Məhkəmə qərarları › İş №2(107)-518/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-518/2021

01.04.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-518/2021 01.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1470/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)-1470/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “əqdin etibarlı sayılması” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 (bundan sonra cavabdeh və ya Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 8.08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında xx xxxxxx 2004-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2004-cü il tarixdə Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətində olan cəmi 8.08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı ayrı-ayrı yerlərdəki üç torpaq sahəsini pulunu tam ödəməklə onlardan satın almışdır. xx xxxxxx 2004-cü il tarixdə 8.08 ha torpaq sahəsinin dəyəri olan 20 200 000 (iyirmi milyon iki yüz min) AZM [4040 (dörd yüz qırx) manat] pul məbləğini cavabdehlərə tam şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətlərinə verilmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adlarına xx xxxx 1998-ci il tarixli, JN:0017 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanmışdır. Torpaq sahəsinin dəyərini ödədikdən sonra cavabdehlər torpaq sahəsini və torpaq sahəsinə dair onlarda olan JN:0017 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini itirdiklərini bildirərək həmin sənədin surətini ona təhvil vermişlər. Həmin torpaq sahəsi qeyd edilən tarixdən onun faktiki istifadəsindədir. Torpaq sahələrini əvvəllər öz adına sənədləşdirməyə özü də tələsməmiş, cavabdehlərə inandığından onların nə vaxsa torpaq sahələrini adına rəsmiləşdirməkdən imtina edəcəklərini güman etməmişdir. Son vaxtlarda qeyd edilən torpaq sahələrini öz adına rəsmiləşdirmək məqsədilə cavabdehlərə müraciət edərək onlarda olan müvafiq sənədlərlə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini xahiş etmişdir. Cavabdehlər bu yaxınlaradək torpaq sahəsini ona satmaqla torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də, torpaq aktının əslinin olmadığını səbəb göstərərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığını demişlər. Son günlərdə ona məlum olmuşdur ki, cavabdehlər ona satdıqları toıpaq sahələrinə dair yeni mülkiyyət hüququ tanıyan sənədlər əldə etmişlər. Bundan sonra cavabdehlərə bir daha başqa şəxslər vasitəsilə müraciət edərək satın aldığı torpaq sahələrini adına rəsmiləşdirilməsini tələb etmişdir. Sonuncular hazırda torpaq sahələrini ona satdıqlarını inkar edərək torpaq sahəsini geri götürmək istəyirlər. O, qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ xx xxxxxx 2004-cü il tarixdə tam icra etmişdir. Cavabdehlər isə satıcı kimi öz üzərlərinə düşən öhdəlikdən, yəni müvafiq torpaq sahəsini onun adına rəsmiləşdirmək üçün notariat kontoruna gələrək müvafiq alqı-satqı müqaviləsinə imza etməkdən yayınırlar. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X6 İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə onların 4 nəfər ailə üzvünə 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adlarına “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Qeyd edilən Dövlət Aktına əsasən onlara 7.48 ha dəmyə və 0.60 ha suvarılan olmaqla, iki hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi onlara verildikdən sonra on ildən çox istifadə etmişlər. 2009-cu ilin avqust ayında ailə üzvlərindən birinin xəstələnməsi ilə əlaqədar pula ehtiyacları olmuşdur. Həmin vaxtdan başlayaraq həmkəndliləri, hazırkı iş üzrə İddiaçı qardaşı X2 2009cu ilin sonunadək hissə-hissə olmaqla 4000 (dörd min) manat borc pul almışlar. 2010-cu ilin iyun ayında taxıl biçilən zaman X4 onlardan borcunu tələb etmiş, lakin imkanı olmadıqlarından ödəyə bilməmişdir. Bundan sonra X4 borcu hissə-hissə ödəməyi təklif etmiş, onlar imkanları olmadığından borc bitənədək 7.48 ha torpağı əkib-becərməsini bildirmişlər. Üç ildən sonra, yəni 2012-ci ildə torpağın mülkiyyət sənədlərini qaytarmağı cavabdehdən tələb etdikdə o, etiraz etmiş, hələ borcun bitmədiyini bildirmişdir. Növbəti il yenidən cavabdehə müraciət etdikdə arvadını onların evinə göndərmiş və torpağı qaytarsalar ciddi problemlər yaradacağını bildirmişdir. Beləliklə, 2012-ci ildən başlayaraq hər il taxıl biçən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin sonuncu hər dəfə müxtəlif bəhanələrlə torpağı qaytarmaqdan yayınmışdır. Nəhayət, bu yaxınlarda mülkiyyətlərində olan torpaq sahəsini şumlamaq istədikdə X4 buna mane olmuşdur. Onlar iddiaçıya mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağı təklif etsələr də, sonuncu buna razı olmamışdır. Nəticədə onlar xx xxxxxxxx 2020-ci il tarixdə Şəki rayonu Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi tələbinə ilə məhkəməyə müraciət etmişlər. Sonradan hazırkı iş üzrə məhkəmə bildirişi gəlmiş, bundan sonra onlara məlum olmuşdur ki, iddiaçı torpağın tərəflərindən ona satıldığını iddia edir. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçının əsaslandığı dəlillərdən birincisi ondan bir dəfə pul aldıqları barədə olan uydurmasıdır. Faktiki olaraq isə onlar 2009-cu ilin yanvar ayından başlayaraq həmin ilin sonuna qədər X2 bir neçə dəfə borc pul almışlar. İddiaçının ikinci mülahizəsi torpağın qiyməti barədədir. Əvvəla, 2009-cu ildə torpağın bir hektarının qiyməti iddiaçının qeyd etdiyi kimi olmamışdır. Digər tərəfdən iddiaçı onlara bir ilə yaxın müddət ərzində cəmi 4000 (dörd min) manat borc pul vermişdir. İddia ərizəsində iddiaçının şahidlər barəsində qeyd etdiklərinə gəldikdə isə onlar iddiaçının çıxılmaz vəziyyətə düşən insanlara cüzi miqdar pul verərək torpaqlarını əllərindən aldığı şəxsləri şahid kimi dəvət edə bilərlər. Ən maraqlısı isə odur ki, hazırkı iddia ərizəsi iddiaçının qardaşı deyil, iddiaçı tərəfindən verilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Onlar torpağın dəyərini 2004-cü ildə birdəfəyə ödəmişlər. 2003-2004-cü illərdə toprağın hər hektarının dəyəri əvvəlki dövriyyə ilə təxminən bir milyon yarım olmuşdur. Onlar arasında alqı-satqı həyata keçirilmişdir. Lakin həmin vaxt cavabdehlərə inandıqlarından sənədləşdirmə işlərində maraqlı olmamışlar. Hazırda cavabdehlərin vədlərindən niyə döndüklərini başa düşə bilmir. Belə ki, keçən 16 il ərzində onlar arasında torpaq üstündə hər hansı mübahisə olmamış, cavabdehlər torpağı satdıqlarını bilmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsindəsində bildirmişdir ki, o, traktor sürücüsüdür. Uzun müddətdir ki, mübahisəli torpağı o şumlayır. Xidmətinə görə haqqı da həmişə iddiaçıdan almışdır. Həmin torpağın iddiaçıya məxsus olduğunu, cavabdehlər tərəfindən satıldığını bilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş JN:0017 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 8.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1470/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X6 izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1470/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1470/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: JN-0017 nömrəli Kоd-40402048 Tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət Аktındаn görünür ki, Şəki Rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının xx xxxxxx 1997-ci il tаrixli 41 nömrəli qərаrı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 8.08 hа kənd təsərrüfаtı məhsullаrı istehsаlı üçün tоrpаq sаhəsi verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən cavabdehlərin xüsusi mülkiyyətində olan cəmi 8.08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı ayrı-ayrı yerlərdəki üç torpaq sahəsini pulunu tam ödəməklə alqı-satqı müqaviləsi olmaqla 2004-cü ildə aldığını iddia edir. Cavabdehlər isə iddiaçının qardaşı X2 2009-cu ilin sonunadək hissə-hissə olmaqla 4000 (dörd min) manat borc pul aldıqlarını, imkanları olmadıqlarından ödəyə bilməmişlər. X1 borcu hissə-hissə ödəməyi cavabdehlərə təklif etmiş, onlar imkanları olmadığından borc bitənədək 7.48 ha torpağı əkib-becərməsini bildirmişlər. 2012-ci ildə torpağın mülkiyyət sənədlərini qaytarmağı cavabdehdən tələb etdikdə o, etiraz etmiş, hələ borcun bitmədiyini bildirmişdir. 2012-ci ildən başlayaraq hər il taxıl biçən vaxt iddiaçıdan torpağı qaytarmasını tələb etmişlər. Lakin iddiaçı hər dəfə müxtəlif bəhanələrlə torpağı qaytarmaqdan yayınmışdır. Onlar iddiaçıya mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağı təklif etsələr də, sonuncu buna razı olmamış, nəticədə onlar xx xxxxxxxx 2020-ci il tarixdə Şəki rayonu Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Sonradan cavabdehlərə hazırkı iş üzrə məhkəmə bildirişi gəlmiş, bundan sonra onlara məlum olmuşdur ki, iddiaçı torpağın tərəflərindən ona satıldığını iddia edir. Cavabdehlər iddianı qəbul etmirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 336.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Göründüyü kimi iddiaçı tərəf cavabdehlərlə aralarındakı hüquq münasibətinin alqısatqı müqaviləsi olmaqla 2004-cü ildə, cavabdeh tərəf isə borc müqaviləsi olmaqla 2009cu ildə yarandığını iddia edir. Hazırkı iş üzrə sübutetmə yükünün iddiaçının üzərinə düşür. Lakin bu halların baş verməsi iddiaçı tərəfindən sübut edilməmiş və şahid ifadələri ilə təsdiqlənməmişdir. Odur ki, tərəflər arasındakı hüquq münasibətinin 2004-cü ildə yaranması ilə bağlı iddiaçının tələbinə kollegiya tənqidi yanaşır. Bundan başqa iddiaçı sözügedən pul məbləğinin cavabdehlərə alqı-satqı qarşılığında verildiyini iddia etsə də, cavabdehlər pulun əslində alqı-satqı müqaviləsinin deyil, borc müqaviləsinin predmeti kimi çıxış etdiyini, borc qarşılığında iddiaçının 2009-2020-ci illərdə torpaqdan istifadə etdiyini bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 8.08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə iddiaçı arasında xx xxxxxx 2004-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması haqqında iddia tələbi sübut olunmadığından təmin edilə bilməz. Kollegiyaya görə, birinci instansiya məhkəməsi düzgün olaraq məhkəmə iclasında ifadə verən şahid ifadələrinə tənqidi yanaşmışdır. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən dəvət olunmuş şahidlərin torpaq sahəsinin cavabdehlər tərəfindən İddiaçı satıldığını qeyd etmişlər. Göründüyü kimi şahidlərdən biri iddiaçının yaxın qohumu, digəri isə tərəflər arasında hər hansı əqdin bağlanması barədə heç bir fikir ifadə etməmiş, torpağın iddiaçıya satıldığını eşitdiyini bildirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsassız olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “X3” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçıının apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1470/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1470/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar