Məhkəmə qərarları › İş №2(107)-476/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-476/2023

11.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-476/2023 11.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X10 İdarəsininə qarşı işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa, maddi hüquq normasının düzgün təfsir edilməməsi, sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə1, cavabdeh X10 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh X10 İdarəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsindən cavabdeh X10 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X10 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 İdarəsinin onun işdən azad edilməsi barədə verdiyi 01 iyul 2022-ci il tarixli 136-k saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqını ödənilməklə işə bərpa olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1 may 2004-cü il tarixdən X2 Sistemində əmək fəaliyyətinə başlamışdır. 5 yanvar 2017-ci il tarixdə isə cavabdeh təşkilatla onun arasında bağlanmış əmək müqaviləsinə əsasən o, Şəki X1 Şəki rayonu Çeşməli kəndində yerləşən 39 saylı kitabxana filialının müdiri vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə həmişə öz vəzifə öhdəliklərini lazımi qaydada icra etmişdir. İşlədiyi kitabxanada bir neçə nəfər işçi də çalışmışdır. Kitabxanada xadimə işləyən X12 2022-ci ilin iyun ayında ondan heç bir icazə almadan Naxçıvan MR-na getmiş, onun bundan məlumatı olmamışdır. 01 iyul 2022-ci il tarixdə Şəki rayonunda fəaliyyət göstərən kitabxanaların işçiləri X10 İdarəsinin rəhbərliyi tərəfindən iclasa dəvət edilmişlər. İclasa çağırıldıqları vaxt o, X12 ilə telefon əlaqəsi yaratmağa çalışsa da, bunun nəticəsi olmamış, maraqlandıqda Jalənin Naxçıvan MR-da olmasını bilmişdir. Dəvət edildiyi iclasda ondan Jalənin harada olması soruşulmuş, o da Jalənin ondan icazəsiz Naxçıvan MR-na getdiyini bildirmişdir. Həmin iclasdan sonra X8 işdə olmaması ilə bağlı X10 İdarəsinin rəhbərliyi onu X10 İdarəsinə dəvət etmiş və Jalənin işdə olmaması nəzərə alınaraq ondan işdən öz xahişi ilə azad edilməsi barədə ərizənin yazmasını tələb edilmişdir. O isə X10 İdarəsinin həmin dövürdəki rəhbərinə 18 ildir ki, qüsursuz işləməsi, himayəsində 2-si xəstəlikdən əziyyət çəkən 3 uşağının olması nəzərə alınaraq işdən çıxmaq istəmədiyini demişdir. Bu zaman ona əgər işdən azad edilməsi barədə ərizəsini yazmayacağı təqdirdə, onun maddə ilə işdən azad ediləcəyi bildirilmişdir. Sonra o, Şəki rayonu, Çeşməli kəndinə öz iş yerinə qayıtmışdır. 01 iyul 2022-ci il tarixdə saat 15:00dək işdə olmuş və saat 15:00-dan sonra yenidən X10 İdarəsinə çağırılmışdır. Həmin gün saat 18:00-dək X10 İdarəsində gözləmək məcburiyyətində qalmışdır. X10 İdarəsində olduğu müddət ərzində də X10 İdarəsinin əvvəlki müdiri onu əgər öz xahişi ilə işdən azad edilməsinə dair ərizə yazmayacağı təqdirdə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad ediləcəyi ilə bağlı xəbərdar etmişdir. Beləliklə o, işdən azad edilməsinə dair ərizə yazmaq məcburiyyətində qalmışdır. O, hansı səbəbdən işdən azad edilməsi barədə ərizə yazmasını soruşduqda, ona uşağının xəstə olması səbəbli işdən azad edilməyə dair ərizə yazması tapşırılmışdır. Buna görə də X10 İdarəsinin əvvəlki rəhbərliyinin tələbi ilə güya uşağının xəstə olması səbəbilə öz xahişi ilə işdən azad edilməsinə dair ərizə yazmışdır. Lakin 02 iyul 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək hər gün Şəki rayonu Çeşməli kəndində yerləşən 39 saylı kitabxana filialında işdə olmuşdur. 02 iyul 2022-ci il tarixdə isə X10 İdarəsi ilə telefon əlaqəsi saxlayaraq işdən azad edilməsinə dair ərizəsini geri götürmək istədiyini bildirmişdir. Lakin buna müsbət cavab verilməmişdir. Bu səbəbdən də o, 04 iyul 2022-ci il tarixdə onlayn qaydada X10 İdarəsinin əvvəlki rəhbərliyinə ərizə ünvanlayaraq 01 iyul 2022-ci il işdən azad edilməsinə dair ərizənin ona hədə qorxu və basqı altında yazdırıldığını bildirmiş və işdən azad edilməsinə dair ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. 06 iyul 2022-ci il tarixdə isə Şəki X1 müdiri onunla əlaqə saxlayaraq işdən azad edildiyini bildirmiş və təhvil-təslim işlərinin aparılmasını ondan tələb etmişdir. Lakin o, bundan imtina etmişdir. 08 iyul 2022-ci il tarixdə isə işdən azad edilməsi barədə 01 iyul 2022-ci il tarixli 136-k saylı əmr, əmək kitabçası ona təqdim edilmiş və son haqq hesab ona ödənilmişdir. O, mübahisənin məhkəməyədək həlli ilə bağlı Mediasiya Şurasına müraciət etsə də, cavabdeh təşkilatla aralarında mediasiya qaydasında razılıq əldə edilməmişdir. İşçinin işə gəlməməsi onun xətası olmadığı halda bu səbəbli təzyiq altında işdən azad edilməsnə dair ərizəsi alınmışdır. Bir sözlə iş yerində heç bir intizam xətasına yol vermədiyi halda əsassız olaraq işdən azad edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 4 noyabr 2022-ci il tarixli, 2(075)- 2047/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X10 İdarəsininin İddiaçı işdən azad edilməsi barədə verdiyi 01 iyul 2022-ci il tarixli 136-k saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Şəhər X1 Çeşməli kənd 39 saylı kitabxana filialının müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı 05 yanvar 2007-ci il tarixdə imzalanmış əmək müqaviləsinə əsasən X10 İdarəsinin nəzdində olan Şəki X1 39 saylı kitabxana filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir. 01 iyul 2022-ci il tarixdə isə İddiaçı X10 İdarəsinin rəisinə ərizə ilə müraciət edərək övladının səhhətində yaranan problemlə bağlı 01 iyul 2022-ci il tarixdən onun işdən azad edilməsini xahiş etmişdir. X10 İdarəsinin rəisi vəzifəsini icra edən Tərlan Nəsibovun 01 iyul 2022-ci il tarixli, 136-k saylı əmri ilə İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Lakin 04 iyul 2022-ci il tarixdə X10 İdarəsinə yazdığı ərizəsində İddiaçı 01 iyul 2022-ci il tarixli ərizəsinin ona hədə qorxu və basqı altında yazdırıldığını göstərmiş və həmin ərizəsini geri götürdüyü üçün etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsində iddiaçının ərizəsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı iddiaçının 01 iyul 2022-ci il tarixdə işlədiyi işdən azad edilməsinə dair ərizə yazmasında cavabdeh X10 İdarəsinin əvvəlki rəisinin təzyiqinin olması müəyyən edilmişdir. Belə ki, iddiaçının dəvət etdiyi şahidlə yanaşı iddiaçının işdən azad edildiyi dövrdə X10 İdarəsinin rəisinin otağının qarşısında qeydiyyatçı vəzifəsində işləmiş şahid X4 ifadəsindən də iddiaçının işdən azad edilməsi barədə ərizəsini könüllü olaraq deyil, cavabdeh təşkilatın rəhbərinin təzyiqi ilə verdiyi, hətta iddiaçının xahişi ilə idarə rəisinin yanına gedərək iddiaçının işdən azad edilməməsini xahiş etməsinə baxmayaraq, cavabdeh təşkilatın rəhbərinin İradə Abbaszadənin dediklərinə əhəmiyyət vermədiyi, beləliklə iddiaçı ilə cavabdeh təşkilat arasında əmək münasibətlərinin iddiaçının könüllü iradəsi ilə ləğv edilmədiyi, əksinə iddiaçının iradəsinin əleyhinə olaraq onun əmək müqaviləsini ləğv etməyə məcbur edildiyi müəyyən edilmişdir. Bir sözlə, cavabdeh X10 İdarəsi 01 iyul 2022-ci il tarixli, 136-k saylı əmrlə İddiaçı işdən azad etməkdə haqlı olmamışdır. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, X10 İdarəsininin İddiaçı işdən azad edilməsi barədə verdiyi 01 iyul 2022ci il tarixli 136-k saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər X1 Çeşməli kənd 39 saylı kitabxana filialının müdiri vəzifəsinə bərpa edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69-cü maddəsinin 1, 4 və 7-ci hissəsi, 300-cü maddəsinin 1-ci hissə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88, 106.1, 14.2 və 217.4-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, e-2(075)-2047/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X10 İdarəsininin İddiaçı işdən azad edilməsi barədə verdiyi 1 iyul 2022-ci il tarixli 136-k saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Şəhər X1 Çeşməli kənd 39 saylı kitabxana filialının müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, e-2(075)-2047/2022 saylı qətnaməsini aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində kobud pozuntulara yol vermiş, bu hal isə özlüyündə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız ona istinad etmişdir ki, iddiaçı işdən azad edilməsi barədə ərizə ilə işəgötürənə müraciət etsə də, bu işəgötürənin (indiki halda, cavabdehin) təzyiqi nəticəsində baş vermişdir. Bununla belə, məhkəmə qeyd olunan təzyiqin nədən ibarət olması, hansı formada təzahür etməsi barədə hər-hansı sübut əldə etməmiş, habelə sübut kimi istifadə olunmuş şahid ifadələrinin tədqiqinə ehtiyatlı yanaşmamışdır. Belə ki, şahidlərdən X12 əvvəllər iddiaçının tabeçiliyində işləmiş, həmçinin mübahisə predmeti hadisələrin baş verməsinə səbəb olan şəxs olmuşdur. Digər şahid - X7 isə iddiaçının atası olmuş, ümumiyyətlə mübahisə predmeti hadisələrin şahidi olmadığı halda, birinci instansiya məhkəməsi qanunsuz olaraq sübut kimi onun da ifadəsinə istinad etmişdir. Halbuki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Xüsusilə qeyd olunmalıdır ki, iddiaçıya hədə-qorxu gəlinməsi və onun zorla işdən azad olunması barədə ərizə yazdırılması halının heç bir sübutla təsdiq olunmadığı halda, məhkəmə tərəfindən iddianın heç bir əlavə araşdırma aparılmadan təmin edilməsi onun mübahisəyə birtərəfli yanaşmasının göstəricisi olmuşdur. Belə ki, iddia edilən hədə-qorxu əgər həqiqətən mövcud olsaydı, işdən azad edilməsindən 3 gün sonra həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə yazacaq hüquqi biliyə malik olan iddiaçı hüquqmühafizə orqanlarına müraciət etməli idi. Aydın məsələdir ki, belə müraciət olmamışdır. Birinci instansiya məhkəməsi isə məsələyə səthi yanaşaraq Avropa Məhkəməsinin müxtəlif qərarlarında təsbit olunmuş ədalətli yanaşma və araşdırma prinsiplərini pozmuşdur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, əmək qanunvericiliyinə görə işçi yalnız əmək müqaviləsi ləğv edilmədiyi halda, işdən azad edilməsi barədə ərizəni geri götürə və ya onun etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət edə bilərdi. Lakin əmək müqaviləsi ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halı nəzərə almamış, nəticədə maddi hüquq normasının kobud pozuntusuna yol vermişdir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh X10 İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işəgötürənin əsas vəzifələri və məsuliyyəti:

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydadapozmaq; Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydadaxitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə ə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və sonhaqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı 05 yanvar 2007-ci il tarixdə imzalanmış əmək müqaviləsinə əsasən X10 İdarəsinin nəzdində olan Şəki X1 39 saylı kitabxana filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir. 01 iyul 2022-ci il tarixdə isə İddiaçı X10 İdarəsinin rəisinə ərizə ilə müraciət edərək övladının səhhətində yaranan problemlə bağlı 01 iyul 2022-ci il tarixdən onun işdən azad edilməsini xahiş etmişdir. X10 İdarəsinin rəisi vəzifəsini icra edən Tərlan Nəsibovun 01 iyul 2022-ci il tarixli, 136-k saylı əmri ilə İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Lakin 04 iyul 2022-ci il tarixdə X10 İdarəsinə yazdığı ərizəsində İddiaçı 01 iyul 2022-ci il tarixli ərizəsinin ona hədə qorxu və basqı altında yazdırıldığını göstərmiş və həmin ərizəsini geri götürdüyü üçün etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsində iddiaçının ərizəsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı iddiaçının 01 iyul 2022-ci il tarixdə işlədiyi işdən azad edilməsinə dair ərizə yazmasında cavabdeh X10 İdarəsinin əvvəlki rəisinin təzyiqinin olması müəyyən edilmişdir. Belə ki, iddiaçının dəvət etdiyi şahidlə yanaşı iddiaçının işdən azad edildiyi dövrdə X10 İdarəsinin rəisinin otağının qarşısında qeydiyyatçı vəzifəsində işləmiş şahid X4 ifadəsindən də iddiaçının işdən azad edilməsi barədə ərizəsini könüllü olaraq deyil, cavabdeh təşkilatın rəhbərinin təzyiqi ilə verdiyi, hətta iddiaçının xahişi ilə idarə rəisinin yanına gedərək iddiaçının işdən azad edilməməsini xahiş etməsinə baxmayaraq, cavabdeh təşkilatın rəhbərinin İradə Abbaszadənin dediklərinə əhəmiyyət vermədiyi, beləliklə iddiaçı ilə cavabdeh təşkilat arasında əmək münasibətlərinin iddiaçının könüllü iradəsi ilə ləğv edilmədiyi, əksinə iddiaçının iradəsinin əleyhinə olaraq onun əmək müqaviləsini ləğv etməyə məcbur edildiyi müəyyən edilmişdir. Bir sözlə cavabdeh X10 İdarəsi 01 iyul 2022-ci il tarixli, 136-k saylı əmrlə İddiaçı işdən azad etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin halları ilə müəyyən olunduğu kimi iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə verərək tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və məhz onun ərizəsi nəzərə alınaraq ərizəsində göstərdiyi tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd edilməlidir ki, işçinin özünün müəyyən etdiyi xəbərdarlıq müddəti bir gün təşkil etmişdir. İlkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi isə məhz həmin müddət daxilində işə götürənə təqdim edilə bilərdi. Lakin işin halları ilə müəyyən olunduğu kimi iddiaçı ərizəsi əsasında müəyyən etdiyi vaxtda tutduğu vəzifədən azad olunduqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. İşəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır. Bu halda ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün həmin ərizənin əhəmiyyəti olmamışdır. Nəzərə alınmalı idi ki, həmin ərizə məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında həmin əsasın işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddəti gözləməklə əmək müqaviləsinin ləğvinə dair əmr qəbul etmiş və bu zaman əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən isə istinad olunan maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, digər sözlə ifadə edildikdə, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə verərək tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Cavabdeh tərəfindən də iddiaçının ərizəsini əsas götürməklə iddiaçının ərizəsində göstərdiyi tarixdən onu tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçının əvvəlki (xx.xx.2022-ci il tarixdə yazdığı) ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciəti sözügedən əmrin ləğvinə əsas vermir. Çünki bu cür vəziyyət Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində birbaşa tənzimlənərək deyilir ki, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İddiaçının işdən çıxması barədə xx.xx.2022-ci il tarixdə yazdığı ərizəni yazmağa məcbur edildiyi, təzyiq altında, onun iradəsinə zidd olaraq yazıldığı barədə iddiaçının dəlillərini də kollegiya əsassız hesab edir. Çünki iddiaçı tərəfindən bu faktı təsdiq edən sübutlar təqdim edilmədiyinə görə həmin dəlil rədd edilməlidr. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi şahid ifadəsi kimi atasının izahatını qəbul etməsi də iddianın təmin edilməsi üçün kifayətedici deyildir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 iddiaçının atası olmaqla iş üzrə maraqlı tərəfdir. Yəni qızının maraqlarından çıxış edərək izahat vermişdir. Çünki işdə maraqlı olan şahidin izahatı əsasında qətnamə qəbul edilməsi əsaslı deyil. Qeyd etmək lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi- nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Bundan başqa Kollegiya birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsini də iddianın təmin edilməsi üçün yetərli hesab etmir. Belə ki, şahid verdiyi izahatında iddiaçıya edilən təzyiqin nədən ibarət olmasına dair hər hansı bir qeyd verməmişdir. O, izahatında bildirmişdir ki, 01 iyul 2022-ci il tarixdə Nüşabə atası ilə birlikdə X10 İdarəsinə gəlmiş və həmin vaxt fəaliyyət göstərmiş idarə rəisi Tərlan müəllimin qəbulunda olmuşdur. Bu zaman Tərlan müəllim 39 saylı kitabxana filialının işçilərinin davamiyyət kitabını tələb etmişdir. Həmin kitaba baxış keçirildikdə Jalənin imzaları arasında uyğunsuzluq olması müəyyən edilmişdir. X10 İdarəsinin müdiri Tərlan müəllim də Nüşabədən öz xahişi ilə işdən azad edilməsi barədə ərizə yazmasını tələb etmişdir. Tərlan müəllimin qəbulundan çıxdıqdan sonra Nüşabə ona işdən azad edilməsi ilə bağlı ərizə yazmaq istəmədiyini demişdir. Bu səbəbdən o özü Tərlan müəllimin otağına gedərək Tərlan məllimdən Nüşabəyə güzəşt edilməsini xahiş etmiş, lakin Tərlan müəllim onun xahişini qəbul etməmiş, Nüşabənin ərizə yazıb işdən azad edilməli olduğunu bildirmişdir. Sonra Nüşabə kadrlar şöbəsində işləyən Dilbazinin yanına getmiş və orada işdən azad edilməsi barədə əriəsini yazıb getmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, yəni işdən azad olma barədə ərizəni təzyiq vasitəsi ilə yazması öz təsdiqini tapmamışdır. Kollegiya iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Əmək Məcəlləsinin 300-cü maddəsində aşağıdakılar qeyd edilir; Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75cimaddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Hazırkı halda isə iddiaçının işə bərpa barədə iddiası təmin edilən olmadığından, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh X10 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan R Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar