Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-530/2023 13.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X10 iştirakı ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. İşin hallarına görə, 29 sentyabr 2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X6 adına qeydə alınmışdır.
2. 03 avqust 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X11 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzili qızı Cavabdeh1 bağışlamışdır.
3. 14 avqust 2013-cü il tarixli Çıxarışa əsasən Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.
4. Azərbaycan Respublikası DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 12 mart 2021-ci il tarixli arayışına əsasən İddiaçı xx xxx 2001-ci il tarixdə anadan olub və o, 08 avqust 2005-ci il tarixdən Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzildə daimi qeydiyyatdadır.
5. 25 may 2021-ci il tarixdə qonşuların tərtib edib imzaladıqları və 5 saylı MİS-nin dairəvi möhürü ilə təsdiq edilmiş akta əsasən Quliyeva X8 şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzilində yaşamayıb.
6. 07 iyun 2001-ci il tarixli “Nikah haqqında” Şəhadətnaməyə əsasən X7 xx xxx 2001ci il tarixdə doğulub, onun atası Cavabdeh2, anası Cavabdeh1 olub.
7. 10 avqust 2019-cu il tarixdə X4 ərizəsinə əsasən onun soyadı, ata adı öz arzusu ilə X3 İddiaçı dəyişdirilib və bu barədə onun adına “Adın, Ata adının və soyadının dəyişdirilməsi haqqında” 17 avqust 2019-cu il tarixli Şəhadətnamə verilmişdir.
8. 29 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqımüqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzili X2.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 15 may 2023-cü il tarixli 3-21-3-35/2-1805/2023 saylı məktubundan görünür ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı binanın 21 saylı mənzili tam mülkiyyət hüququ ilə X10 adına 09.10. 2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2001-ci il tarixdə anadan olub və doğulduqdan sonra valideynləri onu saxlamaq üçün dayısı Elşən Quliyev və arvadı Nailə Quliyevanın himayəsinə veriblər. O, dayısının ailəsi və nənəsi Danora Quliyeva ilə birlikdə sonuncunun mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov prospekti 03 saylı evin 21 saylı mənzilində yaşayıb. Nənəsinin mülkiyyətində olan həmin mənzilə qeydiyyata düşüb. 2012-ci ilin avqust ayında nənəsi mülkiyyətində olan mənzili onun doğma anası, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 bağışlayıb. Bundan sonra da o, həmin mənzildə yaşayıb. 2017-ci ildə o, orta məktəbi bitirdikdən sonra Ali məktəbə daxil olur və ali təhsil alması üçün dayısı və dayısının arvadı ilə birlikdə Bakı şəhərinə köçüb və kirayəyə götürdükləri mənzildə yaşayıblar. Lakin, sonradan cavabdehlə münasibətləri pozulduğu üçün, onu əvvəlki mülkiyyətçinin razılığı ilə köçdüyü, qeydiyyatda olduğu və uşaq yaşlarından mülkiyyətçinin ailə üzvü kimi yaşadığı mənzilə köçüb yaşamasına imkan verməyib. Ona görə də hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili X14 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
13. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 17 avqust 2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Mingəçevir şəhər N.Nərimanov prospekti 3 №li evin 21 mənzilinə köçürülməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının nənəsi, cavabdehin anası Donora Quliyevanın mülkiyyətində olub və sonuncu həmin mənzili qızı Cavabdeh1 bağışlayıb. İddiaçı, 08 avqust 2005-ci il tarixdən mənzildə qeydiyyatda olub və doğulduqdan sonra valideynləri onu saxlamaq üçün dayısı Elşən Quliyev və arvadı Nailə Quliyevanın himayəsinə veriblər. İddiaçı dayısının ailəsi və nənəsi ilə birlikdə sonuncunun mülkiyyətində olan sözügedən mənzildə yaşayıblar. Nənəsi mülkiyyətində olan mənzili iddiaçının doğma anası Cavabdeh1 bağışlayıb və bundan sonra da iddiaçı həmin mənzildə yaşayıb. 2017-ci ildə iddiaçı Ali məktəbə daxil oluduğu üçün dayısının ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb və kirayədə yaşamağa başlayıblar. Lakin, sonradan münasibətləri pozulduğu üçün cavabdeh iddiaçını əvvəlki mülkiyyətçinin razılığı ilə köçüb yaşadığı, qeydiyyatda olduğu mənzilə köçüb yaşamasına imkan verməyib. İddiaçının özünə məxsus başqa yaşayış sahəsi də yoxdur. Mübahisəli mənzildə yaşadığı vaxt mənzilin keçmiş mülkiyyətçisi olan nənəsi tərəfindən mənzilə qeydiyyata alınması da onun həmin mənzildən istifadə hüququnun yaranmasına əsas verir. Mənzilin mülkiyyətçinin dəyişməsi də iddiaçının mənzilə istifadə hüququnu həyata keçirməsini mane olmağa və yaxud onun mənzilə köçürülməsinə mane ola bilməz. Ona görə də iddia təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 158.4, 228.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(107)-721/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, atası Cavabdeh2, anası Cavabdeh1 olan X7 xx xxx 2001-ci ildə anadan olub. Mübahisələndirilən mənzil 29 sentyabr 2003-cü il tarixdən X6 mülkiyyətində olub və Cavabdeh1 X6 övladıdır və onun da xx xxx 2001-ci ildə doğulmuş qızı 08 avqust 2005-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada yaşamışdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən o, həmin mənzildən istifadə hüququ əldə edib. X11 qeyd olunan mənzili 03 avqust 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlayıb və sonuncu 14 avqust 2013-cü il tarixdə öz adına həmin mənzilə mülkiyyət hüququna dair Çıxarış alıb. Mənzilin mülkiyyətçisinin dəyişilməsi Mülki Məcəllənin 158.3, 158.4 və 228.3cü maddələrinin tələbi baxımından hazırkı iş üzrə iddiaçının istifadə hüququnun pozulmasına əsas ola bilməz. Mülkiyyətçi olan ana Cavabdeh1 ilə istifadə hüquq olan qızı X7 arasında münasibətlər pozulduğundan, sonuncu soyadını və ata adını dəyişməklə bağlı qeydiyyat orqanına müraciət edib, 17 avqust 2019-cu il tarixdə “Adın, ata adının, soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə” ilə adını, ata adını və soyadını İddiaçı adına dəyişdirib. Bu hal da iddianın rədd edilməsi üçün əsas ola bilməz və iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 158.3, 158.4, 228.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiya məhkəməsində icraat
20. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(107)-721/2022 saylı qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsini qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2023cü il tarixli, 2(102)-72/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(107)-721/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzildə nə nənəsi Donora Quliyevanın sağlığında, nə də onun ölümündən sonra bir gündə olsun orada yaşayıb. İddiaçının həmin mənzildə yaşamamasını təsdiq edən yetərincə şahidlər vardır. İddiaçı ilə mənzilin əvvəlki mülkiyyətçisi Donora Quliyeva arasında etibarlı ailə əlaqələri olmayıb. İddiaçının mənzildən istifadə hüququnun yaranması və əsasın aradan qalxması onun 18 yaşına satan kimi soyadını və atasının adını dəyişməsi ilə təsdiq olunur. Onunla iddaçı arasında hər hansı bağlılıq olmayıb, sonuncunun özünün də təsdiq etdiyi kimi o, ailə üzvləri ilə birlikdə dayısı Elşən Quliyevə məxsus olan evdə yaşayıb. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(051)1104/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının 25 aprel 2023-cü il tarixli protokol qərardadı ilə X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
25. Apellyasiya baxışı zamanı X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
26. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
30. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur;
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
36. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
37. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
38. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
39. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 40.Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
41. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
45. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
46. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
47. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
51. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
52. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
53. 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
54. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
55. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 56.Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
V. Apellyasiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
59. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
60. Qeyd olunduğu kimi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(107)-721/2022 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilmişdir.
61. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Ali Məhkəmənin Mülki kollegiyası hazırkı iş üzrə 17 yanvar 2023-cü il tarixli, 2(102)-72/2023 saylı qərarında qeyd etmişdir ki, işə baxan məhkəmələr, iddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə istinad etsələr də, onun sözügedən mənzilin əvvəlki mülkiyyətçisi olmuş Donora Quliyeva ilə birgə yaşayan ailə üzvlərinin sırasına aid olmadığını və həmin normanın mənasına görə yaşayış evinin mülkiyyətçisinin yalnız onunla birgə yaşayan ailə üzvlərinin, yəni ərin, arvadın, valediynlərin və uşaqların yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna, habelə mülkiyyətçinin ailə üzvlərinin yalnız öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malik olmalarını və digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə isə yalnız mülkiyyətçinin razılığı ilə yol verildiyini nəzərə almayıblar. Halbuki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmçinin, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırkı halda iddiaçı, xx xxx 2001-ci il tarixdə doğulub və 08 avqust 2005-ci il tarixdə sözügedən mənzilə qeydiyyata düşərkən onun 4 yaşı olub. Belə olan halda iddiaçının yaşayış yeri nənəsi Donora Quliyevaya məxsus olmuş sözügedən mənzil deyil, valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılırdı. Həmin dövrdə isə iddiaçının valideynləri ümumiyyətlə mübahisəli evdə yaşamayıblar. Bu faktı iddiaçı özü də iddia ərizəsində, izahatında inkar etmir. Göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün onun valideynləri ilə həmin mənzilin keçmiş mülkiyyətçisi olmuş nənəsi Donora Quliyeva arasında notarial qaydada təsdiqlənən yazılı razılaşma olmayıb və onların həmin mənzilə olan istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. ...
62. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
63. İşin mübahisə olunmayan hallarına görə, 29 sentyabr 2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 61,04 kv.metr olan 21 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X6 adına qeydə alınıb. 03 avqust 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X1 mənzili qızı Cavabdeh1 bağışlayıb. 14 avqust 2013-cü il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 64.İş materiallarından görünür ki, İddiaçı xx xxx 2001-ci il tarixdə anadan olub və o, 08 avqust 2005-ci il tarixdən mübahisəli mənzildə daimi qeydiyyatdıdır.
65. Daha sonra, 07 iyun 2001-ci il tarixli “Nikah haqqında” Şəhadətnamədən görünür ki, iddiaçı, xx xxx 2001-ci il tarixdə doğulub, onun atası Cavabdeh2, anası Cavabdeh1 olub. 10 avqust 2019-cu il tarixdə onun ərizəsinə əsasən onun soyadı, ata adı öz arzusu ilə X3 İddiaçı dəyişdirilib və bu barədə onun adına “Adın, Ata adının və soyadının dəyişdirilməsi haqqında” 17 avqust 2019-cu il tarixli Şəhadətnamə verilib.
66. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinin mənasına görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, iddiaçı iddia ərizəsində, körpə vaxtından valideynləri tərəfindən dayısı Elşən Quliyev və onun arvadı Nailə Quliyevanın himayəsinə verildiyini, 08 avqust 2005-ci il tarixdə mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi- nənəsi Donora Quliyevanın razılığı ilə həmin mənzilə qeydiyyata alınmaqla orada dayısının ailə üzvləri ilə birlikdə yaşayıb, ümumi təsərrüfat aparmaqla aralarında etibarlı ailə əlaqələrinin mövcud olduğunu iddia etsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur, iddiaçının dayısının ailəsi ilə birlikdə həqiqətən mübahisəli mənzildə yaşamaları mülki iş materilları ilə təsdiq olunmur.
67. Göründüyü kimi, iddiaçının nənəsi Donara Quliyevaya münasibətdə mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi valideyinlərinin həmin mənzilə olan istifadə hüquqlarından törəmə olduğundan, valideynlərinin isə həmin dövrdə mənzildə hər hansı hüquqları olmadığından, onun mənzildə qeydiyyatda olması mənzildən istifadə hüququ əldə etməsinə əsas vermir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
68. Həmin Qanunun 2-ci maddəsində göstərilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin -müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
69. İddiaçı, doğulduğu vaxtdan valideynləri tərəfindən dayısının və onun arvadının himayəsinə verildiyini və onlarla birlikdə bir ailənin üzvləri kimi nənəsinin mülkiyyətində olmuş sözügedən mənzildə yaşadığını iddia etsə də, onunla dayısı, onun arvadı, habelə nənəsi arasında hər hansı hüquqi bağlılıq olmayıb və yalnız onun 10 avqust 2019-cu il tarixli ərizəsinə əsasən soyadı, ata adı öz arzusu ilə X3 İddiaçı dəyişdirilib.
70. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, iddiaçını mübahisəli mənzilə köçürsə də, onun mənzildən istifadə hüququnun tanınması barədə tələbinə ümumiyyətlə münasibət bildirməmiş, bu hissədə hansı nəticəyə gəldiyini qətnamənin nəticə hissəsində göstərməmişdir. İddiaçının, iddia ərizəsində mənzildən istifadə hüququnun tanınmasını tələb etməsi və bu barədə məhkəmədə mübahisə açması da, onun açıq-aşkar mənzildə istifadə hüququnun olması anlamına gəlməyə əsas vermir.
71. Qeyd olunanlardan belə nəticə hasil olur ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququ yaranmamışdır.
72. Bundan başqa, 03 avqust 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən mübahisəli mənzil iddiaçının anası Cavabdeh1 mülkiyyətinə keçdikdən sonra, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən iddiaçının da mübahisəli mənzildən anası Cavabdeh1 ilə bərabər istifadə etmək hüququna malik olduğu ehtimal edilsə belə, işdən görünür ki, birinci instansiya məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsindən sonra cavabdeh həmin mənzili 29 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 25.000 manata əvəzi ödənilməklə X2 və 09 oktyabr 2021-ci il tarixdən həmin mənzil sonuncunun mülkiyyətinə keçmişdir.
73. Mənzili əvəzi ödənilməklə əldə etmiş Azər Həşimovun mənzilin iddiaçının ehtimal edilən istifadə hüququ ilə yüklü olduğunu bilə bilməzdi.
74. Əslində mənzilə münasibətdə iddiaçı ilə mənzilin yeni mülkiyyətçisi Azər Həşimov arasında hüquq və vəzifələrin dəyişməsinə səbəb olan münasibətlər əmələ gəlmişdir.
75. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir.
76. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
77. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
78. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.