Məhkəmə qərarları › İş №2(107)-545/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-545/2021

18.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-545/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-308/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxx 2020-ci il tarixli 2(024)- 308/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt edilmiş 3.478 ha ərazidən cavabdehlərin məcburi qaydada çıxarılması” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh2 iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı5 məxsus 3.478 ha torpaq sahəsinin 1.90 ha hissəsindən, digər Cavabdeh1 isə 0.6820 ha hissəsindən məcburi qaydada çıxarılması qət edilmiş, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilmişdir. İşin halları İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı5 (bundan sonra iddiaçı və ya İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı5) Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh2 və Cavabdeh1) zəbt edilmiş 3.478 ha ərazidən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə 4.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən onlar uzun müddətdir ki, düzgün istifadə edə bilmirlər. Həmin torpağı 2004-cü il tarixdən həmkəndliləri zəbt etmişlər. Ailəyə məxsus olan torpağın bir hissəsini (1.400 ha) xx.xx.2015-ci il tarixdə həmkəndliləri X1. Qalan 3.478 ha torpaq sahəsini həmkəndliləri Cavabdeh2 və Cavabdeh1 zəbt etmişlər. Hazırki vaxtadək dövlətə verilən vergini onlar ödəyirlər. Onlar ailəni zorla dolandırırlar. Dövlət tərəfindən onlara və ailə üzvlərinə verilən torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmirlər. Onlar istəyir ki, həmin torpaq sahəsini zəbt etmiş cavabdehlər oradan çıxarılsın. Göstərdiklərini nəzərə alaraq məhkəmədən zəbt edilmiş 3.478 ha ərazidən cavabdehlərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbini əsassız hesab edir. Çünki hazırda istifadə etdiyi torpaq sahəsi Qax Rayon Aqrar İslahat Komissiyası tərəfindən ölçülərək onlara verilmişdir. Onlar 10 ildən artıq müddətdir ki, həmin torpaq sahəsində əziyyət çəkərək fındıq bağı salmışlar. Həmin torpaq sahəsi iddiaçılara yox, ona məxsusdur. O, heç kəsin torpaq sahəsinə girməmişdir. Ekspertiza rəyi ilə razı deyildir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbini əsassız hesab edir. Hazırda istifadə etdiyi torpaq sahəsi onun özünə məxsusdur. Uzun illərdir ki, həmin torpaq sahəsini özü istifadə edir. O, heç kəsin torpaq sahəsinə girməmişdir. İddia tələbini qəbul etmir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-308/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddianın əsassız olduğuna görə yeni qətnamə ilə həmin iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər apellyasiya şikayətini belə əsaslandırmışlar ki, Cavabdeh1 mülkiyyətinə Qax RAİK-nın xx xxxx 1998-ci il tarixli 08 №-li qərarına əsasən 0.81 ha torpaq sahəsi verilmiş və həmin vaxtdan bu vaxtadək bu torpaq sahəsi onun mülkiyyətində olmaqla ondan istifadə etmişdir. O, heç bir şəxsin torpağını zəbt etməmiş və məhkəməyə kimi heç bir şəxs ona bu barədə iradını bildirməmişdir. Lakin iddiaçılar özlərinə məxsus 4.88 ha torpaq sahəsinin bir hissəsini (1.400 ha) başqa şəxsə satdıqdan sonra onların mülkiyyətində olan torpağı ələ keçirmək istəmişlərlər. İddia əsassızdır və buna baxmayaraq məhkəmə onların iddiasını qismən təmin etmişdir. Cavabdeh2 isə Qax RAİK-ın qərarına əsasən bacısı Novruzova (Abdurəhmanova) Xanım Oruc qızına və onun oğluna adambaşına 0.81 ha olmaqla 1.63 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi bacısı tərəfindən qanunda nəzərdə tutulmuş qaydada notariat orqanı vasitəsi ilə ona satılmış və bundan sonra o ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsindən qeydiyyat sənədlərini də almış və həmin sənədlər hazırda ondadır. O, bu barədə məhkəməyə bildirsə də məhkəmə buna heç bir əhəmiyyət verməmişdir. Nəticədə qanunsuz qətnamə qəbul edilmiş və həmin qətnamə onların mülkiyyət hüququnu pozduğundan ləğv edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bu işlə vermiş olduğu rəydən razı deyillər və bu rəy real vəziyyəti əks etdirmir. Ona görə də həmin rəy də sübut kimi qiymətləndirilə bilməz. Onlar ailə başçısıdılar. Hər birinin üç uşağı var və onlar bu torpaqlardan istifadə etməklə qismən də olsa ailələrini saxlayırlar. Ona görə də həmin işə ciddi yanaşılmalı və onların mülkiyyət hüququnun qorunması təmin edilməlidir. Buna görə də Qax Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 və Cavabdeh1 məhkəməyə teleqram göndərərək maddi cəhətdən məhkəmə iclasına gələ bilmədikləri üçün məhkəməyə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu Zəyəm kəndində yerləşən 4.878 ha torpaq sahəsi İddiaçı3, İddiaçı5, İddiaçı4, Ələkbərova (Nadirova) Teybə Fərhad qızı və Mirzəyeva (Nadirova) Xəyalə Fərhad qızının ümumi-birgə mülkiyyətindədir. xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən həmin tarixdə İddiaçı5 və İddiaçı3 ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə ona verilmiş **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ümumibirgə mülkiyyətlərində olan 4.878 ha torpaq sahəsinin 14000 kv.m hissəsini 2000 (iki min) manata X3 satmışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu Zəyəm kəndində yerləşən 1.63 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. JN-0055 KOD-40307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonu Zəyəm kəndində yerləşən 0.81 ha pay torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2842 saylı rəyindən görünür ki, Qax rayonu Zəyəm kəndinin kompleks yerquruluşu layihəsinə əsasən Qax Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə iddiaçıların ailəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 3.478 ha hissəsinin 1.90 ha hissəsi Cavabdeh2, 0.6820 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Bundan başqa torpaq sahəsinin 0.3692 ha hissəsi Qax rayon Zəyəm Bələdiyyəsini mülkiyyətinə aid kolluq sahəsi düşür. Qalan 0.3808 ha torpaq sahəsi digər istifadəçilər tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin gerçək halı ondan ibarətdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Zəyəm kəndində yerləşən 4.878 ha torpaq sahəsi İddiaçı3, İddiaçı5, İddiaçı4, Ələkbərova (Nadirova) Teybə Fərhad qızı və Mirzəyeva (Nadirova) Xəyalə Fərhad qızının ümumibirgə mülkiyyətinə verilmiş, İddiaçı3 və İddiaçı5 xx.xx.2015-ci il tarixdə həmin torpaq sahəsinin 14000 kv.m. hissəsini X1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Zəyəm kəndində yerləşən 1.63 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə, JN-0055 KOD- 40307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Zəyəm kəndində yerləşən 0.81 ha pay torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İddiaçılar 3.478 ha torpaq sahəsini Cavabdeh2 və Cavabdeh1 zəbt etdiklərini iddia edirlər. Dəfələrlə onlara həmin torpaq sahəsindən çıxmalarını tələb etsələrdə bu bir nəticə verməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddia tələbində göstərilən torpaq sahəsinin bütün hissəsi deyil, yalnız rəydə göstərilən hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Ona görə də, iddia tələbi qismən təmin edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1, 238.3-cü maddələrinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 82-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin “Məhkəmə iddia müddətinin keçməsinə heç bir əhəmiyyət verməmişdir” dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən həmin tarixdə İddiaçı5 və İddiaçı3 ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə ona verilmiş **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 4.878 ha torpaq sahəsinin 14000 kv.m hissəsini 2000 (iki min) manata X1. İşdən görünür ki, iddiaçılar 2015-ci ildə mülkiyyətlərində olan 4.878 ha torpaq sahəsinin bir hissəsini (14000 kv.m hissəsini) X1. Həmin torpaq sahəsini satdıqdan sonra müəyyən edilmişdir ki, torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilib. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən daşınmaz əmlaka dair iddia müddəti 6 il təşkil edir. Ümumi iddia müddəti isə cəmi 10 il təşkil edir. Göründüyü kimi iddiaçılar torpaq sahəsinin zəbt edildiyini 2015-ci ildə bilmiş və bununla bağlı 2020-ci ildə məhkəmədə iddia qaldırmışlar. Belə olan halda iddia müddəti ötürülməmişdir və cavabdehlərin apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Bundan başqa kollegiya cavabdehlərin apellyasiya şikayətinin “Məhkəmə Ekspertiza Mərkəzinin bu işlə vermiş olduğu rəydən razı deyillər və bu rəy real vəziyyəti əks etdirmir. Ona görə də həmin rəy də sübut kimi qiymətləndirilə bilməz” barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2842 saylı rəyində göstərilir ki, Qax rayonu Zəyəm kəndinin kompleks yerquruluşu layihəsinə əsasən Qax Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə iddiaçıların ailəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 3.478 ha hissəsinin 1.90 ha hissəsi Cavabdeh2, 0.6820 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Bundan başqa torpaq sahəsinin 0.3692 ha hissəsi Qax rayon Zəyəm Bələdiyyəsini mülkiyyətinə aid kolluq sahəsi düşür. Qalan 0.3808 ha torpaq sahəsi digər istifadəçilər tərəfindən istifadə olunur. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə cavabdehlərin apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmaması, həmin torpaq sahəsinin onlara məxsus olmasına dair hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişlər. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X4 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X4 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-308/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-308/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar