Məhkəmə qərarları › İş №2(107)-548/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-548/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-548/2024 14.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Qəbələ Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tаrixli, 2(025)-7/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tаrixli, 2(025)-7/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh5 və Cavabdeh2 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətlərə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1 və 363.1.2). İş materiallarından görünür ki, Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə 50 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmişdir. Lakin həmin sənəddən müəyyən olunur ki, rüsum Şəki Apellyasiya Məhkəməsinin hesabına deyil, Şirvan Apellyasiya Məhkəməsinin hesabına ödənilmişdir. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində isə “dövlət rüsumunun ödənilməsini təsdiq edən” bölmədə Cavabdeh5 tərəfindən ödənilmiş rüsumun mədaxil qəbzinin nömrəsi və tarixi qeyd olunmuşdur. Bu da onu deməyə əsas verir ki, Cavabdeh2 tərəfindən dövlət rüsumu ödənilməmişdir. Beləliklə də, müəyyən olunur ki, apellyasiya şikayətlərinə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tаrixli, 2(025)-7/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətləri mülki işlə birlikdə Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar