Məhkəmə qərarları › İş №2(107)-499/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-499/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-499/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili X10, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair” mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)- 376/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxx 2020-ci il tarixli, 2(054)-376/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Oğuz rayonu Yemişənli kəndində yerləşən, cavabdehə məxsus olan evin gəlin köçdüyü otağından istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin otağa köçürülməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, iddiaçının iddia ərizəsi üzrə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Yemişənli kəndində yerləşən, cavabdehə məxsus olan evin gəlin köçdüyü otağından istifadə hüququnun tanınması, azyaşlı uşaqları X7 və X8 ilə birlikdə həmin otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2004-cü il tarixdə cavabdehin oğlu X9 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikahlarını isə xx xxxx 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx xxxxxxx 2005ci ildə X7, xx xxxx 2007-ci ildə Qəribova Röyalə Teymur qızı və xx xxxxx 2012-ci ildə X8 adlı üç uşaqları anadan olmuşdur. X9 ilə ailə quran zaman Oğuz rayonu Yemişənli kəndində yerləşən, cavabdehə məxsus, sahəsi 54 kv.metr olan evə gəlin köçmüş, 2008-ci ilə qədər əri ilə birlikdə həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışdır. X9 ilə birgə yaşadıqları vaxtlarda 2007-ci ildə ümumi vəsaitləri hesabına Oğuz rayonu Yemişənli kəndində 0,12 hektar həyətyanı torpaq sahəsində ev inşa etməyə başlamış və 2008-ci ildə üç otaqlı evin inşasını tamamlayaraq həmin evə köçmüşlər. X9 ilə aralarında yaranmış narazılıqlar əsasında onlar arasında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-361/2019 nömrəli qətnaməsinə əsasən məhkəmə qaydasında pozulmuşdur. Həmin qətnaməyə əsasən, həmçinin X7 və X4 boşanmadan sonra onun, Qəribova Röyalə Teymur qızının isə boşanmadan sonra X5 yanında qalmaları müəyyən edilmişdir. 2019-cu ilin əvvəllərindən indiyədək o, iki azyaşlı uşağı ilə birlikdə Oğuz rayonu Padar kəndində yerləşən, valideynlərinə məxsus olan, şəraitsiz və darısqal bir evdə yaşayır. Atasının evi iki otqadan ibarət olmaqla, yaşayış sahəsi cəmi 36 kv.metrdir. Eyni zamanda, əvvəllər əri və uşaqları ilə birlikdə yaşamış olduğu evdə qalan əşyalarının da həmin evdən çıxarılması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir və o, öz əşyalarını da həmin evdən götürüb özünün yaşadığı evə gətirməlidir. Bu vəziyyətdə yaşamaq onun üçün çətindir, ancaq maddi imkanı olmadığından başqa yerdə yaşayış sahəsi əldə etmək iqtidarında deyildir. O, 2019-cu ildə məhkəməyə müraciət edərək əri ilə bir yerdə inşa etdikləri, son vaxtlaradək əri və üç uşağı ilə birgə yaşadıqları evdən istifadə hüququnun tanınması, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin evin mülkiyyət sənədləri olmadığından, evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə ərinin bacısına məxsus olduğundan onun iddia tələbi təmin edilməmişdir. Hesab edir ki, onun 2004-cü ildə X9 ilə ailə quran zaman gəlin köçdüyü, ərinin atası - hazırkı iş üzrə cavabdehə məxsus olan yaşayış sahəsindən istifadə hüququ vardır. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verməklə göstərmişdir ki, o, X9 ilə ailə quran zaman hazırkı iddianın predmeti olan, istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi fərdi yaşayış evinə cavabdehin razılığı ilə, X5 ailə üzvü kimi köçmüşdür. Həmin vaxtdan onun bu evdə yaşamaq hüququ yaranmış, orada yaşadığı müddətdə onun iki uşağı anadan olmuşdur. 2007-ci ildə o və X9 cavabdehin özünün məsləhəti ilə başqa torpaq sahəsində olan bir otaqdan ibarət təmirsiz yaşayış sahəsini tamamlayıb oraya köçmək qərarına gəlmişlər. 2007-ci ildən başlayaraq o və X9 qeyd olunan torpaq sahəsində təmir-tikinti işlələrinə başlamış, bir otaqdan ibarət təmirsiz yaşayış sahəsini üç otaqlı evə tamamlamışlar. O, 10 ildən artıq müddət ərzində əri və uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Lakin hazırkı vəziyyətdə onun həmin evdə yaşamaq hüququ yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla Oğuz rayonu Yemişənli kəndində yerləşən, cavabdehə məxsus olan evin gəlin köçdüyü otağından istifadə hüququnun tanınması, azyaşlı uşaqları X7 və X8 ilə birlikdə həmin otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, hazırkı iddianın predmetinə aid olan evin yerləşdiyi həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Evə dair Texniki pasport isə 1988-ci ildə onun öz adına tərtib edilmişdir. İddiaçı heç vaxt həmin evdə və ya evin yerləşdiyi təsərrüfatda qeydiyyatda olmamışdır. İddiaçı 2004-cü ildə onun oğlu Teymur Qəribov ilə ailə qurmuş, onlar ailə qurduqları ilk illərdə bir müddət həmin evdə yaşasalar da, 2008-ci ildən sonra qeyd olunan evdə yaşamamışlar. İddiaçı və Teymur Qəribov 2005-ci ildən, yəni hələ hazırkı iddianın predmetinə aid olan evi tərk etməzdən əvvəl başqa təsərrüfatın üzvləri olmuşlar. Hazırda nə Teymur Qəribov, nə də iddiaçı və onun uşaqları ona məxsus evdə və ya evə aid təsərrüfatda qeydiyyatda deyildir. Qeyd etdiyi əsaslara görə iddiaçıların hazırkı iddia tələbini əsassız hesab edir və həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh vəkili X6 da cavabdehin izahatında qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-376/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin sözügedən qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, çəkişmə prinsipinin pozulması, sübutların düzgün qiymətləndirilməməsi, eləcə də iş üzrə gəldiyi nəticələrin mötəbər sübutlarla təsdiq edilməməsi ilə qəbul edildiyindən ləğv olunmalı, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin faktiki və məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, onun 2004-cü ildən cavabdehin evinə gəlin köçməsi, 2008-ci il də daxil olmaqla bu illər ərzində həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşaması işin mübahisəsiz halıdır. Bu illər ərzində yoldaşı ilə birlikdə o və azyaşlı uşaqları cavabdehin ev təsərrüfatının üzvü olmuş, evin yaşayış və köməkçi sahələrinin vahidliyi və evin bölünərək ayrıca yaşayış sahəsi kimi istifadəsinin qeyri-mümkünlüyü baxımından birgə təsərrüfat aparmaqla 2008-ci ilə qədər burada birlikdə yaşamışlar. 2008-ci ildən cavabdeh və digər ailə üzvləri ilə aralarında baş vermiş ailədaxili münaqişə nəticəsində müvəqqəti olaraq keçmiş həyat yoldaşının bacısının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evə köçmüş və bir müddət burada yaşamağa başlamışlar. Qeyd olunanları hazırda iş materiallarında olan qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-524/2020 nömrəli qətnaməsi, eləcə də 2008-ci ildə həyat yoldaşının bacısının evinə ailədaxili münaqişə əsasında müvəqqəti olaraq köçdüklərini müxtəlif mübahisə predmetlərinə dair Oğuz Rayon Məhkəməsində baxılmış mülki işlər (xx.xx.2019cu il tarixli 2(054)-493/2019 və xx.xx.2020-ci il tarixli 2(054)-295/2020 nömrəli qətnamələr) üzrə keçmiş həyat yoldaşı X5 və həyat yoldaşının bacısı X2 məhkəməyə verdikləri izahatları bir daha təsdiq edir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə gəldiyi qənaət və nəticələri onun 2008-ci ildə gəlin köçdüyü evi tərk edib daimi yaşamaq üçün başqa bir ünvana getməsi ilə və cavabdehin axırıncı məhkəmə iclasında təqdim etdiyi Oğuz rayon dövlət arxivindən əldə edilmiş Oğuz rayonunun Yemişənli kəndi üzrə 2001-2005, 2006- 2010-cu illərə dair təssərrüfatbaşına kitabların müvafiq səhifələrində Cavabdeh Teymur oğlunun təssərrüfatından 2005-ci ildə ailə üzvləri ilə birlikdə çıxdıqları və ayrıca təssərrüfat üzvləri kimi adlarının üstündən xətt çəkilməsi, 2008-ci ildən etibarən isə mübahisə predmetinə aid olan evdə yaşamadıqlarından onun cavabdehin evinə istifadə hüququnun itirilməsi ilə əsaslandırsa da, lakin onun daimi yaşamaq üçün başqa bir ünvana getdiyi mötəbər sübutlarla əsaslandırılmamış, eləcə də təssərrüfatbaşına kitabda da aparılmış qeydlərdə əks olunan faktlara o dövrdə qüvvədə olmuş normativ xarakterli hüquqi akt olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx xxxxx 2000-ci il tarixli, 16/11 nömrəli əmri ilə təsdiq edilmiş “Kənd inzibati ərazi vahidlərində təssərrüfatbaşına uçotun aparılmasına dair” Göstərişin tələbləri baxımından qiymət verilməmişdir. Sözügedən təssərrüfatbaşına kitablarda aparılmış qeydlərə dair arxiv çıxarışının mövcudluğu ona sonuncu məhkəmə iclasında bəlli olmuş, cavabdeh tərəfindən təqdim olunmuş bu dəlil barədə ona vaxtında məlumat verilmədiyindən və məhkəmə tərəfindən də buna şərait yaradılmadığından, həmin fakta qarşı müdafiəsini vaxtında təşkil edə bilməmiş, məhkəmə qətnaməsi qəbul edildikdən sonra müraciəti əsasında qeyd olunan arxiv çıxarışları ilə tanış olmuşdur. Bildirir ki, təssərrüfatbaşına kitabda onun və ailə üzvlərinin cavabdehə məxsus ailə təsərrüfatından ayrılmalarına dair aparılmış qeydlərin heç bir hüquqi əsası yoxdur. Hər şeydən əvvəl bu qeydlər aparılan illərdə cavabdeh Padar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndənin müavini vəzifəsində işləmiş və təssərrüfatbaşına kitablarda qeydlərin aparılması vəzifə bölgüsü baxımından ona həvalə edilmiş, arxiv çıxarışlarında aparılmış qeydlər də onun tərəfindən əsassız aparılmaqla, həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirir. Nə o, nə də keçmiş həyat yoldaşı cavabdehə aid təssərrüfatdan ayrılmalarına və adlarına ayrıca şəxsi hesab açılmasına dair nümayəndəliyə hər hansı müraciət etməmiş və belə bir müraciət də İcra Nümayəndəliyində 2005-ci ilə aid olan “Müraciətlərin qeydiyyatı” kitabında qeydə alınmamış, cavabdehin təssərrüfatından ayrılmalarına dair hər hansı sərəncam verilib-verilməməsi barədə bu günədək məlumatı yoxdur. İşin yuxarıda sadalanan hallarının təsdiqi üçün Padar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Oğuz rayon Dövlət Arxivinə müvafiq vəkil sorğuları verilmiş, lakin apellyasiya şikayətinin müddətinədək həmin sorğular cavablandırılmamışdır. Buna görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş təsərrüfatbaşına kitablardan çıxarışlarda aparılmış qeydlər, normativ aktla təsdiq edilmiş göstərişin tələblərinə uyğun olmamaqla natamam və ziddiyyətlidir. İş materiallarında olan 2001-2005-ci illəri əhatə edən 758 saylı şəxsi hesab vərəqəsində onun və keçmiş həyat yoldaşının adlarının üstündən xətt çəkilmiş və təsərrüfatın ümumi istifadəsində olan mal-qara, torpaq və tikililər barədə məlumatlar daxil olunmuşdur. 2001-2005-ci illəri əhatə edən digər 866 saylı şəxsi hesab vərəqəsində o və ailə üzvləri ayrı təssərrüfat kimi qeyd olunsa da, ayrılmış təssərrüfatın istifadəsində olan mal-qara, yaşayış və torpaq sahəsi barədə heç bir məlumat qeyd olunmamışdır. Halbuki, təssərrüfatın bölünməsi halında yeni təssərrüfatın yerləşdiyi yer, ona aid torpaq və yaşayış sahəsi, mal-qara barədə məlumatlar yeni şəxsi hesabda öz əksini tapmalıdır. 2004-2008-ci illərədək cavabdehin evində yaşamaqları işin mübahisəsiz halıdır və belə olan halda əgər 2005-ci ildə təssərrüfatları bölünmüşsə, onda yeni yaranmış təssərrüfat olaraq onların hansı yaşayış və torpaq sahəsi və hansı əmlakla ayrılmaları yuxarıda göstərilən şəxsi hesablardan görünmür. Digər tərəfdən, cavabdeh onun ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün 2008-ci ildən eyni yaşayış məntəqəsində digər bir yaşayış yerinə köçdüyünü bildirmişdir. İşdə olan 2006-2010-cu illəri əhatə edən 705 saylı şəxsi hesab vərəqəsində, eləcə də əvvəlki şəxsi hesablarda tərk etdikləri yaşayış sahəsinin şəxsi hesabının bağlanmasına dair hər hansı qeyd aparılmamış, 705 saylı hesabda ayrı təssərrüfat kimi qeyd olunsalar da, təssərrüfatlarında qeyd edilən yaşayış yeri və torpaq sahəsi evinə müvəqqəti köçdükləri cavabdehin qızı X3 məxsus olmuşdur. Beləliklə, cavabdehə məxsus evdən 2008-ci ildə çıxarkən əvvəlki yaşayış yerindəki şəxsi hesabın bağlanmaması və onun bağlanmasına dair müvafiq qeydlərin aparılmaması, eləcə də yuxarıda qeyd olunmuş digər mülki mübahisələr üzrə həyat yoldaşının və cavabdehin qızı R.Qəribovanın məhkəməyə verdiyi izahatlar onun 2008-ci ildə baldızının evinə müvəqqəti köçməyini bir daha təsdiq edir. Qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X14 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-376/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-376/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Oğuz rayon Dövlət Arxivində saxlanılan, Oğuz rayonu Yemişənli kəndi üzrə 2001-2005, 2006- 2010-cu illərə aid təsərrüfatbaşına kitabların müvafiq səhifələrinin surətlərindən müəyyən edilir ki, iddiaçı əri X9 və digər ailə üzvləri ilə birlikdə Oğuz rayonu Yemişənli kəndində ayrıca təsərrüfatda qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Oğuz rayon Dövlət Arxivində saxlanılan, Oğuz rayonu Yemişənli kəndi üzrə 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitabın müvafiq səhifəsinin surətindən müəyyən edilir ki, iddiaçı hazırkı iş üzrə cavabdehin təsərrüfatında qeydiyyatda deyildir. Onun əri X9 əvvəllər həmin təsərrüfatın üzvü olsa da, sonradan təsərrüfatdan qeydiyyatdan çıxdığına (müstəqil təsərrüfat yaratdığına) görə təsərrüfatbaşına kitabın cavabdehin təsərrüfatına aid müvafiq səhifəsində onun adının üzərindən xətt çəkilmişdir. İşin müəyyən olunmuş hallarına əsasən, hazırkı iş üzrə Cavabdeh İddiaçı keçmiş qaynatasıdır. İddiaçı ilə cavabdehin oğlu X9 faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikahlarını isə xx xxxx 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx xxxxxxx 2005-ci ildə X7, xx xxxx 2007-ci ildə Qəribova Röyalə Teymur qızı və xx xxxxx 2012-ci ildə X8 adlı üç uşaqları anadan olmuşdur. İddiaçı ilə Teymur Qəribov arasındakı nikah Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-361/2019 nömrəli qətnaməsinə əsasən pozulmuş, onların birgə nikahından doğulmuş uşaqlardan X7 və X8 iddiaçının, Qəribova Röyalə Teymur qızı isə atası Teymur Qəribovun himayəsində saxlanılmışdır. Hazırda iddiaçı 2005-ci ildə ailə qurarkən keçmiş qaynatası olan cavabdehin Oğuz rayonu Yemişənli kəndində yerləşən evinə gəlin köçməsini, həmin evə ailə üzvü kimi qəbul olunmasını, orada iki övladının dünyaya gəlməsini, qeyd edilən evdə keçmiş həyat yoldaşı Teymur Qəribov və uşaqları ilə 2008-ci ilədək yaşamasını, bu müddətdə onun və ailə üzvlərinin sözügedən evdən istifadə hüquqlarının yaranmasını, 2008-ci ildə isə həmin evi ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq tərk edib eyni yaşayış məntəqəsində (kənddə) başqa evə köçüb yaşamalarını, boşanandan sonra iki uşağı ilə qalmağa yaşayış yerinin olmamasını əsas gətirərək cavabdehə məxsus olan evin gəlin köçdüyü otağından istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin otağa köçürülməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə qətnamə qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə məxsus evdən istifadə hüququ yaranmamış və indi də onun həmin evdən istifadə hüququnun tanınması üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə, habelə mülki və mənzil qanunvericiliyinin müddəalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunduğu kimi, iddiaçı istifadə hüququnun olmasını mübahisələndirdiyi evə 2005-ci ildə cavabdehin oğlu ilə rəsmi nikaha daxil olmaqla gəlin köçmüşdür. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş (və qüvvədə olan) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir... Göründüyü kimi, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbinə əsasən, xx.xx.2000-ci il tarixdən sonra yaşayış sahəsindən istifadə hüququ o halda yaranmış olur ki, bu barədə yaşayış sahəsinin mülkiyyətçisi ilə həmin yaşayış sahəsinə köçən şəxs arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmış olsun və bu razılaşmaya görə yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğu göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, Oğuz rayonu Yemişənli kəndində yerləşən, iddiaçının istifadə hüququnun tanınmasını və uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi yaşayış evi 1988-ci ildən hazırkı iş üzrə cavabdehin mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdeh 2005-ci ildə oğlunu evləndirərək iddiaçını həmin evə gəlin gətirmişdir. Lakin iddiaçının cavabdehin razılığı ilə onun evinə gəlin köçməsi və orada bir neçə il (təxminən 3 il) ailə üzvü kimi yaşaması özlüyündə ona həmin evdən istifadə hüququ qazandırmamışdır. İddiaçının həmin evə istifadə hüququnun yaranması üçün bu barədə evin mülkiyyətçisi olan cavabdehlə onun arasında notarial qaydada müqavilə (razılaşma) bağlanmalı idi. Halbuki, tərəflər arasında belə bir razılaşma bağlanmamışdır. Ona görə də iddiaçının cavabdehə məxsus evə istifadə hüququnun yaranması və bu hüququn indiyədək qüvvədə olması barədə mülahizələri tamamilə əsassızdır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, başqasının mülkiyyətində olan əmlakdan “istifadə hüququ” özlüyündə əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Yəni əmlakdan istifadə hüququ həmin əmlak üzərində daimi və ayrılmaz hüquqa sahibliyi deyil, yalnız əmlakdan istifadə ehtiyacının təmin olunmasını nəzərdə tutur. Yaşayış sahəsindən istifadə hüququ da yalnız bu hüquqa malik şəxsə həmin yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi şərtlərindən biri bu hüquqa iddia edənin yaşayış sahəsinə olan ehtiyacını müvafiq mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Həmin hal aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus yaşayış sahəsindən istifadə hüququ olan başqasının istifadəni davam etdirməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Ona görə də yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, digər daimi yaşayış sahəsinə köçdükdə; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə; nikaha daxil olaraq ərin (arvadın) evinə köçdükdə və s.) həmin hüquqa xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən xx xxxx 2016-cı il tarixli Qərarında nəticə etibarilə müəyyən olunur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. İddiaçının özünün etirafından məlum olur ki, o və ailə üzvləri (əri və uşaqları) 2008-ci ildə cavabdehə məxsus evi tərk edib həmin kənddə başqa (keçmiş baldızına məxsus) evə köçmüş və ərindən boşanana kimi, yəni 10 ildən artıq müddətdə bu evdə yaşamışlar. Belə olduğu halda iddiaçının cavabdehə məxsus evdən istifadə hüququ hətta yaranmış olsaydı da, bu hüquqa həmin evdən köçdüyü vaxtdan (2008-ci ildən) xitam verilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında müəyyən olunduğu kimi, iddiaçının cavabdehə məxsus evdə yaşayış sahəsindən istifadə hüququ daimi ola və həmin evdən köçdükdən sonra da qüvvəsində qala bilməzdi. Bu da ona dəlalət edir ki, iddiaçının cavabdehə məxsus evə istifadə hüququnun olması barədə mülahizə və təsəvvürü əsassız və yanlışdır. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı Cavabdeh qarşı sonuncuya məxsus olan evin gəlin köçdüyü otağından istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin otağa köçürülməsi tələbinə dair irəli sürdüyü iddia əsassızdır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, işin halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-376/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-376/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar