Məhkəmə qərarları › İş №2(107)-531/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-531/2023

02.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-531/2023 02.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54 B nömrəli evin 7 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə iddiaçının adına 14 yanvar 2010-cu il tarixdə qeydə alınmışdır. İddiaçı və cavabdeh 18 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə həyatı qurduqdan sonra cavabdeh iddiaçının mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54 B nömrəli evin 7 nömrəli mənzilinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından 16 iyun 2014-cü il tarixdə X1 və 05 fevral 2016-cı il tarixdə X2 adlı iki övladları doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-2018/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında Yevlax rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 18 sentyabr 2013-cü il tarixli nikah qeydi pozulmuş, onların birgə nikahdan olan iki övladı cavabdehin himayəsində saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 26 sentyabr 2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 60 nömrəli binanın 6 saylı mənzili üzərində cavabdehin tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti ev 54 B ünvanında yerləşən 7 nömrəli mənzil onun xüsusi mülkiyyətinə daxildir. Həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə Dövlət reyestrində qeydiyyatdan keçmişdir (Seriya MA, ******* nömrəli Çıxarışa əsasən). Cavabdeh onun sabiq həyat yoldaşıdır. Cavabdeh ilə 18 sentyabr 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ər-arvad olmuş və birgə nikahdan iki övladları olmuşdur: 16 iyun 2014-cü il təvəllüdlü X1 və 05 fevral 2016-cı il təvəllüdlü X2. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-2018/2021 saylı qətnaməsi ilə cavabdeh ilə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan olan övladları Cavabdeh himayəsində saxlanmışdır. Hazırkı iddia tələbi, Yevlax şəhəri, Heydər Əliyev prospekti ev 54 B ünvanında yerləşən 7 nömrəli mənzilindən Cavabdeh çıxarılması ilə bağlıdır. Belə ki, həmin mənzil cavabdehlə onun birgə nikah müddətində əldə etdikləri əmlak deyildir, həmin əmlak onun ayrıca mülkiyyətindədir və hazırda cavabdehlə rəsmi olaraq ayrıldığından ailə bağlılığı yoxdur və ailə münasibətləri pozulduğundan artıq eyni ünvanda yaşamaları mümkünsüzdür. Odur ki, Cavabdeh qeyd-şərtsiz olaraq mənzildən çıxarılmalıdır. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)-726/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzilindən çıxarılması, qətnamənin 01 oktyabr 2022-ci il tarixdən sonra icra olunması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Yevlax şəhəri, H.Əliyev prospekti, 54 B nömrəli evin, 7 nömrəli mənzili 14 yanvar 2010cu il tarixdə, iş üzrə tərəflər nikaha daxil olanadək daşınmaz əmlakın dövlət reyestrində tam olaraq iddiaçının adına qeydə alınmışdır. Tərəflərin nikahı 18 sentyabr 2013-cü il tarixdə rəsmi olaraq qeydə alındıqdan sonra cavabdeh həmin mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşamaqdadır. 25 oktyabr 2021-ci il tarixdə tərəflər arasında olan nikah pozulmuş və bununla da tərəflərin ailə münasibətlərinə xitam verilmişdir. Mənzil qanunvericiliyin normalarının tələblərinə görə Cavabdeh Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzilinin mülkiyyətçisi olan İddiaçılə ailə münasibətlərinə xitam verildiyindən onun həmin mənzildən istifadə hüququ da saxlanmır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Lakin, məhkəmə hesab etmişdir ki, cavabdehin maddi vəziyyəti, adına başqa yaşayış yerinin mövcud olmasına, onun hazırda özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmasına dair sübutların olmaması, eləcə də, yay aylarının olması nəzərə alınmalı, onun həmin mənzildən istifadə hüququ 01 oktyabr 2022-ci il tarixədək saxlanılmalı, həmin tarixdən sonra o, həmin mənzildən çıxarılmalıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə cavabdehi mənzildən çıxararkən maddi hüquq normalarını pozmuşdur. Cavabdehin himayəsində 2 azyaşlı uşağı var. Həmin mülkiyyət iddiaçının, yəni onun keçmiş həyat yoldaşı, iki azyaşlı uşaqlarının atasının əmlakıdır. Cavabdehin evdən çıxarması qanuni və ədalətli deyildir. Yaşadığı ev xüsusi mülkiyyətdə olmaqla xx.xx.2010cu il tarixdə dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Onlar 18 sentyabr tarixində rəsmi nikah qeydiyyatından keçmişlər. Yevlax Rayon Məhkəməsinin 2(039)-2018/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçılə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 18 sentyabr 2013-cü il tarixli nikah qeydi pozulmuş və birgə nigahdan olan iki övladları Cavabdeh himayəsində saxlanılmışdır. Məhkəmə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququnu nəzərə almamışdır. Məhkəmə bununla da Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5 maddəsinə əsasən yaşayış binasının mülkiyyətsinin onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsindən onunla birgə istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarının həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin ərin(arvadı) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsinə istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi cavabdehin həmin mənzildə yaşamaq hüququ qanunla qorunur. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən onların mövqeyi tam və hərtərəfli araşdırılmamışdır. Onlar öz mövqelərini ortaya qoymağa çalışsalar da, hazırki ədalətsizliklə qarşılaşmalı olmuşlar. Məhkəmə onun və uşaqlarının həmin mənzildə 9 il yaşamaqlarını, uşaqlarının mülkiyyətçinin ailə üzvləri olduğunu həmin mülkiyyətin keçmiş həyat yoldaşının olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından bu məsələyə aydınlıq gətirirək göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümələsinin “Digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcələsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Bu qanun normasından da aydın olur ki, cavabdeh və iki uşağı mülkiyyətçinin yaxın qohumlarıdır. Uuşaqları həmin evdə doğulmuşlar. Onların hazırki tələblə bağlı mövqeləri Mülki Məcəllənin 228.5-ci maddəsi ilə nizamlanmalıdır. Onlar həmin evə köçərkən və yaşayarkən mülkiyyətçinin razılığı ilə yaşamışlar. Aralarında notarial qaydada yazılı razılaşma olmasa da Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq mübahisə həll edilməli idi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-905/2022 nömrəli iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və V.Məlikov) apellyasiya şikayəti qismən təmin edilmiş, Rayon Məhkəməsinin 17 may 2022-ci il tаrixli, 2(039)-726/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən Yevlax şəhəri, H.Əliyev prospekti, 54 B nömrəli evin, 7 saylı mənzilində istifadə hüququ 3 il müddətində saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, qanunvericiliyə görə cavabdeh iddiaçının keçmiş ailə üzvü olmuşdur. Qanunvericiliyə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Birinci instansiya məhkəməsi bunu nəzərə almadan iddia tələbini təmin etmişdir. Lakin kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinə dair mülki işlərdə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ 3 il müddətə saxlanılmalıdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-251/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər – Z.Babayev (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(107)-905/2022 saylı qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən cavabdehin həmin mənzildə istifadə hüququnun saxlanmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Lakin istinad olunan normanın davamında isə göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərin maraqlarında ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətdə istifadə etmək hüququnun saxlanması məsələsini həll etməlidir. Konstitusiya Məhkəməsi Plenumu həmçinin qərarında göstərmişdir ki, “mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Bununla belə məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin mənzildən istifadə hüququnun 3 il müddətə saxlanılmalı olması qənaətinə gələrkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinə dair mülki işlərdə formalaşmış məhkəmə təcrübəsini nəzərə aldığını göstərsə də, həmin mövqe yanlışdır. Belə ki, hazırda mənzildən istifadə hüququnun məhz 3 il müddətə deyil, 2 il müddətə saxlanılması barədə məhkəmə təcrübəsi formalaşmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən normanın göstərilən hissəsi üzrə hər hansı araşdırmanın aparılması müəyyən edilmir. Belə ki, iddianın təmin olunması zamanı məhkəmə ilkin olaraq cavabdehin mübahisə edilən mənzildə yaşamaqda davam etdiyini nəzərə almalı, onun başqa yaşayış yerinə (mülkiyyət hüquq və ya hər hansı digər əsasla) malik olmasını, özünü yaşayış yeri ilə təmin etmək imkanına malik olmasını araşdırmalı və bundan sonra isə cavabdehin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılmalı olub-olmamasını müzakirə etdikdən sonra nəticəyə gəlməli idi. Cavabdehin yeni yaşayış mənzilinə malik olması və onun iddiaçıya məxsus mənzildə yaşamasına, istifadəsinə olan ehtiyaclarının aradan qalxması barədə dəlili və şikayətə bununla bağlı əlavə etdiyi sübutla əlaqədar qeyd edir ki, kassasiya məhkəməsi sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olmadığından, kassasiya şikayətinin işin faktiki halları ilə əlaqədardır olan həmin dəlili kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdirlər. Cavabdeh eyni zamanda onu da bildirmişdir ki, adına daşınmaz əmlakın dövlət reyestrində mənzil olsa da, o, qardaşının mənzilidir. O, işlədiyi və əmək haqqı aldığı üçün ipoteka krediti ona verildiyindən, mənzili öz adına almışdır. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili bildirmişdir ki, cavabdehin, onun mənzilində yaşaması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə ki, o, valideyni ilə kirayədə yaşamaq məcburiyyətində qalıb. O, uşaqlarını düşünürək, Rayon Məhkəməsi qətnamənin icrası üçün müəyyən vaxt verməsinə baxmayaraq həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh hazırda özünə mənzil alıb və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən xx.xx.2009-cu il tarixədək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş üzrə tərəflər arasında olan hüquq münasibətləri mübahisəli mənzilə münasibətdə onların nikahının pozulması nəzərə alınaraq xx.xx.2009-cu ildən sonrakı dövrdə yarandığından Məhkəmə hesab edir ki, bu mübahisəyə xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. Həmin Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzildə yaşasa da onun mülkiyyətçi olan iddiaçı ilə ailə münasibətlərinə artıq xitam verilmişdir. Cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüququ barədə notariat qaydasında təsdiqlənmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yazılı razılaşması isə mövcud deyildir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına Yevlax şəhəri, Heydər Əliyev prospekti 60 nömrəli binanın 6 saylı mənzili qeydə alınmışdır. Cavabdeh həmin mənzilin faktiki qardaşına məxsus olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu Məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun müəyyən müddətə saxlanılmasıi üçün hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, tərəflərin birgə azyaşlı övladlarının da mübahisəli mənzilə istifadə hüququ saxlanılmır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərin yaşayış yeri sayılır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Ayla və xx.xx.2016-cı il təvəllüdlü Ayxan cavabdehin yanında saxlanıldığından və hazırda da onlar cavabdeh ilə birlikdə yaşadıqları üçün onların yaşayış yeri cavabdehin yaşadığı yer sayılır. Cavabdehin isə artıq yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzildə istifadə hüququnun saxlanılıması və mənzildə yaşamasının hüquqi əsası yoxdur. Bu baxımdan, hesab edilməlidir ki, iddia əsaslıdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia tam əsaslıdır, Rayon Məhkəməsi bu iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 may 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar