Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-521/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-144/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxx 2020-ci il tarixli 2(033)-144/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X5, Cavabdeh2 və üçüncü şəxs Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı qarşı “fərdi yaşayış evində açılmılş pəncərə boşluqlarının bağlanması” tələbinə dair iddiаsı qismən təmin edilərək Zaqatala şəhəri 28 may küçəsi 3 nömrəli ünvanda yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə doğru açılmış orta sahədə yerləşən (mansardda yerləşən qonaq otağı) pəncərə boşluğunun bağlanması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər X4 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Güləndar Əsədullayeva və Cavabdeh2) qarşı, üçüncü şəxs Zaqatala Rayon İcra Hakimiyyəti cəlb edilməklə fərdi yaşayış evində açılmılş pəncərə boşluqlarının bağlanması tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyətində olan Zaqatala şəhəri 28 May küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evindən öz mülkiyyətində olan Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinə doğru açılmış 2 (iki) ədəd pəncərə boşluğunun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının xüsusi mülkiyyətində fərdi yaşayış evi var. Qonşu fərdi yaşayış evinin (Zaqatala şəhəri 28 May küçəsi 3) mülkiyyətçisi iş üzrə cavabdeh X5 heç bir icazə sənədi olmadan özünə məxsus fərdi yaşayış evində konstruktiv dəyişikliklər etmiş və mülkiyyətində olan fərdi yaşayış evinə doğru 2 (iki) ədəd pəncərə boşluğu açmış və orada pəncərə yerləşdirmişdir. Hansı ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən bu halda mütləq qaydada edilən dəyişikliklərin lahiyəsi və qonşu mülkiyyətçinin əmlakına pəncərə boşluqlarının açılmasının mümkünlüyü yerli icra hakimiyyəti orqanı (Zaqatala Rayon İcra Hakimiyyəti) ilə razılaşdırılmalı idi. Həmin pəncərələrdən iş üzrə cavabdeh Güləndar Əsədullayeva sərəbəst surətdə iddiaçının həyətini və evinin içərisini müşahidə edə bilir və işin bu halı da onu çox narahat edir. Zaqatala Rayon Polis Şöbəsinə, Zaqatala Rayon İcra Hakimiyyətinə və iş üzrə cavabdeh Güləndar Əsədullayevaya qanunsuz olaraq mülkiyyətində olan fərdi yaşayış evinə doğru açılmış pəncərə boşluqlarının bağlanması barədə müraciət edilmiş, lakin, sonuncu bundan qərəzli olaraq yayınmışdır. Nəticədə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdeh Güləndar Əsədullayeva Zaqatala şəhəri 28 May küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh2 adına özgəninkiləşdirdiyindən onun cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Güləndar Əsədullayeva iddia tələbi ilə razılaşmayaraq, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 qanunauyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-144/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Güləndar Əsədullayeva apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Güləndar Əsədullayeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı onun ən yaxın qonşusu hesab olunur. İddiaçının evi ilə onun evi arasında 2 metr eni, 25 metr uzunluğu olan evləri vardır. İki evin arasındakı torpaq sahəsi onun giriş-çıxış yoludur. İddiaçının əsas giriş-çıxış yolu Sabir küçəsindəndir. İddiaçı onun yolunu ( köhnə Kommunist) yeni 28 may küçəsinə və Sabir küçəsinə giriş-çıxış yollarını zəbt etmişdir. Eyni zamanda evdə olmamasından istifadə edərək, özbaşına pəncərələri bağlayaraq evlərinin içərisinə təmiz hava və günəş işığının daxil olmasının qarşısını almaqla şəxsi divarının üzərində tikililər tikib özünə mətbəxt və sanitar qovşağı yaradaraq, evlərini hər an yanğın təhlükəsi ilə yanaşı anti-sanitarya şəraiti yaratmışdır. Onun bu hərəkətlərindən evlərində heç bir şərait yaratmaq, yaşamaq mümkün deyil. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xx.xx.2011-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********76-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanda 0,025 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 53,6 kv.m., yardımçı sahəsi 36,9 kv.m., ümumi sahəsi isə 90,5 kv.m. təşkil edən fərdi yaşayış evi cavabdeh İddiaçı tam xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə İddiaçı adına tərtib edilmiş, inventar nömrəsi 2550 olan **********76-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanda sənəd üzrə 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1 mərtəbədən, 3 yaşayış otağından ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********12-**********1 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala şəhəri 28 May küçəsi ev 3 mənzil 3 ünvanda yerləşən ümumi sahəsi isə 54 kv.m. olan mənzil Cavabdeh2 tam xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına tərtib edilmiş, inventar nömrəsi 2543 olan, reyestr nömrəsi **********12-05101-093001 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Zaqatala şəhəri 28 May küçəsi 3 ünvanda sənəd üzrə 0,02255 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1 mərtəbədən, 2 yaşayış otağından ibarətdir. Azərbaycan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 6361 nömrəli Məhkəmə mühəndis-texniki ekspertizası rəyindən görünür ki, cavabdeh X2 istifadəsində olan mənzil mübahisəli pəncərələrinin İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə açılmasının mümkün olub-olmaması ilə bağlı tələblər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində əlavə olunmadığına görə, mübahisəli pəncərələrin tikinti norma və qaydalarına uyğun olubolmamasını müəyyən etmək mümkün deyildir. Cavabdeh X2 istifadəsində olan mənzil mübahisəli pəncərələrinin İddiaçı hüquqlarının həyata keçirilməsinə əhəmiyyətli təsirinin olub-olmamasının müəyyən edilməsi məsələsi ekspertin həll etdiyi məsələlər dairəsinə olmadığına görə bu sual üzrə tədqiqat aparılmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/199 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli Məhkəmə mühəndis-texniki ekspertizası rəyindən görünür ki, Zaqatala şəhəri 28 may küçəsi ev 3 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə doğru açılmış orta sahədə yerləşən (mansardda yerləşən qonaq otağı) pəncərə boşluğunun açılması həmin fərdi yaşayış evinə dair verilmiş texniki pasportun göstəricilərinə uyğun deyil və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci bəndinin tələbinə ziddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(033)-21/2013 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Zaqatala şəhəri 28 May küçəsi ev 5 ünvanında yerləşən İddiaçı evinin mətbəx tikilisində yaranmış qüsurların X3 hesabına aradan qaldırılması, X1 39 manat maddi ziyan və 300 manat mənəvi ziyanın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(107)-404/2013 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(033)-21/2013 nömrəli qətnaməsi qismən, 300 manat mənəvi ziyan məbləğinin təmin olunması hissəsində ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi həmin 300 manat mənəvi ziyan məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2(033)-44/2014 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı onun mülkiyyətində olan Zaqatala şəhəri 28 may küçəsi ev 3 ünvanda yerləşən 3-cü mənzilə cavabdehin hesabına giriş-çıxış yollarının açılması, iddiaçının mülkiyyətində olan mənzilinin tikililərinə bitişik tikilən Zaqatala şəhəri 28 may küçəsi 5 ünvanda cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin tikililərinin sökülməsi və vurulmuş zərərə görə 30 min manat məbləğində zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(107)-551/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəssisin iştirakı ilə mübahisəli Zaqatala şəhəri 28 May küçəsi 3 və 5 ünvanlarında yerləşən cavabdehə məxsus torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evi bitişikdir, cavabdehin mətbəx (giriş) pəncərəsi çardağa baxır, iddiaçının həyəti görünmür. Cavabdehin yataq otağının pəncərəsi də çardağa baxır. Lakin cavabdehin qonaq otağının pəncərəsi iddiaçının həyətinə açılır. İddiaçının həyəti və evi açıq-aşkar görünür. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İşin gerçək halı ondan ibarətdir ki, Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 90,5 kv.m., yaşayış sahəsi 53,6 kv.m., 36,9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Eyni zamanda Zaqatala şəhəri 28 May küçəsi 3 ünvanında qonşuluqda yerləşən mənzil mülkiyyət hüququ əsasında Cavabdeh2 tam mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin mənzilin mülkiyyətçisi əvvəllər Güləndar Əsədullayeva olmuş, onun tərəfindən Cavabdeh2 xeyrinə özgəninkiləşdirilmişdir. Buna baxmayaraq Güləndar Əsədullayeva həmin fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla indidə həmin evdə yaşayır. İddiaçı və cavabdehə məxsus fərdi yaşayış evləri bitişikdirlər. Zaqatala şəhəri 28 may küçəsi ev 3 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə doğru 3 ədəd pəncərə boşluğu açılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/199 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə Zaqatala şəhəri 28 may küçəsi ev 3 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə doğru açılmış orta sahədə yerləşən pəncərə boşluğunun həmin fərdi yaşayış evinə dair verilmiş texniki pasportda nəzərdə tutulmadığı müəyyən edilmişdir. İddiaçı Zaqatala şəhəri 28 May küçəsi 3 ünvanında yerləşən mənzildən onun mülkiyyətində olan Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanında olan fərdi yaşayış evinə doğru açılmış 2 ədəd pəncərə boşluğunun bağlanmasını tələb edir. Cavabdeh iddianı qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddia tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/199 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyinə uyğun olaraq qismən təmin edilməli, Zaqatala şəhəri 28 may küçəsi ev 3 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə doğru açılmış orta sahədə yerləşən pəncərə boşluğu həmin fərdi yaşayış evinə dair verilmiş texniki pasportda nəzərdə tutulmadığından bağlanmalıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə, əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə görə, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/199 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən cavabdehlərə məxsus fərdi yaşayış evindən iddiaçıya məxsus fərdi yaşayış evinə doğru açılmış orta sahədə yerləşən pəncərə boşluğu həmin fərdi yaşayış evinə dair verilmiş texniki pasportda nəzərdə tutulmamışdır. Həmin pəncərənin açılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Kollegiya onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 məxsus fərdi yaşayış evindən Zaqatala şəhəri 28 May küçəsi 5 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə doğru açılmış mübahisəli pəncərədən iddiaçının evinin içi tamamilə görünür və bu iddiaçının haqlı narazılığına səbəb olur. İddiaçı tərəfindən Güləndar Əsədullayevaya həmin pəncərənin bağlanması tövsiyə edilmiş, cavabdeh tərəfindən tövsiyə nəzərə alınmamışdır. İşin gerçək halı belədir ki, Güləndar Əsədullayeva hazırda sözügedən fərdi yaşayış evinin mülkiyyətçisi olmasa da, həmin fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla indidə həmin evdə yaşayır. Mübahisə predmeti olan pəncərənin bağlanmasına da məhz o, müqavimət göstərməklə mane olur. Təsadüfi deyil ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-144/2020 nömrəli qətnaməsindən də məhz Güləndar Əsədullayeva apellyasiya şikayəti vermişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Güləndar Əsədullayevaya da münasibətdə təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən, tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. 69.4-cü maddəsinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.13-cü bəndində göstərilir ki, həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən (otaqlardan, mətbəxlərdən və şüşəbənddən) qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarlarınadək olan məsafə yanğın təhlükəsizliyi, sanitar və məişət şəraitlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla 6 metrdən az olmamalıdır. “Kütləvi tikinti rayonlarında 5 mərtəbəli yaşayış tikililəri ərazisinin yenidən qurulması zamanı insolyasiya və işıqlanma normaları nəzərə alınmaqla mansard mərtəbəsi hesaba alınmadan iki mərtəbəyə qədər əlavə tikinti aparılmasına yol verilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə görə, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi qonşuluq münasibətlərində olan mülkiyyətçilər bir-birinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, eyni zamanda hüququ əhəmiyyətsiz dərəcədə pozulursa bununla bağlı qonşu təsirinə dözməlidirlər. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, iddiaçının onun giriş-çıxış yolunu kəsdiyini, özbaşına pəncərələri bağlayaraq evlərinin içərisinə təmiz hava və günəş işığının daxil olmasının qarşısını aldığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X11 Məhkəməsi “X6” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X11 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-144/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-144/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-521/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-521/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver