Məhkəmə qərarları › İş №2(107)-537/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-537/2023

30.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-537/2023 30.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma, mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X19 qızının katibliyi ilə İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(051)-773/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 №-li evin 3 №-li mənzilindən məcburi qaydada çıxarılma tələbinə dair ilk iddia ilə, Cavabdeh İddiaçı qarşı həmin mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər.

2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri Füzuli küçəsində yerləşən 23 №-li evin 3 №-li mənzili İddiaçı atası X1 müllkiyyətində olmuşdur. İddiaçının anası Tavad Hacıyeva 31 mart 1992-ci ildə, X24 01 yanvar 1995-ci ildə vəfat etmişdir. Atasının varisi kimi miras əmlakı tək iddiaçı qəbul etmişdir. Mənzil hazırda iddiaçının mülkiyyətindədir. Bununla bağlı iddiaçıya mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir. Lakin iddiaçı mülkiyyətində olan həmin mənzildən istifadə edə bilmir. Ona görə ki, iddiaçının mülkiyyətində olan mənzildə uzun müddətdir ki, onunla heç bir bağlılığı olmayan Cavabdeh yaşayır. İddiaçı dəfələrlə mənzilinin boşaldılmasını, mənzildən çıxarılmasını tələb etsə də cavabdeh iddiaçıya məxsus mənzildən çıxmamışdır. Nəticədə də iddiaçının mülkiyyətçi kimi hüquqları pozulur. Ona görə də ilk iddianın təmin olunmasını, Cavabdeh iddiaçının mülkiyyətində olan Füzuli küçəsində yerləşən 23 №-li evin 3 №-li mənzilindən məcburi qaydada çıxaılması barədə, cavabdeh-iddiaçının qeyd edilən mənzilə hər hansı bir hüququ olmadığına, əsassız olduğuna görə qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

3. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzili onun dayısı X1 mülkiyyətində olmuşdur. İddiaçıcavabdeh İddiaçı də onun dayısının oğludur. 1992-ci ilin mart ayında dayısının arvadı Tavad Hacıyeva vəfat etdi. Həyat yoldaşının yasını verdikdən sonra dayısı Osman Hacıyev onların evinə gəldi və dedi ki, Solmaz tibb bacısıdır, gedib onun evində qalsın, həm Mingəçevir şəhərində işə düzələr, həm də ona baxar. Dayısının vəziyyətinə görə razılaşdılar. O, dayısının evinə Mingəçevir şəhəri M.Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzilinə gəlib dayısının mənzilində yaşamağa başladı. O, həm dayısına qulluq edir, həm də mənzili təmizləyir, qoruyub saxlayırdı. Həmin vaxt dayısı oğlu Telman Rusiyada idi. X11 gəldi, onlar 1992-ci ilin noyabr ayında el adəti ilə toy etdilər. İddiaçı-cavabdeh İddiaçı həmin vaxt bildirdi ki, Rusiyaya qayıtmaq üçün bileti var, qayıdanda nikahlarını rəsmiləşdirərlər. Dayısı ilə birlikdə yaşayır, birlikdə təsərrüfat idarə edirdilər. 1993-cü ildə dayısının təklifi ilə onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmışdır. 1995-ci ilin yanvar ayında dayısı Osman Hacıyev vəfat etdi. Telman atasının yasına gəlib, üç gündən sonra yenidən Rusiyaya qayıtdı. Ancaq o, dayısının mülkiyyətində olan mənzildə yaşamaqda davam etdi. Yaşadığı müddətdə 2 dəfə mənzili təmir etdirmiş, mənzili qoruyub saxlamışdır. Həm də dayısının qəbrnin üstünü götürdü. İddiaçı 30 ildən sonra, 2021-ci ilin iyun ayında Azərbaycana qayıtdı və ona xəbər göndərdi ki, mənzil hazırda onun mülkiyyətindədir, mənzildən çıxsın, satıb qayıtmaq istəyir. Lakin o, mənzildən çıxmadı. Hesab edir ki, İddiaçı iddiası əsassızdır. O, mənzilin mülkiyyətçisinin razılığı, təklifi ilə həmin mənzilə köçmüş, üç il mülkiyyətçi ilə bir ailə üzvü kimi yaşamış, birlikdə təsərrüfat idarə etmişlər. 30 ildir həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayır. Hesab edir ki, onun mübahisələndirilən mənzildən istifadə hüququ yaranmışdır. Ona görə də ilk iddia əsassız olduğuna görə rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi, vəkili Vəkil1 birinci instansiya məhkəməsində məhkəmə iclasında ilk iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir.

5. Cavabdeh-iddiaçı Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil2 da məhkəmə iclasında ilk iddia əsassız olduğuna görə rədd olunmasını, qarşılıqlı iddia isə qanuni cəhətdən əsaslı olduğuna görə təmin olunmasını xahiş etmişdir.

7. Şahid qismində dindirilmiş X8 birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsində göstərmişdir ki, İddiaçı dayısı, Cavabdeh isə anasının bibisi qızıdır. X22 1992-ci ildə vəfat etdi. Nənəsinin vəfatından sonra babası Osman Hacıyev tək qaldı. Babasının oğlu, yəni onun dayısı İddiaçı Rusiyada yaşayırdı, çox az hallarda Mingəçevirə gəlirdi. Babası xəstə idi, ayaqdan şikəst idi. Babası tək qaldığına görə bacısı qızı Solmazı evlərinə gətirdi ki, ona baxsın. Solmaz ağıllı, tərbiyəli, işgüzar bir qız olduğuna görə onunla Telmanı evləndirmək razılığına gəldilər. Telmanla Solmaz da evlənməyə razı oldular. El adəti ilə onların toyu oldu, ancaq rəsmi qaydada nikahları bağlanmadı. Ona görə ki, Telman tez Rusiyaya qayıtdı. Ailə qurduqdan sonra babası Solmazı öz mənzilinə qeydiyyata aldırdı. Onlar çox mehriban yaşayırdılar, Solmaz dayısına, yəni onun babasına çox yaxşı baxırdı. Babası 1995-ci ilin yanvar ayında vəfat etdi. Babasının ölümündən sonra da Solmaz mübahisəli mənzildə yaşamaqda davam etdi və hazırda da həmin mənzildə yaşayır.

8. Şahid qismində dindirilmiş X18 birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsində göstərmişdir ki, İddiaçı onun dayısdır. X12 vəfatından sonra babası Osman Hacıyev tək qaldığına görə bacısı qızı Solmazı öz evinə gətirdi ki, ona baxsın. Babası xəstə idi, ayaqdan şikəst idi. Babasının təklifi ilə Telmanla Solmaz evləndilər, onların el adəti ilə toyları oldu. O da toyda iştirak etmişdir. Ancaq aralarında nikah bağlanmadı. Ona görə ki, dayısı Telman çox vaxt Rusiyada yaşayırdı və toydan az sonra Rusiyaya getdi ki, qayıtdıqdan sonra nikahlarını qeydə aldırar. Solmaz onun babasına yaxşı qulluq edirdi, babası Solmazdan çox razı idi, Solmazı öz mənzilinə qeydə də aldırmışdır. 1995-ci ilin yanvar ayında babası Osman Hacıyev vəfat etdi. Babasının ölümündən sonra da Solmaz babasından qalmış mənzildə yaşamış, hazırda da həmin mənzildə yaşayır. Solmaz 30 ilə yaxındı ki, həmin mənzildə yaşayır, yaşadığı müddətdə mənzili iki dəfə təmir etdirmişdir. O da tez-tez babasının mülkiyyətində olmuş mənzilə gedib-gəlir, Solmaz da onu yaxşı qarşılayır.

9. Şahid qismində dindirilmiş X6 birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Cavabdeh onun əmisi Telmanın arvadıdır. X16 arasında rəsmi nikah qeydə alınmasa da onların el adəti ilə toyları olmuşdu. O, Solmaza həmişə gəlinbacı deyə müraciət edirdi. Babasının ölümündən sonra da o, babasının evinə gedib-gəlirdi, bəzən də Solmazla birlikdə qalırdı. Əmisi Telman çox vaxt Rusiyada yaşasa da Solmazın da qayğısına qalırdı, onlara zəng edib Solmazı tək qoymamağı tapşırırdı. Əmisi Telman 2021-ci ilin yayında Mingəçevirə gəlmişdi, onunla birlikdə bir rus qadını da gəlmişdi. Əmisi özünün ata evində deyil, onların evində qalırdı. Əmisinin Solmaza olan münasibəti onları da narahat etdiyinə görə əmisindən ailəsini dağıtmamağını, öz evlərinə, Solmazın yanına getməyi xahiş etdilər.Ancaq əmisinin əsəbləri pozulmuşdur. Gah Solmazla ailə münasibətləini bərpa etdirmək istəyirdi, gah da hirslənib özündən çıxırdı. Elə bil ki, əmisini onunla gələn rus qadını idarə edirdi. Onlar bir neçə gün qaldıqdan sonra Rusiyaya qayıtdılar.

10. İddaçı-cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X2 birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Telmanın qardaşının arvadıdır. O, ailə qurduqdan sonra 3 il qayınatası ilə bir mənzildə yaşamışdır, sonra mənzil alıb köçmüşlər. Qayınatasının təklifi ilə Telmanla Solmaz evlənmiş, el adəti ilə toy etmişlər. Lakin onlar az bir müddət bir yerdə yaşamışlar. Telman Rusiyada yaşayırdı, eləcə də Solmazı həyat yoldaşı kimi istəmirdi. Telman bir neçə dəfə atasına zəng edərək Solmazı mənzildən çıxarmağı, onunla bir ailə kimi yaşamağı istəmədiyini bildirmişdir. Atası da cavabında Telmana demişdir ki, gəlib özün çıxararsan.

11. Şahid qismində dindirilmiş X9 birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsində göstərmişdir ki, İddiaçı onun əmisidir. Eşitdiyinə görə əmisi Telman Rusiyada bir qadınla evlnmişdir. Solmazla ailə qurmaq istəməmişdir. Əmisi Rusiyada yaşayır, atasının yasını verəndən sonra da Rusiyaya qayıtmışdır.

12. Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(051)-773/2022 saylı qətnaməsi ilə (hakim Məhburə Kərimova) İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri M.Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzilindən məcburi qaydada çıxarılması tələbinə dair ilk iddiasının təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh Mingəçevir şəhəri M.Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir şəhəri M.Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzili X1 mülkiyyətində olmuşdur. Mülkiyyətçi Osman Hacıyev ilk iddia üzrə İddiaçı atası,qarşılıqalı iddia üzrə iddiaçı Cavabdeh dayısıdır. Məhkəmə iclasında, həmçinin, müəyyən edildi ki, mülkiyyətçi Osman Hacıyev 1992-ci ildə bacısı qızını,hazırkı iş üzrə cavabdeh-iddiaçını özünəməxsus mənzilə köçürmüş, 1993-cü ildə öz mənzilinə qeydiyyata saldırmış, 1995-ci ilə kimi birlikdə yaşamış, təsərrüfatı birlikdə idarə etmişlər. Cavabdeh-iddiaçı Cavabdeh ilə iddiaçı-cavabdeh İddiaçı 1992-ci ildə el adəti ilə toy etmişlər, faktiki ailə münasibətlərində olmuşlar. El adəti ilə toy etdikdən az sonra iddiaçı-cavabdeh İddiaçı Rusiya Federasiyasına qayıtmışdır. Mülkiyyətçi Osman Hacıyev 1995-ci ilin yanvar ayında vəfat etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh dayısının ölümündən sonra da həmin mənzildə yaşamaqada davam etmiş, mənzili qoruyub saxlamış, hazrda da mübahisəli mənzildə yaşayır. Cavabdeh-iddiaçı Cavabdeh 30 ildir daimi olaraq mübahisəli mənzildə yaşayır. Mənzilə xx.xx.2022-ci ildə iddiaçı-cavabdeh İddiaçı mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzil iddiaçı-cavabdeh İddiaçı mülkiyyətinə keçməmişdən bir neçə il qabaq əvvəlki mülkiyyətçi Osman Hacıyev cavabdeh-iddiaçı Cavabdeh həmin mənzilə köçürmüş, Cavabdeh mülkiyyətçi ilə bir neçə il həmin mənzildə yaşamış, təsərrüfatı birgə idarə etmişlər. Mənzil iddiaçı-cavabdehin mülkiyyətinə keçməmişdən əvvəl Cavabdeh mənzildə istifadə hüququ əldə etmişdir.

15. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, cavabdeh-iddiaçı Cavabdeh Mingəçevir şəhəri M.Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzilindən məcburi qaydada çıxarlması tələbinə dair ilk iddia əsassız olduğuna görə təmin olunmamalıdır.

16. Məhkəmə, həmçinin, hesab etmişdir ki, mülkiyyətçinin təklifi ilə mənzilə köçüb, onunla birlikdə ümumi təsərrüfat aparmış, 30 il həmin mənzildə yaşayan cavabdehiddiaçı Cavabdeh mənzilə istifadə hüququ əldə etmişdir. Ona görə də cavabdeh-iddiaçı Cavabdeh Mingəçevir şəhəri M.Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzilinə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunmalıdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olan) 53, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həmçinin normativ hüquqi aktların və Azərbaycan Respublikası MPM-nin 385-387-cimaddələrinin tələblərinə riayət etmədən qeyri obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Aşağıda göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(051)- 773/2022 saylı qətnaməsini əsassız və qanunsuz hesab edir. İlk öncə Məhkəmə Kollegiyasının nəzərinə onu çatdırmaq istəyir ki, Mingəçevir şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili onun mülkiyyətindədir və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, qeyd olunan mənzil mərhum atası X1 mülkiyyətində olmuşdur. Atası hələ sağlığında həmin evi ona vəsiyyət etmişdir. X24 01 yanvar 1995-ci ildə, anası X7 isə 31 mart 1992-ci ildə rəhmətə getmişlər. Bundan sonra o atasının tək varisi kimi miras əmlakı qəbul etmişdir və hazırda həmin mənzil onun mülkiyyətindədir. Buna baxmayraq o mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan mənzildə Cavabdeh yaşayır. Cavabdeh onun həyat yoldaşı olmamış və onunla onun rəsmi nikahı yoxdur. Eyni zamanda da Cavabdeh onun ailə üzvü olmamışdır. Atası xəstə olan zaman Cavabdeh atasına bir müddət baxmış və atasının xəstəliyindən istifadə edərək, Mingəçevir şəhərinin M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinə 20 may 1993-cü ildə 3 ay müddətinə müvvəqəti qeydiyyata düşmüşdür. Bundan başqa Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, X24 rəhmətə gedəndən sonra, özü evin sənədlərini götürərək Mingəçevir şəhər Polis Şöbəsinə getmiş və əvvəl atasının, sonra isə onun mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşdür. Buradan da görünür ki, Cavabdeh qeyri qanuni, ev sahibinin razılığı olmadan mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşdür. Eyni zamanda da atası hələ sağlığında Cavabdeh Mingəçevir şəhərinin M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinə qeydiyyata düşməsinə razılıq ərizəsi verməmişdir. Həmçinin o da Cavabdeh mülkiyyətində olan mənzilə qeydiyyata düşməsinə razılıq ərizəsi verməmişdir. Belə olan halda Solmaz İbrahima onun mülkiyyətində olan mənzilə qeyri-qanuni qeydiyyata düşmüş və onun əməlində cinayət tərkibinin əlamətləri mövcuddur. Bundan başqa Cavabdeh onun mənzilini qeyri-qanuni zəbt edərək, onun mülkiyyət hüquqlarını tam olaraq məhdudlaşdırmışdır. Hazırda o mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halların heç birini nəzərə almamış, əsassız olaraq onun ilkin iddia tələbini rədd etmişdir. Hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2- ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddədə göstərilmişdir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Buna baxmayaraq o mülkiyyətində olan, Mingəçevir şəhərinin M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilnə dair sərəncam verə bilmir. Belə ki, Cavabdeh mülkiyyətində olan mənzildən çıxmır. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi isə ona mülkiyyətində olan mənzildə istifadə hüququ verməklə onun sərəncam hüququnu tam məhdudlaşdırmışdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddədə göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bildirir ki, Cavabdeh onun ailə üzvü deyil. Onunla onun arasında rəsmi nikahları yoxdur. Digər tərəfdən də Cavabdeh yuxarıda qeyd olunan maddədə göstərilən digər şəxslər kateqoriyasına da aid deyil.

21. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin tələbləri pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsi mənim sahiblik, istifadə və sərəncam hüquqlarını nəzərə almadan iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh onun mülkiyyətində olan mənzildən istifadə hüququnun müəyyən olunması, onun hazırda mülkiyyətində olan mənzildən məhrum olunmasına gətirib çıxartmışdır. Cavabdeh mülkiyyətində olan mənzildən istifadə edir, onun isə öz mülkiyyətində olan mənzildən istifadə etməyinə imkan vermir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir.

23. Mingəçevir Şəhər Məhkəməsi işə baxarkən Cavabdeh hansı qaydada əvvəl atasının, sonra isə onun mülkiyyətində olan mənzilə qeydiyyata düşməsini, qeydiyyata düşərkən mənzil sahibinin razılıq ərizəsinin olub-olmamasını araşdırmamışdır.

24. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022 il tarixli, 2(051)-773/2022 saylı qətnaməsininin tamamilə ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh apellyasiya şikayətinə etirazında Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022 il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022 il tarixli, 2(051)-773/2022 saylı qətnaməsininin tamamilə ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022 il tarixli, 2(051)-773/2022 saylı qətnaməsininin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və cavabdehin vəkili məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

30. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

31. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı.

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022 il tarixli, 2(051)-773/2022 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin Cavabdeh onun həyat yoldaşı olmaması, onunla onun rəsmi nikahının olmaması, onun ailə üzvü olmaması, Cavabdeh onun mənzilini qeyri-qanuni zəbt etməsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən digər şəxslər kateqoriyasına da aid olmaması, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələblərinin pozulması, tətbiq edilməli olan hüquq normasının düzgün tətbiq edilməməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlilləri əsaslı deyildir.

38. Belə ki, məhkəmə kollegiyanın iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri M.Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzili 21 oktyabr 1991-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilməklə X1 gözlənilən mülkiyyətində olmuşdur. Mülkiyyətçi Osman Hacıyev ilk iddia üzrə İddiaçı atası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh dayısıdır. Osman Hacıyev 1992-ci ildə bacısı qızını, hazırkı iş üzrə cavabdeh-iddiaçını özünə məxsus mənzilə köçürmüş, 1993-cü ildə öz mənzilinə qeydiyyata saldırmış, 1995ci ilə kimi birlikdə yaşamış, təsərrüfatı birlikdə idarə etmişlər. Cavabdeh-iddiaçı Cavabdeh ilə iddiaçı-cavabdeh İddiaçı 1992-ci ildə el adəti ilə toy etmişlər, faktiki ailə münasibətlərində olmuşlar. El adəti ilə toy etdikdən az sonra iddiaçı-cavabdeh İddiaçı Rusiya Federasiyasına qayıtmışdır. Osman Hacıyev 1995-ci ilin yanvar ayında vəfat etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh dayısının ölümündən sonra da həmin mənzildə yaşamaqada davam etmiş, mənzili qoruyub saxlamış, hazırda da mübahisəli mənzildə yaşayır. Cavabdeh-iddiaçı Cavabdeh 30 ildir daimi olaraq mübahisəli mənzildə yaşayır. Mənzilə xx.xx.2022-ci ildə iddiaçı-cavabdeh İddiaçı mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır.

39. Məhkəmə kollegiyasının sorğusu ilə təqdim edilmiş, iş materialına əlavə edilmiş 21 oktyabr 1991-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Mingəçevir şəhəri M.Füzuli küçəsi 23 №-li evin 3 №-li mənzili X10 tərəfindən satın alınmışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh X1 1995-ci ildə vəfat etməsinədək ailə üzvü qismində Mingəçevir şəhəri, M.Füzuli küçəsi 23 nömrəli evin 3 nömrəli mənzilinə köçürülməsi, sonuncunun istəyinə uyğun olaraq onunla birgə təsərrüfat aparması işin mübahisəsiz hallarıdır.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

42. Hazırki mülki iş üzrə tərəflər arasında hüquq münasibətləri 2001-ci ildən əvvəl yarandığından, onlar arasında yaranmış mübahisə Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğul həll edilməlidir.

43. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

44. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

45. Göründüyü kimi hazırki iş üzrə caqvabdeh Cavabdeh mübahisəli mənzili zəbt etməmiş, əvvəlki mülkiyyətçi tərəfindən mübahisəli mənzilə köçürülmüş, həmin mənzildə X10 ilə birdə təsərrüfat işləri aparmış, mənzildən istifadə hüququ əldə etmiş, hazıradək həmin mənzildə yaşamaqdadır.

46. Bütün qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, tərəflər arasında rəsmi nikahın olmaması Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranmasını istisna etmir və Cavabdeh X1 ailə üzvü hesab edilməklə, onun həmin mənzildən istifadə hüququ yaranmışıdır.

47. Kollegiya qeyd edir ki, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsi 23 №-li evin 3 №- li mənzilinin mülkiyyətçisinin dəyişməsi istifadəçi Cavabdeh həmin mənzilə olan istifadə hüquqlarını aradan qaldırmır.

48. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin Cavabdeh yaşamasına görə mülkiyyətində olan mənzildən istifadə edə bilməməsi, onun mülkiyyət hüquqlarını tam olaraq məhdudlaşdırması, Mülkiyyətində olan, Mingəçevir şəhərinin M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilnə dair sərəncam verə bilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddələrinin tələblərinin pozulmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Bu baxımdan mülkiyyətində olan mənzildən istifadə edə bilmədiyi təqdirdə Cavabdeh bu maneələrin aradan qaldırılmasını tələb etməsi, nəticə əldə edilmədikdə isə bununla bağlı məhkəməyə ayrıca iddia tələbinin təqdim edilməsi İddiaçı hüququdur. Həmçinin Cavabdeh mübahisəli mənzildə istifadə hüququnun olması İddiaçı mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsinə maneçilik törədən hal deyildir.

49. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında X24 rəhmətə gedəndən sonra, özünün evin sənədlərini götürərək Mingəçevir şəhər Polis Şöbəsinə getməsi, qeyri qanuni, ev sahibinin razılığı olmadan mülkiyyətində olan mənzilə qeydiyyata düşməsi, atasının, həmçinin onun Cavabdeh mənzilinə qeydiyyata düşməsinə razılıq ərizəsi verməməsi, Cavabdeh onun mülkiyyətində olan mənzilə qeyri-qanuni qeydiyyata düşməsi, qeydiyyata düşərkən mənzil sahibinin razılıq ərizəsinin olub-olmamasının araşdırılmamasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, işdə olan məhkəmə iclas protokolları ilə Cavabdeh məhkəmə qətnaməsində yazıldığından fərqli izahat verməsi və protokolda, qətnamədəki izahatların doğru olmaması ilə bağlı İddiaçı birinci instansiya məhkəməsində işə baxılmasının nəticəsi üzrə protokola hər hansı bir qeyd verməsi halı müəyyən edilməmişdir.

50. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

51. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür

52. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

53. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

54. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

55. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranmasını onun həmin mənzilə qeydiyyata düşməsi ilə deyil, əvvəlki mülkiyyətçisi tərəfindən ailə üzvü qismində mübahisəli mənzilə köçürülməsi, davamlı olaraq həmin mənzildə yaşamaqla bərabər ümumi təsərrüfat aparması ilə əsaslandırmışdır.

56. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməməsinə dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

58. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(051)- 773/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(051)-773/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar