Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-506/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, X8 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8, Cavabdeh2 və X3 qarşı “əqdin etibarlı sayılması tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1393/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1393/2020 nömrəli qətnaməsi ilə İddiaçı “Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (kod 40402048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh3, Hüseynova (Heydarova) Nabat Məhərrəm qızı və Cavabdeh4 xüsusi mülkiyyətində olan 7.482299 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində onunla cavabdehlər arasında xx xxxxxx 2003-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair” iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Cavabdeh1, Cavabdeh3, Hüseynova (Heydarova) Nabat Məhərrəm qızı və Cavabdeh4 xüsusi mülkiyyətində olan 7.482299 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində onunla cavabdehlər arasında xx xxxxxx 2003-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2003-cü il tarixdə Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1, Cavabdeh3, X5 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 7.482299 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini pulunu tam ödəməklə onlardan satın almışdır. xx xxxxxx 2003-cü il tarixdə torpaq sahəsinin o vaxtkı pulla dəyəri olan 19 250 000 (on doqquz milyon iki yüz əlli min) manat pul məbləğini cavabdehlərə tam şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Hüseynova (Heydarova) Nabat Məhərrəm qızı və Cavabdeh4 xüsusi mülkiyyətlərinə verilmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adlarına xx xxxx 1998-ci il tarixli, JN:0040 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanmışdır. Torpaq sahəsinin dəyərini ödədikdən sonra cavabdehlər torpaq sahəsini və torpaq sahəsinə dair onlarda olan JN:0040 (kod 40402048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini ona təhvil vermişlər. Həmin torpaq sahəsi qeyd edilən tarixdən onun faktiki istifadəsindədir. Cavabdeh1 həyat yoldaşı X6 dayısı, digər cavabdehlər isə onun ailə üzvləri olmaları səbəbindən o, qeyd edilən torpaq sahəsini satın almasına baxmayaraq torpaq sahəsinin rəsmi sənədlərdə cavabdehlərin adlarında qalmasına əhəmiyyət verməmişdir. 2014-cü ildə Cavabdeh1 yanına gələrək qızı Cavabdeh2 sosial müavinət təyin edilməsi üçün JN:0040 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın əslinin lazım olduğunu bildirmiş və həmin sənədi ona verməyini xahiş etmişdir. O, aralarındakı qohumluğa və torpağı satın aldıqdan sonra keçən 11 il ərzində heç vaxt torpaq sahəsini mübahisələndirmədiklərinə arxayın olaraq, heç bir şeydən şübhələnmədən dövlət aktının əslini Cavabdeh1 vermişdir. xx xxxxxx 2014cü il tarixdə cavabdeh Heydarova (Hüseynova) Nabat Məhərrəm qızı qeyd edilən torpaq sahəsinin özünə aid hissəsini notariat qaydasında, rəsmi müqavilə əsasında atası Cavabdeh1 bağışlamışdır. Müqavilə bağlandıqdan sonra Cavabdeh1 bağlanmış müqavilənin bir nüsxəsini və Dövlət Aktının notariat qaydasında təsdiq edilmiş surətini ona vermiş, bir daha nə vaxt istəsə torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Torpaq sahəsini əvvəllər öz adına sənədləşdirməyə özü də tələsməmiş, cavabdehlərə inandığından onların nə vaxsa torpaq sahəsini adına rəsmiləşdirməkdən imtina edəcəklərini güman etməmişdir. Son bir neçə ildə isə qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədilə cavabdehlərə müraciət edərək torpaq sahəsini onlarda olan müvafiq sənədlərlə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini xahiş etmişdir. Cavabdehlər bu yaxınlaradək torpaq sahəsini ona satmış olmalarını, torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də, müxtəlif səbəblər göstərərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün müvafiq notariat kontoruna gəlməkdən yayınır, guya ona müddətsiz icarəyə verdiklərini, icarə müddətinin artıq başa çatdığını deyərək torpaq sahəsini geri götürmək istəyirlər. O, qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ xx xxxxxx 2003-cü il tarixdə tam icra etmişdir. Cavabdehlər isə satıcı kimi öz üzərlərinə düşən öhdəlikdən, yəni müvafiq torpaq sahəsini onun adına rəsmiləşdirmək üçün notariat kontoruna gələrək müvafiq alq- satqı müqaviləsinə imza etməkdən yayınırlar. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasını müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X9 İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə onların 4 nəfər ailə üzvünə 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adlarına “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Qeyd edilən Dövlət Aktına əsasən onlara 7.48 ha və 0.60 ha olmaqla iki hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi onlara verildikdən sonra bir neçə il istifadə etmişlər. 2003-cü ilin yanvar ayında ailə üzvlərindən birinin xəstələnməsi ilə əlaqədar pula ehtiyacları olmuşdur. Həmin vaxtdan başlayaraq qohumları və həmkəndliləri, hazırkı iş üzrə İddiaçı 2003-cü ilin iyun ayınadək hissə-hissə olmaqla 3500 (üç min beş yüz) manat borc pul almışlar. 2003cü ilin iyun ayında taxıl biçilən zaman məhsulu sataraq digər borclarını ödəmişlər. Lakin cavabdeh qohumları olduğu üçün onun borcunu sonra verəcəklərini bildirdikdə o narazılıq etmiş, bu səbəbdən torpağın mülkiyyət sənədini verərək borc bitənədək 7.48 ha torpağı əkib-becərməsini bildirmişlər. İki ildən sonra, yəni 2005-ci ildə torpağın mülkiyyət sənədlərini qaytarmağı cavabdehdən tələb etdikdə o, etiraz etmiş, hələ borcun bitmədiyini bildirmişdir. Növbəti il yenidən cavabdehə müraciət etdikdə arvadını onların evinə göndərmiş və torpağı qaytarsalar ciddi problemlər yaradacağını bildirmişdir. İddiaçının arvadı bir müddət gözləməyi və güzəşt etməyi xahiş etmişdir. Beləliklə, 2007-ci ildən başlayaraq hər il taxıl biçən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin sonuncu hər dəfə müxtəlif bəhanələrlə torpağı qaytarmaqdan yayınmışdır. Nəhayət, bu yaxınlarda mülkiyyətlərində olan torpaq sahələrinə dövlət reyestrindən çıxarış almışlar. Onlar iddiaçıya mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağı təklif etsələr də, sonuncu buna razı olmamışdır. Nəticədə onlar xx xxxxxx 2020-ci il tarixdə Şəki rayonu Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan, cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş 7.48 hektar torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və İddiaçı vurulmuş zərərə (əldən çıxmış fayda) görə 19448 (on doqquz min dörd yüz qırx səkkiz) manat pulun alınaraq onlara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan hazırkı iş üzrə məhkəmə bildirişi gəlmiş, bundan sonra onlara məlum olmuşdur ki, iddiaçı torpağın tərəflərindən ona satıldığını iddia edir. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçının əsaslandığı dəlillərdən birincisi ondan bir dəfə - xx xxxxxx 2003-cü ildə pul aldıqları barədə olan uydurmasıdır. Faktiki olaraq isə onlar 2003cü ilin yanvar ayından başlayaraq 2003-cü ilin iyun ayına qədər ailə üzvlərindən birinin xəstələnməsi ilə əlaqədar bir neçə dəfə borc pul almışlar. İddiaçının ikinci mülahizəsi 2014-cü ildə Cavabdeh2 öz payını ona bağışlaması və guya həmin alqı-satqı müqaviləsinin surətini iddiaçıya verilməsidir. Əgər torpağın iddiaçıya satılması barədə aralarında hər hansı razılaşma olsaydı, Cavabdeh2 torpaq payını ona bağışlayan zaman hamısı torpaqlarını iddiaçıya satardı. İddiaçının növbəti yalanı torpağın qiyməti barədədir. Əvvəla, 2003-cü ildə torpağın bir hektarının qiyməti 500 manat olmamışdır. Digər tərəfdən iddiaçı onlara altı ay ərzində cəmi 3500 (üç min beş yüz) manat borc pul vermişdir. İddia ərizəsində iddiaçının şahidlər barəsində qeyd etdiklərinə gəldikdə isə onlar iddiaçının çıxılmaz vəziyyətə düşən insanlara cüzi miqdar pul verərək torpaqlarını əllərindən aldığı şəxsləri şahid kimi dəvət edə bilərlər. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, torpaq vergisini 2003-2007-ci illər ərzində özü, 2007- 2020-ci illərdə İddiaçı torpaqdan istifadə etdiyindən özü ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cavabdeh Hüseynova (Heydarova) Nabat Məhərrəm qızı birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, İddiaçı onun kürəkəni (qızının həyat yoldaşı), Cavabdeh1 onun qardaşıdır. Hər iki tərəflə daimi gediş-gəlişləri olmuşdur. Mübahisəli torpağın qardaşı tərəfindən yeznəsinə satıldığından xəbəri olmuşdur. Lakin torpaq müqabilində pulun verilməsi-alınması, əqd barədə sövdələşmələrdə iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, İddiaçı onun həyat yoldaşı, Cavabdeh1 onun dayısıdır. Dayısı Cavabdeh1 onlara müraciət edərək kredit borcu olduğunu, ailəsinə məxsus torpağı satmaq istədiyini bildirmişdir. Onlar razı olmuş, indiki pulla 3800 manat müqabilində torpağı almışlar. Cavabdeh pulu gəlib onların evindən götürmüş, pulu götürərkən həyat yoldaşı ona yazığı gəldiyindən 100 manat da artıq pul vermişdir. Pulu götürərkən torpağı ömürlük onlara satdığını bildirmişdir. Həmin vaxt dövriyyədə başqa pullar olduğundan torpağın dəyərini “şirvan”la ödəmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Onlar torpağın dəyərini birdəfəyə ödəmişlər. Bunun üçün hətta özlərinə məxsus mal-qaranı satmışlar. 2003-cü ildə toprağın hər hektarı o vaxt dövriyyədə olmuş pulla bir milyon yarım manata olmuşdur. Onlar arasında alqı-satqı həyata keçirilmişdir. Lakin həmin vaxt cavabdehlərə inandıqlarından, həmçinin qohum olduqlarından sənədləşdirmə işlərində israrlı olmamışlar. Hazırda cavabdehlərin niyə belə etdiklərini başa düşə bilmir. Belə ki, keçən 17 il ərzində onlar arasında torpaq üstündə hər hansı mübahisə olmamış, cavabdehlər torpağı satdıqlarını bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, 2009-cu ildən Şəki rayonu Qayabaşı bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. Həm iddiaçı, həm də cavabdehlər həmkəndliləri və qohumlarıdırlar. Bələdiyyədə vergilərin toplanması işini o həyata keçirir. Mübahisəli torpağın vergisini almaq üçün Cavabdeh1 müraciət etmiş, o isə torpağı İddiaçı satdığını, vergini o ödəyəcəyini bildirmişdir. 2015-ci ildə torpaq vergisini İddiaçı ödəmişdir. Sonradan bələdiyyə sistemində “vahid pəncərə prinsipi” tətbiq edilmiş, mübahisəli torpaq üzərində ödənilməmiş 200 manata yaxın vergi borcunun qalması müəyyən edilmişdir. Bu zaman verginin ödənilməsi ilə bağlı İddiaçı müraciət etmiş, sonuncu Cavabdeh1 torpağı sənədləşdirməkdən yayındığını bildirərək ödəməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1393/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ 2003-cü ilin əvvəlində tam icra etmişdir. Cavabdehlər isə satıcı kimi öz üzərlərinə düşən öhdəlikdən yayınır, yəni müvafiq torpaq sahəsini onun adına rəsmiləşdirmək üçün notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə imza etmirlər. Cavabdehlər 2003-cü ilin yanvar ayında ailə üzvlərindən birinin xəstələnməsi ilə əlaqdar pula ehtiyacları olduğu üçün ondan hissəhissə indiki pulla 3500 (üç min beş yüz) manat məbləğində borc aldıqlarını, 2003-cü ilin yayında mübahisə obyekti olan torpaq sahəsini tam şəkildə ona təhvil verdiklərini və həmin tarixdən indiyədək torpaq sahəsinin onun istifadəsində olduğunu etiraf etmişlər. Cavabdehlər torpaq sahəsini 2003-cü ildə ona satmış olmalarını müxtəlif vaxtlarda bir çox şəxsin yanında özləri də etiraf etmişlər. Məhkəmə iclasında onun vəsatəti ilə şahid qismində dindirilmiş X10, X12, X7 və X4 öz izahatlarında cavabdehlər Cavabdeh1, X8 və X2 hələ 2003-cü ildə torpaq sahəsini ona satmalarının, torpaq sahəsinin dəyəri olan pul məbləğini 2003-cü ildə ondan tam şəkildə almalarının onlara məlum olduğunu, bu faktları əvəllər cavabdehlərin özləri də inkar etmədiklərini, son vaxtlar isə bunu inkar etdiklərini bildirmişlər. Məhkəmə qətnamə qəbul edərkən işdə olan bütün mövcud sübutları kompleks halında düzgün qiymətləndirməmiş, iddia predmeti olan torpaq sahəsi barədə əqdin həqiqətən bağlandığının, torpaq sahəsinin satılması müqabilində razılaşdırılmış bütün pul məbləğinin cavabdehlər tərəfindən ondan alındığının tam sübuta yetirilməsinə baxmayaraq məhkəmə yanlış qənaətə gəlmişdir. Buna görə də hesab edir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, X8 və X11 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1393/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı və onun vəkili X9 məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili X9 vəsatətlə müraciət edərək başqa məhkəmədə işi olması ilə əlaqədar hazırkı məhkəmə iclasının təxirə salınaraq başqa vaxta təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı və onun vəkilinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz hesab edərək, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1393/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş JN:0040 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri Cavabdeh1, Cavabdeh3, X5 və Cavabdeh4 8.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 rayonu Qayabaşı kəndində yerləşən 8.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özünə düşən ¼ hissəni Cavabdeh1 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********81 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 7.48 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 (2/4 hissə), Cavabdeh3 (1/4 hissə) və Cavabdeh4 (1/4 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********04 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 0.60 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 (2/4 hissə), Cavabdeh3 (1/4 hissə) və Cavabdeh4 (1/4 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Cavabdeh1, Cavabdeh3, Hüseynova (Heydarova) Nabat Məhərrəm qızı və Cavabdeh4 xüsusi mülkiyyətində olan 7.482299 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə iddiaçı arasında xx xxxxxx 2003cü il tarixdə bağlanmış alqı-satqı əqdi etibarlı sayıla bilməz. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə dair qənaətini onunla əsaslandırmışdır ki, konkter halda daşınmaz əmlakla bağlı əqdin bağlanmasının qanunla müəyyən olunmuş formasına riayət edilməmişdir. İddiaçı və iddiaçı tərəfindən dəvət olunmuş şahidlər torpaq sahəsinin cavabdehlər tərəfindən İddiaçı ömürlük satıldığını qeyd etmişlər. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” xx xxx 2006-cı il tarixli Qərarında vurğulamışdır ki, “əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır”. Həmçinin, cavabdehlər torpaq sahəsinin iddiaçıya borc qarşılığında müvəqqəti istifadə üçün verildiyini və onlara həmin torpağa görə hər hansı pul məbləği verilmədiyini bildirmişlər. Bundan başqa, iddiaçı tərəfindən əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin cavabdeh tərəfin təqsiri ucbatından baş verməsi və məhz cavabdeh tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə dair qənaətinin prosessual və maddi hüquqi əsasları kimi mülki prosessual və mülki qanunvericiliklərin müvafiq normalarına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticəyə gəlməsini əsaslandırdığı arqumentlərlə razılaşır. Belə ki, Konstitusiya Məhkəməsi “İ.K.Rəcəbovun şikayəti üzrə” xx xxxx 2006-cı il tarixli Qərarında göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır... Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir... Mülki Məcəllənin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, qeyd edilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: - yazılı formada bağlanması; - notariat qaydasında təsdiqlənməsi... Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. “S.Əliyevanın şikayəti üzrə” xx xxx 2006-cı il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır... Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə” x xxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi eyni hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Konstitusiya Məhkəməsinin hüququ mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Birinci hal, yəni əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməli olması halı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əqdin bağlanması üçün ilk növbədə tərəflərin iradə ifadəsi olmalı və tərəflərin nəzərdə tutduqları əqd ən azı formal baxımdan artıq baqlanmış olmalıdır. İş materiallarından göründüyü kimi, mübahisə yaranan zaman Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əldə olmuş və cavabdehlər həmin sənəd əsasında torpaq sahəsini qanuni şəkildə (notarial qaydada) özgəninkiləşdirmək imkanına malik olmuşlar. Belə olduğu halda torpaq sahəsinin alqı-satqısı barədə əqd bağlamaq üçün əvvəlcədən iddiaçının cavabdehlərə notariat orqanına getmələrini niyə təklif etməməsi və buna mane olan səbəblər aydın deyildir. Əgər həmin vaxt cavabdehlər notariat orqanına getməkdən yayınmışlarsa, deməli, onların (yaxud onlardan hər hansı birinin və ya bir neçəsinin) həmin əqdi bağlamaq niyyətləri olmamışdır. İkinci hal, yəni məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı olması halı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əgər həqiqətən də torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərin nəzərdə tutduqları əqd bağlanmış olsaydı və buna onların iradə ifadəsi mövcud olsaydı, o zaman cavabdehlərin notariat kontoruna getməkdən yayınmaları üçün əsas və səbəb olmazdı. Üçüncü hal, yəni əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl olunması halı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Artıq qeyd edildiyi kimi, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqısatqısı haqqında müqavilənin etibarlı sayılmasını iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının notarial formasına riayət edilməməsi onların etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. AR MPM-nin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə mübahisəsi zamanı daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş müqavilə çıxış edə bilər. Həmin əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması yolverilməzdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri qanuni, əsaslı və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. İddiaçının etibarlı sayılmasını iddia etdiyi əqdin bağlanması zamanı qanunla müəyyən olunmuş forma tələbinə əməl edilmədiyindən həmin əqd etibarlı və bağlanmış sayıla bilməz. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1393/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1393/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-506/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-506/2021
24.02.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver