Məhkəmə qərarları › İş №2(107)-519/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-519/2021

24.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-519/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1469/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1469/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş Şəki rayonu Qayabaşı kəndində yerləşən 8.08 ha torpaq sahəsinin zəbt edilmiş 7.48 ha hissəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 7.48 ha hissəsinin boşaldılaraq onlara təhvil verilməsi, cavabdeh tərəfindən vurulmuş zərərə (əldən çıxmış fayda) görə 11968 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar tərəfindən verilmiş vəsatət təmin edilərək Cavabdeh2 da cavabdeh qismində cəlb edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 iddia ərizəsində tələbilərini onunla əsaslandırmışlar ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə onların 4 nəfərlik ailəsinə 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə keçmiş DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adlarına xx xxxx 1998-ci il tarixli, JN-0017 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Qeyd edilən Dövlət Aktına əsasən onlara 7.48 ha və 0.60 ha olmaqla, iki hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi onlara verildikdən sonra on ildən çox istifadə etmişlər. 2009-cu ilin avqust ayında ailə üzvlərinin pula ehtiyacı olmuşdur. Həmin vaxtdan başlayaraq həmkəndliləri, hazırkı iş üzrə Cavabdeh1 2009-cu ilin sonunadək hissə-hissə olmaqla cəmi 4000 (dörd min) manat borc pul almışlar. 2010-cu ilin iyun ayında taxıl biçilən zaman Cavabdeh1 onlardan borcunu tələb etmiş, lakin imkanları olmadığından ödəyə bilməmişlər. Bundan sonra Cavabdeh1 borcu hissə-hissə ödəməyi təklif etmiş, onlar imkanları olmadığından borc bitənədək 7.48 ha torpağı əkib-becərməsini bildirmişlər. Üç ildən sonra, yəni 2012-ci ildə torpağın mülkiyyət sənədlərini qaytarmağı cavabdehdən tələb etdikdə o, etiraz etmiş, hələ borcun bitmədiyini bildirmişdir. Növbəti il yenidən cavabdehə müraciət etdikdə yenidən etiraz etmiş və torpağı qaytarsalar ciddi problemlər yaradacağını bildirmişdir. Beləliklə, 2012-ci ildən başlayaraq hər il taxıl biçən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin sonuncu hər dəfə müxtəlif bəhanələrlə torpağı qaytarmaqdan yayınmışdır. Nəhayət, bu yaxınlarda mülkiyyətlərində olan torpaq sahəsini şumlamaq istədikdə Cavabdeh1 buna mane olmuşdur. Onlar cavabdehə mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağı təklif etsələr də, sonuncu buna razı olmamışdır. 2012-ci ildən keçən 8 il ərzində cavabdeh onlara xeyli zərər vurmuşdur. Belə ki, bir hektar torpaqdan 20 sentner olmaqla məhsul götürülür. Taxılın qiymətinin bir kiloqramını 20 qəpikdən götürdükdə 20 sentnerə 400 manat gəlir əldə etmək mümkündür. Həmin vəsaitin 50%-ni xərclərə çıxdıqda bir ildə hər hektardan ən azı 200 manat xalis gəlir götürülür. Beləliklə bir ildə 7.48 hektar torpaqdan əldə olunan gəlir 1496 manat təşkil edir. Cavabdehlər tərəfindən 8 il ərzində onlara vurulmuş zərər cəmi 11968 manat təşkil edir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 2004-cü il tarixdə Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 xüsusi mülkiyyətində olan cəmi 8.08 hektar kənd təsərrüfatı təyinatlı, ayrı-ayrı yerlərdə yerləşən torpaq sahələrini pulunu tam ödəməklə onlardan satın almışdır. xx xxxxxx 2004-cü il tarixdə 8.08 ha torpaq sahəsinin o vaxtkı pulla dəyəri olan 20.200.000 (iyirmi milyon iki yüz min) AZM, indiki pulla 4400 (dörd min dörd yüz) manat pul məbləğini iddiaçılara tam şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 xüsusi mülkiyyətlərinə verilmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adlarına xx xxxx 1998-ci il tarixli, JN:0017 (kod 40402048) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanmışdır. Torpaq sahəsinin dəyərini ödədikdən sonra iddiaçılar torpaq sahəsini və torpaq sahəsinə dair onlarda olan JN:0017 (kod 40402048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini itirdiklərini bildirərək həmin sənədin surətini ona təhvil vermişlər. Həmin torpaq sahəsi qeyd edilən tarixdən onun faktiki istifadəsindədir. Torpaq sahələrini əvvəllər öz adına sənədləşdirməyə özü də tələsməmiş, iddiaçılara inandığından onların nə vaxsa torpaq sahələrini adına rəsmiləşdirməkdən imtina edəcəklərini güman etməmişdir. Son vaxtlarda qeyd edilən torpaq sahələrini öz adına rəsmiləşdirmək məqsədilə iddiaçılara müraciət edərək onlarda olan müvafiq sənədlərlə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini xahiş etmişdir. İddiaçılar bu yaxınlaradək torpaq sahəsini ona satmaqla torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də, torpaq aktının əslinin olmadığını səbəb göstərərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığını demişlər. Son günlərdə ona məlum olmuşdur ki, iddiaçılar ona satdıqları torpaq sahələrinə dair yeni mülkiyyət hüququ tanıyan sənədlər əldə etmişlər. Sonuncular hazırda torpaq sahələrini ona satdıqlarını inkar edərək torpaq sahəsini geri götürmək istəyirlər. O, qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ xx xxxxxx 2004-cü il tarixdə tam icra etmişdir. Torpaq uzun müddətdir ki, onun istifadəsində və sərəncamındadır. Torpaq sahəsini satın aldığından iddiaçıların ona qarşı hər hansı iddiaları qanunsuz və əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər Cavabdeh1 Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1469/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların iddia ərizəsində Salehdən 2009-cu ilin birinci yarısında hissə-hissə cəmi 4000 (dörd min) manat pul borc almaları, borcu verə bilmədiklərinə görə bunun əvəzinə 7,48 hektar torpaq sahəsini borcun əvəzində müvəqqəti istifadə etmək üçün Salehə vermələri barədə fikirləri tam yalandır və məhkəmə prossesində də bu fikirlər nəinki heç bir mötəbər sübutla öz təsdiqini tapmamış, əksinə, digər sübutlarla tam təkzib olunmuşdur. İş materiallarında da torpaq sahəsinin Salehə borcun əvəzində müvəqqəti istifadə üçün verilməsinə dair hər hansı sübut mövcud deyildir. Mübahisə obyekti olan torpaq sahəsinin 2004-cü ilin əvvəllərində tərəfindən pulu tam şəkildə ödənilməklə iddiaçılardan satın alınması, həmin torpaq sahəsinin keçən 16 il ərzində onun istifadəsində olması, iddiaçıların torpaq sahəsinin pulunu ondan tam şəkildə alaraq satmaları və torpaq sahəsini ona təhvil vermələri mötəbər sübutlarla tam sübuta yetirilmişdir. İddiaçıların Salehdən 2009-cu ildə torpaq sahəsinin dəyərinə uyğun bir məbləğdə 4000 (dörd min) manat borc pul almaları, əvəzinə müvəqqəti istifadə üçün torpaq sahəsi vermələri inandırıcı və məntiqli deyildir. Heç kim verdiyi məbləğdə dəyəri olan əmlakı satın ala biləcəyi halda bir neçə illik icarəyə götürməz. Hazırda əsl sahibi o olduğu torpaq sahəsini iddiaçılar öz adlarına olmasından sui-istifadə edərək ələ keçirmək istəyirlər. Torpaq sahəsinin uzun müddətdir iddiaçıların istifadələrində olmaması, torpaq sahəsinin satıldığı andakı dəyərinə uyğun məbləğdə pulu iddiaçıların almış olması, torpaq sahəsinin əkilib-becərilməsinə görə dövlət tərəfindən verilən subsidiyanı onun alması və torpaq sahəsinin vergilərinin onun tərəfindən ödənilməsi işin mübahisə edilməyən hallarıdır. Qeyd edilənlərə əsasən iddiaçıların iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Məhkəmədə izahat verərək göstərmişdir ki, o, əslində hazırkı iddia üzrə cavabdeh qismində cəlb edilməməliydi. Belə ki, iddia predmeti olan torpaq sahələrini hələ xx xxxxxx 2004-cü il tarixdə Cavabdeh2 pulunu tam şəkildə ödəməklə iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 satın almışdır. Həmin tarixdə alqı-satqı barədə iddiaçılarla Cavabdeh2 arasında razılaşma olmuş, torpaq sahələrinin o vaxtkı pulla dəyəri olan 20.200.000 (iyirmi milyon iki yüz min) AZM, indiki pulla 4400 (dörd min dörd yüz) AZN pul məbləği Əhməd tərəfindən iş üzrə iddiaçılara tam şəkildə ödənilmiş, torpaq sahələri və torpaq sahələrinə dair iddiaçıların adlarına olan sənədlərin surəti Əhmədə təhvil verilmişdir. Hazırda 16 ildir ki, qeyd edilən torpaq sahələri Cavabdeh2 istifadəsindədir. Keçən müddət ərzində cavabdeh qeyd edilən torpaq sahələrini əkib becərmiş, vergilərini ödəmiş və torpaq sahəsi üçün verilən subsidiyaları almışdır. Son vaxtlaradək iddiaçılar özləri də hər yerdə torpaq sahələrini Əhmədə satmalarını etiraf edirdilər. Bu fakt barədə kəndin bütün camaatına, onları və iddiaçıları tanıyan çoxlu sayda adamlara da məlumdur və onlar məhkəmədə bu faktı təsdiq edə bilərlər. Onu da qeyd edirlər ki, hər ikisi 2003- 2004-cü illərdə təkcə iddiaçılardan yox, başqa şəxslərdən də torpaq sahələri satın almışlar. Həmin torpaq sahələrinin bəziləri hələ də adlarına rəsmiləşdirilməmişdir. İddiaçılar da torpaq sahələrinin rəsmiləşdirilməməsindən sui-istifadə edərək satmış olduqları torpaq sahələrini geri alıb yenidən sahiblənmək istəyirlər. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1469/2020 nömrəli qətnаməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1469/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan JN:0017 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 8.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materialları ilə müəyyən edilir ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 8.08 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 adlarına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin 7.48 ha hissəsinin cavabdehlər tərəfindən istifadə olunması müəyyən edilmişdir. İddiaçılar həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddianı müdafiə edirlər. Cavabdehlər isə torpaq sahəsinin iddiaçılar tərəfindən 2004-cü ildə onlara satıldığını bildirərək iddianı qəbul etməmişlər. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə, hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. İşin hallarından müəyyən olunur ki, JN:0017 nömrəli (kod 40402048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçılara məxsus 8.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7.48 ha hissəsi cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə olunur. Torpaq sahəsi iddiaçıların mülkiyyətində olmaqla onların razılığı ilə müəyyən müddət cavabdehlərin istifadəsində olsa da, lakin indi iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin özlərinə qaytarılmasını tələb edirlər. Cavabdehlər torpaq sahəsinin iddiaçılar tərəfindən onlara satıldığını bildirsələr də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən heç bir qanuni əsas, o cümlədən müqavilə əsası olmadan istifadə etməkdədirlər. Mübahisəli torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindən olduğundan həmin torpaq sahəsi onlardan alınaraq iddiaçılara təhvil verilməlidir. Cavabdehlərin mübahisəli torpaq sahəsini iddiaçılardan pulunu ödəyib aldıqları barədə dəlilləri həqiqətə uyğun olmuş olsa belə, lakin tərəflər arasındakı sövdələşmə (əqd) qanunun tələb etdiyi formada bağlanmadığından etibarlı sayıla bilməz. Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. AR MPM-in 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə mübahisəsi zamanı daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş müqavilə çıxış edə bilər. Həmin əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması yolverilməzdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mübahisəli 7.48 ha torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi tələbinə aid hissəsinin təmin edilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmuş, işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Qətnamənin bu hissəsi ilə bağlı cavabdehlərin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbuledilməzdir. Birinci instansiya məhkəməsi iddianı cavabdehlərdən vurulmuş zərərə (əldən çıxmış fayda) görə 11968 manat pulun alınaraq iddiaçılara verilməsi tələbinə aid hissədə təmin etməmiş, iddiaçılar da qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1469/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1469/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar