Məhkəmə qərarları › İş №2(107)-554/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-554/2020

04.03.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-554/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və dövlət rüsumu”” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-93/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-93/2019 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin edilmiş, Cavabdeh Zərdab rayon X7 1998-ci il 07 aprel tarixli, 04 saylı qərarı ilə İddiaçı (və ailə üzvlərinin) mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Zərdab rayonunun Yarməmmədbağı kəndində verilmiş 2.84 hektar torpaq sahəsinin zəbt edilmiş 0.32 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən köçürülmüş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE**********000208850, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qətedilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə əldən çıxmış fayda olaraq 4540 manat məbləğin və 30 manat dövlət rüsumunun onun xeyrinə məcburi qaydada alınmasına, cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon X10 xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə ona və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonunun Yarməmmədbağı kəndi ərazisindən 2.84 ha torpaq sahəsi verilmişdir. Həmin pay torpağı dörd hissədən ibarətdir. Cavabdeh sözügedən pay torpaq sahəsinin 32 sot olan hissəsini 19 ildir ki, zəbt etmişdir. Belə ki, 2000-ci ildə cavabdehin atası Məktub Zərbəliyev ona məxsus pay torpaq sahəsinin 32 sot hissəsini əkib-becərmiş və 2016-cı ildə vəfat etmişdir. 2016-cı ildən isə həmin yeri Məktub Zərbəliyevin oğlu olan hazırkı cavabdeh istifadə edir. Cavabdeh həmin yeri əkib-becərərək 4540 manat məbləğində xeyir götürmüşdür. Dəfələrlə cavabdehdən ona məxsus olan zəbt olunmuş 32 sot torpaq sahəsindən çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, şəxsən iddiaçının yerini zəbt etməmişdir. Bildiyinə görə iddia olunan yer həmkəndliləri - hazırda mərhum Rəfail Məmmədovun olmuşdur. Rəfaillə atası Məktubun şifahi razılaşmalarına əsasən 2000-ci ildən həmin yeri atası istifadə etmişdir. Atası 2016-cı ildə vəfat etmişdir. Atasının 16 il boyunca heç bir etirazssız istifadə etdiyi yeri atasının ölümündən sonra, o, özü istifadə etməyə başlamışdır. Son vaxtlar iddiaçı həmin yerlə bağlı pretenziya etməyə başlamışdır. Onda olan məlumata görə torpaq islahatı zamanı yerölçən İsmayıl adlı şəxsin, hazırkı iddiaçı Bəhrəmin və özünün atası Məktubun qarşılıqlı razılıqlarına əsasən Bəhrəmə başqa yerdən torpaq sahəsi verilmişdir. Nədənsə Bəhrəm onun atası Məktubun sağlığında sözügedən yerlə bağlı heç vaxt pretenziya irəli sürməmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, o, bilavasitə özü Bəhrəmin yerini zəbt etməmişdir. Sadəcə atasının 16 il boyunca heç bir etirazssız istifadə etdiyi yerdən atasının ölümündən sonra istifadəni davam etdirmişdir. Ona görə də hesab edir ki, iddia əsassızdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-93/2019 nömrəli qətnaməsini dəyişib, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-93/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-93/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair (JN-00xx xxx 90514018) Dövlət Aktından görünür ki, X1 və onun ailə üzvlərinin (X3, X4, X6 və X2) mülkiyyətinə Zərdab rayonu X10 xx.xx.1998-ci il tarixli 04 saylı qərarına əsasən Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.84 ha torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 18 saylı arayışdan görünür ki, Yarməmmədbağı kənd sakini İddiaçı Zərdab rayon Aqrar İslahat komissiyası tərəfindən 1998-ci il 07 aprel tarixli 04 nömrəli qərarı ilə 2.84 ha pay torpağı verilmişdir. Həmin pay torpağı 4 hissədən ibarətdir. Həmin pay torpağının 0.32 ha hissəsi 30 hektar adlanan ərazidə yerləşir. İddiaçı həmin torpaq sahəsinə görə hesablanmış vergiləri vaxtlı vaxtında ödəyib. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 12074 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Zərdab rayon X10 xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə JN-0088 (kod 90514018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisində yerləşən 2.84 ha torpaq sahəsinin bir hissəsi cavabdeh X12 tərəfindən istifadə edilir. Cavabdeh iddiaçıya məxsus 0.32 ha torpaq sahəsindən istifadə edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci hissəsinə, 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 213.1, 213.2 və 213.6-cı maddələrinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Zərdab rayonu X10 xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı istehsalı üçün hazırkı iddiaçının və onun ailə üzvlərinin (X3, X4, X6 və X2) mülkiyyətinə Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisində 2.84 ha pay torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinin 0.32 ha hissəsindən əvvəllər hazırkı cavabdehin atası Məktub Zərbəliyev 16 il boyunca heç bir etirazssız istifadə etmiş və 2016-cı ildə vəfat etmişdir. Atasının ölümündən sonra isə həmin yerdən istifadəni cavabdeh davam etdirmişdir. İddiaçıya məxsus sözügedən torpaq sahəsinin hazırda cavabdeh tərəfindən istifadə olunması iş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12074 saylı, xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Zərdab rayon X10 xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə JN-0088 (kod 90514018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisində yerləşən 2.84 ha torpaq sahəsinin 0.32 ha hissəsi hazırda cavabdeh tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iddiaçının (və digər ailə üzvlərinin) mülkiyyətində olan, haqqında mübahisə qaldırılan pay torpaq sahəsinin 0.32 ha hissəsinin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq cavabdeh tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu iddiaçının mülkiyyət hüququnun pozuntusudur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi “torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin məcburi qaydada çıxarılması”na dair hissədə həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də iddiaçının mülkiyyət hüququnun pozuntusu aradan qaldırılmalı və bu məqsədlə iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin “əldən çıxmış fayda olaraq 4540 manat məbləğin cabdehdən alınaraq iddiaçiya verilməsi”nə dair hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı həmin hissədə öz iddiasını əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin hissədə heç bir sübut təqdim etmədən, yalnız öz mülahizələrinə əsaslanmışdır. İddiaçı cavabdehdən əldən çıxmış faydaya görə 4540 manat pulun alınıb ona verilməsini tələb etsə də, birinci instansiya məhkəməsinin iclasında əldən çıxmış faydanın məhz həmin məbləğdə olmasını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təklif olunsa da, iddiaçı izahat verməkdən savayı həmin hissədə iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddianın həmin hissədə müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehin məhkəmə iclasında verdiyi izahatla təkzib edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbinin “əldən çıxmış fayda olaraq 4540 manat məbləğin cabdehdən alınaraq iddiaçiya verilməsi”nə dair hissəsinə hüquqi qiymət verərkən həmçinin cavabdehin özünün birbaşa deyil, atası Məktub Zərbəliyev 16 il boyunca heç bir etirazssız istifadə etdiyi və atasının 2016-cı ildə ölümündən sonra isə həmin yerdən istifadəni davam etməsi kimi diqqətəlayiq halı nəzərə almışdır. Beləliklə, birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddia “əldən çıxmış faydaya görə 4540 manat pulun cavabdehdən alınaraq iddiaçiya verilməsi”nə dair hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət mədaxilinə 30 manat dövlət rüsumu köçürülmüş, iş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən köçürülmüş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE**********000208850, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apelyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-93/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-93/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar