Məhkəmə qərarları › İş №2(107)-525/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-525/2022

02.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-525/2022 02.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızına qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair” ilkin iddia ərizəsi, Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürmə, istifadə hüququnun tanınması və mənzildən istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-1813/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladı X5 ilə birlikdə ünvan 1 ünvanında istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı ona və azyaşlı qızına münasibətdə iddianın rədd edilməsi, onun azyaşlı qızı ilə qeydiyyatda olduqları Şəki şəhəri, M.F.Axundov küçəsi, dalan 11-də yerləşən 8 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri, evdən istifadəsinə maneələrin cavabdeh İddiaçı və qeyrilərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov ) 24 dekabr 2021-ci il tarixli, 2(075)-1813/2021 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi Cavabdeh2 İddiaçı qarşı ilkin iddianın ona və azyaşlı qızına münasibətdə rədd edilməsi, onun azyaşlı qızı ilə birlikdə qeydiyyatda olduqları Şəki şəhəri, M.F.Axundov küçəsi, dalan 11-də yerləşən 8 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri, evdən istifadəsinə maneələrin cavabdeh İddiaçı və qeyrilərinə qadağan edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu xərcinin onun özünə aid edilməsi, Cavabdeh2 iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-1813/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-1813/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov Hakimlər Ələddin Məcidov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar