Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-554/2022 23.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli fakt, doğum faktı, ekspert rəyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(075)-1406/2019 saylı qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 aprel 1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 ilə anası X4 16 avqust 1987-ci il tarixdə Şəki rayonu Baş Layısqı kənd sovetində nikaha daxil olmuşlar. Onların birgə nikahından 30 aprel 1995-ci il tarixdə o dünyaya gəlmişdir. Lakin ona məlum olmayan səbəblərdən indiyədək doğumu qeydə alınmamış və ona doğum haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra Şəki rayon və Mingəçevir şəhər qeydiyyat şöbələrinə müraciət etmişdir. Lakin həm Maraqlı şəxs, həm də Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən zəruri sənədlərin təqdim edilməli olduğunu bildirilmişdir. Lakin həmin sənədləri təqdim edə bilməmiş, bununla əlaqədar doğumunu qeydə almaq mümkün olmamışdır. Ona görə də o, öz hüquqlarını bərpa etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-1406/2019 saylı, 30 sentyabr 2019-cu il tаrixli ilə (hakim P.Hacıyev) ərizə təmin edilməmiş, Ərizəçi ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X4 ilə X3 16 avqust 1987-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan Aysel adlı uşaqları dünyaya gəlmişdir. Uşaq evdə doğulmuş, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında bu barədə hər hansı doğum qeydi aparılmamışdır. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş doğum haqqında arayışda arayışın verilmə tarixi və uşağın doğum tarixinə düzəliş edilmiş, həmçinin verilmiş arayış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli, 574 nömrəli arayışda mübahisələndirilərək 1996-cı ilin fevral ayından Uşaq Poliklinikasının 2 saylı Uşaq məsləhətxanası deyil, 2 saylı Uşaq poliknikası adlandırıldığı bildirilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Ərizəçi doğum qeydi doğumun əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər mövcud olmadığından bərpası mümkün deyil. Odur ki, Ərizəçi doğum faktının müəyyən olunması qanunvericiliyə ziddir. Buna görə də ərizəçinin ərizəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8, 308-ci maddəsi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci və 4.3-cü bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, qətnaməndən narazıdır və hesab edir ki, ərizə təmin edilməli idi. Belə ki, o, 30 aprel 1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X1 ilə anası X4 16 avqust 1987-ci il tarixdə Şəki rayonu Baş Layısqı kənd sovetində nikaha daxil olmuşlar. Onların birgə nikahından 30 aprel 1995-ci il tarixdə o anadan olmuşdur. Lakin ona məlum olmayan səbəblərdən, yəqin ki, ata anasının səhlənkarlığı üzündən indiyədək doğumu qeydə alınmamış və ona doğum haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra Şəki Rayon və Mingəçevir Şəhər Qeydiyyat şöbələrinə müraciət etmişdir. Lakin həm Maraqlı şəxs, həm də Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən zəruri sənədlərin təqdim edilməli olduğunu bildirilmişdir. Lakin həmin sənədləri təqdim edə bilmir buna görə də doğumunu qeydə almaq mümkün olmur. Ona görə də o, öz hüquqlarını bərpa etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahidlər dindirilmiş, müəyyən sübutlar əldə edilmiş, buna baxmayaraq məhkəmə ərizəni təmin etməmişdir. Vaxtilə doğulmağına dair xəstəxanadan verilmiş arayışda da (forma № 103) onun anasının xx.xx.1995-ci ildə evdə qız övladı dünyaya gətirməsi qeyd edilmişdir. Hesab edir ki, həmin sənəd məhkəmənin ərizəni təmin etməsi üçün yetərli sübutdur. Bu səbəbdən Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1406/2019 saylı qətnaməsinin ləğv edilərək işə yenidən baxılmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(075)-1406/2019 saylı qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etdi. Kollegiyanın iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Nümayəndə iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-c il tarixli Qərarının 4-cü bəndinə əsasən 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.2-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Həmin qərarın 4.2-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 07.2.30-cü maddəsinə əsasən məhkəmələr doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair məsələlərə baxa bilərlər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 2(075)- 1406/2019 saylı, 30 sentyabr 2019-cu il tаrixli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-1406/2019 saylı, 30 sentyabr 2019-cu il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməlidir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X4 ilə X3 16 avqust 1987-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan Aysel adlı uşaqları dünyaya gəlmişdir. Uşaq evdə doğulmuş, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında bu barədə hər hansı doğum qeydi aparılmamışdır. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş doğum haqqında arayışda arayışın verilmə tarixi və uşağın doğum tarixinə düzəliş edilmiş, həmçinin verilmiş arayış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli, 574 nömrəli arayışda mübahisələndirilərək 1996-cı ilin fevral ayından Uşaq Poliklinikasının 2 saylı Uşaq məsləhətxanası deyil, 2 saylı Uşaq poliknikası adlandırıldığı bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi barədə dəlilləri əsaslıdır. Ərizəçi apellyasiya şikayətinin dəlillərində ata anasının səhlənkarlığı üzündən indiyədək doğumu qeydə alınmamış və ona doğum haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra Şəki Rayon və Mingəçevir Şəhər Qeydiyyat şöbələrinə müraciət etmişdir. Lakin həm Maraqlı şəxs, həm də Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən zəruri sənədlərin təqdim edilməli olduğunu bildirilmişdir. Lakin həmin sənədləri təqdim edə bilmir buna görə də doğumunu qeydə almaq mümkün olmur. Ərizəçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinin dəlillərində bildirilmişdir ki, məhkəmə iclasında şahidlər dindirilmiş, müəyyən sübutlar əldə edilmiş, buna baxmayaraq məhkəmə ərizəni təmin etməmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə razılaşır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirdi ki, o, həqiqətən Ərizəçi anasıdır. Ayseldən başqa onun iki övladı var: 1 oğlu və 1 qızı. Aysel hələ kiçik olanda atası onları qoyub Rusiyaya gedib. Həmin vaxtdan onun himayəsində yaşasa da savadsızlığı ucbatından heç yerdə qeydiyyata aldırmamışdır. Aysel kənd məktəbində oxuyub. 9-cu sinifdən sonra oxumayıb. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirdi ki, o, o, həqiqətən Şəki rayonu, Baş Layısqı kəndi ümumi orta məktəbdə riyaziyyat müəllimi kimi işləyib. Ərizəçi Hüseynova Ərizəçi 2006-2010-cu illərdə 5-ci sinifdən 9-cu sinifə qədər riyaziyyat fənnindən dərs demişdir. Onun dərsləri zəif olsa da davamiyyəti yaxşı olmuşdur. Apellyasiya şikayətinin digər dəlilində bildirilmişdir ki, vaxtilə doğulmağına dair xəstəxanadan verilmiş arayışda da (forma № 103) onun anasının xx.xx.1995-ci ildə evdə qız övladı dünyaya gətirməsi qeyd edilmişdir. Hesab edir ki, həmin sənəd məhkəmənin ərizəni təmin etməsi üçün yetərli sübutdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsaslı hesab edir. Belə ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən işin daha da obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspert rəyində 13 dekabr 1996-cı il tarixli X2 adına verilmiş doğum haqqında arayışında “30 aprel”, “13 dekabr” və vərəqin aşağı hissəsində olan “30 İV” tarix göstəricilərindəki “1196” rəqəmlərində olan “6” rəqəminin yerində “5” rəqəmi olmuşdur, sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilərək üzərlərindən təkrarən qələmlə çəkilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, tərəflər bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həm yuxarıda qeyd edilmiş ekspertiza rəyi həm də məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri onu sübut edir ki, ərizəçi həqiqətən də 30 aprel 1995-ci il tarixdə anadan olmuşdur. Lakin birinci instansiya məhkəməsi bunu diqqətə almamış və nəticədə əsassız olaraq ərizəni rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)- 1406/2019 saylı, 30 sentyabr 2019-cu il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1406/2019 saylı, 30 sentyabr 2019-cu il tаrixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi ərizəsi təmin edilsin. X2 30 aprel 1995-ci il tarixdə Şəki rayonu Baş Layısqı kəndində Ərizəçi adında qız uşağı doğması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən atasının X3, anasının isə X4 olması nəzərə alınsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-554/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-554/2022
23.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver