Məhkəmə qərarları › İş №2(107)-477/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-477/2022

12.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-477/2022 12.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(051)-2102/2021 saylı qətnaməsindən cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən illər üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, eyni tələblərlə bərabər Mənzil Təsərrüfatı İdarəsinin rəisinin 70 №li 20 avqust 2021-ci il tarixli əmrinin ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2007-ci ildə Mingəçevir şəhər Mənzil- Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 8 №-li MİS-də tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 №li MİS-ə sahə nəzarətçisi vəzifəsinə keçirilmişdir. Müdiriyyət ona sahə nəzarətçisi işinə keçməsini təklif etmiş, o da etiraz etməmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 20 avqust 2021-ci il tarixli əmri ilə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin ləğvi üçün müdriyyətin 19 fevral 2021-ci il tarixli 12 №-li və 09 iyul 2021-ci il tarixli 55 №-li əmrləri əsas hesab olunmuşdur. Onu bildirir ki, 19 fevral 2021-ci il tarixdə, həqiqətən də, işə 10 dəqiqə gecikmişdir. Buna səbəb isə həmin vaxt təzyiqinin artması olmuş, işə vaxtında gələ bilməmişdir. O, həmin gün işə gecikmə səbəbi ilə bağlı müdiriyyətə izahat vermişdir. Lakin 10 dəqiqə gecikməyə görə ona töhmət verilmişdir. 09 iyul 2021-ci il tarixli əmrdən isə işdən çıxarılmamışdan 08-09 gün əvvəl məlumatı olmuşdur, həmin vaxt əmrlə tanış olmuşdur. Bundan bir neçə gün sonra isə onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur. Sonra başa düşmüşdür ki, səbəb onu işdən azad etməkdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi əmək funksiyasını yerinə yetirməməsi göstərilmişdir. Guya o, vaxtında kirayə pullarını yığa bilməmişdir. Sahə nəzarətçisi kimi o, verilən bildirişləri mənzillərə çatdırır, yaşayış olmayan mənzillərə dair bildirişləri müdiriyyətə qaytarır, xidmət haqqını toplayıb müdiriyyətə verir. O, üzərinə götürdüyü vəzifəni həmişə yerinə yetirmişdir. Bildirişlərin paylanması və xidmət haqqının yığılması ilə onunla birlikdə 5 nəfər məşğul olur. 3 nəfər sahə nəzarətçisidir, 2 nəfər isə sosial işçilərdir. Bildirişlərin paylanması və ya xidmət haqları barədə ayrı-ayrılıqda onlara plan qoyulmamışdır. Ancaq hər biri üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışır, iş günü ərzində bununla məşğul olurlar. İşdən azad edərkən ona bildirilir ki, guya o, digər sahə nəzarətçilərindən az xidmət haqqı toplayır. Qeyd etdiyi kimi xidmət haqqının yığılması ilə o və digər 4 nəfər məşğul olur. Onlardan 2 nəfəri sosial işçilər olduğuna görə adlarına xidmət haqqı yığımı ilə bağlı qeydiyyat aparılmır, həmin şəxslərin yığdıqları xidmət haqqı digər 2 nəfər sahə nəzarətçilərinin və müdirin adına yazılmışdır. Bü cür bölgüyə səbəb isə müdiriyyətin dəfələrlə ona sosial işçi keçməsi təklifi, onun isə razılaşmaması olmuşdur. O, üzərinə götürdüyü vəzifəni həmişə yerinə yetirmişdir. Onu da bildirir ki, işdən çıxarılması ilə bağlı müdiriyyətin həmkarlar təşkilatına göndərdiyi təqdimata onun iştirakı olmadan baxılmış, onunla bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin təqdim etdiyi protokoldan ona məlum olur ki, həmkarlar təşkilatı iclas keçirmişdir. Əgər məlumatı olsayıdı o da hüquqlarını müdafiə etmək üçün həmin iclasda iştirak edərdi. Hesab edir ki, onunla bağlanmış əmək müaviləsinin ləğv edilməsi barədə müdiriyyətin 20 avqust 2021-ci il tarxli 70 №-li əmri qanunsuzdur. Ona görə də həmin əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan əlavə işlədiyi illərdə əmək haqqı tam ödənilməmiş, 19 fevral 2015-ci ildən 06 iyul 2021-ci ilə kimi müdiriyyət tərəfindən 2361,87 manat əmək haqqı ödənilməmişdir. İddianın həmin hissədə də təmin olunmasını, ödənilməmiş 2361,87 manat əmək haqqının ödənilməsi barədə də qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 10 dekabr 2021-ci il tarixli 2(051)-2102/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmri ləğv olunsun. İddiaçı Löymanova X1 şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi, 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətdə əmək haqqının ödənilməmiş hissəsi olan 2361,87 (iki min üç yüz altmış bir manat səksən yeddi qəpik) manatın cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilməsi, rüsum kimi ödənilmiş 100 manatın cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 02 aprel 2007-ci ildə Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 08 saylı MİS-də tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmişdir. İşdə olan İddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı 01 fevral 2013-cü ildə 9 saylı MİS-də sahə nəzarətçisi işinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi cavabdehin 70 №-li 20 avqust 2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Əmrdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əsaslarından biri onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin əsasın mövcudluğunu iddiaçının mənzillərdən xidmət haqqını az yığması, yığımı təşkil edə bilməməsi ilə izah etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 fevral 2013-cü il tarixli əmək müqaviləsinə əsasən işçinin əmək funksiyası mülkiyyətçilərdən və kirayənişinlərdən xidmət haqqını yığmasıdır. Cavabdeh, iddiaçının əmək funksiyasını, müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsini xidmət haqqını az yığması ilə əsaslandırsa da istər əmək müqaviləsində, istərsə də hər hansı sənədlə iddiaçının (işçinin) hər gündə, həftədə, ayda və sair nə qədər xidmət haqqı yığılmalı olması müəyyən edilmir. Eləcə də iddiaçıya xidmət haqqı yığımı ilə əlaqədar verilən bildirişlərin, xidmət haqqı yığılacaq mənzillərin sayı iş materialları ilə müəyyən edilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi göstərilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozması hesab edilmişdir. Cavabdeh həmin normaya istinad etməsini iddiaçının əmək funksiyasının yerinə yetirmədiyinə görə 19 fevral 2021-ci il və 09 iyul 2021-ci il tarixli əmrlərlə töhmət alması ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya 19 fevral 2021-ci il tarixli 12 №-li əmrlə töhmət verilməsinə əsas onun əmək funksiyasını yerinə yetirməməsi deyil, 17 fevral 2021-ci il tarixdə işə gec gəlməsi olmuşdur. İddiaçı izahatında həmin gün səhhətində yaranmış problemlə əlaqədar 10 dəqiqə işə gec gəldiyini bildirmiş, iş materialları ilə də iddiaçının işə neçə dəqiqə, neçə saat gec gəlməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin iddiaçının hərəkətlərində qeyd edilən maddədə göstərilən hər hansı bir halın olması müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, işəgötürənin (cavabdehin) idarənin Həmkarlar Təşkilatına göndərdiyi təqdimata baxılması zamanı iddiaçı iclasa dəvət olunmamış, ona görə də o, öz hüquqlarını müdafiə etmək üçün təşkilatın iclasında iştirak etmək imkanı olmamışdır. Həmkarlar Təşkilatının sədri məhkəmə iclasında verdiyi izahatında iclasın vaxtı barədə İddiaçı məlumat verildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Təqdimata əsaslandırmış sənədlər əlavə edilməmiş, həmkarlar təşkilatında tam araşdırma aparılmadan dərhal iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “ə” bəndi ilə ləğv olunmasına razılıq vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddia əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində təmin olunmalı, Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 70 №-li 20 avqust 2021-ci il tarixli əmri ləğv edilməli, iddiaçı Löymanova X1 şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. İddiaçı tələbində, həmçinin, xx.xx.2015-ci ildən əmək haqqısı ödənilmədiyini, ödənilməyən 2391,87 manat məbləğində əmək haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı həmin hissədə etiraf etdiyini, cavabdehin ödənilməmiş əmək haqqını ödəməkdən imtina etmədiyini, ödənilməmiş əmək haqqını ödəyəcəyini bildirmişdir. Cavabdeh tərəf əmək haqqı borcunun yaranmasını isə işçilərin şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş idarənin ştat cədvəlində büdcədənkənar maliyyələşməyə salınması, büdcədənkənar maliyyələşən MİS işçilərinin ştat cədvəlində nəzərdə tutulan əmək haqlarının ödənilməsi üçün idarənin gəlir və xərclər smetasında maliyyə vəsaitinin nəzərdə tutulmaması, MİS işçilərinin əhalidən xidmət haqqı yığımını zəif təşkil etməsi ilə əlaqədar olduğunu bildirmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişə əsasən X2 xx.xx.2007-ci ildə müddətsiz, vaxtamuzd Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə işə qəbul edilmiş, əvvəlki əmək haqqı 195 manat, dəyişikliklə əmək haqqı 271 manatdır. İşdə olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 26 №li xx.xx.2021-ci il tarixli əmrinə əsasən idarənin 2021-ci il üçün təsdiqlənmiş ştat cədvəlinə əsasən büdcədən kənar vəsait hesabına maliyyələşən işçilərin xx.xx.2021-ci il tarixdən əməyin ödənişinin işəmuzd sisteminə keçirilməsi əmr edilmişdir. Lakin işçilərin, eləcə də iddiaçının həmin əmrlə tanış olması, yeni əmək şəraitinə razılıq vermələri iş materialları ilə müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, iddiaçıya əmək haqqının işəmuzd hesablanması qanunsuzdur ki, bunun nəticəsində iddiaçıya əvvəlki illər üçün əmək haqqı müavilədə göstərilən əmək haqqı ilə hesablanmamış və ödənilməyən əmək haqqı qalmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia əvvəlki illər üçün ödənilməmiş 2361,87 manat əmək haqqının ödənilməsi hissəsində də təmin olunmalıdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14, 56, 57.1, 68, 71, 72, 80, 156, 294, 297-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi iddiaçıya, sabiq idarə rəisinin 17 fevral 2021-ci il tarixli 12 saylı əmri ilə, üzürsüz səbəbdən işə gecikdiyinə görə, əsaslı olaraq töhmət elan edilmişdir. Verilmiş intizam tənbehindən nəticə çıxarmayan iddiaçı əmək funksiyasının yerinə yetirməsinə də səhlənkar yanaşmağa başlamış, yəni xidmət ərazisində yaşayışçılardan xidmət haqqlarının yığılmasını lazımi səviyyədə təşkil və təmin etməmişdir. Nəticədə, 2021-ci ilin aprel ayında 286 manat və may ayında 35 manat xidmət haqqı yığımını təmin edən iddiaçı, bu göstəriciləri iyun ayında 17 manata salmışdır. İdarənin hazırki rəhbərliyi idarənin maliyyə vəziyyətini ciddi pisləşdirən halları aradan qaldırmaq, yaşayışçılardan xidmət haqqı yığımını gücləndirmək məqsədi ilə xidmət haqqı yığımının təşkili funksiyasını tam yerinə yetirməyən bir qrup Mİ rəislərinə və işçilərinə, o cümlədən iddiaçıya 09 iyul 2021-ci il tarixli 55 №-li əmri il intizam tənbehi töhmət elan etmişdir. İddiaçıya töhmət veriləndən sonra 1 ay keçməsinə baxmayaraq o, heç bir formada şikayət etməmişdir. İddiaçıya 6 ay ərzində 2-ci töhmət verilməsinə baxmayaraq o, əmək funksiyasını yerinə yetirməklə bağlı fəaliyyətini gücləndirməmiş, nəticədə xidmət haqqı yığımı 2021-ci ilin iyul ayında 202 manata, avqust ayının 18-dək isə 73 manata endirmişdir. Yaranmış vəziyyətdə müdriyyətin iddiaçı barədə daha ciddi intizam tənbehi tətbiq etməkdən başqa digər seçimi qalmamışdır. Yuxarıda qeyd edilənlərlə əlaqədar iddiaçı öz əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, eyni zamanda 6 ay ərzində ona ikinci töhmət verildiyinə görə onun tərəfindən ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 20 avqust 2021-ci il tarixli 70 №-li əmr verilmişdir. Birinci instansiya məhkəməsinin adıgedən qətnaməsinin mahiyyətindən də göründüyü kimi bu işə baxılarkən və qətnamə qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmənin adı gedən qətnaməsinin 6-cı səhifəsinin 3-cü abzasında yazılır; “İş materialları ilə müəyyən edildi ki, iddiaçıya 19 fevral 2021-ci il tarixli 12 №-li əmrlə töhmət verilməsinə əsas onun əmək funksiyasını yerinə yetirməməsi deyil, 17 fevral 2021-ci il tarixdə işə gec gəlməsi olmuşdur, İddiaçı həmin gün səhhətində yaranmış problemlə əlaqədar 10 dəqiqə işə gec gəldiyini bildirmiş, iş materialları ilə də iddiaçının işə neçə dəqiqə və neçə saat gec gəlməsi müəyyən edilmir”. Hesab edir ki, yazılanlar aşağıda qeyd edilənlərə əsasən əsassızdır: Birincisi, ona görə ki, iddiaçı birbaşa rəisinə işə gecikməsinin səhhəti ilə bağlı olduğunu təsdiqləyən heç bir sübut (təcili yardıma müraciət və s.) təqdim etməmişdir. Bir də ki, məhkəmə nəzərə almalı idi ki, iddiaçının birbaşa rəisi məlumatında iddiaçının mütəmadi olaraq işə gecikdiyini də qeyd edir. İkincisi, məhkəmə nəzərə almır ki, iddiaçı özü işə gecikməsini təsdiq edir, bununla bağlı üzr istəyir və müvafiq yazılı izahat verir. Onun birbaşa rəisi isə məlumatında İddiaçı müntəzəm olaraq işə gecikmələrə yol verdiyi barədə məlumat verir. Bütün bunlarla məhkəmə niyə razılaşmır, sual doğurur? Həmin qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə istinad edilir və 5-ci abzasında qeyd edilir ki, əmək funksiyasını lazımınca yerinə yetirməyən işçi İddiaçı tərəfindən yaşayışçılardan xidmət haqqlarının müntəzəm olaraq az yığılması işəgötürən idarənin mənafelərinə ziyan vurmur. İddiaçı ilə bağlanmış əmək müqaviləsindən c bəndindən göründüyü kimi İddiaçı əsas əmək funksiyası xidməti ərazisini yaşayışçılardan xidmət haqlarının yığımını təşkil və təmin etməkdir. İdarənin 2020-ci ilin ştat cədvəlinə əsasən əmək haqqları büdcədən kənar maliyyələşmədə olan Mİ işçilərinin əmək haqlarının maliyyə mənbəyi yığılmış xidmət haqlarında formalaşır. Əgər işçi bu funksiyasını tam yerinə yetirmirsə deməli idarə Mİ işçilərinin (o cümlədən iddiaçının da) əmək haqqlarını ödəyə bilmir, vergi və sosial sığorta öhdəliklərini yerinə yetirə bilmir və s. xərcləri qarşılaya bilmir. Yəni, qeyd edilən hallar idarənin mənafeyinə vurulan ziyan kimi müəyyən edilməli deyilmi? Məhkəmə qətnamənin 6-cı səhifəsinin 8-ci abzasında yazır: “Lakin məhkəmə iclasında müəyyən edildi ki, işəgötürənin (cavabdehin) idarənin Həmkarlar Təşkilatına göndərdiyi təqdimata baxılması zamanı iddiaçı iclasa dəvət edilməmiş ona görə də o, öz hüquqlarını müdafiə etmək üçün təşkilatın iclasında iştirak etmək imkanı olmamışdır.” Bu yazılanlar tamamilə həqiqətə uyğun deyildir, çünki iddiaçı HİK-nin sədrinin dəvətini iddiaçının işlədiyi 9 №-li MİS-in rəisi olan Əhməd Məmmədov şəxsən iş yerində ona çatdırmışdır. İş yerində İddiaçı rəisi Ə.Məmmədova HİK-nin iclasında iştirak etməkdən imtina etdiyini bildirmiş, bu müvafiq qaydada aktlaşdırılmışdır. Bu halla bağlı məhkəmə prosesi Ə.Məmmədovun dinlənilməsini təklif etməklərinə baxmayaraq o, dindirilmədi, Belə olan halda İddiaçı HİK-nin iclasında iştirakdan imtina etməsini məhkəmə niyə fakt olaraq qəbul etmir? Məhkəmə əsassız olaraq HİK-nin iclasının qərarını şübhə altına alır. Məhkəmə qətnamənin həmin abzasında yazır: “...Təqdimata əsaslandırılmış sənədlər əlavə edilməmiş, həmkarlar təşkilatında tam araşdırılma aparılmadan dərhal iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ... ləğv olunmasına razılıq verilmişdir". Hesab edir ki, məhkəmənin bu qərarı da tam əsassızdır və bu hallar məhkəmədə sübuta yetirilməmiş qalmışdır. Əksinə, təqdimata lazımi sənədlər əlavə olunmuş, HİK-nin iclasında araşdırma tam başa çatdıqdan sonra təqdimata razılıq verilmişdir. Məhkəmə adıgedən qətnaməsinin 7-ci səhifəsinin 7-9-cu abzaslarında, əsassız olaraq, iddiaya aidiyyatı olmayan əmri araşdırma obyektinə çevirir. Əslində idarənin büdcədənkənar maliyyələşmədə olan MİS nəzarətçiləri işəmuzd sistemə keçməyə razılıq vermədikləri səbəbindən idarənin xx.xx.2021-ci il tarixli 26 saylı əmri bu günədək icra edilməmiş qalmışdır. İdarənin MİS-də fəaliyyət göstərən və əsas funksiyaları, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 40 saylı qərarına müvafiq idarənin xidmət göstərdiyi binaların yaşayışçılarından xidmət haqqlarının yığılmasının təşkil və təmin edilməsi olan işçilərin (nəzarətçilərin), o cümlədən İddiaçı, öz funksiyalarını lazımınca yerinə yetirməmələri səbəbindən maliyyə vəziyyəti pisləşmiş, bu səbəbdən idarənin həmin işçilərə xeyli əmək haqqı borcu ödənilməmiş qalmış, nəticədə idarə vergi və əmək müfəttişliyi orqanlarının sanksiyalarına məruz qalmışdır. İdarənin üzləşdiyi bütün maliyyə problemlərinə baxmayaraq idarə rəhbərliyi işçilərə olan əmək haqqı borclarının ödənilməsi məqsədilə lazımi tədbirlər görməkdə davam edir. Odur ki, İdarə məhkəmə qətnaməsində qeyd edilən, idarənin iddiaçıya 2361.87 manat əmək haqqı borcunun olmasını, 1-ci instansiya məhkəmə proseslərində də qeyd etdiyi kimi etiraf edir və həmin borcun maliyyə imkanları olduqca birinci növbədə ödəniləcəyini təmin edəcəkdir. Onu da Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, xx.xx.2021-ci il tarixdə idarə iddiaçıya, xx.xx.2021-ci il tarixə olan cəmi 2634,64 manat məbləğində olan əmək haqqı borcundan (bu məbləğ iddia ərizəsində 2391,87 manat, qətnamədə isə 2361,87 manat kimi göstərilir) iddiaçının kart hesabına 477,02 manat ödəmişdir. Odur ki, xx.xx.2022-ci il tarixə idarənin iddiaçıya olan əmək haqqı borcu 2157,62 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq onlar məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin 10 dekabr 2021-ci il tarixli 2(051)-2102/2021 saylı qətnaməsinin İddiaçı iddiasının işə bərpa, əmrin ləğv edilməsi barədə və həmin qətnamənin idarənin iddiaçıya olan 2361,87 manat əmək haqqı borcunun iddiaçıya ödənilməsinin təmin edilməsi hissəsində isə 2361,87 manat əvəzinə 2157,62 manat yazılmaqla yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(051)-2102/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən: Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a)əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b)əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c)əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d)dövlət sirrini, habelə İşəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e)iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f)əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Əmək Məcəlləsi 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin İ hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. (İİ hissə). İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinin tələbinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci bəndində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Həmin Məcəllənin 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin 10 dekabr 2021-ci il tarixli 2(051)-2102/2021 saylı qətnaməsinin İddiaçı iddiasının işə bərpa, əmrin ləğv edilməsi hissəsində və həmin qətnamənin idarənin iddiaçıya olan 2361,87 manat əmək haqqı borcunun iddiaçıya ödənilməsinin təmin edilməsi hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin 10 dekabr 2021-ci il tarixli 2(051)-2102/2021 saylı qətnaməsinin İddiaçı iddiasının işə bərpa, əmrin ləğv edilməsi barədə və həmin qətnamənin idarənin iddiaçıya olan 2361,87 manat əmək haqqı borcunun iddiaçıya ödənilməsinin təmin edilməsi hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə, yəni Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı yuxarıda qeyd edilən hissədə düzgün olmayaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 02 aprel 2007-ci ildə Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 08 saylı MİS-də tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı 01 fevral 2013-cü ildə 9 saylı MİS-də sahə nəzarətçisi işinə qəbul edilmişdir. İdarə rəisinin 17 fevral 2021-ci il tarixli 12 saylı əmri ilə, üzürsüz səbəbdən işə gecikdiyinə görə töhmət elan edilmişdir. Verilmiş intizam tənbehindən nəticə çıxarmayan iddiaçı əmək funksiyasının yerinə yetirməsinə də səhlənkar yanaşmağa başlamış, yəni xidmət ərazisində yaşayışçılardan xidmət haqqlarının yığılmasını lazımi səviyyədə təşkil və təmin etməmişdir. Nəticədə iddiaçıya 09 iyul 2021ci il tarixli 55 №-li əmri il intizam tənbehi töhmət elan etmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsi cavabdehin 70 №-li 20 avqust 2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsasdır. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, idarənin hazırki rəhbərliyi idarənin maliyyə vəziyyətini ciddi pisləşdirən halları aradan qaldırmaq, yaşayışçılardan xidmət haqqı yığımını gücləndirmək məqsədi ilə xidmət haqqı yığımının təşkili funksiyasını tam yerinə yetirməyən bir qrup Mİ rəislərinə və işçilərinə, o cümlədən iddiaçıya 09 iyul 2021-ci il tarixli 55 №-li əmri il intizam tənbehi töhmət elan etmişdir. İddiaçıya töhmət veriləndən sonra 1 ay keçməsinə baxmayaraq o, heç bir formada şikayət etməmişdir. İddiaçıya 6 ay ərzində 2-ci töhmət verilməsinə baxmayaraq o, əmək funksiyasını yerinə yetirməklə bağlı fəaliyyətini gücləndirməmiş, nəticədə xidmət haqqı yığımı 2021-ci ilin iyul ayında 202 manata, avqust ayının 18-dək isə 73 manata endirmişdir. Yaranmış vəziyyətdə müdriyyətin iddiaçı barədə daha ciddi intizam tənbehi tətbiq etməkdən başqa digər seçimi qalmamışdır. Kollegiya apellyatorun yuxarıda qeyd edilmiş apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, iş materiallarında olan Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və abadlaşdırma İdarəsinin 9 saylı MİS-in rəisi Ə.Məmmədovun xx.xx.2021-ci il tarixli məlumatında göstərilir ki, 9 saylı MİS-in sahə nəzarətçisi İddiaçı xx.xx.2021-ci il tarixdə səhər işə gecikmişdir. İddiaçı izahatında göstərilir ki, xx.xx.2021-ci ildə təzyiqi yüksəldiyi üçün səhər işə gec gəlmişdir, xahiş edir ki, üzürlü hesab edilsin. İş materiallarında olan Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 55 №-li xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, idarənin 7 nəfər işçisinə, o cümlədən İddiaçı əmək funksiyasının yerinə yetirmədiklərinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət elan edilmişdir. İş materiallarında olan “Vəzifə təlimatı” barədə məlumatdan görünür ki, nəzarətçi mənzillərdə yaşayışçıların qeydiyyatını aparır. Mənzilin dövlət mənzil fonduna aid olması və özəl olması barədə qeydiyyat aparırlar. Bu formada isə mənzillərdə yaşayanların ailə üzvlərinin tərkibi, yazılır. Seçkiyə hazırlıq dövründə məntəqə seçki komissiyasının üzvləri ilə birlikdə seçicilərin siyahılarını aparırlar. Əhalinin siyahıya alınması zamanı şəhər statistika idarəsi ilə birlikdə siyahı hazırlayır. Mülkiyyətçilərdən və kirayəşinlərdən xidmət haqqının ödənilməsi üçün bildirişlərin paylanmasını təşkil edir və poçt şöbələrinə keçirilməsinə nəzarət edirlər. İş materiallarında olan Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-nin rəisi tərəfindən verilmiş arayışlardan görünür ki, aprel ayı üçün yığılmış 1130,40 manat vəsaitdən 530 manatı Əhməd Məmmədov, 313,60 manatı Elza Səfərova, 286,80 manatı İddiaçı tərəfindən, may ayı üçün yığılmış 1062,80 manat vəsaitdən 707.80 manatı Elza Səfərova, 355 manatı İddiaçı tərəfindən, iyun ayı üçün yığılmış 1004,40 manat vəsaitdən 481,40 manatı Əhməd Məmmədov, 350 manatı Elza Səfərova, 173 manatı İddiaçı tərəfindən, tərəfindən, iyul ayı üçün yığılmış 1004,60 manat vəsaitdən 452,60 manatı Əhməd Məmmədov, 350 manatı Elza Səfərova, 202 manatı İddiaçı tərəfindən, avqust ayı üçün yığılmış 933,70 manat vəsaitdən 550,40 manatı Əhməd Məmmədov, 310,70 manatı Elza Səfərova, 73 manatı İddiaçı tərəfindən yığılmışdır. İş materiallarında olan 9 saylı MİS-in rəisi X3 xx.xx.2001-ci il tarixli məlumatına əsasən sahə nəzarətçisi İddiaçı may-iyun ayında işi təşkil edə bilmədiyi, yığımı təşkil etmədiyi üçün haqqında tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin idarənin Həmkarlar Təşkilatının sədrinə ünvanlandığı 344 №-li 19 avqust 2021-ci il tarixli məktubundan görünür ki, 9 saylı MİS-in nəzarətçisi İddiaçı əmək intizamını pozduğuna görə xx.xx.2021-ci il tarixli əmrlə, xx.xx.2021-ci il tarixli 12 №-li əmrlə töhmət elan edilmişdir. Bununla əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən xitam verilməsinə münasibət bildirilməsi qeyd edilmişdir. Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Həmkarlar Təşkilatının 04 №-li 20 avqust 2021-ci il tarixli protokolundan görünür ki, işəgötürənə 9 saylı MİS-in nəzarətçisi İddiaçı əmək və icra intizamının pozulduğuna, 2021-ci ilin altı ayı ərzində ona iki dəfə töhmət verildiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “ə” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçıya 2021-ci ilin 6 ayı ərzində 2 dəfə töhmət verilməsinə baxmayaraq o, həmin intizam tənbehlərini mübahisələndirməmiş heç bir şikayət verməmiş, intizam tənbehi ilə razılaşmışdır. Həmçinin töhmət verilməsinə səbəb olan halların aradan qaldırılması üçün iddiaçı tərəfindən hər hansı bir tədbir görülməmişdir. Belə ki, yuxarıda qeyd edilmiş aylıq pul vəsaitlərinin yığılmasına dair arayışlardan da göründüyü kimi, iddiaçı digər əməkdaşlara nisbətdə qat-qat aşağı məbləğdə pul yığmışdır. Bu isə onun işə olan qeyri-ciddi münasibətindən irəli gəlmişdir. Çünki bununla bağlı ona dəfələrlə xəbərlıqlar edilmiş və hətta töhmət verilmişdir. Lakin iddiaçı barədə görülmüş tədbirlər heç bir nəticə verməmişdir. Yəni iddiaçı əmək qanunvericiliyi üzrə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmişdir. Apellyator apellyasiya şikayətinin digər dəlillərində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mahiyyətindən də göründüyü kimi bu işə baxılarkən və qətnamə qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmənin adı gedən qətnaməsinin 6-cı səhifəsinin 3-cü abzasında yazılır; “İş materialları ilə müəyyən edildi ki, iddiaçıya 19 fevral 2021-ci il tarixli 12 №-li əmrlə töhmət verilməsinə əsas onun əmək funksiyasını yerinə yetirməməsi deyil, 17 fevral 2021-ci il tarixdə işə gec gəlməsi olmuşdur. İddiaçı həmin gün səhhətində yaranmış problemlə əlaqədar 10 dəqiqə işə gec gəldiyini bildirmiş, iş materialları ilə də iddiaçının işə neçə dəqiqə və neçə saat gec gəlməsi müəyyən edilmir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşır. Belə ki, iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı işə gec gəlməsi ilə bağlı izahat yazaraq səbəbini izah etsə də, buna dair, yəni səhhətində yaranmış problemlə əlaqəli olduğunu və problemin nə olduğunu göstərəcək hər hansı sənədi təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin digər dəlillərində qeyd edilir ki, qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə istinad edilir və 5-ci abzasında qeyd edilir ki, əmək funksiyasını lazımınca yerinə yetirməyən işçi İddiaçı tərəfindən yaşayışçılardan xidmət haqqlarının müntəzəm olaraq az yığılması işəgötürən idarənin mənafelərinə ziyan vurmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsindən c bəndindən göründüyü kimi İddiaçı əsas əmək funksiyası xidməti ərazisini yaşayışçılardan xidmət haqlarının yığımını təşkil və təmin etməkdir. İdarənin 2020-ci ilin ştat cədvəlinə əsasən əmək haqqları büdcədən kənar maliyyələşmədə olan Mİ işçilərinin əmək haqlarının maliyyə mənbəyi yığılmış xidmət haqlarında formalaşır. Əgər işçi bu funksiyasını tam yerinə yetirmirsə deməli idarə Mİ işçilərinin (o cümlədən iddiaçının da) əmək haqqlarını ödəyə bilmir, vergi və sosial sığorta öhdəliklərini yerinə yetirə bilmir və s. xərcləri qarşılaya bilmir. Apellyasiya şikayətinin digər dəlilində qeyd edilmişdir ki, “Lakin məhkəmə iclasında müəyyən edildi ki, işəgötürənin (cavabdehin) idarənin Həmkarlar Təşkilatına göndərdiyi təqdimata baxılması zamanı iddiaçı iclasa dəvət edilməmiş ona görə də o, öz hüquqlarını müdafiə etmək üçün təşkilatın iclasında iştirak etmək imkanı olmamışdır.” Bu yazılanlar tamamilə həqiqətə uyğun deyildir, çünki iddiaçı HİK-nin sədrinin dəvətini iddiaçının işlədiyi 9 №-li MİS-in rəisi olan Əhməd Məmmədov şəxsən iş yerində ona çatdırmışdır. İş yerində İddiaçı rəisi Ə.Məmmədova HİK-nın iclasında iştirak etməkdən imtina etdiyini bildirmiş, bu müvafiq qaydada aktlaşdırılmışdır. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə də razılaşır. Belə ki, apellyatorun da qeyd etdiyi kimi iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı HİK-nın iclasına dəvət edilmiş, lakin o, heç bir güzəştli səbəb olmadan iclasda iştirak etməmişdir. Apellyasiya şikayətinin növbəti dəlillərində qeyd edilmişdir ki, idarənin üzləşdiyi bütün maliyyə problemlərinə baxmayaraq idarə rəhbərliyi işçilərə olan əmək haqqı borclarının ödənilməsi məqsədilə lazımi tədbirlər görməkdə davam edir. Odur ki, İdarə məhkəmə qətnaməsində qeyd edilən, idarənin iddiaçıya 2361.87 manat əmək haqqı borcunun olmasını, 1-ci instansiya məhkəmə proseslərində də qeyd etdiyi kimi etiraf edir və həmin borcun maliyyə imkanları olduqca birinci növbədə ödəniləcəyini təmin edəcəkdir. Onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixdə idarə iddiaçıya, xx.xx.2021-ci il tarixə olan cəmi 2634,64 manat məbləğində olan əmək haqqı borcundan (bu məbləğ iddia ərizəsində 2391,87 manat, qətnamədə isə 2361,87 manat kimi göstərilir) iddiaçının kart hesabına 477,02 manat ödəmişdir. Odur ki, xx.xx.2022-ci il tarixə idarənin iddiaçıya olan əmək haqqı borcu 2157,62 manat təşkil edir. Kollegiya yuxarıda qeyd edilmiş dəlillə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin bu dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin 2361,87 manat məbləğində olan əmək haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apelyasiya şikayətində cavabdeh həqiqətən iddiaçıya qeyd edilən məbləğdə əmək haqqı borcunun olduğunu etiraf etmişdir. Əmək haqqı borcunun daha az məbləğdə olmasına dair cavabdeh məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də şikayət bu hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə, yəni Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı mübahisələndirilən düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2021-ci il tаrixli, 2(051)-2102/2021 saylı qətnaməsi qismən yəni, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətdə əmək haqqının ödənilməmiş hissəsində iddianın qiyməti 2361,87 manat olmaqla, MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən az olduğu üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki qətnaməsindən kassasiya şikayəti nəzərdə tutulmadığından, iddiaçı qətnamənin yalnız işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilmiş əmək haqqı hissəsindən kassasiya şikayəti verə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2021-ci il tаrixli, 2(051)-2102/2021 saylı qətnaməsi qismən yəni, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2021-ci il tаrixli, 2(051)- 2102/2021 saylı qətnaməsi qismən yəni, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamənin yalnız işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı hissəsindən iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar