Məhkəmə qərarları › İş №2(107)-480/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-480/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-480/2023 18.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair (Açar sözlər: Torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiаçı İddiaçı, Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-5/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiаçı İddiaçı Cavabdeh və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağdaş rayonu, Korarx kənd ərazisində qanunsuz zəbt etdiyi mülkiyyətində olan 0.80 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci ildə ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********48 olan 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair dövlət çıxarışı ona verilmişdir. Uzun müddətdir ki, onlara məxsus torpaq sahəsinin 0.80 ha hissəsi cavabdeh tərəfindən onların razılığı olmadan zəbt edilməklə istifadə edilmişdir. Həmkəndli olduqları üçün dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh torpağını tərk etməmişdir. Hazırda uzun müddətdir ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt etmişdir və qanunsuz olaraq istifadə edərək qazanc götürür. O isə işsizlikdən əziyyət çəkdiyi üçün ailənin ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Nəticədə o öz torpağını əkib-becərməkdən məhrum olmuşlar və öz torpaqlarından heç bir qazanc götürə bilmirlər. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayət xarakterlidir. Cavabdeh tərəfindən torpaq sahəsini 0.80 ha torpaq sahəsi zəbt olunmaqla mülkiyyətçinin hüquqları kobudcasına pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizədə bildirdi ki, iddia tələbini qəbul etməyərək, mütəxəsis rəyindən etiraz edir ona görə ki, onun verdiyi rəylə ekspertin verdiyi rəyi üst-üstə düşmür. Birincisi mütəxəssis deyir ki, İddiaçı istifadə etdiyi yerin başdan evi 58 m-dir. Lakin yalnışdır. Həmin yerin eni hal-hazırda 65 m-dir. İkincisi mütəxəssis deyir ki, Vasif halhazırda 1.073 ha torpaq sahəsindən istifadə edir və 0.37 ha torpaq sahəsini Əlövsət zəbt edib. Lakin bu da yalnışdır ona görə ki, onda Vasifin yeri 2.10 ha olur. Ancaq 2 ha olmalıdır. Belə olan halda onun torpağının hansı hissədə yerləşdiyini, başqa bir mütəxəsisin gəlib ona məxsus torpaq sahəsini göstərməyini, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Mülki iş üzrə 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən 3-cü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-5/2022 saylı qətnaməsi ilə (N.Əliyev), iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Korarx kəndi ərazisində yerləşən 0.3703 hektar torpaq sahəsindən çıxarılması və torpaq sahəsinın zəbtdən azad edilərək iddiaçıya qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 116.49 manat pulun Cavabdeh alınıb İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN **********) hesabına ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsində mülki işin araşdırlması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2018-ci ildə ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********48 olan 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı həmin 2.0 ha torpaq sahəsinin 0.80 ha hissəsi icazəsi olmadan Cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini qeyd etsə də, iş materiallarında olan mütəxəssis və ekspert rəyinə əsasən, iddiaçının xüsusi mülkiyyətində olan, Ağdaş rayonu Korarx kəndində yerləşən 0.80 ha torpaq sahəsinin 0.3703 ha hissəsi cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Nəticədə cavabdeh iddiaçını öz mülkiyyətlərindən faktiki olaraq məhrum etmişdir, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

10. Məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Korarx kəndi ərazisində yerləşən 0.3703 hektar torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi zəbtdən azad edilərək iddiaçıya qaytarılmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 2-ci və 3-cü hissələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1, 68, 84.1, 111.1-ci, 111.2-ci və 111.3-cü maddələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1,152.1, 152.5-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı”, “Marks Belçikaya qarşı”, “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarlarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 17 saylı Yevlax Layihə- Tədqiqat İdarəsinin mütəxəssisi Silyan Abbasov 02 dekabr 2016-cı ildə torpaq sahələrinə yerində baxış keçirmiş, konturun istinad nöqtələrini (koordinantlarını) CPS aparatı ilə dəqiq müəyyən edərək hər bir mülkiyyətçinin torpaq sahəsini fərdi qaydada ölçərək onlara tanıtmış və bu barədə iştirakı ilə akt tərtib olunmuşdur. Mütəxəssis rəyi ilə razılaşmadığını, buna etiraz etdiyini, mütəxəssis və ekspert sahəyə baxış keçirərək müəyyən ölçmə işləri aparılan zaman iddiaçının torpaq sahəsinin 0.14 hektar hissəsinin ərazidən keçən xəndəyin örüş sahəsi istiqamətində yerləşməsi mütəxəsis və ekspert tərəfindən müəyyən edilsə də, bunun rəylərdə öz əksini tapmamasını, ekspert rəyinin məhz həmin mütəxəssis rəyinin eyni olduğunu işə baxan məhkəmənin nəzərinə çatdırsa da və iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, işə baxan məhkəmə işin yuxarıda göstərdiyi həqiqi hallarını nəzərə almamış, iş üzrə təkrar ekspertiza təyin edilməsi əvəzinə həmin rəylərə əsaslanaraq qanunsuz, əsassız və eləcə də ədalətsiz hesab etdiyi qətnaməsini qəbul etməklə onların mülkiyyətçi kimi Konstitusiya və digər qanunvericilik aktları ilə qorunan hüquqlarını və göstərdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

14. Ağdaş rayonu Korarx kəndi ərazisində yerləşən 1.6834 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı,0932411 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onların cavabdehlərin xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsi bir neçə il bundan əvvəl müraciəti əsasında DƏDRXRPHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsinin hazırki iş üzrə mütəxəssis rəyi verilən mütəxəssis tərəfindən yerində döngə nöqtələrinin koordinatları müəyyən edilməklə naturada ona tanıdılmışdır. Qeyd edilən torpaq sahəsi onun xüsusi mülkiyyətində olduğundan mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunmalıdır. İddiaçının ona qarşı heç bir subyektiv hüququ olmayan iddia tələbi qismən təmin edilməklə onun xüsusi mülkiyyətçi kimi həmin əmlak üzərində istifadə, sahiblik və sərəncan vermək hüquqlarını məhdudlaşdırmışdır. Göründüyü kimi işə baxan məhkəmə iddia tələbini qismən təmin edərkən qeyd edilən maddi hüquq normasını ona münasibətdə düzgün tətbiq etməmişdir.

15. İşə baxan məhkəmə 1.6834 hektar torpaq sahəsinin mülkiyyətçisi olmağını, iddiaçının icarə götürdüyü torpaq sahəsinin 0.14 hektar hissəsinin ərazidən keçən xəndəyin alt hissəsində yerləşməsini, xəndəyə qədər torpağının uzunluğunun 220 metr, eninin isə 64 metr olmasını nəzərə almamış, yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbinin qismən təmin etmək qənaətinə gələrkən qeyd edilən maddi hüquq normasına istinad etsə də, yalnız iddiaçının maraqlarını müdafiə etmiş, onun isə hüquqlarını pozmaqla Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin tələbini pozmuşdur.

16. 1.6834 hektar torpaq sahəsinin xüsusi mülkiyyətində olmasını, həmin torpaq sahəsi həm adına qeydiyyata alınan zaman, həm də sonradan müraciəti əsasında təkrarən yerində döngə nöqtələrinin koordinatlarının naturada müəyyən edilərək ona, eləcə də iş üzrə iddiaçıya tanıdılması barədə tərtib edilmiş aktı mötəbər sübut kimi məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə qətnaməsində həmin sübutları tədqiq etsə də, həmin sübutlara istinad və istifadə etməmişdir.

17. Cavabdehin icarəyə götürdüyü torpaq sahəsinin müəyyən hissəsinin xüsusi mülkiyyətində vəistifadəsində olan 1.6834 hektar torpaq sahəsinə heç bir aidiyyati olmamasını təsdiq edən torpaq sahəsinin plan və ölçüsünü və sonradan cavabdehlə aralarında yaranmış mübahisənin həlli məqsədi ilə müraciəti əsasında yerinin ölçülüb ona tanıdılması barədə mötəbər sübutlarını məhkəməyə təqdim etsə də işə baxan məhkəmə həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, təqdim etdiyi aktla ziddiyyət təşkil edən mütəxəssis və ekspert rəyinə yuxarıda qeyd etdiyi hüquq normalarına uyğun qiymət verməmişdir.

18. Cavabdeh tərəf iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspertin rəyi ilə ekspert rəyinin mütəxəssis rəyi ilə eyni olmasını, mütəxəssis və ekspert rəyinin işə əlavə olunmuş eyni mütəxəssisin də iştirakı ilə torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi barədə aktla ziddiyyət təşkil etməsini, ekspert rəyinin kifayət qədər aydın və tam olmadığını işə baxmış birinci instansiya məhkəməsinin nəzərinə çatdırsa da və ekspertin rəyi ilə razılaşmadını bildirsə də, işə baxan məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməmiş, buna münasibətini bildirilməmişdir.

19. İşə baxan Ağdaş rayon Məhkəməsi qətnaməsini iddiaçı məhkəməyə müraciət edənədək tərəflər arasında yaranmış mübahisəyə baxılmasını, cavabdeh tərəfin müraciəti əsasında hazırki iş üzrə rəy vermiş, mütəxəssis tərəfindən torpaq sahələrinə yerində baxış keçirilməsi, müəyyən çöl ölçmə işlərinin aparılması, torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının dəqiq müəyyən edilərək tərəflərə tanıdılması barədə aktın olması, iş üzrə təyin edilmiş ekspertiza üzrə çox səthi ekspertizanın aparılmasını, ekspert rəyinin mütəxəssis rəyinə əsaslanmasını nəzərə almamış, mütəxəsis və ekspert rəyləri ilə qeyd edilən aktın bir-biri ilə ziddiyyət təşkil etdiyindən ekspert rəyi kifayət qədər aydın və tam olmadığına görə və çox səthi keçirildiyindən iş üzrə əlavə ekspertiza təyin etməmiş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, iddiaçının iddia ərizəsində tələb etdiyi torpaq sahəsinin bir hissəsinin ərazidən keçən xəndəyin alt hissəsində yerləşməsinin işin faktiki halları olduğuna görə qətnaməsini həmin hallara uyğun əsaslandırmalı olduğu halda, bunu etməmiş, nəticədə düzgün olmayan qənaətə gəlmişdir.

20. İşə baxan Ağdaş Rayon Məhkəməsi iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin ərazidən keçən hissəsinin uzunluğunun 200 metr, evinin isə 65 metr olmaqla 1.30 hektar, xəndəyin alt hissəsinin də ona verilən torpaq sahəsinə aid olmasını, həmin torpaq sahəsinin ölçüləri uzunluğu 20 metr, eni isə 70 metr omaqla 0.14 hektar olmasını nəzərə almamış, ona məxsus 0.37 hektar torpaq sahəsinin hazırda onun istifadəsində olmasının ətraflı əsaslandırmamış, bununla da səhv nəticəyə gəlmiş, nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz hesab etdiyi qətnaməsini qəbul etmişdir.

21. İşə baxmış Ağdaş Rayon Məhkəməsi qətnaməsində işə əlavə olunmuş sənədləri tədqiq etsə də, onun iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin 0.37 hektar hissəsini zəbt etməyi hansı əsaslarla sübutedilməsini əsaslandırmamışdır. Yalnız mütəxəssis və ekspert rəylərinə əsaslanaraq həmin torpaq sahəsini zəbt etməyi kimi qiymətləndirmişdir.

22. İşə baxan Ağdaş Rayon Məhkəməsi onun iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin 0.37 hektar hissəsini zəbt etməyi qənaətinə gəlməsi, iddiaçı ilə aralarında yaranmış mübahisənin məhkəməyə qədər həlli məqsədi ilə əvvəllər müraciəti əsasında hazırki iş üzrə rəy vermiş mütəxəs tərəfindən yerində müassir elektron avadanlıqla ölçülərək döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməsinə dair aktla, bununla da iddiaçının torpaq sahəsinin tərəfindən özbaşına tutulmamasının, onun çatışmayan torpaq sahəsinin ərazidən keçən xəndəyin alt hissəsində yerlşməsinin kifayət qədər sübutlarla təsdiq olunması kimi işin faktiki hallarına uyğun gəlmir.

23. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 19 dekabr 2022-ciil tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

26. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.

27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsi nümayəndəsinin gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

30. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu: 1-ci maddəsinə görə Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdarı müddətli istifadə etməkdir. 21-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər bu Qanunda və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola bilərlər. 22-ci maddəsinə görə icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

33. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

34. Apellyator Ağdaş Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, o birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə mübahisələndirir, yəni Ağdaş Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsinin təmin edilmiş hissədə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

36. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Ağdaş rayon Korarx Bələdiyyəsindən 19 iyul 2018-ci il tarixdən 14 dekabr 2032-ci il tarixinədək olan müddətə icarəyə götürdüyü, Ağdaş rayonu Korarx kəndi ərazisində yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən İddiaçı adına qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı icarəyə götürdüyü həmin 2.0 ha torpaq sahəsinin 0.80 ha hissəsinin icazəsi olmadan Cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini qeyd etsə də, iş materiallarında olan mütəxəssis və ekspert rəyinə əsasən, iddiaçının icarəsində olan, Ağdaş rayonu Korarx kəndində yerləşən torpaq sahəsinin 0.3703 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur.

40. Apellyatorun apelyasiya şikayətində göstərdiyi işə baxan məhkəmənin 1.6834 hektar torpaq sahəsinin mülkiyyətçisi olmağını, iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin ərazidən keçən hissəsinin uzunluğunun 200 metr, evinin isə 65 metr olmaqla 1.30 hektar, iddiaçının icarə götürdüyü torpaq sahəsinin uzunluğu 20 metr, eni isə 70 metr omaqla 0.14 hektar hissəsinin ərazidən keçən xəndəyin alt hissəsində yerləşməsini, xəndəyin alt hissəsinin də ona verilən torpaq sahəsinə aid olmasını, xəndəyə qədər torpağının uzunluğunun 220 metr, eninin isə 64 metr olmasını nəzərə almaması, yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbinin qismən təmin etmək qənaətinə gələrkən qeyd edilən maddi hüquq normasına istinad etsə də, yalnız iddiaçının maraqlarını müdafiə etməsi, onun hüquqlarını, Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin tələbini pozması, mütəxəssis və ekspert sahəyə baxış keçirərək müəyyən ölçmə işləri aparılan zaman iddiaçının torpaq sahəsinin 0.14 hektar hissəsinin ərazidən keçən xəndəyin örüş sahəsi istiqamətində yerləşməsi müəyyən edilsə də, bunun rəylərdə öz əksini tapmaması, Ağdaş Rayon Məhkəməsi qətnaməsində işə əlavə olunmuş sənədləri tədqiq etsə də, onun iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin 0.37 hektar hissəsini zəbt etməyinin, onun istifadəsində olmasının hansı əsaslarla sübut edilməsinin əsaslandırmaması, bununla da səhv nəticəyə gəlməsi, yalnız mütəxəssis və ekspert rəylərinə əsaslanaraq həmin torpaq sahəsini zəbt etməyi kimi qiymətləndirməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir.

41. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instnasiya məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

42. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli 10/6282 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 saylı mütəxəssis rəyinə əsasən İddiaçı verilmiş RX seriyalı, ******* saylı çıxarış elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Korarx bələdiyyəsinin xəritə materialları (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verildiyi müəyyən olundu. RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı faktiki naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları dəqiq ölçməklə müəyyən edildi. Hal-hazırda istifadəsində 1.0735 ha torpaq sahəsi vardır. Mütəxəssis rəyinə əsasən, Ağdaş rayonu Korarx Bələdiyyəsinin xəritə materialları (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edildi. Elektron məlumat bazasında olan xəritə (kompleks yerquruluşu layihəsi) materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə AR Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR-da X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında hazırlanmış “X2 X3 mövcud olan məlumatlara əsasən İddiaçı icarəsinə RX seriyalı, ******* saylı çıxarış verilmiş torpaq sahəsinin 0.3703 ha hissəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən RX seriyalı ******* nömrəli çıxarış ilə iddiaçıların icarəsində olan Ağdaş rayonunun, Korarx kəndində yerləşən 2.0 ha torpaq sahəsi sənəd üzrə göstəriciləri ilə üst-üstə düşmədiyi müəyyən edildi. Torpaq sahəsinin faktiki yerləşmə yeri tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. Ekspertiziya tədqiqatının dəyəri 50 manat təşkil edir.

43. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 oktyabr 2022ci il tarixli 10/6282 saylı ekspert rəyindən də göründüyü kimi ekspertiza tədqiqatı zamanı RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı faktiki naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları dəqiq ölçülməklə müəyyən edilmişdir. Ekspertiza tədqiqatı aparılarkən cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməməsinə dair xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə və ərazinin faktiki yerləşmə yerinə dair tərtib olunmuş yerquruluşu planına da istinad edilmiş, iddiaçının faktiki naturada istifadə etdiyi torpaq sahəsinin ölçülərinin nələrdən ibarət olması dəqiqləşdirilməklə nəzərə alınmış və İddiaçı icarəsinə RX seriyalı, ******* saylı çıxarış verilmiş torpaq sahəsinin 0.3703 ha hissəsinin naturada Cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

45. “X1rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

46. Apellyatorun apelyasiya şikayətində göstərdiyi iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert rəyinin mütəxəssis rəyi ilə eyni olması, mütəxəssis və ekspert rəyinin işə əlavə olunmuş eyni mütəxəssisin də iştirakı ilə torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi barədə aktla ziddiyyət təşkil etməsi, ekspert rəyinin kifayət qədər aydın və tam olmaması, işə baxan məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməməsi, iş üzrə təkrar ekspertiza təyin edilməsi əvəzinə həmin rəylərə əsaslanması, ekspert rəyinin məhz həmin mütəxəssis rəyinin eyni olmasını işə baxan məhkəmənin nəzərinə çatdırsa da və iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, işə baxan məhkəmənin işin yuxarıda göstərdiyi həqiqi hallarını nəzərə almaması, iş üzrə çox səthi ekspertizanın aparılması, cavabdehin icarəyə götürdüyü torpaq sahəsinin müəyyən hissəsinin xüsusi mülkiyyətində və istifadəsində olan 1.6834 hektar torpaq sahəsinə heç bir aidiyyati olmamasını təsdiq edən torpaq sahəsinin plan və ölçüsünü təqdim etməsi, 1.6834 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir neçə il bundan əvvəl müraciəti əsasında DƏDRXRPHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsinin hazırki iş üzrə mütəxəssis rəyi verilən mütəxəssis tərəfindən yerində döngə nöqtələrinin koordinatları müəyyən edilməklə naturada ona və iş üzrə iddiaçıya tanıdılması, mütəxəssisin 02 dekabr 2016-cı ildə torpaq sahələrinə yerində baxış keçirib konturun istinad nöqtələrini (koordinantlarını) CPS aparatı ilə dəqiq müəyyən edərək hər bir mülkiyyətçinin torpaq sahəsini fərdi qaydada ölçərək onlara tanıtması, bu barədə iştirakı ilə akt tərtib edilmiş aktı mötəbər sübut kimi məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə qətnaməsində həmin sübutları tədqiq etsə də, həmin sübutlara istinad və istifadə etməməsinə, iddiaçı ilə aralarında yaranmış mübahisənin məhkəməyə qədər həlli məqsədi ilə əvvəllər müraciəti əsasında hazırki iş üzrə rəy vermiş mütəxəssis tərəfindən yerində müasir elektron avadanlıqla ölçülərək döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməsinə dair aktla, bununla da iddiaçının torpaq sahəsinin tərəfindən özbaşına tutulmamasının, onun çatışmayan torpaq sahəsinin ərazidən keçən xəndəyin alt hissəsində yerlşməsinin kifayət qədər sübutlarla təsdiq olunması kimi işin faktiki hallarına uyğun gəlməməsinə, yerinin ölçülüb ona tanıdılması barədə mötəbər sübutlarını məhkəməyə təqdim etsə də işə baxan məhkəmənin həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaması, təqdim etdiyi aktla ziddiyyət təşkil edən mütəxəssis və ekspert rəyinə hüquq normalarına uyğun qiymət verməməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası həmin dəlilləri də əsassız hesab edir.

47. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin-97.1-ci maddəsinə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

48. Göründüyü kimi qanunverici ekspertizanın təyin edilməsi üçün əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmək vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı və hazırki mərhələdə apellyator iş üzrə əlavə yaxud təkrar ekspertizanın təyin edilməsinə dair hər hansı bir əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etməmişdir. Bundan başqa qanunverici ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmənin üzərinə vəzifə deyil, hüquq qoymuşdur. Bu isə onu deməyə əsas verir ki, məhkəmə ekspertizanın təyin edilməsini işin tam, hərtərəfli və obyektiv baxılması üçün zəruri hesab edərsə öz təşəbbüsü ilə əlavə yaxud təkrar ekspertiza təyin edə bilər, yəni sözügedən maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özünün də şikayətində qeyd etdiyi kimi iddiaya etirazını əsaslandıran hal kimi məhkəməyə təqdim edilmiş akt birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş akt isə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinə 02 dekabr 2016-cı il tarixli aktın lazımi qaydada təsdiq edilmiş nüsxəsinin təqdim edilmədiyi, təqdim edilmiş variantında isə cavabdeh tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsinin zəbti barədə heç bir fikir ifadə edilmədiyi müəyyən edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi aktla cavabdehin mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin döngə nöqtələrinin yerində (naturada) ölçülərək ona tanıdılmasına, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********98 saylı mütəxəssis rəyi ilə iddiaçının icarəsinə qeydiyyata alınmış 2.0 ha torpaq sahəsinin 0.81 hektarının cavabdeh tərəfindən istifadə olunmasının müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi sübut növü olan ekspertiza tədqiqatını əsas götürməkdə haqlı olmuşdur. Ekspert tərəfindn torpaq sahəsinin koordinatlarının dəqiq ölçülməklə müəyyən edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 17 saylı Yevlaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********40 saylı mütəxəssis rəyinə istinad edilməsi ekspertiza tədqiqatının ruhuna zidd olan bir hal olması deyil, əksinə aparılmış iki tədqiqatın eynilik təşkil etməsi məhz ekspert rəyinin mötəbərliliyinə, ekspertizanın səthi aparılmamasına dəlalət edən hal kimi qəbul edilməlidir. Həmçinin məhkəməyə təqdim edilən torpaq sahəsinin plan və ölçüsü sənədi isə özüözlüyündə zəbti müəyyənləşdirən deyil, hüquq sahibinə məxsus əmlakın göstəricilərini müəyyənləşdirən bir sənəddir. İş materialında cavabdeh tərəfindən iş üzrə əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsinə dair vəsatətin verilməsi halı müəyyən edilməməklə, yanaşı əgər belə bir vəsatətə qiymət verilməmişdirsə də buna dair məhkəmə iclas protokollarına qeyd verilməsi halı da müəyyən edilməmişdir. Ekspert rəyinin kifayət qədər aydın və tam olmaması, səthiliyin nədən ibarət olması, ekspert rəyinin əsassızlığına dair fikirlər cavabdeh tərəfindən əsaslandırılmamaqla yanaşı buna dair mötəbər bir dəlil də təqdim edilməmişdir.

50. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbindən də göründüyü kimi məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi məhkəmənin mülkiyyətçi kimi Konstitusiya və digər qanunvericilik aktları ilə qorunan hüquqlarını, maddi və prosessual hüquq normalarının tələblərini pozması, iddiaçının ona qarşı heç bir subyektiv hüququ olmayan iddia tələbi qismən təmin edilməklə onun xüsusi mülkiyyətçi kimi həmin əmlak üzərində istifadə, sahiblik və sərəncan vermək hüquqlarını məhdudlaşdırması, maddi hüquq normasını ona münasibətdə düzgün tətbiq etməməsinə dair dəlilləri də əsaslı hesab edilə bilməz.

52. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin mülkiyyət deyil, cavabdehin hərəkəti nəticəsində iddiaçının torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarının pozulması halı müəyyən edilmişdir. İddiaçının icarə hüququ dövlət qeydiyyatına da alınmaqla onun qanuni istifadəsində olan torpaq sahəsinə dair əmlak hüquqlarının cavabdeh tərəfindən pozulmasının aradan qaldırılmasını tələb etməsi üçün subyektiv hüququ da olmuşdur. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasındakı mübahisə həll edilərkən maddi və prosessual hüquq pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir.

53. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyatorun apellyasiya şikayətində qeyd etdiyi dəlilləri ilə razılaşmayaraq hesab edir ki, qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı qismən təmin etməklə mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

54. Məhkəkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

55. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

56. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 5/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-5/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar