Məhkəmə qərarları › İş №2(107)-503/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-503/2020

11.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-503/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X4 iclas katibliyi, ilk tələb üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili (həmçinin İddiaçı1 nümayəndəsi) Vəkil2 cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Balakən rayonu Talalar kəndində yerləşən 1.37 ha pay torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “15000 manat pul” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-789/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Talalar kəndində yerləşən 1.37 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2 və digərlərinin mülkiyyətinə verilmiş Balakən rayonu Talalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 0061 cizgidə göstərilmiş 12975 kvm torpaq sahəsinə dair torpağın alqı-satqısı üçün İddiaçı1 və İddiaçı2 verdiyi 15000 (on beş min) AZN məbləğində pulun İddiaçı1 və İddiaçı2 alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsindən çıxarılma və pulun verilməsinin eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-789/2019 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh, İddiaçı1, İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində yerləşən 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və mülkiyyətçilərin həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməsi; ilk iddianın qalan hissədə təmin edilməməsi; ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1, İddiaçı2 və digərlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş Balakən rayonu Talalar kəndində yerləşən JN 0061 cizgidə göstərilmiş 12975 kvm (1.30 ha) torpaq sahəsinə dair torpağın alqı-satqısı üçün İddiaçı1 və İddiaçı2 verilmiş 15000 (on beş min) AZN məbləğində pul İddiaçı1 və İddiaçı2 alınaraq, Cavabdeh verilməsi; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutulub, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, torpaq sahəsindən çıxarılma və pulun verilməsi eyni vaxtda icra olunması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və qarşılı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu Talalar kəndində yaşayır. Balakən rayon X1 xx xxxxxx 1998-ci il tarixli, 02 saylı qərarı ilə onlara, yəni ailə üzvlərinə 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-00xx xxx 40113018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı hazırlanmışdır. Qaynanası olan X7 xx.xx.2007-ci ildə ölmüşdür. 2008-ci ildə cavabdehlə aralarındakı razılaşmaya görə mübahisəli pay torpaq sahəsini Cavabdeh müvvəqqəti olaraq icarəyə vermişlər. Lakin torpaq sahəsinin həmin şəxsə hansı müddətə və hansı qiymətə icarə verilməsini göstərə bilmir. Qarşılığında isə icarə haqqı olaraq 1200 manat pul vermişdir. Hazırda isə həmin torpaq sahəsinə ehtiyacları olduğuna görə Cavabdeh torpaq sahəsindən artıq çıxmasını bildirmişlər. Cavabdeh isə torpaq sahəsindən çıxmaqdan imtina edir, həmin torpaq sahəsini ona satdıqlarını bildirir və hal-hazıra kimi torpaq sahəsini istifadə etməyə davam edir. Onlar cavabdehlə həmin torpaq sahəsinin satmalarına dair heç bir notariat əməlyyatı etməmiş, ümumiyyətlə notariusa getməmişlər. Həmin torpaq sahəsinin JN-00xx xxx 40113018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı onların adınadır. Cavabdehi məcburi olaraq torpaq sahəsindən çıxara bilməmişlər. Bununla bağlı Balakən rayon Talalar kənd Bələdiyyəsinə və X9 müraciət etmişlər. Lakin Cavabdeh həmin torpaq sahəsindən çıxarılması mümkün olmamışdır. Ona görə də Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edir ki, JN-00xx xxx 40113018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının əsli cavabdehdədir və həmin aktı da onlara qaytarmır. xx xxxx 2008-ci ildə Balakən rayon Talalar kənd X6 tərtib edilmiş ərizəyə o və əri İddiaçı1 imza atmış, lakin ərizədəki sözləri onlar yazmamışlar. O və İddiaçı1 Cavabdeh sözügedən torpaq sahəsinə görə cəmi 1200 manat pul almışlar. Lakin onlar Cavabdeh 15000 manat pul almamışlar. Əvvəllər cavabdehlə münasibətləri normal olmuş, onunla mübahisələri 2019-cu ilin əvvəllərində yaranmışdır. İlk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, məhkəmə qarşılıqlı iddianı təmin edərkən müqavilələr üzrə iddia müddətinin ötürülməsini nəzərə almamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnamənin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və qarşılı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili (həmçinin İddiaçı1 nümayəndəsi) Vəkil2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi hazırda mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur. İddiaçılar mübahisəli torpaq sahəsini 2008-ci il tarixdə cavabdehə icarə vermiş, həmin vaxtdan da cavabdeh istifadə edir. İş materiallarında olan ərizə, yəni iddiaçı tərəfin torpağın əvəzi olaraq cavabdehdən 15000 manat almaları həqiqəti əks etdirmir. Belə ki, həmin imzalar iddiaçılara məxsus deyil. Bundan əlavə cavabdeh bu müddət ərzində həmin torpaq sahəsindən xeyli məbləğdə gəlir, qazanc əldə etmişdir. Hesab edir ki, ərizə ilə bağlı iddia müddəti də keçmişdir. Ona görə də apelyasiya şikaytətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını və qarşılıqlı iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X11 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi iddiaçı tərəfin adına olsa da, əslində iddiaçılar 2008-ci il tarixdə həmin torpaq sahəsini 15000 manata cavabdehə satmışdır. Cavabdeh də həmin torpaq sahəsini artıq özününki zənn edərək, əkib-becərmiş, aqrotexniki qulluq etmiş və xeyli məbləğdə pul xərcləmişdir. Cavabdeh hələ indi-indi torpaqdan gəlir götürmək istəyirdi ki, iddiaçı tərəf hazırki mübahisəni qaldırmışdır. Hazırki mübahisənin də qaldırılmasına səbəb o olmuşdur ki, iddiaçılar cavabdehdən əlavə 3000 manat pul tələb etmiş, cavabdeh də əlacsız qalıb 2500 manat ödəməyə razılıq vermişdir. Lakin cavabdeh demişdir ki, əgər əlavə 2500 manat pul ödəyirsə, onda notariat kontoruna gedərək torpağı onun adına sənədləşdirsinlər. Çünki artıq onlar arasında etibar qalmamışdır. İddiaçı tərəf əvvəlcə razılaşmış, lakin aktda adı qeyd olunmuş Nazdı Sarıyev adlı şəxs öldüyündən vərəsəlik işinin açılması zərurəti yaranmış, bundan sonra iddiaçı tərəf imtina etmişdir. Sonra cavabdeh də ödəmiş olduğu 15000 manatı geri tələb etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-789/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, ilk iddiaçı tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-00xx xxx 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, İddiaçı1, İddiaçı2, X3 və X8 ümumi birgə mülkiyyətinə verilmişdir. Talalar kənd sakini İddiaçı1 Hüsyen oğlunun xx xxxx 2008-ci il tarixli, Balakən RİHBnın Talalar İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş və İddiaçı1, İddiaçı2, X10 və X13 tərəfindən imzalanmış ərizədən görünür ki, xüsusi mülkiyyətlərinə verilmiş 061 saylı Dövlət Aktında göstərilmiş 1.30 ha torpaq sahəsini Balakən rayonu Talalar kənd sakini Cavabdeh 15000 (on beş min) manata birdəfəlik olaraq satmışdır. Bundan sonra həmin torpaq barəsində heç bir iddiaları olmayacaqdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 12047 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş xx xxxx 2008-ci ildə Balakən rayon Talalar kənd X6 tərtib edilmiş ərizədə İddiaçı1 sözünün qarşısındakı imzanın İddiaçı1 tərəfindən, İddiaçı2 sözünün qarşısındakı imzanın İddiaçı2 tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı və tədqiq edilmiş sübutlar əsasında müəyyən edildi ki, iddiaçılara və onların ailə üzvlərinə Balakən rayon X1 xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.37 pay torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə JN 00xx xxx 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 2008-ci ilin iyun ayında İddiaçı1 və İddiaçı2 Dövlət Aktında göstərilən 61D cizgidə yerləşən 12975 kvm (1.30 ha) torpaq sahəsini satmaq niyyəti ilə cavabdehə vermiş, lakin sənədlər qaydasında olmadığından notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirə bilməmişlər. Bundan sonra xx xxxx 2008-ci ildə onların iştirakı ilə Balakən rayon Talalar kənd X6 İddiaçı1 və ailə üzvlərinə məxsus olan 1.30 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini Cavabdeh satmalarına dair ərizə tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin ərizədə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.30 ha torpaq sahəsini 15000 manata Cavabdeh satılması göstərilmiş, həmin sənədə İddiaçı1, İddiaçı2, X10 və X13 imza etmiş, həmin yazılı ərizə notarial qaydada təsdiqlənmişdir. Lakin 2019-cu ildə tərəflər arasında yenidən sənədləşmə və əlavə pul tələbi ilə bağlı mübahisə yarandığından və həmin mübahisəni məhkəmədənkənar qaydada həll edə bilmədiklərindən iddiaçılar hazırki iddia ilə, cavabdeh də öz növbəsində qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətlərində göstərilmiş dəlillər əsassız olduğundan qətnamənin qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh iddiaçılarla qarşılıqlı razılığa gələrək hazırki mübahisəli torpaq sahəsindən istifadə etməyə başlamış və həmin ərazi ilə bağlı heç bir mübahisənin olmayacağını zənn edərək həmin torpağa öz zəhməti və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Bundan əlavə, sual yaranır, əgər torpaq sahəsi qarşılıqlı razılıq əsasında cavabdehə verilməmişdirsə, həmin torpağa dair mülkiyyət hüququnu təsdiq edən sənəd niyə cavabdehdə olur və torpağın bütün vergisi cavabdeh tərəfindən ödənilir. İkincisi, nəyə görə iddiaçı tərəf bu ötən müddət ərzində deyil, məhz 11-12 ildən sonra mübahisə qaldırır? Buradan da göründüyü kimi cavabdeh öz aralarındakı danışığı, eləcə də təsdiq olunmuş xx xxxx 2008-ci il tarixliərizəni qarşılıqlı etimad kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin 1.30 ha torpaq sahəsini 11 il müddətinə 1200 manata icarəyə verilməsi heç də ağlabatan və inandırıcı görünmür. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinə Cavabdeh sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, iddiaçı tərəfin irаdəsinə uyğun оlmuşdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etməklə yanaşı, eyni zamanda cavabdeh tərəfindən almış olduqları pulun da qaytarmaq vəzifəsinin daşıyıcısıdırlar. Çünki cavabdeh tərəfindən verilmiş pulun onun iradəsindən asılı olmayan səbəbdən birdən-birə iddiaçı tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, ilk iddianı qismən, qarşılıqlı iddianı isə tam təmin etməklə, eləcə də tələblərin eyni vaxtda icra olunması qənaətinə gəlməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İkincisi, ilk iddiaçı tərəf onlara 15000 manat məbləğdə pul verilmədiyini və buna görə də qətnamənin həmin hissədə ləğv olunması və onun dəlillərinin əsasında yeni qətnamə çıxarılmasını xahiş edir. Lakin, qeyd olunan ərizə ilə iddia olunan məbləğdə pul verilmədiyi halda, həmin ərizədəki şərtlərlə razılaşaraq ərizənin imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın rədd olunmasını tələb edirlər. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsi ilə bağlı ödənilmiş və tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə imzaladıqları ərizə üzrə pulun qaytarılması tələbidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-789/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar