Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-519/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qzının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh nümayəndəsi, eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tаrixli, 2(037)-1001/2023 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-141/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 08 sentyabr 2011-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində qeydə alınmış 207 nömrəli nikah akt qeydinin pozulması qət edilmişdir.
2. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi X3 məxsusdur.
3. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində ümumi sahəsi 241.5 kv.m, 0,1645 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur..
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Asim, xx.xx.2012-ci il təvəllüdlü Hüseyn adlı uşaqların və onun cavabdehin atasına məxsus və cavabdehin faktiki yaşadığı İsmayıllı rayonu, İsmayıllı (Aşağı Baş) kəndində yerləşən mənzilə köçürülməsi, həmin evdən istifadə hüququnun tanınması və mediasiya xərci olaraq ödədiyi 51 manat və dövlət rüsumu olaraq ödədiyi 51 manat, cəmi 102 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, toy günü cavabdehin atasının mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı (Aşağı Baş) kəndində yerləşən mənzilə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yığmışdır. Hazırda yaşamağa yeri olmadığı üçün məcbur olub cavabdehin yaşadığı evdə sığınacaq istəmişdir. Belə ki, dəfələrlə gəlin köçdüyü evə köçmək istəsə də, cavabdeh ona imkan verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onun və azyaşlı uşaqlarının cavabdehin yaşadığı, İsmayıllı rayonu, İsmayıllı (Aşağı Baş) kəndində yerləşən mənzilə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o sözügedən mənzilə gəlin köçdükdən sonra həmin mənzilə qeydiyyata düşmüşdür. Bundan əlavə onun azyaşlı uşaqlarının həmin evdən payları var, onlar həmin evdə onunla birgə yaşama hüququna malikdirlər. Hesab etmişdir ki, onun gəlin köçdüyü evdən istifadə hüququ vardır və azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməlidir.Ona görə də iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/atası X4 təmsil etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında X4 iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən fərdi yaşayış evi onun mülkiyyətindədir. Oğlu ilə iddiaçı evləndikdən sonra müvəqqəti olaraq özünə məxsus fərdi yaşayış evinə köçürmüş,lakin aralarında olan narazılıqda dolayı boşanmışlar və boşandıqdan sonra iddiaçı atası evinə getmişdir. Eləcə də, iddiaçı çıxıb getdiyi müddət ərzində evə qayıtmaq və ailəsini bərpa etmək barədə heç bir təşəbbüs göstərməmişdir. Əlavə olaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi üzərində onun özünün tam mülkiyyət hüququ qeydiyyata alınmış, o isə iddiaçını ailə üzvü kimi qəbul etmir və onun evə köçməsinə razı deyildir. Digər ailə üzvləri də iddiaçını ailə üzvü kimi qəbul etmirlər. Ona görə də hazırkı vəziyyətdə iddiaçının mübahisəli evə köçüb yaşamasını mümkünsüz sayır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
9. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 27 noyabr 2023-cü il tаrixli, 2(037)-1001/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2, 180.3-cü, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 218.1-ci maddələrinə, “Uşaqların hüquqları haqqında” ” Azərbaycan Respublikası Qanununun 4, 5, 20-ci “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli, 8 oktyabr 2013-cü il tarixli, 11 iyul 2014-cü il tarixli və 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etməklə istinadla əsaslandırmışdır.
11. İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tаrixli, 2(037)-1001/2023 saylı qətnaməsindən nаrаzı qalan İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun tərtib edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının 23 aprel 2024-cü il tarixli protokol qərardadı ilə X4 iş üzrə müstəqqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi, eyni zamanda müstəil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tаrixli, 2(037)-1001/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
21. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
22. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur;
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respblikasının Mənzil Məcəlləsi
26. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri - 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (...). - 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (...).
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
27. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
30. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
32. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
33. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
37. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; (...).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarı; .... Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı; ... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
V. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tаrixli, 2(037)-1001/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, xx.xx.2023-cü il tarixdə nikahları pozulmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Asim və xx.xx.2012-ci il təvəllüdlü Hüseyn adlı uşaqları doğulmuşdur. Toy günü cavabdehin atasının mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı (Aşağı Baş) kəndində yerləşən mənzilə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yığmışdır. İddiaçı 2022-ci ilin oktyabr ayının 11-də yaranmış ailədaxili narazılıq səbəbindən azyaşlı uşağı ilə birlikdə mübahisəli evdən çıxmışdır. Hazırda iddiaçı mübahisəli evə köçürülməsini və həmin evdən istifadə hüququnun müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
49. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh 2011-ci ildə ərinin atasına məxsus fərdi yaşayış evinə gəlin köçdüyü tarixdə mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evinə dair Vahid İsayevin adına fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin fərdi yaşayış evi Vahid İsayevin qanuni sahibliyində olmaqla, onun həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuş, sözügedən fərdi yaşayış evinə dair onun adına xx.xx.2022-ci il tarixdə çıxarış verilmişdir.
50. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2-ci hissəyə “səlahiyyətli orqanlar” sözlərindən sonra “və digər təşkilatlar” sözləri əlavə edilsin; 1.2. 2.4-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun: “2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;”. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem,plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.
51. Göründüyü kimi fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport aid olduğu daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir.
52. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
53. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
54. Həmin Qərarda daha sonra göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
55. Ona görə də 2011-ci ildə cavabdehin atası Vahid İsayevin mübahisəli fərdi yaşayış evinə mövcud olan hüquq müəyyənedici sənədi, yəni fərdi yaşayış evinin texniki pasportu mülkiyyət hüququna dair sənəd kimi qəbul edilməli və onun həmin sənədlə təsbit olunmuş hüquqları gözlənilən mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir.
56. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X5 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X5 Məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.
58. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olubolmamasının müəyyən edilməsini zəruri hesab edir.
59. Kollegiya hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2011-ci ildə gəlin köçdüyündən, 2022-ci ilin oktyabr aprel ayının ortalarında mübahisəli evi tərk etdiyindən, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındığından iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi müvafiq olaraq tətbiq edilməlidir.
60. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
61. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
62. Belə olan halda mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının cavabdehin atası, yəni mülkiyyətçi X2 ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil,ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
64. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması,qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
65. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
66. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin və torpaq sahəsinin tam mülkiyyətçisi olan onun keçmiş qayinatası, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 ilə birlikdə mübahisəli fərdi yaşayış evində sonuncunun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır.
67. İddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur.
68. Belə ki, qanunun tələbinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (26-cı paraqraf)
69. Belə olan halda, kollegiya yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvünün yararlanması ilə bağlı qeyd edir ki, cavabdehin keçmiş ailə üzvü kimi iddiaçının mübahisəli evə köçürülməsi mülkiyyətçinin əsaslı mənafelərinə uyğun deyildir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
71. Kollegiya təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin cavabdehin atası,X2 adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan cavabdehin ailə üzvü olmadığına görə özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququ yaranmamışdır.
72. Kollegiya, həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır.
73. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə,yaxud razılıq,habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.
74. Məhkəmə kollegiyası, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı mülkiyyətçinin ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmə hüququnun yaranması üçün kifayət qədər əsaslar mövcud deyildir.
75. Kollegiya iddia tələbini cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Asim və xx.xx.2012-ci il təvəllüdlü Hüseyn adlı uşaqlara münasibətdə də əsassız hesab edir.
76. Belə ki, işin hallarına əsasən xx.xx.2014-cü il təvəllüdlü Asim və xx.xx.2012-ci il təvəllüdlü Hüseyn adlı uşaqlar nikah pozulduqdan sonra anası hazırkı tələb üzrə İddiaçı himayəsində saxlanılmışdır. Belə olan halda iddiaçının hazırda yaşadığı yer onun yetkinlik yaşına çatmayan uşağının da yaşayış yeri sayılır (23-cü paraqraf).
77. Yuxarıda şərh olunanlara əsasən, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına səbəb ola biləcək hallar müəyyən edilmişdir.
78. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisə predmeti olan yaşayış evinə istifadə hüququnun yaranmadığı nəticəsinə gələrkən haqlı olsa da, mübahisənin prosessual əsaslarını müəyyən etməkdə səhvə yol vermişdir.
79. Belə ki, iş materiallarlndan görünür və işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan yaşayış evi cavabdehin deyil, onun atasının –məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş Vahid İsayevin mülkiyyətindədir.
80. İddia tələblərindən biri məhz Vahid İsayevin mülkiyyətində olan yaşayış evinə iddiaçının istifadə hüququnun tanınmasından ibarətdir.
81. Belə olan halda iddia mübahisə predmeti olan yaşayış evinin mülkiyyətçisi kimi Vahid İsayevə qarşı yönəlməli idi.
82. Lakin birinci instansiya məhkəməsi həmin şəxsi işin baxılmasına cəlb etməmiş, bununla da prosessual qanunvericiliyinin tələblərini pozmuşdur.
83. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tаrixli, 2(037)-1001/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
84. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu onun özünə aid edilməlidir (34-35-ci paraqraflar). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tаrixli, 2(037)-1001/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov