Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-478/2024 08.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmədən imtina) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(051)-2268/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı1 və Cavabdeh1 qardaşdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 458 saylı qərarı ilə onların atası X4 mənzil ayrılmış, xx.xx.1980-cı il tarixdə isə mübahisəli mənzil ŞİH 9659 nömrəli Order əsasında X3 və onun 6 nəfər ailə üzvünün istifadəsinə verilmişdir. X5 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Daha sonra hazırki ünvanı Mingəçevir şəhər Təbriz küçəsi ev 5 mənzil 34 olan həmin mənzil özəlləşdirilmiş, Cavabdeh1 adına 1 fevral 2005-ci il tarixli 01356 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Mingəçevir şəhəri, Təbriz küçəsində 5 saylı evin yaşayış sahəsindən istifadə hüquqları olan 4 otaqlı 34 saylı mənzilə köçürülmələri haqda qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçı, həmçinin digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onlar 2007-ci ilin iyun ayına qədər Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən 5 saylı evin qeydiyyatda olduqları 34 saylı mənzilində cavabdehlərlə birlikdə yaşayıblar. Həmin mənzili atası X4 işlədiyi 5 nömrəli Mexanizasiya İdarəsində 7 nəfər ailə tərkibi ilə mənzil növbəsində durduğuna görə Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 458 nömrəli qərarı ilə verilmiş və mənzilə atası Allahyar Muradovun adına 9659 nömrəli xx.xx.1980-cı il tarixli order yazılmışdır. Orderdə ailə üzvü kimi atası Allahyar Muradov, anası Səmayə Muradova, özü, qardaşı Mürşüd, bacıları Cəmilə və Mətanət, nənəsi Səadət qeyd olunmuşdur. Qardaşı Cavabdeh1 adı isə orderdə qeyd olunmamışdır. Mənzil 4 otaqlıdır, yaşayış sahəsi 59.85 kv.m-dir. Dövlət mənzil fonduna daxil olmuşdur. O, xx.xx.1994-cü il tarixdə hazırki iş üzrə digər iddiaçı Muradova (Abdullayeva) Sevinc Yaşar qızı ilə rəsmi nikah bağlamaqla ailə qurub, həyat yoldaşı İddiaçı2 yaşadığı və qeydiyyatda olduğu, hazırda mübahisələndirilən mənzilə - Təbriz küçəsi ev 5, mənzil 34-ə gəlin köçərək bu mənzildə onlarla birlikdə yaşamış və cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Mənzildə yaşadıqları müddətdə nikahlarından xx.xx.1995-ci il tarixdə qızları Vüsalə və xx.xx.1997-ci il tarixdə oğlanları Vüsal doğulub. 2005-ci ildə hamısı, yəni mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvləri, o cümlədən özü və arvadının yazılı razılığı ilə mənzil özəlləşdirilmiş və X8 İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 396 nömrəli xx.xx.2004-cü il tarixli qərarı ilə qardaşı Cavabdeh1 adına mülkiyyət hüququ əsasında 01356 nömrəli Qeydiyyat vəsiqəsi verilmiş və mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə onun adına qeydə alınaraq 6290 nömrə ilə reyestr kitabına yazılmışdır. Mənzilin iki otağından iddiaçılar və anası, iki otağından isə cavabdehlər istifadə ediblər. Bir müddət cavabdehlərlə mehriban yaşasalar da, Cavabdeh2 yersiz və əsassız söz-söhbətləri üzündən iki ailə arasında müəyyən ziddiyyətlər yaranmağa başlamış, cavabdeh normal yaşamağa imkan verməmişdir. Qərara gəliblər ki, müvəqqəti olaraq kirayəyə çıxsınlar, imkan etsələr ayrı mənzil alsınlar, həm də cavabdehlərlə mehriban münasibətləri bəlkə də bərpə olundu. Odur ki, 2007-ci ilin iyun ayında onlar Mingəçevir şəhəri, D.Əliyeva küçəsindəki 2 saylı evin 39 saylı mənzilinə kirayəyə köçüb 2018-ci ilin iyun ayına kimi bu mənzildə kirayədə yaşayıblar. 2018-ci ilin iyun ayında isə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki 3 saylı evin 22 saylı mənzilinə köçüblər və hazırki vaxtadək həmin mənzildə kirayədə yaşayırlar. Kirayəyə çıxsalar da, mənzil əşyalarının bəziləri, o cümlədən 2 nəfərlik çarpayı, yorğandöşək dəstləri, şifoner, servant, qab-qacaq əşlayaları, lüstur, pal-paltar və s. həmin mənzildədir. Əşyaları olan otağın qapısını kilidləyib çıxmışdılar, kirayədə qalsalar da, mənzillə daima əlaqələri olub, anasına tez-tez baş çəkiblər. Kirayədə olarkən Cavabdeh1 oğlu yaşadıqları mənzilə gələrək bildirib ki, otaqların və mənzilin giriş qapılarını dəyişirlər, otaqlarının açarını versinlər, qapıları dəyişib otağın yeni açarını və mənzilin giriş qapısının açarını gətirib ona təqdim edəcəkdir. O da açarı təqdim edib. Sonradan açarları ondan istədikdə, qardaşı oğlu deyib ki, evdə həmişə adam olur, istədikləri vaxt gələndə qapını açan olacaqdır. Həmin vaxtdan onlar da mənzilin açarı yoxdur. Kirayədə yaşamaqda çətinlik çəkirlər. Kirayə haqqı çox bahadır. Ailədə yeganə qazanc gətirən odur. Aylıq əmək haqqı ilə dolanmaq, gündəlik təlabat xərclərini, kommunal ödənişləri ödəmək çox çətindir, xeyli borcu var. Kirayə haqqından azad olmaq üçün öz mənzillərinə qayıtmaq və orada yaşamaq qərarına gəliblər. Lakin cavabdehlər onlara istifadə hüquqları olduğu mənzilə köçməyə mane olurlar, qapını açmır, mənzilə buraxmayacaqlarını bildirirlər. 2007-ci ilin iyun ayında daimi yaşamaq üçün deyil, müvəqqəti yaşamaq üçün mübahisələndirilən mənzildən kirayə çıxıblar və hal-hazıradək kirayədə yaşayırlar. Kirayədə yaşadıqları mənzil başqasının mülkiyyətindədir. Özlərinin adına hər hansı yaşayış sahəsi yoxdur. O və arvadı İddiaçı2 xx.xx.2004-cü il tarixdə mənzilin özəlləşdirilməsi zamanı mənzildə qeydiyyatda olan və yaşayan və mənzildən istifadə hüququ olan ailə üzvləri kimi mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə dair özəlləşdirilmə müəssisəsinə-X8 İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə yazılı ərizə veriblər və bu qanunauyğun hərəkət mənzildə yaşamaq hüquqlarından imtina etmək demək deyildir. Həmçinin bildirdi ki, müharibə veteranıdır. Həm keçmiş SSRİ tərkibində Əfqanıstan Respublikasında xidmət etmiş, həm də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, müharibə veteranıdır. Prezident təqaüdçüsüdür. Uzun illər AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir ŞŞ-də müfəttiş vəzifəsində işləmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh1 doğma qardaşıdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 458 saylı qərarına ilə onları atası X4 mənzil ayrılmış, xx.xx.1980-cı il tarixdə isə mübahisəli mənzil ŞİH 9659 nömrəli Order əsasında X3 və onun 6 nəfər ailə üzvünün istifadəsinə verilmişdir. X5 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İddiaçı1 və Cavabdeh1 mübahisəli mənzil əldə edildiyi gündən həmin mənzilin tərkib hissəsindən ailə üzvüləri birlikdə istifadə etmişlər. Mübahisəli mənzil İddiaçı1 və digər ailə üzvülərinin yazılı razılığı ilə özəlləşdirilərək xx.xx.2005-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçı1 xx.xx.1994-cü il tarixdə digər İddiaçı2 ilə evlənmiş, onların birgə nikahlarından iki nəfər uşaqları da həmin mənzildə doğulmuşdur. 2007-ci ildə İddiaçı1 ailəsi ilə birlikdə daimi yaşamaq üçün mübahisəli mənzildən çıxmış və hazırkı vaxta qədər ailəsi ilə birlikdə müxtəlif ünvanlarda yaşamışdır. İddiaçı1 iddia qaldırdığı vaxtadək nə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməmiş, nə də mübahisəli mənzilə köçüb yaşamaq barədə məhkəmdə iddia irəli sürməmişdir. Hazırda İddiaçı1 mülkiyyətində yaşayış sahəsi olmasa da, Mingəçevir şəhəri, Günəşli yaşayış massivinin şimal hissəsi ünvanında 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Bununla belə iddiaçılar yaşayış yeri üzrə mübahisəli mənzildə qeydiyyatda qalmışlar. Cavabdeh tərəf isə ailə üzvləri ilə birlikdə hazırda mübahisəli mənzilə sahiblik etməklə bərabər, həm də onun tərkib hissəsindən təyinatına uyğun olaraq istifadə edirlər.
5. Məhkəmə işin müəyyən olunmu hallarına əsasən qeyd edir ki, mübahisəli mənzil order əsasında xx.xx.1980-ci il tarixdə tərəflərin mərhum atası X3 6 nəfər ailə üzvü ilə birlikdə istifadəsinə verilmişdir. İddiaçı1 xx.xx.1994-cü il tarixdə İddiaçı2 ilə evlənmiş və onların bir nikahlarından xx.xx.1995-ci il tarixdə Muradlı (Məmmədova) Vüsalə Elxan qızı və xx.xx.1997-ci il tarixdə İddiaçı3 adlı uşaqları doğulmuşdur. İddiaçı öz ailə üzvüləri ilə birlikdə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmiş və yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Mübahisəli mənzil xx.xx.2005-ci il tarixdə İddiaçı1 Allahyyar oğlunun və digər ailə üzvülərinin razılığı ilə Cavabdeh1 adına Dövlət qeydiyyatına alınmışdır. Ondan sonra da iddiaçı öz ailəsi ilə birlikdə mübahisəli mənzildən istifadə etmişdir. Lakin iddiaçılar daimi yaşamaq üçün 2007-ci ildə mübahisəli mənzildən çıxıb başqa yaşayış sahəsinə köçmüşlər. Hazırda da iddiaçılar Cavabdeh1 məxsus mübahisəli mənzildə deyil, Mingəçevir şəhərində yerləşən başqa yaşayış sahəsində yaşayırlar. Mübahisəli mənzil isə Cavabdeh1 tam mülkiyyətindədir.
6. Göründüyü kimi iddiaçıların daimi yaşamaq üçün 2007-ci ildə başqa yaşayış sahəsinə köçənədək mübahisəli mənzildən istifadə hüquqları yaranmış, lakin sonradan onlar həmin mənzili könüllü olaraq tərk edib, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərindən, onlar mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarını itirmişlər.
7. Belə ki, iddiaçılar mübahisəli mənzilə köçürülmələrinin hüquqi və faktiki əsası kimi hər birinin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmalarına, özlərinə məxsus əşyaların hələ də orada qalmasına istinad etmişlər. Mübahisəli mənzildən çıxıb başqa yaşayış sahəsinə köçmələrini isə Cavabdeh2 ilə pozulmuş münasibətlərinin bərpasına vaxt qazanmaq üçün birdəfəlik deyil, müvəqqəti olaraq mübahisəli mənzili tərk etmələri ilə əlaqələndirmişlər. Məhkəmə iddiaçı tərəfin mübahisəli mənzildə uzun müddətdə, 16 il ərzində yaşamamaqlarının səbəbləri ilə bağlı istinad etdikləri dəlilləri işin həqiqi hallarına uyğun hesab etmir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçıların 2007-ci ildən mübahisəli mənzili tərk etmələri işin materialları ilə sübut olunmuş və işin mübahisə edilməyən halıdır. Bununla belə iddiaçılar Cavabdeh2 ilə münasibətlərin pozulmasının hansı səblərdən baş verməsini, həmçinin tərəflər arasında yaranmış münaqişənin nədən ibarət olmasını, ən başlıcası isə pozulmuş münasibətlərin bərpa edilməsi üçün hansı hərəkətləri etmələrini inandırıcı şəkildə göstərməmişlər. Halbuki, 16 il müddət tərəflər arasında münasibətin bərpa edilməsi kifayət qədər uzun müddətdir. Belə ki, İddiaçılar 2007-ci ildən, yəni təxminən 16 il müddətində cavabdehlərə qarşı mübahisəli mənzillə bağlı hər hansı bir iddia tələbi irəli sürməmiş, mübahisəli yaşayış sahəsindən çıxarılmaları ilə bağlı nə hüquq–mühafizə orqanlarına, nə də məhkəməyə müraciət etməmişlər. Göründüyü kimi cavabdehlər tərəfindən iddiaçıların mübahisəli mənzildə yaşamasına heç bir maneçilik törədilməmiş, lakin iddiaçılar mübahisəli yaşayış sahəsini könüllü olaraq tərk etmişlər. Ondan başqa mübahisəli mənzildə iddiaçılara məxsus əşyaların hal-hazırda qalması ilə bağlı mülahizələri isə işin halları ilə sübut olunmur, iddiaçı tərəf bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bununla belə iddiaçı tərəfin əşyalarının mübahisəli mənzildə qalması və yaxud qalmaması, onların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının saxlanmasına əsas deyildir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıların mübahisəli mənzili daimi olaraq tərk etmələrində məqsədləri özlərinə digər yaşayış sahəsi seçmək, mənzil hüququnu reallaşdırmaq olmuş, çünki onların mübahisəli mənzilə ehtiyacları olmamışdır.
9. Göründüyü kimi iddiaçıların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaları da onların istifadə hüquqlarının yaranması üçün əsas deyildir. Bununla beləı iddiaçılar mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsalar da, uzun müddətdir (2007-ci ildən hazırki vaxtadək) faktiki başqa ünvanlarda olaraq yaşayıblar. Mübahisəli mənzilin idarəçiliyində təxminən 16 ilə yaxındır iştirak etməmişlər. Bununla da iddiaçılar mənzilə köçürülmə tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışlar. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.
10. Məhkəmə, həmçinin İddiaçı1 Cavabdeh1 ilə doğma qardaş olması ilə bağlı aralarında ailə üzvü kimi cavabdehin onu saxlamaq vəzifəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə İddiaçı1 tam fəaliyyət qabiliyyətli şəxs olmaqla AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsində işləyir. İddiaçı əmək qabiliyyətli şəxs olmaqla iş yeri üzrə əmək fəaliyyətini həyata keçirir. İddiaçının hazırki iş üzrə mənzil ehtiyacının ödənilməsi üçün yaxın qohumu olan qardaşının mülkiyyətində olan mənzilə köçmək istəməsi ailə hüququnun tələbləri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi qeyd edilmişdir. Lakin həmin normanın hazırki işə dolayı yolla tətbiq olunması mümkün deyil, çünki hazırda qüvvədə olan Ailə Məcəlləsində yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olan qardaş və bacının digər qardaş və bacını saxlamaq vəzifəsi təsbit olunmamışdır. Odur ki, həmin normanın hazırki iş üzrə tətbiqi istisna edilir.
11. Mingəçevir Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(051)- 2268/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən 5 saylı evin 34 saylı mənzilinə köçürülmələri tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 27 və 152-ci maddələrinə və xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi 53, 54, 60, 87 və 123-cü maddələrinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: nikahın bağlanması haqqında şəhadətnamə doğum haqqında şəhadətnamələr Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışı AR Mingəçevir şəhəri, Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsi 9 saylı Mənzil İstismar Sahəsinin 453 saylı xx.xx.2023-cü il tarixli arayışı AR Milli Arxiv İdarəsi X6 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı Mingəçevir ŞİH 9659 nömrəli xx.xx.1980-ci il tarixli Order AR Dövlət Tikinti İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 01356 nömrəli 6290 nömrəli reyestr kitabına yazılmış qeydiyyat vəsiqəsi AR Mingəçevir şəhəri MTAİ 3 saylı Mənzil İstismar Sahəsinin 208 saylı xx.xx.2023-cü il tarixli arayışı AR Mingəçevir ŞİH MKTİB MT və Aİ-nin 265 saylı xx.xx.2023-cü il tarixli məktubu AR ƏƏSMN X1 Sistemi sosial müavinət və təqaüd haqqında arayışı AR SHXÇDX-nin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli 416 saylı arayışı AR SHXÇDX-nin Mingəçevir ŞŞ-nin 417 saylı xx.xx.2023-cü il tarixli arayışı AR SHXÇDX Mingəçevir ŞŞ-nin 423 saylı xx.xx.2023-cü il tarixli arayışı 9 nömrəli MİS tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akt AR İN yanında ƏMDX DƏDK və RPHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubu
14. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, bir müddət cavabdehlərlə mehriban yaşasalar da Cavabdeh2 yersiz və əsassız söz-söhbətləri üzündən iki ailə arasında müəyyən ziddiyyətlər yaranmağa başlamış, cavabdeh normal yaşamağa imkan verməmişdir. Qərara gəldilər ki, müvəqqəti olaraq kirayəyə çıxsınlar, imkanlaşdıra bilsələr ayrıca mənzil alsınlar, həm də cavabdehlərlə mehriban münasibətləri bəlkə bərpa olunsun. Odur ki, 2007-ci ilin iyun ayında iddiaçılar Mingəçevir şəhəri D.Əliyeva küçəsindəki 2 saylı evin 39 saylı mənzilinə kirayəyə köçüb 2018-ci ilin iyun ayına qədər bu mənzildə kirayədə yaşamışlar. 2018-ci ilin iyun ayında isə Mingəçevir şəhəri İ.Qayıbov küçəsindəki 3 saylı evin 22 saylı mənzilinə köçdülər və hal-hazıradək həmin mənzildə kirayədə yaşayırlar. Kirayəyə çıxsalar da, mənzil əşyalarının bəziləri, o cümlədən 2 nəfərlik çarpayı, yorğan-döşək dəstləri, şifoner, servant, qab-qacaq əşyaları, lüstür, pal-paltar və sair həmin mənzildədir. Əşyaları qalan otağın qapısını isə kilidləyib evdən çıxmışlar. Kirayədə qalsalar da, mənzillə daim əlaqələri olub, anasına tez-tez baş çəkmişlər. Kirayədə olarkən Cavabdeh1 oğlu onların yaşadığı mənzilə gələrək bildirdi ki, otaqların və mənzilin giriş qapılarını dəyişirik, otağınızın açarını ver qapıları dəyişib yeni otaq açarını və mənzilin açarını gətirib təqdim edəcək. O da açarı ona verdi. Sonradan yeni açarları ondan istədikdə dedi ki, əmi, evdə daim adam olur, istədiyiniz vaxt gələndə qapını açan olacaq. Həmin vaxtdan onlarda mənzilin açarı da yoxdur. Hal-hazırda isə kirayədə yaşamaqda çətinlik çəkir, kirayə haqqı çox bahadır, ailədə yeganə qazanc gətirən odur, aylıq əmək haqqı ilə bir aydan o biri aya qədər dolanmaq, gündəlik tələbat xərclərini, kommunal ödənişləri ödəmək çox çətindir, xeyli borcu var. Odur ki, kirayə haqqından uzaqlaşmaq üçün öz mənzilinə qayıtmaq və orada əvvəlki qaydada yaşamaq qərarına gəlmişlər. Lakin, cavabdehlər onlara istifadə hüququ olan mənzilə köçməyə mane olur, qapını açmır, mənzilə buraxmayacaqlarını bildirirlər. Mübahisələndirilən mənzil atası Allahyar Muradovun mənzil növbəliliyi qaydasında ona 7 nəfər ailə üzvü ilə, o cümlədən ailə üzvü kimi İddiaçı1 nəzərə alınmaqla dövlət mənzil fondundan daimi istifadə üçün verilmişdir. Onlar 2007-ci ilin iyun ayında daimi yaşamaq üçün deyil, müvəqqəti yaşamaq üçün mübahisələndirilən mənzildən kirayəyə çıxmış və hal-hazıradək kirayədə yaşayırlar. Kirayədə yaşadığı mənzil başqasının mülkiyyətindədir. İddiaçıların adında hər hansı bir yaşayış sahəsi yoxdur.
16. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(051)-2268/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(051)-2268/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 255.8-ci maddəsinin məzmununa görə, daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 10-cu hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
21. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123– cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarı
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. İddiaçılar Mingəçevir Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(051)- 2268/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. İş materiallarından görünür ki, hazırki ünvanı ünvan 3 mənzilin icarədarı X5 olmuşdur. İddiaçı1 Muradov Allahyarın ailə üzvü olaraq həmin mənzilə istifadə hüququ olmuşdur. Digər iddiaçılar isə İddiaçı1 ailə üzvləri olaraq həmin mənzilə istifadə hüququ əldə etmişlər. 2007-ci ildə İddiaçı1 ailə üzvləri ilə birlikdə həmin mənzili tərk edərək başqa mənzildə yaşamağa köçmüşlər. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı1 və ailə üzvləri mübahisəli mənzilə istifadə hüquqlarını həmin vaxtdan itirmişlər. Apellyatorlar apellyasiya şikayətində mənzildən cavabdehlərlə mübahisələrinə görə çıxdıqlarını, həmçinin çıxdıqdan sonra kirayədə qaldıqlarını, ona görə də mənzilə ehtiyaclarının aradan qalxmadığını iddia etmişlər. Kollegiya qeyd edir ki, həmin hallar mənzilə istifadə hüququnun itirilməsinin qarşısını almır. Ona görə ki, apellyatorlar mənzildən çıxdıqdan sonra 16 il müddətinə həmin mənzilə qayıtmaq üçün hər hansı cəhd etdikləri iş materialları ilə sübut olunmadığından, onlar mənzili daimi əsaslarla tərk etmiş hesab olunurlar. Həmin vaxt ərzində harda yaşadıqları isə bu halı dəyişdirmir. Apellyatorlar həmin mənzillə əlaqələrinin kəsilmədiyini iddia etsələr də, bu halı təsdiq edəcək hər hansı sübut və ya dəlil təqdim etməmişlər. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin dövlət və ictimai mənzil fondu evlərində yaşayiş sahəsindən istifadə adlanın ikinci fəslinin normalarının mənasından aydın şəkildə görünür ki, mənzilə dair icarədara order verilməsi həmin icarədarın və onun ailə üzvlərinin həmin mənzildən daimi və davamlı istifadəsinə əsaslandır. Elə ona görə də, həmin Məcəllənin 60-cı maddəsinə görə nəinki ailə üzvlərinin, hətta icarədarın özünün belə 6 aydan artıq mübahisəli mənzildən getməsi, həmin maddədə göstərilən hallar istisna olmaqla, mənzilə hüquqların itirilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.” Hazırki halda, cavabdeh iddiaçıların onun mülkiyyətində olan mənzildən istifadə hüququna kompensasiya ödəmədən xitam verilməsini tələb etməsə də, əslində onun iddianı qəbul etməməsi iddiaçıların onun mülkiyyətində olan mənzildən istifadəsini arzu etməməsi anlamına gəlir.
27. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçıların mübahisəli mənzilə istifadə hüquqlarının mənzil özəlləşməzdən öncə yarandığını əsas götürməklə, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinə və istifadə hüququnu mənzil özəlləşdikdən sonra itirdiklərini əsas götürməklə həmin vaxt qüvvədə olan Mülki Məcəlləyə istinad etməkdə haqlı olmuşdur. Həmçinin, 2007-ci ildə iddiaçılar mənzilə istifadə hüquqlarını itirərkən İddiaçı3 və İddiaçı4 azyaşlı olduqlarından Mülki Məcəllənin 27.2-ci maddəsinin tələbinə əsasən onların yaşayış yeri valideynlərinin yaşayış yeri olmuşdur. Belə ki, həmin maddəyə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
28. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatəti əsasında məhkəmə kollegiyası İddiaçı1 Mingəçevir şəhəri Günəşli Massivinin şimal hissəsində yerləşən torpaq sahəsində özünə məxsus evi olduğu iddia edildiyinə görə həmin yerə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsində hər hansı ev və ya tikili aşkar edilməmişdir. Torpaq sahəsinin sağ hissəsində qonşuya aid ev və onun hasarı vardır. Arxa hissəsində də başqa bir qonşuya aid hasar mövcuddur. Torpaq sahəsinin qarşı tərəfi və sol hissəsində hasar çəkilməmişdir. Torpaq sahəsinin qabaq hissəsindən və sol tərəfindən yol keçir.
29. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(051)- 2268/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(051)- 2268/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Elçin Mehdiyev