tarixli 05 nömrəli iclas protokol qərarına əsasən, iddiaçı X6 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış, Göyçay rayon X7 tərəfindən təsdiq edilmiş Göyçay rayonunun Cəyirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ əsasən, iddiaçılar eyni təsərrüfat üzvü olmaqla, onların qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,06 ha olaraq göstərilmişdir. Buna baxmayaraq, Göyçay rayon X1 xx xxxxxx 1998-ci il tarixli 41 nömrəli qərarı ilə 0,13 ha və 0,22 ha həyətyanı torpaq sahələri iddiaçıların mülkiyyətinə verilmiş, sözügedən torpaq sahələri üzərində hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 046 A nömrəli (kod 40808048) və JN seriyalı 046 F nömrəli (kod 40808048) şəhadətnamələrlə rəsmiləşdirilmişdir. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki torpaq sahələri qanuni istifadəyə və ya icarəyə götürülmüş ölçüdə onların mülkiyyətinə verilməli olduğu və iddiaçıların qanuni istifadəsində 0,06 ha torpaq sahəsi olduğu halda, islahat zamanı onların ümumilikdə mülkiyyətinə 0,35 ha həyətyanı torpaq sahəsi verilmiş, adlarına mülkiyyət sənədləri hazırlanmışdır. Halbuki, islahat zamanı qanunvericiliyin tələbi baxımından onların mülkiyyətinə 0,06 ha torpaq sahəsinin verilməli idi. Eyni zamanda həmin qərarda bu nəticəyə gəlinmişdir ki, iddiaçılara torpaq islahatı zamanı onların qanuni istifadəsində olan ölçüdən artıq torpaq sahəsi mülkiyyətə verildiyindən, onların qanuni istifadəsinə ayrılmış 0,06 ha torpaq sahəsi, əslində mülkiyyətlərinə verilmiş 0,35 ha torpaq sahəsinin tərkibində yerləşdiyindən xəritədə 854 BB nömrə ilə işarələnmiş torpaq sahəsinin onların qanuni istifadəsində olması istisna edilir. Bununla yanaşı, iddiaçılar iddia etdikləri torpaq sahəsinin qanuni əsaslarla onlara ayrılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, işin faktiki halları ilə mübahisəli torpaq sahəsinin iddiaçıların qanuni istifadəsində olması təkzib olunmuşdur. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə apelyasiya şikayətində göstərilənlərdən fərqli olaraq mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsinin İlqar və Çingiz Nəsirovların istifadəsində və sahibliyində olması təkzib olunmuşdur. Başqa sözlə desək, Ərizəçi sahiblik və istifadə hüququ tanınmış 0.06 ha torpaq sahəsi üzərində İlqar və Çingiz Nəsirovların her hansı bir hüququnun yaranmaması, həmin torpaq sahəsinin onlara heç bir aidiyyatının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu maddənin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamədə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və ya etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Cavid İsmayılzadənin şikayəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007- ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarında qeyd etmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial faktlar sübut olunmur. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar bu aktın məzmunu ilə razılaşmalıdır. İddiaçıların tələblərinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə əsaslı olduğu müəyyən edildiyindən, onların iddia tələbləri təmin edilməlidir. Qanuni qüvvəsini almış məhkəmə qərarından görünür ki, İlqar və X10 Əsgərovun mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK DƏDRX-nın 16 saylı Ərazi İdarəsinə müraciət etmiş, sözügedən inzibati orqan tərəfindən onların müraciətləri təmin edilmədiyi üçün müvafiq iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, iddia tələbini araşdıran məhkəmə toplanmış sübutlara, alınan mütəxəsiss rəylərinə istinadən hesab etmişdir ki, 854BB nömrə ilə işarələnmiş 0.08 ha həyətyanı torpaq sahəsi (0.08 ha torpaq sahəsinin tərkibində Ərizəçi 0.06 ha torpaq sahəsi mövcuddur) onların qanuni istifadəsində və sahibliyində deyil. İşin təkzib olunmaz halları ilə müəyyən edilir ki, Göyçay rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi İlqar Nəsirovun hüquqlarına və qanuni maraqlarına toxunmur. Azərbaycan Respublikası MPM-in 357-ci maddəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququ olan subyektlərin dairəsi göstərilmişdir. Burada apellyasiya şikayətinin işdə iştirak edən şəxslər (iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər), həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər tərəfindən verilməsi nəzərdə tutulmuşdur. MPM-in 357.2-ci maddəsinin birinci cümləsinə əsasən apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. MPM-in 15.4-cü maddəsinə görə məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etmir. Prosessual hüquqi statusuna görə işdə iştirak edən şəxs hesab olunmayan bu şəxslər qətnamədən apelyasiya şikayəti vermək hüququna yalnız həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduqda malik olurlar. MPM-in 357.1 və 357.2-ci maddələrinin mənasına görə o şəxslər maraqlı şəxslər hesab edilirlər ki, onlar işə cəlb edilməsələr də, qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunmuş olur». Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən digər şəxslərin hüquq və vəzifələrinə toxunduğu hallar elə bir situasiyanı nəzərdə tutur ki, qətnamə ilə: 1) həmin şəxslərin hüquqları haqqında məsələ bu hüquqların pozulması və ya əsassız məhdudlaşdırılması ilə müşaiyət olunan formada həll edilir; 2) həmin şəxslərin üzərinə hər hansı vəzifəni icra etmək öhdəliyi qoyulur. MPM-in 357.2-ci maddəsində göstərilən şəxlərin apelyasiya şikayəti vermək hüququnun yaranması üçün iki şərt məcmu halında mövcud olmalıdır: 1) həmin şəxslər işdə iştirak etməyə cəlb edilməli olduğu halda onların işə cəlb olunmaması; 2) qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması. Qanunun mənasına görə işdə iştirak etməyə cəlb edilməli olduğu halda işə cəlb edilməyən şəxsin, əgər qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmursa, qətnamədən apelyasiya şikayəti vermək hüququ yoxdur. Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquq və vəzifələrinə toxunmadığı hallarda həmin şəxslərin qətnamədən apelyasiya şikayəti vermək hüququ istisna olunur. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-ci il tarixli Qərarında göstərilmişdir ki, işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması. Konstitusiya Məhkəməsinin Qərarında göstərildiyi kimi hazırki iş üzrə İlqar Nəsirovun tərəf kimi işə cəlb edilməsinə lüzum olmamış, qəbul edilmiş qətnamə onun hüquqlarına və qanuni maraqlarına toxunmamış, hüquqlarının və qanuni maraqlarının müdafiəsində maddi və prosessual marağı olmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Bununla yanaşı nəzərdən qaçırılmamalıdır ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədən hüquq və vəzifələrinə toxunmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını nizama salan norma olmadığından, Azərbaycan Respublikası MPM-in 13.4cü maddəsini rəhbər tutub anoloji hüquq münasibətini tənzimləyən normaya yəni, Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə istinad edərək məhkəmə kollegiyası hesab edir ki, İlqar Nəsirov tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 1937/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1937/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-476/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-476/2020
23.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver