Məhkəmə qərarları › İş №2(107)-54/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-54/2025

02.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-54/2025 02.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: işçinin işəgötürənə vurduğu zərər) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(016)-80/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il – xx.xx.2022-ci il ərzində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6.075,62 manat pul vəsaitini müəssisənin kassasına ödəmədiyi aşkar olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 6.075,62 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,76 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 10 yanvar 2022-ci il tarixindən İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsində çalışmışdır. xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6.075,62 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 6.075,62 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan da göründüyü kimi qeyd edilən maddəyə əsasən cavabdehin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. İddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmiş, təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. İddia ərizəsinin tələbinə görə cavabdeh Cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmış, belə ki, cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan 6.075,62 manat məbləğində pulu bu günə kimi ödəməmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində Şahid ifadəsindən görünür ki, Cavabdeh işdən çıxarılan zaman malların təhvil-təslimi aparılmış, həmin vaxt Elşənin əskiyi olmamış, bu səbəbdən, ondan bununla bağlı izahat alınmamışdır. Bundan əlavə, mağaza sahibləri tərəfindən geri qaytarılmış vaxtı keçmiş mallar da MMC tərəfindən qəbul edilməmişdir.

5. Göründüyü kimi, İddiaçı MMC Cavabdeh 6.075,62 manat pul tələb etsə də, həmin məbləğdə ziyanın cavabdeh tərəfindən dəyməsi halını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

6. Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(016)-80/2024 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müaqaviləsi bildirişi xx.xx.2023-cü il tarixli bildiriş xx.xx.2022-ci il – xx.xx.2022-ci il ərzində aparılmış yoxlamanın nəticəsi ilə bağlı tərtib edilmiş akt

9. Qətnаmədən nаrаzı qаlаn İddiaçı MMC аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı MMC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə Şahid ifadəsində göstərdiyi məlumatların işin faktiki halları ilə uyğunluğunu aydınlaşdırmamışdır. Əgər məhkəmə Şahid ifadəsinə tənqidi yanaşmağa cəhd göstərsəydi, onun həqiqətən də məhkəməyə yalan ifadə verdiyini müəyyənləşdirərdi. Çünki, Şahid ifadəsində göstərilənlərin həqiqəti əks etdirdiyi iş materialları ilə öz təsdiqini tapmamışdır. Şahid qismində dindirilmiş Şahid əvvəllər İddiaçı MMC-də satış auditi üzrə təftişçi vəzifəsində çalışmışdır və Cavabdeh ərazisinin təhvil-təslimini şəxsən o aparmışdır. İş materiallarına əlavə edilmiş və Cavabdeh İddiaçı MMC-yə maddi zərər vurduğunu təsdiq edən akt da məhz Şahid tərəfindən tərtib edilib və iştirakçılara imzalatdırılıb. Aktı Şahid özü şəxsən imzalamış və Cavabdeh əskik gəlməsini təsdiqləmişdir. Lakin halhazırda o, İddiaçı MMC-də işdən azad olunduğuna və Cavabdehlə şəxsi münasibətlərinin yaxşı olmasına görə məhkəmədə cavabdehin xeyrinə və həqiqətə uyğun olmayan izahat verməkdən çəkinməmişdir. Şahid verdiyi ifadəsində göstərilən məlumatlar həqiqəti əks etdirmir və reallığa uyğun deyil. Onun ifadəsində göstərilənləri təsdiqləyən hər hansı bir sübut mövcud deyil və ola da bilməz.

11. Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(016)-80/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın tam həcmdə təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40,38 manatın cavabdehdən iddiaçının xeyrinə tutulnması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(016)-80/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199.1-ci maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(016)-80/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

22. Belə ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. xx.xx.2022-ci ildə İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il – xx.xx.2022-ci il ərzində cavabdehin fəaliyyəti yoxlanılarkən, cəmiyyətə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6.075,62 manat pul vəsaitini cəmiyyətin kassasına ödəmədiyi aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni iddiaçının ziyanın cavabdeh tərəfindən dəyməsi halını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyini göstərməklə əsaslandırmışdır. Mülki işin 7-13-cü vərəqlərində yerləşən xx.xx.2022-ci il – xx.xx.2022-ci il ərzində aparılmış yoxlamanın nəticəsi ilə bağlı tərtib edilmiş aktdan görünür ki, İddiaçı firmasının satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil təslim edilməsinə dair xx.xx.2022-ci il tarixli 210 saylı əmrə əsasən təhkim edilmiş müştərilərin faktiki borc qalıqları yoxlanılmışdır ki, həmin Aktda “komissiyanın aktı ilə tanış oldum, heç bir etirazım yoxdur, kənarlaşmanı təsdiq edirəm” sözlərinin altında “təhvil verdi: Avrora MMC-nin satış nümayəndəsi: sözlərinin qarşısında Cavabdeh əl yazısı ilə adını yazmış və qarşısında imza etmişdir. Həmçinin, iddiaçı MMC tərəfindən məhkəmə kollegiyasına elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim edilmiş mülki işin 130-161-ci vərəqlərində olan “qarşılıqlı borc üzləşmə akt”larından görünür ki, hər bir alıcı ilə ayrı-ayrılıqda üzləşmə aktları tərtib edilməklə qalıq borclar müəyyən edilmişdir ki, hər bir aktda MMC-nin satış nümayəndəsi olaraq Cavabdeh qeyd edilmiş və hər bir akta cavabdeh öz adının qarşısından imza etmişdir. Mülki işin 7-13-cü vərəqlərində yerləşən xx.xx.2022-ci il – xx.xx.2022-ci il ərzində aparılmış yoxlamanın nəticəsi ilə bağlı tərtib edilmiş aktın 3-8, 11, 14-18, 22-24, 27, 33, 42-43 və 48-ci sıralarında müştərinin adı və “kənarlaşma əskik” sütunlarında qeyd olunmuş məlumatlarla mülki işin 130-161-ci vərəqlərində olan Avrora MMC-nin nümayəndəsi olaraq Şahid digər tərəfdən ayrılıqda hər bir alıcı tərəfindən tərtib olunmuş və digər şəxslərlə birlikdə Cavabdeh tərəfindən imzalanmış qarşılıqlı borc vəziyyətini göstərən “qarşılıqlı borc üzləşmə akt”larında əskik sütununda qeyd olunan məbləğlərin qarşılıqlı müqayisəsi nəticəsində həmin məlumatların üst-üstə düşdüyü müəyyən edilmişdir.

23. Birinci instansiya məhkəməsi, həmçinin, şahid qismində dindirdiyi Şahid “Cavabdeh işdən çıxarılan zaman əskiyi olmadığı, bundan əlavə, mağaza sahibləri tərəfindən geri qaytarılmış vaxtı keçmiş malların da MMC tərəfindən qəbul edilmədiyi” barədə izahatını əsas götürmüşdür. İddiaçı MMC apellyasiya şikayətində bu barədə göstərir ki, iş materiallarına əlavə edilmiş və Cavabdeh İddiaçı MMC-yə maddi zərər vurduğunu təsdiq edən akt da məhz Şahid tərəfindən tərtib edilib və iştirakçılara imzalatdırılıb. Aktı Şahid özü şəxslən imzalamış və Cavabdeh əskik gəlməsini təsdiqləmişdir. Lakin hal-hazırda o, İddiaçı MMCdə işdən azad olunduğuna və Cavabdehlə şəxsi münasibətlərinin yaxşı olmasına görə məhkəmədə cavabdehin xeyrinə və həqiqətə uyğun olmayan izahat verməkdən çəkinməmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllə şahid ifadələrini iş üzrə sübutlardan biri olaraq qəbul etmişdir. Şahidin ifadəsi iş üzrə həlledici sübut hesab oluna bilməz və işdə olan digər sübut və ya dəlillərlə əlaqəli nəzərdən keçirilməlidir. Hazırki işin materiallarından görünür ki, xx.xx.2022-ci il – xx.xx.2022-ci il ərzində aparılmış yoxlamanın nəticəsi ilə bağlı tərtib edilmiş akta digər şəxslər – Avrora MMC-nin Audit şöbəsinin baş auditoru X9, bölgə müdiri X5 və satış əməliyyatları üzrə mühasib X6 ilə birlikdə Avrora firmasının Audit şöbəsinin auditi olaraq Şahid imza etmişdir. Həmçinin, “qarşılıqlı borc üzləşmə akt”ları Avrora MMC-nin nümayəndəsi olaraq Şahid digər tərəfdən ayrılıqda hər bir alıcı tərəfindən tərtib olunmuş və “bölgə müdiri” X5, təhvil alan X2 ilə yanaşı, Şahid, Cavabdeh və alıcı tərəfindən imzalanmışdır. Sözügedən “qarşılıqlı borc üzləşmə akt”ları xx.xx.2022-ci ildə tərtib olunmuşdur. İddiaçının cavabdehlə olan əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. Göründüyü kimi, “cavabdeh işdən çıxarıldığı vaxt əskiyinin olduğunu” təsdiqləyən aktlar mövcuddur ki, həmin aktlar məhkəmədə bunun əksinə ifadə verən şahid tərəfindən imza edilmişdir. Göstərilənlərə əsasən, kollegiya həmin şahidin ifadələrini sübut qismində qəbul etmir.

24. “mağaza sahibləri tərəfindən geri qaytarılmış vaxtı keçmiş malların da MMC tərəfindən qəbul edilməməsi” məsələsinə gəldikdə isə, cavabdeh belə bir halın mövcudluğu ilə bağlı məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Bundan başqa, Şahid birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, o, özü də vaxtı keçmiş mallara baxmışdır. Müddəti keçmiş mallara dair akt tərtib etmişlər. O öz hesabatında göstərmişdir ki, Cavabdeh yeyintisi yoxdur. Kollegiya qeyd edir ki, məhkəməyə nə vaxtı keçmiş mallara baxış barədə akt, nə də Cavabdeh yeyintisinin olmaması barədə hesabat təqdim edilməmişdir. Əksinə, bu qətnamənin 23-cü bəndindən göründüyü kimi, bunun əksini təsdiq edən sübutlar mövcuddur.

25. xx.xx.2022-ci il – xx.xx.2022-ci il ərzində aparılmış yoxlama üzrə gəlinmiş nəticələrin həqiqəti əks etdirib-etdirməməsi; Cavabdeh İddiaçı firmasının satış şöbəsinin satış təmsilçisi işlədiyi 10 yanvar 2022-ci ildən yoxlamanın başa çatdığı xx.xx.2022-ci ilədək fəaliyyəti nəticəsində məhsulların əskikliyi ilə bağlı borcun yaranıb-yaranmaması; yarandığı halda Cavabdeh yaranmış borc məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün kollegiya tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin iddiaçı tərəfindən “qaimə fakturalar” təqdim edilmədiyi üçün ekspert rəyi verilməsindən imtina edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, bu qətnamənin 22-23cü bəndlərində göstərilmiş dəlillər Cavabdeh İddiaçı firmasının satış şöbəsinin satış təmsilçisi işlədiyi 10 yanvar 2022-ci ildən yoxlamanın başa çatdığı xx.xx.2022-ci ilədək fəaliyyəti nəticəsində məhsulların əskikliyi ilə bağlı borcun yaranmasını sübut edir. Qaima fakturaların təqdim edilməməsinə gəldikdə isə, Cavabdeh iddiaya etirazının dəlilləri borcun olmamasına deyil, vaxtı keçmiş malların MMC tərəfindən qəbul edilməməsinə əsaslanmışdır ki, həmin məsələyə də bu qətnamənin 24-cü bəndində qiymət verilmişdir. Ona görə də, qaima fakturaların mövcud olmaması iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.

26. Borc məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün isə kollegiya tərəfindən cəlb edilmiş mütəxəssisin iştirakı ilə məhkəmə kollegiyasının iclasında “qarşılıqlı borc üzləşmə akt”ları və xx.xx.2022-ci il – xx.xx.2022-ci il ərzində aparılmış yoxlamanın nəticəsi ilə bağlı tərtib edilmiş aktın qarşılıqlı müqayisəsi əsasında borcun məbləği hesablanmış və 6.075,62 manat borcun olduğu öz təsdiqini tapmışdır.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(016)-80/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, 6.075,62 manat məbləğində pul, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,76 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(016)-80/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. 6.075,62 manat məbləğində pul, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,76 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar