Məhkəmə qərarları › İş №2(107)-54/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-54/2024

30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-54/2024 30.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilmə faktının müəyyən edilməsi, miras paylarının müəyyən edilməsi) X3 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X26 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(033)-1926/2017 nömrəli qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı (cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoru) Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X20 tərəfindən mərhum həyat yoldaşı X12 xx.xx.2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilmə faktının müəyyən edilməsi və həmin əmlak üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehin atası X20 təxminən 1990-2000-ci illərdə məhkum olunmuşdur. Həmin dövrdə iddiaçının həyat yoldaşı X18 cavabdehin atasına pula ehtiyacı olduğu üçün 25.000 ABŞ dolları məbləğdə pul vermişdir. İddiaçının əri M.Xasməmmədov Rusiya Federasiyasının Norilsk şəhərində şaxtada işlədiyindən onun maddi durumu yaxşı idi. X49 həbsdən çıxandan sonra borcu qaytara bilmədiyi üçün bunun əvəzində iddiaçının ərinə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən özünə məxsus yaşayış evini, həyətyanı ərazini və 40 ha pay torpaq sahəsini, həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını ona versə də, iddiaçının əri onlara rəhm edib bununla razılaşmayıb, yalnız 40 ha pay torpaq sahəsini, həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını götürmüş və 4 tərəfıni dəmir torla hasara almış, darvaza ilə üzbəüz bağlarının başlanğıcında dəmir qapı qoymuşdur. Hətta fındıq bağına gedən yolun açılması üçün darvazanı çıxardıb 6 metr içəri keçirməliydilər, lakin iddiaçının əri bağın mövsümdən-mövsümə bir neçə dəfə istifadə olunacağını deyib, onların ağır vəziyətini düşünərək artıq xərc çəkilməməsi üçün bu işi təxirə salmışdır. X46 ailə üzvlərinin hər birinə ayrıcı pay torpağı verilmişdir. İddiaçının ərinə özünə düşən pay satılmışdır. Eyni zamanda Harun İmranov iddiaçının ərinə Zaqatala Rayon Əliabad Bələdiyyəsində xx.xx.2003-cü il tarixdə vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə kənd bələdiyyəsində bələdiyyə sədri tərəfindən notariat qaydada təsdiq edilmişdir. Torpaq sahəsinin sənədi olmadığı üçün tərəflər alqı-satqı edə bilməmişlər. Həmin dövrdən bu günə qədər qeyd edilən torpaq sahəsi iddiaçı və ailə üzvləri tərəfindən istifadə edilir. Torpaq sahəsinin onlara satılmasını təsdiq edən şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. İddiaçı 2 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmiş, notariat kontorundan ona mirasın qəbul edilməsi müddətinin ötürülməsi izah edilmişdir. Eyni zamanda, X46 oğlu olan cavabdeh Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha pay torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1926/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin edilərək, X20 tərəfindən xx.xx.2003-cü il tarixdə mərhum X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin əmlak üzərində İddiaçı vərəsəlik hüququnun təmin edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X18 ilə iddiaçı X14 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş və nikah bağlandıqdan sonra ərə - “Xasməmmədov”, arvada - “Xasməmmədova” soyadı verilmişdir. Zaqatala rayonu Əliabad qəsəbə sakini cavabdehin atası olan X43 pula ehtiyacı olduğu üçün iddiaçının həyat yoldaşı X6 25000 ABŞ dolları məbləğində borc pul almış, lakin maddi imkanı olmadığından həmin borcu qaytara bilməmişdir. Aldığı borc pulun əvəzində X11 rayonu Əliabad qəsəbəsi daxilində özünə məxsus 41 topa fındıq bağını, onun yerləşdiyi 40 ha pay torpaq sahəsini qəsəbə sakini X12 vermişdir. Həmin qəsəbədə aqrar islahatlarının aparılması başa çatmadığına görə vətəndaşlara torpaqla bağlı hüquqmüəyyənedici sənədlər verilməmiş və bu səbəbdən də tərəflər arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Hüquqmüəyyənedici sənədlər hazır olmasa da, X43 iki nəfər şahidin iştirakı ilə Zaqatala rayonu Əliabad bələdiyyəsində təsdiq edilmiş 10 yanvar 2003-cü il tarixli vəsiyyətnamə əsasında qəsəbə daxilində özünə məxsus 41 topa fındıq bağını, onun yerləşdiyi 40 ha pay torpaq sahəsini qəsəbə sakini X12 vəsiyyət etmişdir. Bundan sonra X18 ona vəsiyyət edilmiş torpaq sahəsini və həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını qəbul edərək, onun dörd tərəfini dəmir torla hasara almış, ora dəmir qapı qoymuşdur. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi oradakı 41 topa fındıq ağacları ilə birlikdə X9 və onun ailəsinin faktiki sahibliyinə və istifadəsinə verilmiş, onlar tərəfindən indiyədək fasiləsiz olaraq istifadə edilir. İşin bu halı həm də çoxsaylı şahidlərin ifadələri ilə təsdiq edilir. Cavabdehin atası X43 08 sentyabr 2007-ci il tarixdə, iddiaçının əri X19 isə 16 noyabr 2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı həmin torpaq sahəsi ilə bağlı ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat kontoruna müraciət etmiş, lakin notarius ona cavabında mirasın qəbul edilməsi müddətini ötürdüyünü bildirmişdir. Bundan başqa X46 oğlu cavabdeh İmranov X35 rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha pay torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz edir və fındıq bağına gedən yolu bağlayıb onların həmin torpaq sahəsindən listifadə etmələrinə maneçilik törədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

5. İddiaçı miras qoyan mərhum X9 arvadı olmaqla, miras qoyanın üzrə birinci növbə vərəsəsidir. X4 10 yanvar 2003-cü ildə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 41 topa fındıq bağına və onun yerləşdiyi 40 ha pay torpaq sahəsinə mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdən sahiblik etməklə və həmin miras əmlakı idarə etməyə faktik başlamaqla, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə, mirası bütünlüklə qəbul etmişdir. Bu halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən həmin miras əmlakın qəbul edilmə müddəti ötürülməmişdir.

6. X1 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 41 topa fındıq bağı və onun yerləşdiyi 40 ha pay torpaq sahəsi heç kimə vəsiyyət edilməmiş və mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdə sağ olan arvadı qanun üzrə birinci növbə vərəsə iddiaçı X10 mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsə də, o, həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etmişdir. Qanun üzrə birinci növbə vərəsə olan iddiaçı X13 ərindən miras qalmış torpaq sahəsinə vərəsəlik hüququnu başqa qaydada ala bilmir və belə vəziyyətdə qanun üzrə vərəsəlik hüququnun verilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Bu hüquq miras əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün tələb olunur.

7. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, X20 tərəfindən 10 yanvar 2003-cü il tarixdə mərhum X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla, qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və həmin əmlak üzərində İddiaçı vərəsəlik hüququ təmin edilməlidir.

8. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1145, 1159.1, 1243.2, 1243.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4, 307.2, 307.2.9, 308-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 71-ci maddələri ilə əsaslandırmışdır.

9. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-208/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, X20 tərəfindən mərhum həyat yoldaşı X12 xx.xx.2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin əmlak üzərində vərəsəlik hüququnun təmin edilməsi tələbinə dair hissəsi üzrə xitam verilməsi qərara alınmışdır.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-208/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, X20 tərəfindən iddiaçının mərhum həyat yoldaşı X12 xx.xx.2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilməsi faktı müəyyən edilmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-208/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3837/2022 nömrəli qərarı ilə, Maraqlı şəxs kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-208/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

14. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1067/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, X20 tərəfindən İddiaçı mərhum həyat yoldaşı X12 xx.xx.2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,07772 ha torpaq sahəsinin üzərində mirası qəbul etmək faktı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-1067/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1193/2023 nömrəli qərarı ilə, Maraqlı şəxs kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-1067/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-1193/2023 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

18. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

19. Kollegiya qeyd etmişdir ki, işdən görünür ki, Ali Məhkəmənin Mülki Kollegiyasının hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən məcburi payla bağlı məsələlərə diqqət yeririlmədiyi və torpaq sahəsinin miras qoyandan əlavə daha 4 nəfər mülkiyyətçisinin olmasının işin mübahisəsiz halı olmasının nəzərə alınmadığı maddi və prosessual hüquq normalarının pozuntusu kimi diqqətə çatdırılaraq, qətnamənin ləğvinə səbəb olduğu göstərilsə də, işə apellyasiya qaydasında yenidən baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli qətnaməsində də vəsiyyət edən H.İmranovun vərəsələrinin miras əmlaka məcburi pay hüququnun yaranmadığını bildirmiş, gəldiyi nəticəni isə miras qalmış 0,07772 ha torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsi barədə heç bir sübutun təqdim edilməməsi ilə əsaslandırmışdır. Halbuki, mübahisəli 0,3886 ha torpaq sahəsinin vəsiyyət edən H.İmranovdan başqa daha 4 nəfərin ümumi birgə mülkiyyətində olması faktı məhkəmələr tərəfindən işin müəyyən edilmiş halıdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 1243.3-cü maddəsində nəzərdə tutulan “bir hissəyə sahiblik edən vərəsə mirasın tamamını qəbul etmiş sayılır” anlamda müddəası hazırkı mübahisədə həmin Məcəllənin 152.1-ci maddəsində anlayışı verilən mülkiyyət hüququnun “əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq” elementi kontekstində dəyərləndirilməlidir.

21. Məhz bu təfsirdən hərəkətlə, vəsiyyət edən H.İmranovla birlikdə mübahisəli torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri vərəsələrin miras əmlakı faktiki olaraq qəbul etmələrinin və həmin əmlaka onların məcburi pay hüquqlarının yaranmasının təsdiqi kimi sonunculardan əlavə sübutların tələb edilməsinə zərurət yox idi.

22. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının mübahisəli torpaq sahəsi üzərində mirası qəbul etmək faktını müəyyən edərkən onun mirasdan pay hüququnu əmlakın bir hissəsinə pay şəklində deyil də, naturada bölgü qaydasında konkret 0,07772 ha olaraq göstərməsi də məhkəmənin prosessual hüquq normalarını pozmaqla tələbdən kənara çıxması kimi qiymətləndirilməlidir.

23. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

24. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 35-39-cu bəndlərində şərh edilən hallar işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, qeyd edilən hallara aydınlıq gətirilməli, bildirilən hüquqi mövqelər nəzərə alınmaqla, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maraqlı şəxsin mülkiyyət və vərəsəlik hüquqlarını pozur. Məhkəmə prosessual hüquq normalarını kobud pozaraq maraqlı şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair qətnamə qəbul edərkən onu iş üzrə prosessual şəxs kimi cəlb etməmiş, beləliklə də kobud pozuntulara yol vermişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi maraqlı şəxsin və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ əsasında dövlət tərəfindən verilmiş pay torpaq sahəsidir. X43 isə maraqlı şəxsin atasıdır. Atası xx.xx.2007-ci ildə vəfat etmişdir; iddiaçı iddia edir ki, guya həmin torpaq sahəsini maraqlı şəxsin atasına 25.000 ABŞ dolları verərək almışlar. Lakin belə bir sübut məhkəməyə təqdim edilməyib; iddiaçı məhkəməyə 2017-ci il tarixli akt təqdim etmişdir. Həmin aktda qeyd olunur ki, guya X18 maraqlı şəxsin atası X27 40 sot fındıq bağını 2003-cü ildə almışdır. Həmin aktda atasının imzası olmadığına görə bağın alqı-satqısı ilə bağlı ödənilən məbləğ qeyd olunmadığına görə həmin akt alqı-satqıya dair hüquqi sənəd hesab oluna bilməz; məhkəmə işə baxarkən Mülki Məcəllənin vərəsəlik hüququna dair müddəalarını tətbiq etmişdir. Maraqlı şəxsin atası vəfat edərkən mübahisəli torpaq sahəsi atasının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdı; məhkəmə atasının Əliabad qəsəbəsində təsdiq etdirdiyi 2003-cü il tarixli vəsiyyətnaməyə istinad etmişdir. Həmin vəsiyyətnamə atası tərəfindən X12 vəsiyyət edilmişdir. Atası 2007-cı ildə, X18 isə 2012-ci ildə, yəni atasının vəfatından 5 il sonra vəfat etmişdir. X18 vəfat etməmişdən əvvəl atasının ona vəsiyyət etdiyi torpaq sahəsini rəsmiləşdirməmiş, vəsiyyət üzrə həmin torpaq sahəsi üzərində vərəsəlik hüququ əldə etməsini dövlət qeydiyyatına aldırmamışdır. Belə olduğu halda atasının vəsiyyətnaməsində qeyd etdiyi torpaq sahəsi Mütəllib Xasməmmədovdan miras qalmış əmlak hesab oluna bilməz. Hesab edir ki, qətnamə qanunsuzdur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(033)-1926/2017 nömrəli qətnaməsinin ləğv edilməsinə, yeni qətnamə qəbul edərək iddianın rədd edilməsinə dair qətnamə qəbule dilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X23, X15 və X16, Cavabdeh, Maraqlı şəxs, onun vəkili Nümayəndə, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxslər Əliyeva (İmranova) Gülsevən Harun qızı və X44 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Maraqlı şəxsin vəkili Nümayəndə məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi ərizəsində hazırkı işə onun və maraqlı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmiş, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiklərini göstərsə də işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (Yeni Məcəllə) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

29. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarı.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

36. Kollegiya qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 208/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə X20 tərəfindən mərhum həyat yoldaşı X12 xx.xx.2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin əmlak üzərində vərəsəlik hüququnun təmin edilməsi tələbinə dair hissəsi üzrə xitam verilməsi qərara alınmışdır.

37. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-208/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır.

38. Ona görə də məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(033)-1926/2017 nömrəli qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş X20 tərəfindən xx.xx.2003-cü il tarixdə mərhum X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin X20 tərəfindən xx.xx.2003-cü il tarixdə mərhum X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hissəsinə münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tаrixli, 2(033)- 1926/2017 saylı qətnaməsi miras əmlakın qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1193/2023 nömrəli qərarında əks olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan və mübahisələndirilən yəni, “X20 tərəfindən xx.xx.2003-cü il tarixdə mərhum X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair hissəsinə qiymət verilməsi zəruridir.

41. Məhkəmə kollegiyası bununla bağlı əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair tələblərə iddia icraatı qaydasında baxılmasının yolverilməzliyi ilə bağlı məhkəmə təcrübəsinin olmasına baxmayaraq, 2017-ci ildən məhkəmə mübahisəsinin davam etməsini, bundan əvvəlki mərhələdə iki dəfə apellyasiya, iki dəfə də kassasiya qaydasında mübahisəyə baxılmasını, miras paylarının müəyyən edilməsi səlahiyyətinin məhkəməyə aid olmasını və prosessual qənaət prinsipindən çıxış edərək, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılması mümkün hesab edilir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı mərhum əri, iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X7, X8 isə mərhum ataları X18 16 noyabr 2012-ci ildə, Cavabdeh, Maraqlı şəxs, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 və İmranova (Əliyeva) Gülsevən Harun qızının isə mərhum ataları X43 isə 08 sentyabr 2007-ci ildə vəfat etmişlər. X20 10 yanvar 2003cü il tarixli vəsiyyətnamə ilə Zaqatala rayonu Əliabad qəsəbəsində 41 topa fındıq bağını və onun altındakı 0,40 ha pay torpaq sahəsini X12 vəsiyyət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 22 fevral 2017-ci il tarixdə verdiyi RX seriyalı, ******* nömrəli çıxarışla torpaq sahəsinin ölçüsünün 0,3886 hektar təşkil etdiyi və həmin torpaq sahəsinin yalnız X33 mülkiyyətini təşkil etmədiyi, 0,3886 hektar torpaq sahəsinin X33, X21, X40, Maraqlı şəxs, X32 ümumibirgə mülkiyyətlərində olması müəyyən edilmişdir. X48 isə xx.xx.2003-cü il tarixdə (i.m. 2-ci cild 151-ci vərəqə) vəfat etmişdir. Beləliklə mərhum X9 İddiaçı, X23, X15 və X16, X20nun isə X34, Maraqlı şəxs, X44 və Cavabdeh ibarət birinci növbəli vərəsələri qalmışlar.

44. İşin halından görünür ki, vəsiyyət üzrə və qanun üzrə vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.

45. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

46. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

47. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini əsaslandıran hal kimi X33 Zaqatala rayonu Əliabad bələdiyyəsində təsdiq edilmiş 10 yanvar 2003cü il tarixli vəsiyyətnamə əsasında qəsəbə daxilində özünə məxsus 41 topa fındıq bağını, onun yerləşdiyi 40 ha pay torpaq sahəsini qəsəbə sakini X12 vəsiyyət etməsi, İddiaçı miras qoyan mərhum X9 arvadı olmaqla, miras qoyanın birinci növbə vərəsəsi olması, X4 10 yanvar 2003-cü ildə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 41 topa fındıq bağına və onun yerləşdiyi 40 ha pay torpaq sahəsinə mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdən sahiblik etməklə və həmin miras əmlakı idarə etməyə faktik başlamaqla, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə, mirası bütünlüklə qəbul etməsi, İddiaçı tərəfindən həmin miras əmlakın qəbul edilmə müddətinin ötürülməməsi, X2 mirası bütünlüklə qəbul etməsinə istinad etsə də barəsində vəsiyyətnamə verilmiş torpaq sahəsinin ölçüsünün əslində 0,3886 hektar, X33 isə 0,3886 hektar torpaq sahəsinin 5 nəfər mülkiyyətçisindən biri olması müəyyən edilmişdir.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

50. X38 və ailə üzvlərinə məxsus 0,3886 ha torpaq sahəsinə münasibətdə verilmiş mülkiyyət sənədində onların həmin əmlakların ümumi birgə mülkiyyətçiləri olmaları qeyd edilməklə payları müəyyənləşdirilmədiyindən, paylarının dəqiqləşdirilməsi məqsədi ilə aralarında razılıqlarının olması iş materialı ilə müəyyən edilmədiyindən məhkəmə kollegiyası X33, X21, X40, Maraqlı şəxs, X32 ümumibirgə mülkiyyətlərində olan 0,3886 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylarının bərabər olmasını qəbul edir.

51. Həmçinin iş materialında olan Zaqatala rayonu Əliabad Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 10 yanvar 2003-cü il tarixli vəsiyyətnamədən X33 ona məxsus qəsəbə daxilində olan 41 topa fındığı, onun altındakı 0,40 ha pay torpaq sahəsini Əliabad qəsəbə sakini X12 vəsiyyət etməsi müəyyən edilmişdir.

52. Torpaq sahəsinin vətəndaşın mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması imkanları nəzərdə tutulmasına baxmayaraq, torpaq sahəsi üzərindəki ağacların, o cümlədən vəsiyyətnamədə qeyd edilmiş 41 topa fındığın da vətəndaşın mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin maraqlı şəxsin mülkiyyət və vərəsəlik hüquqlarını pozmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxil olduğundan, 0,3886 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/5 hissəsi üzərində X33 əmlak hüquqlarının olması müəyyən edilmədiyindən, 0,3886 hektar torpaq sahəsinin 1/5 hissəsindən başqa vəsiyyətnamədə qeyd edilmiş digər əmlakın hazırkı mübahisə üzrə mirasın kütləsi kimi qəbul edilməsi mümkünsüzdür.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 0,3886 hektar torpaq sahəsinin mirasqoyan X33 mülkiyyət payını təşkil edən və vəsiyyət etmək səlahiyyətinin olduğu 1/5 hissəsinin ½ hissəsi üzərində X33 birinci növbə vərəsələrinin məcburi pay hüquqlarının olması da nəzərə alınmalıdır.

55. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mirasqoyan X33 vəsiyyət etdiyi, lakin sənəd üzrə ölçülərinin 0,3886 hektar olması müəyyən edilmiş torpaq sahəsinin 1/5 hissəsinin mirasqoyana aid olmasını, həmin 1/5 hissə torpaq sahəsi üzərində isə X33 birinci növbə vərəsələrinin məcburi pay hüquqlarının olmasını nəzərə almamışdır.

56. Kollegiya həmçinin qeyd edir ki, prossesual qənaət prinsipindən çıxış edərək vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe də nəzərə alınmalıdır.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin prosessual hüquq normalarını kobud pozaraq maraqlı şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair qətnamə qəbul edərkən onu iş üzrə prosessual şəxs kimi cəlb etməməsi, beləliklə də kobud pozuntulara yol verməsinə dair dəlili ilə də razılaşaraq qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi maraqlı şəxslə yanaşı, baxılan mübahisənin digər vərəsələrin də hüquq və vəzifələrinə toxunmasına baxmayaraq, mübahisə tərəflərindən başqa digər birinci növbəli vərəsələri də cəlb etməməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.

59. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları).

60. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni X33 öldüyü 08 sentyabr 2007-ci il tarixə onun birinci növbə vərəsələri X34, Maraqlı şəxs, X44 və Cavabdeh ibarət ibarət olmuşlar.

61. X9 isə vəfat etdiyi 16 noyabr 2012-ci il tarixə onun birinci növbə vərəsələri İddiaçı, X23, X15 və X5 ibarət olmuşlar.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

63. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

64. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

65. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

66. Məhkəmə kollegiyasının iclasında 08 sentyabr 2007-ci il tarixdə ölmüş X33 və 16 noyabr 2012-ci il tarixdə ölmüş X9 birinci növbə vərəsələrindən heç birinin mirasdan imtina etmələri halı müəyyən edilməmişdir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.

69. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla vərəsələrin vərəsəlik payları müəyyənləşdirilməlidir.

70. Məhkəmə kollegiyası tərəfindən miras qoyan X43 tərəfindən 10 yanvar 2003-cü il tarixli vəsiyyətnamə ilə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,3886 hektar torpaq sahəsinin yalnız özünə məxsus 1/5 hissəsinin vəsiyyət edilməsinin qəbul edilməsi, həmçinin miras qoyan X33 vərəsələrinin 0,3886 hektar torpaq sahəsinin Harun İmranova məxsus 1/5 hissəsində məcburi paylarının olması nəzərə alınmalıdır.

71. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbinin mirasın bütünlükdə iddiaçı tərəfindən qəbul edilməsi ilə razılaşmır və hesab edir ki, iddia tələbi həmin hissədə iddiaçıya müəyyən ediləcək pay həddində təmin edilməlidir.

72. Kollegiya hesab edir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,3886 hektar torpaq sahəsinin X38 məxsus 8/40 hissəsinin X12 vəsiyyət edilməsi, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq isə Harun İmranovun uşaqlarının ondan qalmış mirasda məcburi pay hüquqlarının olması nəzərə alınaraq, 0,3886 hektar torpaq sahəsinin X38 məxsus 8/40 hissəsi üzərində xeyrinə vəsiyyətnamə verildikdən sonra vəfat etmiş X9 birinci növbə vərəsələri olan arvadı-İddiaçı, həmçinin uşaqları X17, X7, X8, həmçinin X33 birinci növbə vərəsələri olan uşaqları Cavabdeh, Maraqlı şəxs, X32 və Əliyeva (İmranova) Gülsevən Harun qızının hər birinin 1/8 hissədə miras paylarının müəyyən edilməsi, qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının tələblərinə uyğundur.

73. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tаrixli, 2(033)-1926/2017 nömrəli qətnaməsi iddia tələbinin təmin edilmiş X20 tərəfindən xx.xx.2003-cü il tarixdə mərhum X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi mirasın qəbul edilmə faktının müəyyən edilməsi hissəsində qismən təmin edilməli, X20 tərəfindən xx.xx.2003-cü il tarixdə İddiaçı mərhum X4 vəsiyyət edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 22 fevral 2017-ci il tarixdə verdiyi RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,3886 ha torpaq sahəsinin X38 məxsus 8/40 hissəsindən 1/8 hissəsinin miras əmlak olmaqla İddiaçı tərəfindən qəbul edilmə faktı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

74. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 22 fevral 2017-ci il tarixdə verdiyi RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,3886 hektar torpaq sahəsinin X38 məxsus 8/40 hissəsində İddiaçı, üçüncü şəxslər X17, X7, X8, Cavabdeh, Maraqlı şəxs, üçüncü şəxslər X32 və Əliyeva (İmranova) Gülsevən Harun qızının hər birinin 1/8 hissədə miras payları müəyyən edilməlidir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tаrixli, 2(033)-1926/2017 nömrəli qətnaməsi iddia tələbinin təmin edilmiş X20 tərəfindən xx.xx.2003-cü il tarixdə mərhum X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi mirasın qəbul edilmə faktının müəyyən edilməsi hissəsində qismən təmin edilsin. X20 tərəfindən xx.xx.2003-cü il tarixdə İddiaçı mərhum X4 vəsiyyət edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 22 fevral 2017-ci il tarixdə verdiyi RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,3886 ha torpaq sahəsinin X38 məxsus 8/40 hissəsindən 1/8 hissəsinin miras əmlak olmaqla İddiaçı tərəfindən qəbul edilmə faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 22 fevral 2017-ci il tarixdə verdiyi RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,3886 hektar torpaq sahəsinin X38 məxsus 8/40 hissəsində İddiaçı, üçüncü şəxslər X17, X7, X8, Cavabdeh, Maraqlı şəxs, üçüncü şəxslər X32 və Əliyeva (İmranova) Gülsevən Harun qızının hər birinin 1/8 hissədə miras payları müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar