Məhkəmə qərarları › İş №2(107)-52/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-52/2023

22.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-52/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiyyətindəki torpaq sahəsindən məcburi çıxarma və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: mülkiyyət hüququ, vurulmuş ziyanın ödənilməsi, preyudisiallıq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətindəki torpaq sahəsindən məcburi çıxarma və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(014)-43/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı mülkiyyətindəki torpaq sahəsindən məcburi çıxarma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşməklə mülkiyyətində olan 0.6610 hektar torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, torpaq sahəsinin onun hesabına öz əvvəlki vəziyyətinə qaytarılmasına, onun özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmasına, ona məxsus əmlakından məhrum edilməyi ilə əlaqədar vurulmuş ziyan kimi 800 manat miqdarında ziyan məbləğinin və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0.6610 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsünə dair xx.xx.2018-ci il tarixli sənəddə torpaq sahəsinin koordinatları dəqiq qeyd edilmişdir. Cavabdeh 2003-cü ildən 18 il ərzində faziləsiz olaraq mülkiyyətçi hüquqları ilə istifadəsində və mülkiyyətində olan torpaq sahəsini heç bir müvafiq əsaslar və xəbərləri olmadan bu ilin yazında özbaşına zəbt etmiş, sahədən qanunsuz istifadə etməyə başlamış, onun hər il taxıl əkini sahəsi kimi istifadə etdiyi sahəyə müxtəlif ağaclar əkməklə ona ziyan vurmuşdur. Onun özbaşına hərəkətlərinin qəti yolverilməzliyi və torpağından qeyri-şərtsiz çıxması ilə əlaqədar cavabdehə və müxtəlif qurumlara etdikləri müraciətlər nəticəsiz qalmış, müsbət nəticə verməmişdir. Torpağın onun mülkiyyətində olmasına baxmayaraq cavabdeh mülkiyyət hüququnu aşkar şəkildə pozmaqla qanuni tələblərini qulaqardına vurmaqda davam etmişdir. Buna görə də qeyd olunan məsələyə məhkəmə qaydasında baxılması, cavabdehin ona məxsus torpaq sahəsindən məcburi çıxarılması, özbaşına hərəkətlərinə qəti son qoyulması və dəymiş ziyanın ödənilməsi üçün hazırki iddia ilə müraciət etmişdir. Əvvəllər daimi olaraq həmin sahədə taxıl əkmiş və hər il üzrə həmin sahədən minimum 1600-1800 kiloqram arası taxıl əldə etmişdir. Odur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşməklə mülkiyyətində olan 0.6610 hektar torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, torpaq sahəsinin onun hesabına öz əvvəlki vəziyyətinə qaytarılması, onun özbaşına hərəkətlərinə birdəfəlik son qoyulması, ona məxsus əmlakından məhrum edilməyi ilə əlaqədar vurulmuş ziyan kimi 800 manat miqdarında ziyan məbləğinin və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(014)-43/2022 saylı qətnaməsi (hakim F.Nəsibov) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0.6610 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin Cavabdeh tərəfindən əvvəlki vəziyyətinə qaytarılması, onun özbaşına hərəkətlərinə birdəfəlik son qoyulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30.40 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 215 manat, cəmi 245 manat 55 qəpiyin (iki yüz qırx beş manat, əlli beş qəpik) Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0.6610 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddia edilən 0.6610 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X22 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X22 X49”ndə olan məlumatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6610 hektar torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşdüyündən iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0.6610 hektar torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi Cavabdeh tərəfindən əvvəlki vəziyyətinə qaytarılmalı, onun özbaşına hərəkətlərinə son qoyulmalı, əmlakdan məhrum edilməyi ilə əlaqədar ona vurulmuş 800 manat məbləğində ziyanı sübut edəcək hər hansı bir sənəd təqdim edilmədiyi üçün iddia həmin hissədə rədd edilməli, ödənilmiş 30.40 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 215 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 213.1, 213.2, 214.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, tam qanunsuz, ədalətsiz və əsassız olmuşdur. Belə ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0.6610 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmasına əsas olmuş Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 saylı qətnaməsi mübahisələndirilmiş, həmin qətnamədən apellyasiya şikayəti Ağdaş Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş. 2(014)- 43/2022 saylı qətnamə isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə yekun qərar qəbul edilənədək, 2(014)-43/2022 saylı mülki iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsi prosessual pozuntudur. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında o, mülki iş üzrə icraatın dayandırılması barədə ərizə təqdim etmək istəmiş, məhkəmə ərizəni qəbul etməmişdir. O, məhkəmə iclasında iddianı qəbul etməyərək, mübahisə predmeti olan torpaq sahəsini icarəyə verdiklərini, sənədlərin Nimət tərəfindən alındığını və həmin sənədlərin onlara vermədiyini, torpağın onun adına olduğunu, 0.6610 hektar torpaq sahəsinə aid sənədlərin isə onda olmadığını, həmin torpaq sahəsini 2008-ci ildə 10 illik Nimətə verdiyini bildirib və buna görə də iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Ağdaş rayon AİK-nın 22 sentyabr 1998-ci il tarixli 17 saylı qərarı ilə 12 mart 1999-cu il tarixdə 1544 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (JN:0046, ********) Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində 0,66 hektar torpaq sahəsi X42 (xx.xx.2005-ci ildə vəfat etmişdir), X32, X33 və Cavabdeh paylı mülkiyyətinə verilmişdir. xx.xx.2005-ci ildə ailə başçısı X29 vəfatından sonra iki ildən artıq müddət ərzində mülkiyyətində olan Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində 0,66 hektar torpaq sahəsi istifadəsində olmuşdur. 2008-ci ilin əvəllərində torpaq sahəsini 10 illik olaraq əvəllər tanıdığı İddiaçı istifadəsinə vermişlər. Su pulu və vergi istənilməməsi üçün torpağın mülkiyyətə verilməsinə dair dövlət aktını da İddiaçı vermişlər. 3-4 ildir ki, torpaq onların istifadəsindədir. Meyvə ağacları əkmişlər, ağaclar böyütmüşlər. Ağdaş Rayon Məhkəməsindən bildiriş gələndən sonra onlara məlum olmuşdur. Onların mülkiyyətində olan torpaq sahəsini İddiaçı qanunsuz olaraq mülkiyyətinə almışdır. İddiaçı ona qarşı torpaq sahəsindən məcburi çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı qətnamə əsasında onların mülkiyyətində olan 0.66 ha torpaq sahəsini öz mülkiyyətinə aldırmışdır. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 saylı qətnaməsindən məlumatı olmamışdır. Qətnamənin qanunsuz olmasının əsaslarından biri də ondan ibarətdir ki, onlara məxsus torpağın İddiaçı satılmasına razı olmuşdursa, məhkəmədə nə işləri olmuşdur. Məhkəmədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə hansı zərurət olmuşdur? Məhkəmə alqı-satqı fəaliyyətini həyata keçirən orqandırmı? Notariat Kontoruna gedib alqı-satqı müqaviləsini rəsmiləşdirərdilər. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(014)-43/2022 saylı qətnaməsinin ləğv edilməsini, Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli 2(014)-330/2008 saylı qətnaməsindən şikayət üzrə yekun məhkəmə aktı qəbul edilənədək, İddiaçı ona qarşı mülkiyyətindəki torpaq sahəsindən məcburi çıxarma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair işin icraatının dayandırılmasını və 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 saylı qətnaməsindən verilmiş şikayətin nəticəsindən asılı olaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklərinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. “M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, “MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan (iddiaçı və ya cavabdeh qismində) asılı olmayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir. Bu əsasa görə də, Konstitusiya Məhkəməsi hesab etmişdir ki, apelyasiya və kassasiya instansiyaları məhkəmələri MPM-in 82.3-cü maddəsini tətbiq etməmiş, mübahisəli torpaq sahəsinin M.Xocalıyevin qanuni istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən bunu sübut etməkdən azad olunan hal kimi qiymətləndirməmişlər. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasmı yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında da qeyd olunur ki, Azərbavcan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırdmış, qiymətləndirilmiş, tələbin və (və va) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 aprel 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(014)-43/2022 saylı qətnaməsinin ləğv edilməsini, Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 saylı qətnaməsindən şikayət üzrə yekun məhkəmə aktı qəbul edilənədək, İddiaçı ona qarşı mülkiyyətindəki torpaq sahəsindən məcburi çıxarma və vurulmuş ziyan ödənilməsi tələbinə dair işin icraatının dayandırılmasını və 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 saylı qətnaməsindən verilmiş şikayətin nəticəsindən asılı olaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(014)-43/2022 saylı qətnaməsinin mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(014)-43/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddia edilən 0.6610 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0.6610 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmasına əsas olmuş Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 saylı qətnaməsi mübahisələndirilmiş, həmin qətnamədən apellyasiya şikayəti Ağdaş Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş, 2(014)-43/2022 saylı qətnamə isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)- 330/2008 saylı qətnaməsində verilmiş apellyasiya şikayəti üzrə yekun qərar qəbul edilənədək, 2(014)-43/2022 saylı mülki iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsi, prosessual pozuntudur. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında o, mülki iş üzrə icraatın dayandırılması barədə ərizəni təqdim etmək istəmiş, məhkəmə ərizəni qəbul etməmişdir. O, məhkəmə iclasında iddianı qəbul etməyərək mübahisə predmeti olan torpaq sahəsini icarəyə verdiklərini, sənədlərin Nimət tərəfindən alındığını və həmin sənədlərin onlara vermədiyini, torpağın onun adına olduğunu, 0.6610 hektar torpaq sahəsinə aid sənədlərin isə onda olmadığını, həmin torpaq sahəsini 2008-ci ildə 10 illik Nimətə verdiyini bildirmişdir və buna görə də iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Eyni zamanda su pulu və vergi istənilməməsi üçün torpağın mülkiyyətə verilməsinə dair dövlət aktını da İddiaçı vermişlər. 3-4 ildir ki, torpaq onların istifadəsindədir. Meyvə ağacları əkmişlər, ağaclar böyütmüşlər. Ağdaş Rayon Məhkəməsindən bildiriş gələndən sonra onlara məlum olmuşdur. Onların mülkiyyətində olan torpaq sahəsini İddiaçı qanunsuz olaraq mülkiyyətinə almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2(107)-1145/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətindəki torpaq sahəsindən məcburi çıxarma və vurulmuş ziyan ödənilməsi” tələbinə dair işin icraatı, İddiaçı cavabdehlər X13 və qeyrilərinə qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(014)-330/2008 saylı qətnaməsindən cavabdehlər X32, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfindən 24 may 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı “mülkiyyətindəki torpaq sahəsindən məcburi çıxarma və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X3, eyni zamanda Cavabdeh və qeyrilərindən 2,04 hektar, X5 və qeyrilərindən 1,6635 hektar, X1 və qeyrilərdən 2,2587 hektar, X23 və qeyrilərindən 0,66 hektar, X18 və qeyrisindən 1,25 hektar, X14 və qeyrilərindən 0,2599 hektar, X7 və qeyrilərindən 0,41 hektar və X2 və qeyrisindən 2.17 hektar torpaq sahəsini faktiki olaraq almasını göstərib həmin əqdin bağlanmış hesab edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı, 10 dekabr 2008-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Ağdaş rayon AİK-nın 24 noyabr 1998-ci il tarixli, 20 saylı qərarı ilə qeydiyyat kitabında 09 oktyabr 1999-cu il tarixdə 11063 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0091, kod ********) ilə X8, Süleymanov cavabdeh Əkbərova leyman qızına və X34 məxsus 2,04 hektar, 07 oktyabr 1999-cu il tarixdə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN 136, kod ********) ilə cavabdeh X8, X15 və X9 məxsus 2,32 hektar torpaq sahəsinin 1,6635 hektarının, 09 oktyabr 1999-cu il tarixdə 11228 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:122, kod ********) ilə cavabdeh X4, X19, X20 və X10 məxsus 3,69 hektar torpaq sahəsinin 2,2587 hektarının, Ağdaş rayon AİK-nın 22 sentyabr 1998- ci il tarixli, 17 saylı qərarı ilə 12 mart 1999-cu il tarixdə 1544 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0046, ********) ilə cavabdeh X24, X25 və Cavabdeh məxsus 0,66 hektar, Ağdaş rayon AİK-nın 02 dekabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə 25 iyun 1998-ci il tarixdə 446 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0057, kod ********) ilə cavabdeh X30 məxsus 1,25 hektar, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli, 20 saylı qərarı ilə 09 oktyabr 1999cu il tarixdə 11122 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN: 0016, kod ********) ilə X26, X35 və X16 məxsus 2,30 hektar torpaq sahəsinin 0,2599 hektarının, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli, 20 saylı qərarı iıə 09 oktyabr 1999-cu il tarixdə 11121 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN: 0015, kod ********) ilə X21, X27, X17 və X11 məxsus 2,96 hektar torpaq sahəsinin 0,41 hektarının və Ağdaş rayon AİK-nın 02 dekabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə 25 iyun 1998-ci il tarixdə 413 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0024, kod ********) ilə X6, X12 və X16 məxsus 2,17 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair əqdin bağlanmış hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(107)-1134/2022 saylı qətnaməsi ilə cavabdehlər X32, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-330/2008 saylı, 10 dekabr 2008-ci il tarixli qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi sözügedən Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1134/2022 saylı mülki iş üzrə 3 may 2023-cü il tarixdə yekun məhkəmə aktı çıxartmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(102)-1783/2023 saylı qərarı ilə cavabdehlər X32, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(107)- 1134/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericiliyinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, yuxarda qeyd olunan qətnamələrdən görünür ki, mübahisəli torpaq sahəsi İddiaçı Qəhrəmən oğluna verilməmiş, alqı-satqı müqaviləsi əsasında ona satılmışdır. 0.6610 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ona görə də kollegiyas hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Kollegiya qeyd etməyi lazım bilir ki, hazırki mübahisə üzrə torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə lüzum yoxdur. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Eyni zamanda apellyator Cavabdeh torpaq sahəsinin onun tərəfindən istifadə edilməsini mübahisələndirməmişdir. Daha sonra Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, **********11 saylı rəyindən görünür ki, xx.xx.2018-ci il qeydiyyat tarixli **********99 qeydiyyat nömrəsi olan çıxarış elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Dəhnəxəlil bələdiyyəsinin xəritə materialları (DWC-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmişdir. xx.xx.2018-ci il qeydiyyat tarixli **********99 qeydiyyat nömrəli RX ******* çıxarışın ayrılmış hissəsi olan koordinatları özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatları daxilində yerləşən, İddiaçı mülkiyyətinə verilmiş 0.6610 hektar torpaq sahəsinin 0.1537 hektar hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X22 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X22 X49”ndə olan məlumatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6610 hektar torpaq sahəsinin 0.6610 hektar hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(014)- 43/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(014)-43/2022 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar