Məhkəmə qərarları › İş №2(107)-497/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-497/2024

02.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-497/2024 02.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun tanınması, qarşılıqlı iddia, istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi, həmçinin vəkili X4, Cavabdeh1 və cavabdehlərin vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)-1904/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakıları müəyyən etdi: İşin halları İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun və oğlu İddiaçı2 Feruz oğlunun ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvandakı mənzil 1962-ci ildə müvəkkilinin atası xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 order əsasında verilmişdir. Müvəkkili İddiaçı1 həmin evdə orderdə adı qeyd olunmaqla pasport qeydiyyatındadır. Mənzilə order itirildiyindən və kirayə müqaviləsinin dəyişdirilməsi səbəbi ilə Mingəçevir şəhər İcra hakimiyyəti Başçısının 767 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə müvəkkilinin atası X8 verilmiş order təzələnmişdir. Hal-hazırda həmin mənzildə yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X9, X16, X17, İddiaçı2 Feruz oğlu, Cavabdeh1, Cavabdeh2, X18 pasport qeydiyyatındadır. İddiaçının anası X10 12 01.2015-ci il tarixdə vəfat etmiş, atası X19 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, X16 və Cavabdeh2 həmin evdə yaşamır. Müvəkkili İddiaçı1 oğlu İddiaçı2 Feruz oğlu ilə 1990-cı ildən həmin evdə yaşamış, lakin atası X19 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra cavabddeh Cavabdeh1 müxtəlif bəhanələr gətirməklə ailədə söz-söhbət yaratmaqla münasibətləri gərginləşdirməyə çalışmış və nəticə etibarı ilə iddiaçının evi tərk etməsinə nail olmuşdur. İddiaçı dəfələrlə oğlu ilə birlikdə evə yerləşməyə cəhd göstərmiş, lakin cavabdeh onlarla mübahisə yaradaraq mənzilə daxil olmağa qoymamışdır. Bu səbəbdən iddiaçı oğlu ilə kirayə mənzillərdə qalmağa məruz qalıb əziyyət çəkirlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İddiaçı ilə cavabdeh ailə üzvləridir və o, həmin mənzildə yaşamağa ondan istifadə etmək hüququna malikdir. Belə ki, ünvan 3 ünvandakı mənzil kirayə müqaviləsi əsasında iddiaçının atası X8 verilmiş və həmin mənzildən iddiaçı və oğlu ailə üzvü kimi istifadə etmək hüququna malikdir. Bu hüququ cavabdeh həyata keçirməyə maneçilik törətdiyinə görə onların mənzilə istifadə hüququnun və mənzilə köçürülməsi məhkəmə qaydasında müəyyən edilməsi zərurəti vardır. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 ilkin İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı1 Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi, ev 10/1 saylı evin 16 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndrilən mənzil Mingəçevir şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli orderinə əsasən atası Fikrət Mirzəyevə və ailə üzvləri Abdullayeva Firqiyyəyə və ona verilmişdir. Hazırda mənzildə arvadı Cavabdeh1 və iki övladı yaşayır. X30 isə xx.xx.2022-ci il tarixdə uzun sürən işemik insult xəstəliyindən sonra vəfat etmişdir. Atası uzun müddət xəstə olduğundan ona arvadı Cavabdeh1 və o baxmışdır. Qarşılıqlı cavabdeh-İddiaçı1 onun bacısıdır. O, 1985-ci ildə Mustafayev Feruz adlı şəxslə ailə quraraq evdən daimi olaraq köçüb getmişdir. Bundan sonra onun daimi yaşayış yeri olmuş və mübahisəli mənzildə yaşamaq ehtiyacı aradan qalxmışdır. Müəyyən müddətdən sonra isə nikahı pozulmuş və qaynatası Mustafayev Qarakişi ona müəyyən məbləğ kömək edərək Mingəçevir şəhəri, Maqomayev küçəsində mənzil almışdır. Bir müddət həmin mənzildə yaşadıqdan sonra onu A.S.Puşkin küçəsi, ev 10/1, mənzil 4-lə dəyişmiş və uzun müddət qeyd edilən mənzildə oğlu Fərid ilə birlikdə yaşamışdır. 1996-cı ilin may ayında həmin evi Sürəyya adlı qadına satmış və Bakı şəhərinə köçərək son zamanlara kimi orda işləyərək yaşamışdır. Son bir neçə ildir ki, Mingəçevir şəhərinə qayıdaraq burada yaşayırlar. ünvan 4 ünvanında bir otaqlı mənzili var. Artıq 1985-ci ildə ailə qurandan indiyə kimi mübahisələndrilən mənzildə iddiaçı yaşamır. Onun daimi olaraq yaşayış evi var və qeyd edilən mənzilə artıq heç bir hüququ yoxdur. 40 il müddətinə yaşamadığı mənzilə istifadə hüququnun tanınması barədə iddia qaldıraraq istifadə hüququnun tanınmasını xahiş edir. Hesab edir ki, o, artıq mənzildən istifadə hüququnu itirmişdir. Odur ki, məhkəmədən ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)-1904/2023 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) ilkin iddianın rədd edilməsi, ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülməsi tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1 Mingəçevir şəhəri A.S.Puşkin küçəsi ev 10/1 saylı evin 16 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, mübahisəli mənzil xx.xx.1992-ci il tarixdə 002803 nömrəli order əsasında Mingəçevir şəhər XDS-nin 767 nömrəli sərəncamı ilə X3 və onun ailə üzvləri Firqiyyə Abdullayeva və Cavabdeh2 verilmişdir. X5 xx.xx.2015-ci il tarixdə, X6 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. İlkin iddia üzrə İddiaçı1 mübahisəli mənzildə doğulub boya-başa çatmış və 1985-ci il tarixdə ailə quraraq daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçərək orada yaşamışdır. Sonradan ilkin iddia üzrə İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 nömrəli binanın 5 saylı mənzili üzərində tam mülkiyyət hüququ əldə etmişdir. İlkin İddiaçı2 Feruz oğlunun isə mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamamışdır. Hazırda mübahisəli mənzil Cavabdeh2 qanuni sahibliyində və istifadəsindədir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlmişdir ki, ilkin iddia üzrə Cavabdeh2 qeyd edilən mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmiş, bu əsasla onun mübahisəli mənzil üzərində gözlənilən mülkiyyət hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, mənzil xx.xx.1992-ci il tarixdə verilmiş order əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia ilkin iddianın rədd edilməsi əsasları ilə təmin edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı mübahisəli mənzildən ailə quraraq daimi olaraq ailəsi ilə birlikdə başqa yaşayış yerinə köçmüşdür. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hazırkı iddianın predmeti, iş materiallarından da görünür ki, İddiaçı1 mübahisəli mənzildə doğulduğu və yaşadığı müddətdə istifadə hüququ olmuş, lakin ailə həyatı quraraq daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçərək orada yaşadığından, o, istifadə hüququnu itirmişdir. Eləcə də digər ilkin İddiaçı2 Feruz oğlunun isə ümumiyyətlə mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Belə ki, 03.10 1986-cı il tarixdə doğulmuş ilkin İddiaçı2 Feruz oğlu İddiaçı1 oğludur və onlar daima birlikdə yaşamışlar. Göründüyü kimi, İddiaçı2 Feruz oğlunun mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almışdır ki, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 nömrəli binanın 5 saylı mənzili üzərində tam mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıların daimi yaşayış sahələri olmuş və mübahisəli mənzildən könüllü olaraq köçmüşlər, onların mübahisəli mənzilə ehtiyacları olmamışdır. Eləcə də, ilkin iddiaçıların mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyatda olmaları, onların mənzil tərkib hissəsindən istifadə hüquqlarının saxlanmasına və yaxud yaranmasına əsas deyildir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia ilkin iddianın rədd edilməsi əsasları ilə təmin edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı mübahisəli mənzildən ailə quraraq daimi olaraq ailəsi ilə birlikdə başqa yaşayış yerinə köçmüşdür. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi işin müəyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, ilkin İddiaçı1 1985-cü ildə mübahisəli tərk edərək, başqa yaşayış sahəsinə köçməsi və orada yaşaması, onun mübahisəli mənzili daimi tərk etdiyini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün İddiaçı1 yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, İddiaçı1 Mingəçevir şəhəri A.S.Puşkin küçəsi ev 10/1 saylı evin 16 saylı mənzilin tərkib hissəsindən istifadə hüququnu itirmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mənzil qarşılıqlı iddiaçı Cavabdeh2 qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də o həyata keçirdiyindən, hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə üzrə qarşılıqlı iddiaçı Cavabdeh2 qanuni istifadəçi-mülkiyyətçi kimi ilkin İddiaçı1 münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair qarşılıqlı iddiası əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi, həmçinin nəzərə almışdır ki, ilkin iddiaçıların mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına, həmin mənzillə hər hansı fiziki və hüquqi bağlılığının olmamasına baxmayaraq, hazırda da mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaları formal xarakter daşısa da, hər bir halda qarşılıqlı iddiaçı Cavabdeh2 mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddiaçıların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaları məsələsinə də hüquqi qiymət verilməli və hazırki qətnamə onların mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas olmalıdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddia əsassız olduğundan rədd, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin 2000-ci il sentyabrın 1-dən əvvəl qüvvədə olan Mənzil Məcəlləsinin 123, 53, 60, 87-ci maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi, xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51, 52, 53, 54, 60-cı maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87, 85-ci maddələri, Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(051)-1904/2023 saylı qətnaməsini əsassız və qanunsuz hesab edirlər. O, xx xxxx 1961-ci ildə anadan olmuşdur. Mingəçevir şəhərinin A.S.Puşkin küçəsində yerləşən 10/1 saylı evin 16 saylı mənzili 1962-ci ildə order əsasında mərhum atası X7 adına verilmişdir. O da ailə üzvü kimi qeyd olunan mənzildə yaşamış və böyüyüb boya-başa çatmışdır. Eyni zamanda da onun oğlu olan digər İddiaçı2 ilə birlikdə qeyd olunan mənzildə qeydiyyatdadırlar. O, övladı İddiaçı2 ilə daim atasının adına verilmiş, Mingəçevir şəhərinin A.S.Puşkin küçəsində yerləşən 10/1 saylı evin 16 saylı mənzilində yaşamışlar. X1 xx.xx.2015-ci ildə, atası X19 xx.xx.2022-ci il tarixdə rəhmətə getmişlər. Oğlu Fərid universitetə daxil olduğuna görə onlar 2005-ci ildə qısa bir müddətə müvəqqəti olaraq Bakı şəhərinə getmişlər. Oğlu Fərid ali məktəbi bitirdikdən sonra yenidən Mingəçevir şəhərinin A.S.Puşkin küçəsində yerləşən 10/1 saylı evin 16 saylı mənzilinə gəlib yaşamaq istəyən zaman hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onları qeyd olunan mənzildə yaşamağa icazə verməmiş, onları qeyd olunan mənzildən qovmuşlar. Buna baxmayaraq o və oğlu İddiaçı2 2018-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayına kimi mübahisəli mənzildə yaşamışlar. Lakin, cavabdehlər yenə də əsassız mübahisələr yaradaraq onları sözügedən mənzildən qovmuşlar. Cavabdehlər onlara məxsus əşyaları da mənzildən çıxardıb çölə atmışlar. Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 20 iyul 1992-ci il tarixli, 767 saylı sərəncamı ilə atasına 1962-ci il tarixdə verilmiş order təzələnmişdir. Lakin, qeyd olunan orderdə onun adı qeyd olumamışdır. Buna baxmayaraq, onlar qeyd olunan mənzildə qeydiyyatdadıtlar. Onların ayrı yaşamağa yerləri yoxdur. İşə baxan məhkəmə bu halların heç birini nəzərə almamışdır. Bundan başqa onu da qeyd edir ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi 16 noyabr 2023-cü il tarixli qətnaməsində onun 1985-ci ildə ailə qurduğunu və daimi yaşamaq üçün başqa yaşayış yerinə getdiyini qeyd etmişdir. Lakin, o, bununla qəti olaraq razı deyil. Belə ki, o, həyat yoldaşı ilə münasibətləri pozulduğuna görə aralarında olan nikah 1990-cı ildə pozulmuşdur. Elə həmin vaxtdan da o, mübahisəli mənzildə yaşamağa davam etmişdir. Bu hal elə əmək kitabçasına nəzər salındıqda müəyyən edilir. Özü uzun illər Mingəçevir şəhərində səhiyyə sahəsində işləmişdir. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qətnaməsində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki 3 saylı evin, 5 saylı mənzili üzərində onun mülkiyyətində olduğunu qeyd etmişdir. Lakin, bununla bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 2(103)-5033/2011 saylı qətnaməsinə əsasən cavabdeh X11 cəmi 20694.81 manat məbləğdə borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq QSC “Bank Standart” KBnin xeyrinə ödənilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Göründüyü kimi ona məxsus olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzili Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsinə əsasən hərracda satılması qət edilmişdir. O artıq neçə ildir ki, kirayəşin yaşayır. Hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsi işə baxarkən ona və digər iddiaçı olan oğlu İddiaçı2 qarşı qərəzli mövqe tutumuş, əsassız olaraq ilkin iddia tələbini rədd etmiş və əsassız olaraq da qarşılıqlı iddia tələbini təmin etmişdir. Belə olan halda Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv olunmalı, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)-1904/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, İddiaçı2 nümayəndəsi, həmçinin vəkili X12 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)-1904/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)-1904/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (2009-cu ilədək qüvvədə olan) Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Həmin Məcəllənin Maddə 87-ci maddəsinə əsasən Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi baağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)-1904/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)-1904/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq ilk iddianı düzgün olaraq təmin etməmiş, qarşılqlı iddianı isə təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)-1904/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil xx.xx.1992-ci il tarixdə 002803 nömrəli order əsasında Mingəçevir şəhər XDS-nin 767 nömrəli sərəncamı ilə X3 və onun ailə üzvləri Firqiyyə Abdullayeva və Cavabdeh2 verilmişdir. X5 xx.xx.2015-ci il tarixdə, X6 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. İlkin iddia üzrə İddiaçı1 mübahisəli mənzildə doğulub boya-başa çatmış və 1985-ci il tarixdə ailə quraraq daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçərək orada yaşamışdır. Sonradan ilkin iddia üzrə İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 nömrəli binanın 5 saylı mənzili üzərində tam mülkiyyət hüququ əldə etmişdir. İlkin İddiaçı2 Feruz oğlunun isə mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamamışdır. Hazırda mübahisəli mənzil Cavabdeh2 qanuni sahibliyində və istifadəsindədir. xx.xx.2023-cü il tarixdə verilmiş 3-48-DA-8F/2-xx-xx/2023 nömrəli Arxiv arayışı ilə, Mingəçevir şəhər İcra hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 767 nömrəli Sərəncamı ilə X3 3 nəfər ailə tərkibi ilə (özü, arvadı və oğlu) yaşadığı Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 10/1 saylı evin, 16 saylı mənzilinə orderi itdiyinə görə yeni order verilmişdir. İddiaçıların eyni məzmunlu şikayətlərinin dəlili ondan ibarətdir ki, İddiaçı2 ilə birlikdə qeyd olunan mənzildə qeydiyyatdadırlar. O, övladı İddiaçı2 ilə daim atasının adına verilmiş, Mingəçevir şəhərinin A.S.Puşkin küçəsində yerləşən 10/1 saylı evin 16 saylı mənzilində yaşamışlar. Oğlu Fərid universitetə daxil olduğuna görə onlar 2005-ci ildə qısa bir müddətə müvəqqəti olaraq Bakı şəhərinə getmişlər. Oğlu Fərid ali məktəbi bitirdikdən sonra yenidən Mingəçevir şəhərinin A.S.Puşkin küçəsində yerləşən 10/1 saylı evin 16 saylı mənzilinə gəlib yaşamaq istəyən zaman hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onları qeyd olunan mənzildə yaşamağa icazə verməmiş, onları qeyd olunan mənzildən qovmuşlar. Kollegiya İddiaçı2 Feruz oğlunun mübahisəli mənzilə istifadə hüququnun tanınması və köçürülməsi barədə iddiası üzrə şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, İddiaçı2 Feruz oğlunun ümumiyyətlə mübahisəli mənzilin tərkib hiussəsindən istifadə hüququ yaranmamışdır. Belə ki, 03.10 1986-cı il tarixdə doğulmuş İddiaçı2 Feruz oğlu İddiaçı1 oğludur və onlar daima birlikdə yaşamışlar. İddiaçılar işin bu halını mübahisələndirməmişlər. Ona görə də kollegiya hesab edir ki, İddiaçı2 Feruz oğlunun mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmadığından şikayət ona münasibətdə təmin edilə bilməz. Kollegiya şikayətin digər dəlilinə münasibət bildirərək qeyd etməyi lazım bilir ki, iddiaçıların mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyatda olmaları, onların mənzilin tərkib hissəsindən istifadə hüquqlarının saxlanmasına və yaxud yaranmasına əsas deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından hesab edilir ki, iddiaçıların yaşayış üzrə qeydiyyatda olma vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onların həmin mənzil üzrə yaşayış yeri üzrə qeydiyyata alınmaları, həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi iddiaçıların mübahisəli mənzildə qeydiyyatda olması hüquqi nəticə etibarı ilə iddiaçıların mübahisəli mənzildən istifadə hüququnu ehtiva etmir. Belə olan halda iddiaçıların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının yaranması və mənzilə köçürülmə tələbləri əsaslı deyildir. Kollegiya şikayətin digər dəlili olan övladı İddiaçı2 ilə daim atasının adına verilmiş, Mingəçevir şəhərinin A.S.Puşkin küçəsində yerləşən 10/1 saylı evin 16 saylı mənzilində yaşamalarına aid hissəsini də əsassız sayır. Belə ki, işə əlavə olunmuş Mingəçevir İOBD-nin 10 oktyabr 1985-cil tarixli arayışından görünür ki, İddiaçı1 13 avqust 1992-ci il tarixdən 30 iyun 1997-ci il tarixədək ünvan 5 ünvanında yaşamışdır. Göründüyü kimi şikayətin bu hissəsi də əsassızdır. Kollegiya şikayətin digər dəlili olan iddiaçının oğlu Fəridin universitetə daxil olduğuna görə 2005-ci ildə qısa bir müddətə müvəqqəti olaraq Bakı şəhərinə getmələri, oğlu Fərid ali məktəbi bitirdikdən sonra yenidən Mingəçevir şəhərinin A.S.Puşkin küçəsində yerləşən 10/1 saylı evin 16 saylı mənzilinə gəlib yaşamaq istəyən zaman hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onları qeyd olunan mənzildə yaşamağa icazə verməmələri, onları qeyd olunan mənzildən qovmaları hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət bu hissədə də də əsassızdır. Belə ki, apelyatorlar işin bu halını təsdiq edəcək mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Əvvəla kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçılar ən azından 2010-cu il tarixdən mübahisəli evə qayıtmalı idilər (yəni Fərid Universiteti bitirdikdən sonra). Əgər cavabdehlər iddiaçıları mübahisəli mənzilə buraxmamışlarsa, iddiaçılar nədən 13 il sonra məhkəməyə müraciət etmələrinə aydınlıq gətirməmişlər. Əksinə, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 nömrəli binanın 5 saylı mənzili üzərində tam mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan mənzil üzərində Bank Standard KB QSC/Azadlıq Filialı tərəfindən xx.xx.2008-ci il tarixdə yüklülük (ipoteka), xx.xx.2011-ci il tarixdə isə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. Göründüyü kimi, İddiaçı1 2007-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 nömrəli binanın 5 saylı mənzili mövcud olmuşdur. Eyni zamanda işə əlavə olunmuş Bakı şəhərində yerləşən “EuroMed” Tibb Mərkəzinin 21 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həkim fizioterapevt vəzifəsində işləmiş və aylıq əmək haqqı 362 manat olmuşdur. Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətinin dəlilləri iş materiallarında olan sübutlarla təkzib edilir. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilə bilməz. Bundan başqa, kollegiya apelyasiya şikayətinin digər dəlili olan özünə məxsus olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzilini Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsinə əsasən hərracda satılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının özünə məxsus mənzilinin hərracda satılması onun hazırkı mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi üçün əsas ola bilməz. Bundan başqa, ilkin iddia üzrə İddiaçı1 ailə qurduqdan sonra başqa ünvana gəlin köçdüyünü mübahisələndirməmişdir. Yalnız qısa müddətə və müvəqqəti olaraq mübahisəli mənzili tərk etməsini və orada yaşamamasının istifadə hüquqlarına xitam verilməsi üçün əsas təşkil etmədiyini irəli sürməkdədir. Halbuki iddiaçının özünün etirafına görə bu müddət ən azı beş il təşkil etmişdir. Kollegiya, şikayətin qeyd edilən dəlilləri ilə razılaşmır; belə ki, hamıya bəlli olan haldır ki, qız övladı ailə qurub başqa ünvana gəlin köçəndə bunu geri qayıtmaq niyyəti ilə etmir və onun hətta həmin yaşayış sahəsinə qonaq kimi gəlib-getməsi, valideynləri ilə ünsiyyətdə olması və ya özünə məxsus bəzi əşyalarını ata evində saxlaması belə, gələcəkdə oraya qayıtmaq istəyi kimi qiymətləndirilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi onun mübahisəli mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahələrinə getməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir və işdəki sübutların məcmusu da onun mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. Bu mənada kollegiya hesab edir ki, iddiaçının ailə qurub ər evinə gəlin köçərkən ata (ana) evinə geri qayıtmaq niyyətində olduqları inandırcı deyildir, ara-sıra həmin mənzilə gəlib-getmələri isə yaşayış sahəsi ilə bağlılıq kimi deyil, valideyn-övlad bağlılığı olaraq qiymətləndirilməlidir. Bu baxımdan kollegiyanın qənaətinə görə, göstərilən meyarlar nəzərə alındığında ilkin iddia üzrə iddiaçı mübahisəli mənzildən 1985-ci ildə daimi yaşamaq üçün ər evinə ailə üzvü kimi köçüb getmişdir və həmin mənzilə ara-sıra gəlib-getməsi köçüb getdikləri vaxtdan itirilmiş hesab olunan istifadə hüquqlarının bərpasına əsas verə bilməz. Sonda Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 1985-cü ildə mübahisəli tərk edərək, başqa yaşayış sahəsinə köçməsi və orada yaşaması, onun mübahisəli mənzili daimi tərk etdiyini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün İddiaçı1 yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, İddiaçı1 Mingəçevir şəhəri A.S.Puşkin küçəsi ev 10/1 saylı evin 16 saylı mənzilin tərkib hissəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qarşılıqlı iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)-1904/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(051)- 1904/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar