Məhkəmə qərarları › İş №2(107)-503/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-503/2021

24.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-503/2021 24.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (sədrlik edən) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh Lətifovnanın nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Lətifovnaya qarşı cavabdehin ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması, sərhədlərin dəqiqləşdirilməsi, həmin torpağın ölçülüb ona verilməsi, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tаrixli, 2(024)-06/2020 saylı qətnaməsindən Cavabdeh Lətifovna tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(024)-06/2020 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, Cavabdeh Lətifovnanın İddiaçı mülkiyyətində olan Qax rayonu Turaclı kəndində yerləşən 1.86 ha torpaq sahəsinin 956 kv.m hissəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsi ölçülərək İddiaçı verilməsi, iş üzrə hər biri 50 manat olmaqla, ümumilikdə 100 manat ekspertiza xərclərinin Cavabdeh Lətifovnadan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh Lətifovnana qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Lətifovnanın ona məxsus olan Qax rayonu Turaclı kəndində yerləşən 0,40 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, həmin torpağın ölçülüb ona verilməsi, 10000 manat maddi ziyanın və 1500 manat mənəvi ziyanın Cavabdeh Lətifovnadan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(024)-06/2020 saylı qərardadına əsasən iddia tələbinin “torpaq sərhədlərinin dəqiqləşdirilməsi”nə dair hissəsi məhkəmənin aidiyyətində olmadığı üçün tələbin həmin hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qax rayon Dövlət Notariat Kontorunun 02.06.2002-cı il tarixli 4 Ə-55 saylı alqı- satqı müqaviləsi ilə o Qax rayonu Turaclı kəndində 1.86 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair onun adına Kod 40317018 saylı JN: 393 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş və həmin dövlət aktı Qax rayon Torpaq şöbəsində kitabda 27 yanvar 2004-cü il tarixdə 11448 nömrə ilə qeydə alınmışdır. Həmin torpaq sahəsi Kod 40317018, JN: 393 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun xüsusi mülkiyyətidir və torpağın bütün vergilərini o ödəyir. Lakin həmin torpağın 0.40 ha hissəsindən qanunsuz olaraq Cavabdeh Sabir qızı istifadə edir, otunu, fındığını yığır və s. və həmin torpaqdan çıxmır. Uzun müddətdir ki, cavabdeh onun fındıq bağından istifadə edib, fındıq məhsulu götürüb və ona maddi ziyan vurmuşdur. Bu müddət ərzində cavabdehin ona vurduğu maddi ziyan 10000 manatdan da çoxdur. Cavabdehdən 10000 manat maddi və 1500 manat mənəvi ziyan tələb edir. Cavabdeh Sabir qızına dəfələrlə həmin torpaqdan çıxması barədə xəbərdarlıq etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin həmin torpağa heç bir hüququ yoxdur, o istəyir ki, zorla həmin torpağı ondan alsın. Cavabdeh onun hüquqlarını pozur, qanuni əsaslarla ona məxsus olan torpaqdan istifadə etməyə qoymur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh Sabir qızının ona məxsus olan Qax rayonu Turaclı kəndində yerləşən 0,40 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpaq sərhədlərinin dəqiqləşdirilməsi, həmin torpağın ölçülüb ona verilməsi, 10000 manat maddi ziyanın və 1500 manat mənəvi ziyanın Cavabdeh Sabir qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh Lətifovna apellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsi işin hüquqi və faktiki hallarını tam araşdırmamış, yalnız iddiaçı tərəfin mənafeyinə əsaslanmışdır. Mülki iş üzrə iştirakı olmadan iki dəfə özbaşına ekspertiza keçirilməsini təmin etmiş, mülki mübahisəyə baxılması qaydasının pozulması ilə nəticələnən qətnamə qəbul edərək məhkəmə müdafiəsi hüququndan istifadəyə imkan yaratmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. İşə baxan məhkəmə nəzərə almamışdır ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış və plan ölçüyə əsasən, Qax rayonu, Turaclı kənd ərazisində yerləşən 1.4074 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Yəni İddiaçı mülkiyyətində olan, Turaclı kəndində yerləşən torpaq sahəsi ilə qonşu torpaq sahəsi onun mülkiyyətindədir. Onun mülkiyyətində olan torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə sərhəd boyunca kanal vasitəsi ilə ayrılmışdır. Mülkiyyətində olan torpaq sahəsinin plan ölçüsünə əsasən iddiaçı ilə sərhəddi düzdür. Hansı ki, dəfələrlə mütəxəssiz tərəfindən yerində yoxlama aparılmışdır. Görünən odur ki, iddiaçı ilk öncə 0.40 ha torpaq sahəsini ondan tələb etsə də, ikinci ekspert rəyindən sonra tələbini dəyişmiş, mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin cizgisi daxilində istifadə etdiyi törpdq sahəsi 1.41 hektardır, torpaq sahəsinin 3291 kv.m hissəsi su arxları, kanala və digər mülkiyyətçilərin torpaq sahələrinə düşdüyü üçün ondan 956 kv.m torpaq sahəsi tələb etmişdir. İşə baxan məhkəmə onun mülkiyyət hüququnu pozaraq 956 kv.m torpaq sahəsi hissəsində tələbi təmin etmişdir. İddiaçının mülkiyyətində 1.86 ha torpaq sahəsi var, rəyə əsasən hal-hazırda istifadə etdiyi torpaq sahəsi 1.41 hektardır. Buradan belə məlum olur ki, istifadə oluna bilinməyən torpaq sahəsi 0.45 hektardır. Lakin tələb 0.40 ha olmuşdur. Həmin istifadə olunmayan 0.45 ha torpaq sahəsindən 0.3291 ha hissəsi su arxları, kanala və digər mülkiyyətçilərin torpaq sahələrinə düşmüş və qalan 0.0956 ha hissəsi guya onun tərəfindən zəbt olunmuşdur. Ona görə də Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(024)-06/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin olunmuş hissəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Lətifovnanın nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(024)-06/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin olunmuş hissəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(024)-06/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Lətifovna məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh Lətifovna qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmuş hissəsini-1.86 ha torpaq sahəsinin 956 kv.m hissəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsi ölçülərək İddiaçı verilməsi hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirdiyi hissələrdə apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tаrixli, 2(024)-06/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş JN-0393, KOD-40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonunun Turaclı kəndində yerləşən 1.86 ha pay torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir bölməsinin 21.06.2019-cu il tarixli, 2483 saylı arayışdan görünür ki, İddiaçı erməni təcavüzü nəticəsində yaşayış yerini tərk etmiş, Mingəçevir şəhərində müvəqqəti məskunlaşmışdır. Hal hazırda Mingəçevir şəhəri, H.Əliyev küçəsi, ev 2a, mənzil 50-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2020-ci il tarixli, 10/2292 saylı rəyindən görünür ki, JN- 0393, KOD 40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin cizgisi daxilində istifadə etdiyi torpaq sahəsi 1.41 hektardır. Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin 956 kv.m hissəsi Cavabdeh Sabir qızının istifadəsində olan torpaq sahəsinə, qalan 3291 kv.m hissəsi su arxları, kanala və digər mülkiyyətçilərin torpaq sahələrinə düşür. Həmin torpaq sahəsinin kompleks yequruluşu layihəsi, Çıxarış və naturada vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qeyd olunur ki, mübahisəli torpaq sahəsinə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, pay torpaqlarının bölgü layihəsi) Mərkəzə təqdim olunmadığından ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki. mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 21.06.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qax rayonu, Turaclı kəndinin ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (seriya RX 0948660) və planölçü sənədinə əsasən Cavabdeh Lətifovnanın mülkiyyətində olan 1.4074 kv.m torpaq sahəsinin həmin plan-ölçü sənədi Qax rayonu, Turaclı kəndinin Kompleks Yerquruluşu Layihəsində ilkin olaraq JN-190 saylı Dövlət Aktı (2.91 ha) planşetinə əsasən işlənmişdir. Həmin layihə Pulkovo-42 koordinat sistemində işləndiyindən indiki “WG84- Grid” koordinat sisteminə keçiddə müəyyən koordinat sürüşmələri xətaları baş vermişdir. Cavabdeh Lətifovnanın mülkiyyətində olan 1.4074 kv.m və eləcə də 1.50 ha k/t təyinatlı torpaq sahələrinə işlənən müvafiq olaraq 085894 və 051188 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin plan-xəritə hissəsi layihəyə uyğun göstərilsə də döngə nöqtələrinin koordinatları naturaya uyğun gəlmir. Kompleks Yerquruluşu Layihəsinə uyğun olaraq bu mübahisəli torpaq sahələri ortofotoplan üzərində dürüstləşdirilmişdir. Dürüstləşdirilən mübahisəli torpaq sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə aerofotoplan üzərində aydın şəkildə göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN-0393, KOD-40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonunun Turaclı kəndində yerləşən 1.86 ha pay torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinin 956 kv.m hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu əsas gətirərək cavabdehin həmin hissədən məcburi çıxarılması, həmin torpağın ölçülüb ona verilməsi, 10000 manat maddi ziyanın və 1500 manat mənəvi ziyanın Cavabdeh Sabir qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün İddiaçı əvvəlki ekspertiza rəyi ilə razılaşmadığı üçün onun vəsatəti ilə təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 15 sentyabr 2020ci il tarixli, 10/2292 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə JN-0393, KOD 40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin cizgisi daxilində istifadə etdiyi torpaq sahəsi 1.41 hektar olması, Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin 956 kv.m hissəsi Cavabdeh Sabir qızının istifadəsində olan torpaq sahəsinə, qalan 3291 kv.m hissəsi su arxları, kanala və digər mülkiyyətçilərin torpaq sahələrinə düşdüyü, həmin torpaq sahəsinin kompleks yequruluşu layihəsi, Çıxarış və naturada vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilməsi göstərilmişdir. Bu faktlar iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də təsdiq olunur. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi barədə vəsatət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(107)-503/2021 saylı qərardadı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Müstəqil Ekspertizа Mərkəzi MMC-yə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Müstəqil Ekspertizа Mərkəzi MMC-nin 03 iyun 2021-ci il tarixli, 153 nömrəli rəyindən görünür ki, Kompleks Yerquruluşu Layihəsi əsasında mübahisəli torpaq sahəsi üzrə naturada və ərazinin ümumi xəritəsi üzərində aparılan ekspertiza tədqiqatı nəticəsində Qax rayonu, Turaclı kəndinin ərazisində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (kod- 40317018, JN-393) əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin həmin Dövlət Aktının planında (cizgisində) 16.9997 ha və 0.1629 ha olmaqla planşetdə göstərilən ölçü və koordinatları faktiki olaraq yerində mövcuddur. Lakin bu torpaq sahəsinin 0.3405 ha hissəsi qonşu istifadəçisi Cavabdeh Lətifovnanın RX seriyalı ******* saylı çıxarışla mülkiyyətində olan 1.4074 ha torpaq sahəsinin 085894 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatları daxilində yerləşir, yəni üst-üstə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən məhkəmələr alternativ ekspertizanın xidmətlərindən yararlana bilərlər. Qanunvericilikdəki yeniliklərə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmalıdır. Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin məhkəmələrə ünvanladığı 01 iyun 2021-ci il tarixli, 02/28-75 saylı məktubundan görünür ki, Ədliyyə Nazirliyi tərəfindən qeyd olunan sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimləmə məsələləri tam həllini tapdıqdan sonra ölkəmizdə pözəl ekspertiza institutunun tətbiqi mümkün olacaqdır. Lakin bu iş başa çatdırılmadığı halda və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə etməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən rəy hazırlanır və məhkəmələrə təqdim olunur. Belə sənədləri özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Müstəqil Ekspertizа Mərkəzi MMC-nin fəaliyyəti qeyd olunan tələblərə cavab vermədiyindən məhkəmə kollegiyası cəmiyyətin hazırkı işlə bağlı verdiyi rəyi sübut kimi qəbul etmir. Digər tərəfdən, Müstəqil Ekspertizа Mərkəzi MMC-nin verdiyi rəy sübut qəbul olunsaydı belə, məhkəmə kollegiyası həmin rəyi ona görə nəzərə almayacaqdı ki, həmin rəydə cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müəyyən etdiyi ölçüdən daha artıq torpaq sahəsinin zəbt etdiyi müəyyən olunur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanımalıdır. Məhkəmə kollegiyasının həmin nəticəyə gəlməsi həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2020-ci il tarixli, 10/2292 saylı rəyindən irəli gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi həmin rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 956 kv.m torpaq sahəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd etməyi lazım bilir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Şikayətin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tаrixli, 2(024)-06/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Lətifovna tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tаrixli, 2(024)-06/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar